Azərbaycanın siyasi tarixinin
Heydər Əliyev mərhələsinin
başlanğıcı
14 iyul 1969-cu il –
inkişaf və tərəqqiyə start verildiyi gün
1970–1985-ci illər
Azərbaycanın quruculuq salnaməsinə
ən parlaq səhifələr kimi daxil olmuşdur. Həmin dövrdə
yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam
müstəqil dövlət kimi
fəaliyyət göstərməsi üçün möhkəm
zəmin yaratmışdır.
Heydər ƏLİYEV
Ümummilli lider
Heydər
Əliyev bütün dövrlərdə doğma xalqına sədaqətlə
xidmət etmişdir. Ümummilli lider ictimai-siyasi quruluşdan
asılı olmayaraq bütün dövrlərdə Azərbaycanın
inkişafına çox böyük töhfələr
vermişdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
1969-cu ilin 14 iyulu Azərbaycanın XX əsr siyasi tarixinə qızıl hərflərlə yazılmışdır. 27 illik dövlət müstəqilliyimizin, qədimdən-qədim Azərbaycan torpağında sivil inkişaf və tərəqqinin bir çox əsasları məhz bu unudulmaz tarixdən qaynaqlanır. Həmin gün taleyin hökmü ilə ümummilli lider Heydər Əliyevin respublikanın birinci rəhbəri mövqeyinə yüksəlməsi milli dövlətçilik ənənələrinin dirçəldilməsinin, azərbaycançılıq məfkurəsinin yeni mərhələyə daxil olmasının da başlanğıcını qoymuşdur.
Siyasi tarixçilər və siyasətçilər birmənalı olaraq təsdiqləyirlər ki, təşəbbüskar, yurdsevər və qurucu lider kimi ulu öndər Heydər Əliyevin respublikaya birinci dəfə rəhbərlik etdiyi və Moskvada sovet dövlətinin ali rəhbərliyində təmsil olunduğu iki onillikdə gerçəkləşdirdiyi kompleks tədbirlər Azərbaycanı geridə qalmış aqrar əyalətdən yüksək inkişaf etmiş bir ölkə səviyyəsinə qaldıraraq dünyada tanıtmış, bütün ölçüləri ilə gələcək suverenliyə hazırlamışdır. Milli məfkurənin dövlət ideologiyasına çevrilməsi və müasir Azərbaycan dövlətinin yaranması və qüdrətlənməsi də məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bütün bunları nəzərdə tutan Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılış mərasimindəki çıxışında həmin dövrü belə xarakterizə etmişdir: “Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət etmişdir. Onun xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. O, bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın inkişafına böyük səylər qoymuşdur. 1970--1980-ci illərdə onun rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi altında o illərdə güclü sənaye potensialı yaradılmışdır ki, bu gün də bu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir”.
Məhz həmin dövrdə qoyulan möhkəm təməl üzərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilmiş layihələr, tikilmiş müəssisələr bu gün xalqımıza, dövlətimizə xidmət göstərir, Azərbaycan dinamik iqtisadi inkişafı ilə beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Ümummilli lider Heydər Əliyevin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün önəmli fakt və hadisələri çağdaş siyasi təqvimimizdə aktuallığı ilə daim gündəmdədir. Bu baxımdan ulu öndərin Azərbaycanda birinci dəfə siyasi olimpə yüksəldiyi 14 iyul 1969-cu il xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur.
Heydər Əliyevin 49 il əvvəl bu gün Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra respublikanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində, həqiqətən, yeni bir dövr başlanmışdır. Liderlik meydanına dərin zəkalı, yüksək enerjili, qurucu dövlət və siyasət xadimi kimi daxil olan Heydər Əliyevin ilk gündən görünməmiş bir sərbəstliklə respublikanı idarə etməyə başlaması, nəinki Moskvada, heç Bakının özündə də rahat qarşılanmamışdı. Yeni rəhbər neçə illərin sükunətini hərəkətə gətirmiş, milləti oyadıb fəal quruculuğa yönləndirmiş, xalqın milli düşüncəsini silkələyib hərəkətə gətirmişdir.
