Qərbi Azərbaycanın

136 yaşlı səhnə əfsanəsi

 

İrəvan Dövlət Azərbaycan Teatrı – 90

 

1873-cü il martın 10-da Mirzə Fətəli Axundzadənin komediyaları ilə Bakıda və həmin ildə Tiflisdə peşəkar Azərbaycan teatrının bünövrəsi qoyulandan 9 il sonra – 1882-ci il aprel ayının 2-də qədim türk yurdu İrəvanda da peşəkar teatr yaranmışdır. Əslində, İrəvanda yerli müəlliflərin yazdığı əsərlər əsasında tamaşalar bundan əvvəl də göstərilmişdir.

 

Bu il 136 yaşı tamam olan, 90 il əvvəl dövlət statusu qazanan İrəvan Azərbaycan Teatrının şanlı tarixiböyük yaradıcılıq yolu ciddi sınaqlardan, ağır keşməkeşlərdən keçib gəlmişdir. Teatr dəfələrlə düşmən qəsdinə məruz qalaraq qapadılmış, mərkəzdən əyalətə köçürülmüş, bir neçə dəfə doğma yurdundan didərgin salınmışdır. Lakin bu qocaman sənət ocağı heç vaxt düşmənə boyun əyməmiş, çətinliklərə dözmüş, fədakar fəaliyyətini davam etdirmişdir.

Nəhayət, 1928-ci ildə sovet Ermənistanının millətçi rəhbərliyi bu professional və yurdsevər teatra dövlət statusu vermək məcburiyyətində qalmışdır.

100 il bundan əvvəl Şərqdə ilk xalq cümhuriyyəti yaradan, böyük repressiyalara, soyqırımlarına məruz qalsa da qaynar təbini, çoxyönlü bədii yaradıcılıq qüdrətini yaşadan xalqımızın bundan 36 il əvvəl Qərbi Azərbaycanın mədəni mərkəzi sayılan İrəvanda da milli oyanış zəngi çalmış ciddi teatr yaratması mədəni tariximizin öyünclü səhifələrindən biridir.

1882-ci il 2 aprel tarixində, kasıb tələbələrə kömək məqsədi ilə Məşədi İsmayıl və Vasaq Mədətovun “Tamahkarlıq düşmən qazanar” əsərinin tamaşasını ikinci dəfə oynamaqla peşəkar fəaliyyətə qədəm qoyan İrəvan Teatrının həyatında Firudin bəy Köçərlinin Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra 1885-ci ildə İrəvan şəhərinə gəlişi ciddi dönüş yaratmışdır. Sonrakı illərdə uzun müddət bu vəzifə görkəmli teatr xadimi Yunis Nurinin üzərinə düşmüşdür.

1928-ci ildə isə kollektivin inadlı mübarizəsi və Azərbaycan SSR rəhbərliyinin göstərdiyi lazımi dəstək nəticəsində daşnakxislət Ermənistan SSR rəhbərliyi İrəvan Azərbaycan Teatrına dövlət statusu vermişdir. 1935-ci ildə teatr ölməz korifey dramaturqumuz Cəfər Cabbarlının adını daşımaq haqqını qazanmışdır.

İrəvan teatrının illər keçdikcə milli özünüdərk istiqamətində apardığı genişdolğun fəaliyyəti dayandıra bilməyən Ermənistan rəhbərliyi bu mübariz sənət ocağını dağıtmaq üçün 1951-ci ildə onun qapadılmasına qərar vermişdir. İrəvan Teatrının ­1951-ci ildən 1967-ci ilə qədər başı çox bəlalar çəkmişdir. Truppa müxtəlif yerlərdə tamaşalar hazırlamaqla teatrın fəaliyyətini qoruyub saxlaya bilmişdir. Tarixçi-alim İsrafil Məmmədov bu barədə ətraflı yazmışdır.

