Azərbaycan Xalq Cümhuriyyəti
haqqında bir neçə söz
Hər bir
qaranlıq gecənin günəşli bir səhəri olur. Azərbaycan
xalqının tarixində bu qaranlıq gecə 1918-ci ilin mart
soyqırımı, günəşli səhər isə
1918-ci ilin 28 mayıdır. 28 may müstəqilliyimizin tarixində
ən yüksək zirvədir! Bu, birmənalı şəkildə
belədir. Riyaziyyatçılar buna aksioma deyirlər.
Bütün xalqlara müstəqillik nəsib olmur. Dünyanın bir çox xalqlarının tarixində zirvələr mövcuddur. Anadolu türkləri üçün 29 oktyabr, fransızlar üçün Bastiliyanın alınması, almanlar üçün XIX əsrdə Almaniyanın birləşdirilməsi, amerikanlar üçün 4 iyul ən böyük tarixi hadisədir. Allah-Təala belə bir xoşbəxt günü bizim xalqımıza da nəsib etmişdir. Bu xoşbəxt tarixin başlanığıcı 1918-ci il mayın 28-dir.
K.Marks vaxtilə yazırdı ki, qədim Yunanıstan olmasaydı, qədim Roma olmazdı, qədim Roma olmasaydı, müasir Avropa olmazdı. M.Ə.Rəsulzadə isə yazırdı: “Birinci cahan savaşı olmasaydı, Fevral burjua inqilabı olmazdı, Fevral burjua inqilabı olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti olmazdı”.
İyirmi üç ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti zaman məhdudluğuna baxmayaraq, bu qədər işləri görməyə müvəffəq oldu:
• 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Tiflisdə Həsən bəy Ağayevin sədrliyi ilə ilk iclasını keçirdi və 6 maddədən ibarət “İstiqlal bəyannaməsi”ni qəbul etdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti yarandı;
• Azərbaycan Xalq Cümhuriyyəti coğrafi məfhum olan “Azərbaycan” sözünü siyasi məfhuma çevirdi. Bu vaxta qədər müxtəlif adlar altında təsbit olunan bu ərazi Azərbaycan, dövlət isə Azərbaycan Xalq Cümhuriyyəti adlanmağa başladı;
• 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsi imzalandı;
• 1918-ci il iyunun 21-də Azərbaycan hökuməti Azərbaycanın ilk dövlət rəmzlərini qəbul etdi;
• iyunun 21-də qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq (Osmanlı bayrağına oxşar) qəbul edildi;
a) noyabrın 9-da hazırki üçrəngli bayrağımız və səkkizguşəli ulduz qəbul olundu;
• 1918-ci il iyunun 24-də Milli hökumət Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Qazax şəhərinə köçürülməsi haqqında qərar qəbul etdi;
• 1918-ci il iyunun 26-da Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Milli Ordusu yaradıldı;
• 1918-ci il iyunun 27-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan (türk) dili dövlət dili elan olundu;
• 1918-ci il iyunun 27-dən – iyulun 1-dək Qaraməryəm yaxınlığında Qafqaz İslam Ordusu Korqanovun rəhbərlik etdiyi Bakı Soveti qüvvəllərini darmadağın etdi;
• 1918-ci il iyulun 15-də Azərbaycan hökumətinin qərarı ilə erməni-daşnak qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımlarını təhqiq etmək və tarixi həqiqətləri dünyaya çatdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıldı;
• 1918-ci il iyulun 20-də Qafqaz İslam Ordusu Şamaxını Bakı soveti qüvvələrindən azad etdi;
• 1918-ci il iyulun 30-da Milli hökumətin qərarı ilə Yelizavetpol şəhəri-Gəncə, Qaryagin Cəbrayıl adlandırıldı;
• 1918-ci il iyulun 31-də S. Şaumyan başda olmaqla Bakı Soveti qüvvələri istefa verdi;
• 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakı şəhərini Sentrokaspi qüvvələrindən azad etdi;
• 1918-ci il sentyabrın 17-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Milli hökumət Bakı şəhərinə daxil oldu. Bakı Azərbaycanın paytaxtına çevrildi;
• 1918-ci il oktyabrın 21-də Azərbaycan Xəzinə Palatası təşkil edildi;
• 1918-ci il noyabrın 1-də Hərbi Nazirlik yaradıldı;
• 1918-ci ilin noyabrında Azərbaycan Məhkəmə Palatası təşkil edildi;
• 1918-ci il noyabrın 17-də general Tomson
başda olmaqla, ingilis qüvvələri Bakıya daxil oldu. Bakıda ingilis-general
qubernatorluğu yaradıldı;
• 1918-ci
il dekabrın 7-də Azərbaycan Parlamenti təsis edildi;
• Azərbaycan
Parlamentində türk-müsəlman əhalisinə – 80, ermənilərə
21, ruslara 10, almanlara 1, yəhudilərə 1, gürcülərə
1, polyaklara 1 yer ayrıldı. Parlamentin demokratik tərkibi, hətta
bugünkü Avropa Şurasını da təccübləndirə
bilir;
• Azərbaycan
Parlamentinin 17 ay ərzində 145 iclası keçirildi.