Heydər Əliyevin liderlik bioqrafiyası Azərbaycanın XX əsrin son qərinəsində və XXI əsrin ilk illərində siyasi tarixinin yönünü və məzmununu ifadə edir. Ümummilli liderin 1969-cu il iyulun 14-dən başlanan siyasi marafonu Azərbaycanın çağdaş tarixinin ən parlaq səhifələri olmaqla, həm də bugünkü davamı ilə xalqımızı aydın gələcəyə aparır.
Siyasi tarixçilər, haqlı olaraq, göstərirlər ki, Heydər Əliyevin dövləti idarəetmə məharətinin formalaşmasında 50-60-cı illər həlledici rol oynamışdı. Məhz bu illərdə vəzifə pillələrində yüksəlişi, eyni zamanda, ona imkan vermişdi ki, sovet dövlətçiliyinin həm məzmununa, həm də praktikasına dərindən bələd olsun. Bu isə 40 yaşlarında artıq yetkin dövlət adamı olmuş Heydər Əliyevə kifayət qədər mürəkkəb sosial-siyasi mühitdə fəaliyyətinin strategiyası ilə taktikasını düzgün əlaqələndirmək məharəti qazandırmışdı.
Siyasi ədəbiyyatda göstərilir ki, Bakıda Azərbaycan rəhbərliyində Mircəfər Bağırovun amansız mühakiməsindən sonra milli kadrlar artıq heç nəyi həll etməmişdilər. Dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından yenə də faciəli olmuşdu. Heydər Əliyev artıq müəyyən taktiki məqsədlərlə Moskvanın gözlərini qamaşdırmaqla kifayətlənməmiş, mənsub olduğu millət üçün çox böyük işlər görməyə, strateji planlarını həyata keçirməyə çalışmışdı. Həmin planlardan biri, bəlkə də birincisi xalqı özünə tanıtdırmaq, onun normal etnokulturoloji həyatını bərpa etmək olmuşdu.
Heydər Əliyev hələ Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi ilk illərdə bütün aydınlığı ilə göstərmişdi ki, o, qeyri-müstəqil bir respublikanın növbəti başçısı yox, milli lideridir. Heydər Əliyevin məhz milli lider olaraq fəaliyyətinin bir təzahürü də Azərbaycan dilinin siyasi nüfuzunun 70-ci illərdə sürətlə yüksəlməsi olmuşdu. Həmin yüksəliş 80-ci illərdə də davam etmişdi.
Heydər Əliyev Azərbaycan tarixinin ən müxtəlif problemlərinin öyrənilməsinə, milli tarixi təfəkkürün oyadılmasına xüsusi əhəmiyyət vermişdi. İxtisasca tarixçi olan Heydər Əliyev üçün tarix yalnız “üzü keçmişə siyasət” olmamış, həm də millətin öz həqiqi keçmişini dərindən öyrənib gələcəyə hazırlıqlı getməsi üçün bir məktəb, ilham mənbəyi idi. Azərbaycan xalqının mənşəyi, formalaşması, təşəkkülü kimi mühüm tarixşünaslıq problemləri məhz 70-ci illərdə bütün elmi-ideoloji kəskinliyi ilə qoyulmuşdu. Heydər Əliyev milli dil, ədəbiyyat, mədəniyyət və s. tarixinin problemləri ilə davamlı, dərindən maraqlanmış, mümkün olan bütün addımları atmışdı.
Heydər Əliyevi dövlət idarəçiliyi məharətinə görə sələfləri ilə müqayisə eləmək çətindir, çünki onların heç biri bu sahədə böyük istedada malik olmamış, bir sıra hallarda isə şəraitin birbaşa əsirinə çevrilmişdir. Həmin rəhbərlərin təcrübəsi tamamilə fərqli lider olan Heydər Əliyevə çox az şey vermişdir. O, istər dövlət təhlükəsizliyi orqanlarında, istərsə də Azərbaycanın bilavasitə rəhbərliyində çalışdığı illərdə cəsarətli qərarlar qəbul etmiş, həmin qərarları dönmədən, heç bir maneəyə güzəştə getmədən həyata keçirmiş, demək olar ki, bir dəfə də sözündən, əməlindən dönməmişdir.