1967-ci ildə Ermənistan hökuməti yerli ziyalıların təşəbbüsü və Azərbaycan SSR rəhbərliyinin səyi nəticəsində qədim sənət ocağının bərpasına razılıq verməyə məcbur olmuşdur. Teatr adını daşıdığı C.Cabbarlının “Sevil” tamaşası ilə fəaliyyətini davam etdirmişdir.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun bütöv bir kursu teatrı yenidən dirçəltmək üçün İrəvana göndərilmişdir. Naxçıvan, Gəncə, Bakı teatrları da yaradıcı köməklərini göstərmişlər.

Ancaq çox keçməmişdir ki, teatrda qəsdən hərc-mərclik yaradılmışdır. Vəziyyəti bir az da kəskinləşdirmək istəyən erməni millətçi məmurları yeganə azərbaycandilli “Sovet Ermənistanı” qəzetində fəaliyyətə başlamış istedadlı və perspektivli jurnalist Hidayət Orucovu hədəfə almışlar. Onlar qısa müddətdə azərbaycanlıların böyük hörmətini qazanmış şair-jurnalisti yaratdıqları bataqlıqda boğmaq, onu daha mühüm vəzifələrə yüksəlişdən mərhum etmək məqsədilə İrəvan Teatrına rəhbər təyin etmişlər. Bu oyunun mahiyyətini düzgün anlayan gənc yazar ermənilərin niyyətlərini gözlərində qoyan tədbirləri ilə tezliklə yaradıcı prosesi nizama salmış, kollektivi ciddi bir mübarizəyə səfərbər etmişdir.

Qərbi Azərbaycanda soydaşlarımızın mənəvi tələbatını ödəmək üçün İrəvan Teatrının məhvərindən çıxarılmış ənənələrinin bərpa olunması, truppanın peşəkarlaşdırılması və istedadlı mütəxəssislərlə yetkinləşdirilməsi, Azərbaycan teatr və ədəbi mühiti ilə sıx əlaqələrin yaradılması nəticəsində bu sənət ocağı yeni inkişaf yoluna çıxmışdır. 24 yaşlı Hidayət Orucov 16 il müddətində kollektivə bacarıqla rəhbərlik etmiş, heç bir şərait yaradılmadığı və heç kəsdən kömək alınmadığı halda İrəvan teatrını Qafqazda nümunəvi bir sənət ocağına çevirmişdir.

Bu vətənpərvər ziyalı az vaxtda, məqsədəuyğun şəkildə Azərbaycan teatr və ədəbi mühitinin diqqətini İrəvan Teatrına yönəltmişdir. O, teatrı Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə, Anar, Əkrəm Əylisli, Niyazi Şərifov, Ağakişi Kazımov, Hüseynağa Atakişiyev kimi yazar və rejissorların yaradıcılıq meydanına çevirmişdir. Maestro Niyazi, Mehdi Məmmədov, Tofiq Kazımov, Zəfər Nemətov və sair görkəmli sənət adamları ilə keçirilən görüşlər İrəvan Teatrına olan marağın miqyasını genişləndirmişdir.

Repertuarın bədii keyfiyyətinin yüksəldilməsi üçün o illərdə teatra Nəsir Sadıqzadə, Baxşı Qələndərli, Ağakişi Kazımov, Aleksandr Samsonoviç, Vəli Babayev kimi yaradıcılıq dəsti-xətti bir-birindən fərqlənən tanınmış, peşəkar rejissorlar dəvət olunmuşdur. Teatr dəfələrlə Gürcüstan, Naxçıvan, Gəncə, Bakı, ümumiyyətlə, azərbaycanlıların yaşadığı əksər bölgələrin tamaşaçıları qarşısında uğurlu çıxışlarla böyük tamaşaçı auditoriyasına çıxarılmışdı.