Müzakirəyə 270-dən çox qanun layihəsi
çıxarıldı və onlardan 230-u qəbul olundu;
•
parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi;
•
parlamentin 11 komissiyası var idi;
• Azərbaycanda
hakimiyyət bölgüsü aparıldı: 1.Qanunverici,
2.İcraedici, Məhkəmə hakimiyyəti;
• 1918-ci
ilin dekabrında Azərbaycan Parlamenti Bakı şəhərinin
azad edilməsində şəhid olmuş türk və Azərbaycan
əsgərlərinin şərəfinə Bakının ən
hündür yerində abidənin ucaldılması haqqında
qərar qəbul etdi;
• 1918-ci
ilin dekabrında milli valyuta olan Bakı bonu tədavülə
buraxıldı;
• 1918-ci
il dekabrın 28-də parlamentdə Ə.Topçubaşovun
başçılığı ilə Paris Sülh
Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi
haqqında qərar qəbul edildi;
• 1918-ci
il dekabrın 28-də general Tomson Fətəli xan Xoyskinin
başçılıq etdiyi hökuməti
tanıdığını bəyan etdi;
• 1919-cu
ilin yanvarında Qarabağda erməni
separatçılarının qanunsuz hərəkətlərinə
son qoymaq üçün Qarabağ general-qubernatorluğu
yaradıldı. Fevralda Xosrov bəy Sultanov qubernator təyin
olundu;
• 1919-cu
ilin fevralında ermənilər tərəfindən
Naxçıvana edilən hücumların
qarşısını almaq üçün Naxçıvan
general-qubernatorluğu yaradıldı;
• 1919-cu
il martın 3-də Azərbaycan Teleqraf Agentliyi
yaradıldı;
• 1919-cu
il martın 21-də Əlifba islahat komissiyası
yaradıldı. Məqsəd latın əlifbasına
keçməkdən ibarət idi;
• 1919-cu
ilin martından Novruz bayramı dövlət səviyyəsində
qeyd olundu;
• 1919 və
1920-ci illərdə 31 mart dövlət səviyyəsində
milli matəm günü kimi qeyd olundu;
• 1919-cu
ilin martında “Əksinqilabla mübarizə təşkilatı”
adı altında Milli Təhlükəsizlik Xidməti
yaradıldı;
• 1919-cu
il iyunun 11-də Dövlət Müdafiə Komitəsi
yaradıldı;
• 1919-cu
il iyunun 15-də Denikin təhlükəsinə qarşı
Gürcüstanla hərbi pakt imzalandı;
• 1919-cu
il iyunun 28-də Böyük Britaniya hökuməti ingilis
ordusunun Qafqazdan çıxarılacağı haqqında Paris
Sülh Konfransına rəsmi məlumat verdi;
• 1919-cu
il iyulun 21-də parlament Azərbaycan Respublikasının
Müəssislər Məclisinə seçkilər
haqqında əsasnaməni təsdiq etdi. Əsasnaməyə
görə seçkilərdə qadın və kişi bərabərliyi
təsbit olundu;
• 1919-cu
il avqustun 11-də parlament Azərbaycan vətəndaşlığı
haqqında qanun qəbul etdi. Yəni, rəngindən, irqindən,
cinsindən asılı olmayaraq, Azərbaycan ərazisində
yaşayan bütün millətlərin nümayəndələri
qanun qarşısında bərabər elan olundu;
• 1919-cu
il avqustun 24-də Naxçıvanda ABŞ
general-qubernatorluğunun yaradılması barədə polkovnik
V.Haskelin bəyanatı elan edildi və amerikalı polkovnik
Edmund Delli qubernator təyin olundu. Lakin Azərbaycan hökumətinin
ciddi müqaviməti və Naxçıvan əhalisinin kəskin
etirazı nəticəsində amerikalılar öz niyyətlərini
reallaşdıra bilmədilər;
• 1919-cu
il avqustun 20-dən sentyabrın 2-nə kimi Azərbaycan müəllimlərinin
birinci qurultayı keçirildi;
• 1919-cu
il avqustun 22-də Dağlıq Qarabağ erməniləri Azərbaycan
hökuməti qarşısında 26 bənddən ibarət
öhdəlik götürdülər;
• 1919-cu