Özündən əvvəlki respublika rəhbərliyinin liberallığına, mərkəzdən asılılığına, şəxsi rahatlığa meyilli olmalarına qarşı Heydər Əliyev əsl milli rəhbər obrazını qoymuş, siyasətçi özəlliyini bütün kəskinliyi ilə təsdiq etmişdir. Heydər Əliyevin respublikada rəhbərliyə gəlməsi ilə Azərbaycan nəinki Sovet dövlətinin verdiyi imkanlar daxilində, hətta müəyyən maneələri də dəf edərək müstəqil düşüncəyə meydan açmışdır. Ötən əsrin 70-80-ci illərində Azərbaycanda gedən milli oyanış, siyasi-ideoloji dirçəliş prosesinin nəticələri özünü 80-ci illərin sonu – 90-cı illərin əvvəllərindəki xalq hərəkatında göstərmişdir.
Heydər Əliyev daim xalqın enerjisinin, milli müstəqillik hissinin təzahürünə çalışmış, onu dünyanın inkişaf etmiş xalqlarının səviyyəsinə çatdırmaq üçün titanik fəaliyyət göstərmişdir. Onun imzasına 60-cı illərin sonu-- 70-ci illərin əvvəllərindən Azərbaycanın hər yerində, iqtisadi, ictimai-siyasi, mənəvi-ideoloji həyatın, demək olar ki, bütün sahələrində rast gəlmək mümkündür. Buna görə də 70-80-ci illərin Azərbaycanını obrazlı şəkildə “Heydər Əliyevin Azərbaycanı” adlandırmışlar. Sovet dövləti dağıldıqda isə Azərbaycanda ən çox xatırlanan lider, sonra isə müstəqil respublikanın dövlətçiliyini xilas etməyə və formalaşdırmağa dəvət edilən qüdrətli lider Heydər Əliyev olmuşdur.
Göründüyü kimi, XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin titanik səyləri sayəsində yeni impuls, miqyaslı inkişaf parametrləri kəsb edərək özünün yüksək mərhələsinə qədəm qoymuşdur. O zamandan başlayaraq Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Heydər Əliyevin taleyinə Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəsinin siyasi, sosial-iqtisadi və mədəni intibahına nail olmaq missiyası düşmüşdür.
Tarixi inkişaf yolu keçmiş Azərbaycan iqtisadiyyatı müxtəlif dövrlərdə öz təşəkkülünün müəyyən xüsusiyyətləri ilə səciyyələnmişdir. Təbii sərvətlərlə zəngin olan Azərbaycanda ötən əsrin 60-cı illərində sənayenin inkişaf miqyası son dərəcə məhdud və istehsal mərhələləri yarımçıq idi. Respublika ərazisinin 90, əhalisinin 70 faizdən artığını əhatə edən rayonlar ümumi sənaye məhsulunun 30 faizdən azını verirdi.
Kənd təsərrüfatında məhsuldar qüvvələrdən səmərəli istifadə olunmadığından aqrar sektorun inkişaf səviyyəsi də xeyli aşağı idi. Həmin dövrdə iqtisadiyyatın digər sektorlarında da belə acınacaqlı vəziyyət hökm sürürdü.
Mütəxəssislər göstərirlər ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevin iqtisadi siyasətinin ana xəttini qeyri-neft sektorunun çoxşaxəli, sürətli və səmərəli inkişafı təşkil etmiş, eyni zamanda, həmin sahələrə aid müəssisələr, əsasən, perspektivli kiçik və orta şəhərlərdə yerləşdirilmişdir. Məlumdur ki, qeyri-neft sektorunun çoxşaxəli, səmərəli inkişaf etdirilməsi, emal sənayesinə aid müəssisələrin kiçik və orta şəhərlərdə yerləşdirilməsi müasir dövrdə respublikamızda iqtisadi siyasətin prioritet istiqamətini təşkil edir. Odur ki, ümummilli liderimizin 70-80-ci illərdəki iqtisadi siyasətinin, bu siyasəti reallaşdırmaq üçün istifadə etdiyi üsul və vasitələrin öyrənilməsi həm nəzəri-metodoloji, həm də praktiki baxımdan mühüm əhəmiyyət kəsb edir.