Əlaqələrin miqyası genişləndikcə İrəvan Teatrı ümumittifaq teatr dairələrinin də diqqətini çəkməyə başlamışdır. Ermənistan Mədəniyyət Nazirliyi Azərbaycan teatrının direktoru Hidayət Orucovun aparığı islahatı erməni teatrlarının rəhbərlərinə nümunə göstərmişdi.

Beləliklə, truppanın yeni yüksəlişdə olduğu bir dövrdə –

1978-ci ildə Hidayət Orucovun səyləri, o zaman Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyevin siyasi dəstəyi ilə İrəvan Teatrının dövlət statusu almasının 50 illik yubileyinin keçirilməsi barədə Ermənistan rəhbərliyinin qərar verməsinə nail olunmuşdur.  Azərbaycana genişmiqyaslı qastrol səfərinin, keçirilən tədbirlərin sonunda kollektivin bir neçə üzvünə respublikanın fəxri adları və müxtəlif mükafatlar verilmişdir. Qazanılan uğurların nümayişinə çevrilən yubiley tədbirləri bu fədakar sənət ocağının çoxillik tarixində zirvə olmuş, 1984-cü ilə qədər teatr bu yüksəlişi qoruyub-saxlamışdır. Lakin xəbis və millətçi ermənilər həmin ildən etibarən teatrın məhv edilməsi üçün xəyanətkar addımları sərtləşdirmişlər.

Teatr onsuz da məhdud şəraiti olan binadan şəhər kənarına – bir tərəfində ruhi xəstəxana, o biri tərəfində Azərbaycan məktəbi yerləşən binanın damına, sözün əsl mənasında, quş damına köçürülmüşdür. İrəvan Teatrının tarixində dəfələrlə rast gəldiyimiz qəsd, repressiyalar artmış, tənəzzül dövrü başlanmışdır. Ayaq üstə quruyan qol-budaqlı qocaman bir ağacı xatırladan C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının durğun fəaliyyəti 1989-cu ilə qədər davam etmiş, nəhayət, Qərbi Azərbaycanda yaşayan 200 mindən çox soydaşımızla birlikdə 107 yaşlı teatrın da dədə-baba yurdundan zorla çıxarılması ilə nəticələnmişdir.

1988-ci ildən erməni millətçilərinin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törətdikləri vəhşilik və etnik təmizləmə nəticəsində əmlakı əlindən alınmış teatr Neftçala rayonuna qastrol səfərinə göndərilmək adı ilə İrəvandan deportasiya olunmuşdur. Lakin belə sınaqlara dəfələrlə sinə gərmiş və ruhdan düşməmiş teatr yaşamaq haqqını və iqtidarını bu dəfə də sübut etmişdir. Bu dövrdə kollektiv bünövrəsinə qədər dağılmış öz məbədini bir neçə ildə yenidən dikəltmişdir.1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdıb zəruri tədbirləri gerçəkləşdirdikdən sonra – 1995-ci ildə İrəvan Teatrının ikinci dəfə dövlət statusu ilə Azərbaycanda peşəkar yaradıcılıq meydanına qayıtmasını da təmin etmişdir. Həmin vaxtdan yurdundan perik salınmış teatrda yeni ciddi yaradıcılıq prosesi start götürmüşdür. Teatrın yaşaması və uğurlar qazanması üçün E.İsmayılova, T.Abdullayeva, V.Əliyev kimi sənət fədailərinin çəkdikləri böyük zəhmət nəticəsində sənət ocağı 2000-ci ilə qədər özünün fasiləsiz fəaliyyətini və bütövlüyünü saxlaya bilmişdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi teatrın fəaliyyətində dönüş yaratmaq məqsədi ilə burada kadr islahatı aparmalı olmuşdur. 2000-ci ildə ulu öndər Heydər Əliyevin adını daşıyan Tiflis Dövlət Azərbaycan Dram Teatrının bərpası ilə bağlı missiyamı bitirərək geri dönən vaxtdan İrəvan Teatrını inkişaf yoluna çıxarmaq üçün başlanan islahata rəhbərlik etmək şərəfi mənim üzərimə düşmüşdür.

