Akademik Rafael Hüseynov:
Mikayıl
Müşfiqin adı Azərbaycanın söz,
mənəviyyat tarixində əbədi
yaşayacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində repressiya qurbanı olmuş görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən təşkil olunan tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Əbədi şeirin yaşarı Müşfiq” mövzusunda məruzə ilə çıxış edib.
R.Hüseynov 1930-cu illərdə xalqın quruculuq əməllərinin ilhamlı tərənnümçüsü olmuş həyatsevər Müşfiqin poeziyasının gözəlliyindən bəhs edib, milli fikir və düşüncənin məhvinə yönəlmiş repressiya illərinin məşum siyasi oyunlarını yada salıb. Qeyd edilib ki, vaxtilə haqsız təqiblərə hədəf olmuş Müşfiq şəxsiyyəti və yaradıcılığı bu gün müstəqil Azərbaycan dövlətinin tarixi yaddaşa diqqət və qayğısının nəticəsi olaraq layiqli dəyərini almaqdadır. Mikayıl Müşfiq XX əsrin əvvəllərində milli poeziyamızı yaratmış və inkişaf etdirmiş görkəmli şairlər nəslinə mənsubdur. Qısa ömür yolunda cəmi on il poetik fəaliyyətlə məşğul olmasına baxmayaraq, onun qələminin məhsulu olan lirik şeirlər və poemalar, dünya ədəbiyyatından tərcümələr bədii irsimizdə dərin və silinməz izlər qoyub.
Akademik R.Hüseynov deyib: “XX əsr Azərbaycan ədəbiyyatının, şeirinin ən parlaq simalarından olan Mikayıl Müşfiqin adı söz, mənəviyyat tariximizdə əbədi yaşayacaq. Onun həyatdan ayrıldığı zamandan uzun illər keçməsinə baxmayaraq əsərləri, şeirlərinə bəstələnmiş mahnılar bu gün də bizimlədir, yaşayır və sevilir. Şairin üslubu, dəsti-xətti, yazı tərzi XXI əsrdə də qətiyyən köhnəlməyib, əksinə, çox müasir görünür. XX əsrdə yeni başlanan bir dövrün, zamanın ruhunu əks etdirən Mikayıl Müşfiq klassik ədəbiyyatı da çox yaxşı bilirdi. Onunla aramızda böyük zaman məsafəsi olsa da, Müşfiq sanki mənə vaxt etibarilə çox yaxın bir insandır. Çünki şairlə eyni vaxtda yaşamış və dostluq etmiş bir çox insanla ünsiyyətdə olmağım onu daha yaxından tanımağıma çox kömək edib. Uşaqlıq və yeniyetməlik illərində Müşfiq böyük ədəbiyyatşünas Əkrəm Cəfərlə dostluq edib”.
R.Hüseynov müasirlərinin şairlə bağlı xatirələrindən, onun məşhur “Oxu tar ” şeirinin yaranmasından danışıb. Müşfiqin Ənvər Məmmədxanlının ailəsi ilə çox yaxın olduğunu deyən akademik görkəmli yazıçının bacısı Həbibə Məmmədxanlının şairlə bağlı xatirələrindən söz açıb.
Müşfiqin irsinin hər zaman yaşayacağını, onun xatirəsinin daim məhəbbətlə anılacağını söyləyən R.Hüseynov bildirib ki, şairin ilk kitabları bu gün də Ədəbiyyat Muzeyinin fondunda qorunub saxlanılır.
Sonra muzeyin əməkdaşlarının “Qəlblərdə yaşayan sənətkar”, “Müşfiq poeziyasında gənclik eşqi”, “Əbədilik qazanmış Müşfiq obrazı yaddaşlarda və sənətdə” mövzularında məruzələri dinlənilib. Məruzələrdə nakam şairin həyat və yaradıcılığından söz açılıb.
Xalq qəzeti.- 2018.- 7 iyul.- S.5.