il avqustun 23-də qaçqın və köçkünlərlə
bağlı komissiya yaradıldı;
•
Hökumət qaçqın düşən əhali ilə
bağlı parlament və hökumət səviyyəsində
10 qərar və qanun qəbul etdi;
• 1919-cu
il avqustun 25-də ingilis qüvvələri Bakını tərk
etdilər;
• 1919-cu
ilin avqustunda Xəzər Hərbi Dəniz Donanması
yaradıldı;
• 1919-cu
il sentyabrın 1-də Azərbaycan Parlamenti 100 nəfər azərbaycanlı
tələbənin xaricə göndərilməsi haqqında
qanun qəbul etdi;
• 1919-cu
il sentyabrın 1-də Azərbaycan Parlamenti Bakı Dövlət
Universitetinin təsis edilməsi haqqında qanun qəbul etdi. Dərslər
noyabrın 1-də başladı;
• 1919-cu
ilin yayında Azərbaycan hökuməti özünün
maliyyə çətinliklərinə baxmayaraq,
Dağıstan Dağlılar Respublikasına 50 milyon manat həcmində
yardım göstərdi;
• 1919-cu
ilin avqustunda Lənkəranda qiyamçı qüvvələr
darmadağın edilərək bölgədə Cümhuriyyətin
hakimiyyəti bərpa olundu;
• 1919-cu
il sentyabrın 3-də Lənkəran bölgəsindəki rus
hərbi qüvvələri tərksilah edildi;
• 1919-cu
il sentyabrın 30-da Dövlət Bankı təşkil olundu;
• 1919-cu
ilin oktyabrında mətbuatda senzura ləğv olundu;
• 1919-cu
il noyabrın 23-də Tiflisdə Azərbaycan-Ermənistan
sazişi imzalandı;
• 1919-cu
ilin dekabrında “İstiqlal” muzeyi açıldı;
• 1919-cu
ildə Bakı neftini dünya bazarına çıxarmq
üçün Bakı-Batum neft kəməri bərpa edilərək
istifadəyə verildi;
• 1919-cu
ilin sonlarında İstehkamçılar məktəbi, Hərbi
dəmiryolçular məktəbi, Hərbi feldşer məktəbi
və Hərbiyyə məktəbi açıldı;
• Milli
hökumət Gəncədə Nizami məqbərəsinin
tikintisinə 500 min manat vəsait ayırdı. Amma məqbərəni
tikmək üçün vaxt çatmadı;
• 1920-ci
il yanvarın 11-də Versalda Azərbaycan Paris Sülh
Konfransının Ali Şurası tərəfindən de-fakto
tanındı;
• 1920-ci
il yanvarın 14-də Azərbaycanın Paris Sülh
Konfransının Ali Şurası tərəfindən de-fakto
tanınması şərəfinə Təzəpir məscidində
dualar oxundu. Parlamentin təntənəli iclası
keçirildi, Hürriyyət meydanında Milli Ordunun rəsmi
keçidi oldu;
• 1920-ci
il martın 20-də sovet Rusiyası ilə ticarət
müqaviləsi imzalandı. Lakin Rusiya bu müqaviləyə
riayət etmədi;
• 1920-ci
il martın 20-də Azərbaycan Xalq Cümhuriyyəti İran
tərəfindən de-fakto və de-yure tanındı;
• 1920-ci
il martın 20-də İranla bağlanmış müqaviləyə
əsasən Tehranda səfirlik, Təbrizdə baş konsulluq,
Rəştdə konsulluq, Ərdəbildə, Məşhəddə
vitse-konsulluq, Xoy və Əhərdə konsul agentlikləri
yaradıldı;
• 1920-ci
ilin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti
Ordusunun sayı 40 minə çatırdı. Bunun 30 mini
piyada, 10 mini isə suvari idi;
•
Bakı-Culfa dəmir yolu inşa edilərək istifadəyə
verildi;
• Kür
çayı üzərində körpü salındı;
1920-ci il
aprelin 27-də Azərbaycan parlamentinin sonuncu – 145-ci iclası
axşam saat 20:45-də başladı və 23:25-dək davam
etdi;
1920-ci il
aprelin 27-də parlament səs çoxluğu ilə 7 şərtlə
hakimiyyətin kommunistlərə verilməsi haqqında qərar
qəbul etdi.
Anar İSGƏNDƏROV,
tarix elmləri doktoru, professor
Xalq qəzeti.- 2018.- 7 iyul.- S.10.