1969-cu il iyul ayının 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi vaxt respublikamız iqtisadi durğunluq, siyasi və mənəvi tənəzzül vəziyyətində idi. Əvvəlki illərdə öz nefti ilə SSRİ iqtisadiyyatında liderliyə malik olmuş Azərbaycan bu mövqeyini itirdikdən sonra SSRİ hökumətinin diqqətindən kənarda qalmışdı. İqtisadiyyatın digər sahələrinin (qeyri-neft sektorunun) inkişafına keçid lazımi səviyyədə və sürətlə təmin edilmədiyindən onun bütün sahələrində inkişaf kəskin surətdə aşağı düşmüşdü. Sənayenin strukturunda enerji, fond və xammal tutumlu sahələr üstünlük təşkil etdiyindən və texniki bazası köhnə olduğundan səmərəliliyi aşağı idi.
Nəticədə, Azərbaycan milli gəlirin artım sürətinə və adambaşına düşən milli gəlirə görə SSRİ-nin orta göstəricisindən geri qalır, müttəfiq respublikalar arasında axırıncı yerlərdən birini tuturdu. İqtisadiyyatın əsas sahələri olan sənaye və kənd təsərrüfatında bu gerilik özünü daha qabarıq göstərirdi. 1960–1969-cu illərdə respublikada ümumi sənaye məhsulu 78 faiz artmışdı və bu göstəriciyə görə müttəfiq respublikalar arasında axırıncı yeri tuturdu. 1966–1969-cu illərdə bu gerilik daha da artmışdı (bu müddətdə sənaye məhsulu SSRİ-də orta hesabla 39 faiz, Azərbaycanda 26 faiz artmışdı).
Kənd təsərrüfatında gerilik daha çox özünü göstərirdi. Taxıl, pambıq, üzüm, kartof, bostan-tərəvəz məhsulları istehsalında məhsuldarlıq müttəfiq respublikaların çoxundan geri qalırdı. Bir çox əsas kənd təsərrüfatı məhsulunun istehsal həcmi, həm də məhsuldarlıq 1969-cu ildə 1960-cı ilə nisbətən azalmışdı. Məhsuldarlıq taxıl istehsalında 10,4 sentnerdən 9,5 sentnerə, pambıq 16,6-dan 15,1 sentnerə, cəmi pambıq istehsalı 366 min tondan 299 min tona düşmüşdü. İstehsal olunan məhsulların keyfiyyəti aşağı idi.
Beləliklə, respublikanın SSRİ iqtisadiyyatında mövqeyi itirilmişdi. Əmək intizamı zəifləmiş, dövlət plan tapşırıqlarının yerinə yetirilməsi qarşısında məsuliyyət hissi azalmışdı. İnzibati rayonlarda və kəndlərdə işsizlik artmaqda idi. Respublikada istehsalın sürətli və səmərəli inkişafı üçün böyük imkanların olmasına əhalinin inamı azalmışdı.
Yaranmış sosial-iqtisadi durum Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında qısa müddətdə dərindən, hərtərəfli təhlil olundu. Respublikanın imkanlarını və mənafeyini nəzərə almaqla geriliyin səbəbləri aşkara çıxarıldı. Onların aradan qaldırılması, iqtisadiyyatın hərtərəfli inkişafı və əhalinin həyat səviyyəsinin yüksəlməsi üçün əvvəlki dövrlərdə olduğundan tamamilə fərqlənən, yeni inkişaf strategiyası və müvafiq proqramlar işlənib hazırlandı və mərhələ-mərhələ yerinə yetirildi.
1970–1985-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafına 32 milyard rubl vəsait sərf olunmuşdu. Heç vaxt respublikanın inkişafı üçün mərkəzi hakimiyyət bu qədər vəsait ayırmamışdı. Respublika iqtisadiyyatının inkişafına yönəldilən bu əsaslı vəsaitin və resursların böyük miqyası, onlardan məqsədyönlü istifadə tezliklə müsbət nəticələnmişdi.
Qısa zamanda Azərbaycanda məhsuldar qüvvələrin inkişafında son dərəcə köklü kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermişdi. 1985-ci ildə Azərbaycanda əvvəlki illərə nisbətən milli gəlir 2,6, sənaye məhsulu istehsalı 2,9 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,3 dəfədən çox artmışdı. İqtisadiyyatın əsas sahəsi olan sənayenin inkişafında hər cəhətdən böyük dəyişikliklər baş vermişdi. Respublikada mövcud olan yüzlərlə müəssisənin yeni texnika və texnologiyalar əsasında təzələnməsi, habelə genişləndirilməsi ilə yanaşı, 218 yeni müəssisə tikilmişdi. Eyni zamanda, həmin dövrdə Azərbaycan iqtisadiyyatında həlledici rol oynayan yanacaq-enerji kompleksinin inkişaf miqyası genişləndirilmişdi.