2000-ci ildən bu günə qədər İrəvan Teatrında yaranmış dönüş, dinamik inkişaf, əldə olunan uğurlar indiki kollektivin gərgin, yaradıcı axtarışları ilə hasilə gətirilmişdir. Teatrın qədim ənənələri üzərində aparılan yeni quruculuq işləri, nizam-intizamın bərpa edilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, istedadlı yaradıcı gənclərin teatra gətirilməsi, uzunmüddətli perspektiv fəaliyyət proqramına uyğun olaraq repertuarın zənginləşdirilməsi, Vsədov, H.Atakişiyev, B.Osmanov, M.Fərzəlibəyov, O.Qurbanov, F.Məhərrəmov, G.Ömər kimi nüfuzlu rejissorların və tanınmış aktyorların yeni tamaşalar hazırlanmasına cəlb edilməsi yaradıcı prosesi canlandırmaqda önəmli olmuşdur.

Fəaliyyət göstərdiyimiz H.Sarabski adına Mədəniyyət Evinin səhnəsi tamaşa oynamaq üçün qənaətbəxş olmadığına görə yeni tamaşalarımızı Bakı teatrlarının səhnəsində oynamağımıza şərait yaradılmışdır.

Hər il bir-birinin ardınca 10-dan artıq yüksək zövqlü, maraqlı tamaşa hazırlamaqla, bu günə qədər yüzə yaxın əsərə səhnə həyatı vermişik. Azərbaycan teatr şəbəkəsini birləşdirən, Qafqaz teatrlarını bir-birinə bağlayan bir neçə respublika miqyaslı və iki beynəlxalq layihənin gerçəkləşdirilməsində fəal iştirak etmişik. Azərbaycanın bütün bölgələrinə ildə bir dəfə genişmiqyaslı qastrol səfərləri ilə teatrın ölkəmizdə geniş tanınmasına çalışırıq. Dəfələrlə Türkiyədə, Gürcüstanda və Dağıstanda uzunmüddətli qastrol səfərləri həyata keçirmişik.

Göründüyü kimi, teatrın şöhrətini özünə qaytarmaq üçün bütün imkanlarımızı səfərbər etmişik. Bütün bunlar tamaşaçı kütləsinin istiqamətini İrəvan teatrının çıxış etdiyi salonlara cəlb etmişdir. Dövri mətbuat, radioteleviziya kanalları İrəvan Teatrının fəaliyyətini geniş işıqlandırır. Teatrın bir sıra tamaşaları telekanalların qızıl fondu üçün çəkilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 avqust 2006-cı il tarixli sərəncamı ilə teatrın 125 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd edilmiş, 2007-ci il oktyabr ayının 16-da Bakıda təntənəli mərasim keçirilmişdir. Ölkə başçısının növbəti sərəncamı ilə teatrın bir qrup sənətkarına fəxri adlar verilmişdir. 2008-ci il fevral ayının 8-də möhtərəm İlham Əliyevin növbəti qayğısına əsasən, M.Rəsulzadə adına Mədəniyyət Sarayı C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının balansına verilmişdir.

136 il əvvəl peşəkar fəaliyyətə başlamış İrəvan Azərbaycan Teatrı bugünlərdə dövlət statusu ilə fəaliyyətinin 90 illiyini qeyd etməyə geniş hazırlıq işləri görür. İnanırıq ki, milli teatr salnaməmizə şərəfli səhifələr yazmış bu qocaman sənət ocağının növbəti sənət hesabatını və əlamətdar yubileyini də teatrsevərlər sayğı və qədirbilənliklə qarşılayacaqlar.

 

İftixar PİRİYEV,

sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Əməkdar mədəniyyət işçisi

 

Xalq qəzeti.- 2018.- 5 iyul.- S.7.