Ötən əsrin 70-ci illərində Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi iqtisadi strategiyanın başlıca mahiyyətini onun hərtərəfli, kompleks inkişafı təşkil etmişdi. O zamankı mürəkkəb şəraitdə hər cür maneələr dəf edilərək Azərbaycan iqtisadiyyatının, ilk növbədə, milli mənafelərə uyğun həyata keçirilən bu inkişaf kursu, əslində, respublikanın müstəqil təsərrüfat sisteminin yaradılması yolunda atılan cəsarətli addım olmuşdu.
Heydər Əliyevin təşəbbüsü və məqsədyönlü fəaliyyəti nəticəsində Sov. İKP MK “1976–1980-ci illərdə və sonrakı dövrdə respublikada sənayenin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP MK-nın təkliflərinin nəzərdən keçirilməsi nəticəsi barəsində” qərarında Azərbaycan sənayesinin inkişafı üçün ayrılan əsaslı vəsait qoyuluşu və maddi-texniki təchizatın miqdarı onuncu beşillikdə planda nəzərdə tutulduğuna nisbətən böyük məbləğdə artırılmışdı.
Neft sənayesinə qoyulan vəsaitin artırılması və dövlət planında ayrılıqda göstərilməsi bir tərəfdən qeyri-neft sektoruna yönəldilən vəsaiti artırmağa və onu daha sürətlə inkişaf etdirməyə, digər tərəfdən neft sənayesinin özündə respublika iqtisadiyyatının mənafeyini nəzərə almaqla əsaslı tədbirlər həyata keçirməyə imkan vermişdi.
Heydər Əliyevin yorulmaz, fasiləsiz və məqsədyönlü fəaliyyəti, həyata keçirdiyi tədbirlər, onun təşəbbüsü və təkidi ilə mərkəzi hökumət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1970-1985-ci illər cəmiyyət həyatının bütün sahələrində (iqtisadi, mədəni, sosial, siyasi) yüksəliş və tərəqqi illəri olmuşdu. Azərbaycan iqtisadiyyatı bütün öz varlığı tarixində ən yüksək inkişaf səviyyəsinə çatmışdı. Başlıcası isə Azərbaycan İttifaq əmək bölgüsündə öz layiqli yerini tutmuşdu. Elektrik enerjisi, neft-mədən avadanlıqları, kimya sənayesinin bir çox məhsulları, üzüm şərabı, meyvə-tərəvəz konservi, pambıq mahlıcı, ipək sap, yaşıl çay, xalça və xalça məmulatları, mineral sular, fermentləşmiş tütün və i.a. istehsalına görə keçmiş İttifaq əmək bölgüsündə mühüm yer tuturdu. Azərbaycan SSR-də iqtisadiyyatın bütün sahələri sürətlə inkişaf etdirildi, artım sürətinə görə o, SSRİ respublikaları arasında qabaqcıl mövqeyə çıxdı.
1970–1982-ci illərdə respublikamızın iqtisadiyyatının inkişaf etməsinə əvvəlki 50 ildə olduğundan 1,4 dəfə çox əsaslı vəsait qoyulmuşdu. Bakıda məişət kondisionerləri zavodu, “Ozon” Elm-İstehsalat Birliyi, elektron-hesablama maşınları zavodu, dərin özüllər zavodu, tikiş və ayaqqabı fabrikləri, Şirvanda (Əli Bayramlıda) məişət cihazları zavodu, Sumqayıt kompressor zavodu, üst trikotaj fabriki, Gəncə əlvan metal emalı zavodu, Naxçıvan şüşə qablar zavodu, Mingəçevirdə Azərbaycan DRES, Yevlaxda yunun ilkin emalı fabriki və digər şəhərlərdə tikilən onlarca iri sənaye müəssisələri, elektrotexnika, cihazqayırma, radiotexnika zavodları, pambıqtəmizləmə, çay emalı müəssisələri, şərabçılıq və meyvə-tərəvəz konserv istehsalı zavodları məhz Heydər Əliyevin müntəzəm apardığı təşkilatçılıq işinin məhsulu idi.
Həmin dövrdə respublikamızda məcmu məhsul 44 faiz, milli gəlir 39 faiz, sənaye məhsulu 50 faiz, kənd təsərrüfatı məhsulu 34 faiz artmışdı. Sənayedə əmək məhsuldarlığının yüksəlməsi, istehsalın səmərəliliyinin artması üçün onun texniki tərəqqinin istiqamətlərini müəyyən edən maşınqayırma, elektrotexnika, kimya, elektroenergetika kimi sahələri daha sürətlə inkişaf etdirilirdi. Digər tərəfdən, sənayedə yeni texnika və texnologiyanın tətbiqinə dövlət tərəfindən xüsusi qayğı göstərilirdi.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə sənayedə 581 adda yeni tipli maşın, avadanlıq, aparat, cihaz nümunələri yaradılmış, 310 avtomatlaşdırılmış xətt, 1300 kompleks mexanikləşdirilmiş sex, istehsal sahəsi və i.a. yaradılmışdır. Sənaye məhsulu 2,7 dəfə, sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmışdı.
Respublikada kənd təsərrüfatı və onun xammalını emal edən sahələr böyük sürətlə inkişaf edirdi. 1970–1982-ci illərdə kənd təsərrüfatı məhsulu 2,6 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə artmışdı. Pambıq, meyvə, tərəvəz istehsalı iki dəfədən, üzüm, tütün, barama, yaşıl çay yarpağı istehsalı 2-5 dəfə artmışdı. Üzüm istehsalı 1969-cu ildəki 272 min tondan 1980-ci ildə 1481 min tona, (1984-cü ildə 2126 min tona), pambıq istehsalı müvafiq olaraq 299 min tondan 831,2 min tona, tərəvəz 410 min tondan 850 min tona çatmışdı.
1970–1982-ci illərdə milli gəlir 2,5 dəfə, adambaşına isə 2 dəfə artmışdı. Bu göstəriciyə görə Azərbaycan müttəfiq respublikalar arasında qabaqcıl mövqe tuturdu. Bütün bunların nəticəsi idi ki, Rusiya ilə yanaşı, Azərbaycan da İttifaq büdcəsindən dotasiya almadan öz iqtisadiyyatını sürətlə və mənfəətlə inkişaf etdirirdi.
1970–1985-ci illərdə Heydər Əliyev iqtisadi siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafında əldə olunmuş nailiyyətlər, toplanmış istehsal potensialı və təcrübə müstəqillik illərində respublika iqtisadiyyatının inkişafı və dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynamışdır və yenə oynayır. Bu baxımdan Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiyyatın, elmin, mədəniyyətin, təhsilin inkişafı sahəsində nailiyyətlər olmasaydı, Azərbaycan müstəqilliyin birinci 5–6 ilində üzləşdiyi ağır vəziyyətdən çıxa bilməzdi.
Ulu öndər milli kadrların yetişdirilməsinə xüsusi diqqət yetirərək böyük uzaqgörənliklə ölkəmizin gələcək müstəqillyini düşünmüş və həmin dövrdə milli kadrlara zəruri ehtiyac yaranacağını zərgər dəqiqliyi ilə hesablamışdır.
Mədəniyyətin, elm və ədəbiyyatın inkişafı da ulu öndərin diqqət mərkəzində saxladığı sahələrdən idi. Heydər Əliyev 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələrinin ucaldılmasına nail olurdu.
Müdrik şəxsiyyət Heydər Əliyev kommunist ideologiyasının tüğyan etdiyi bir dövrdə bu istiqamətdə hər hansı bir addımın atılmasının milliyətçi damğası ilə nəticələnəcəyini çox yaxşı bilirdi. Ancaq xalqına, Vətəninə, millətinə qəlbən bağlılığı onu qorxutmamış və bu ali məqsədindən çəkindirməmişdi. Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq ana dilimizin, inkişaf etdirilməsi, rolunun artırılması, xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılmasında, tariximizin düzgün istiqamətdə öyrənilməsi, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması və inkişafının təmin edilməsi istiqamətində apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan vermişdi. Müdrik şəxsiyyət Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olacaq sosial-iqtisadi əsasları, ilk növbədə, milli dövlətçilik düşüncəsini aşılamışdı.
Heydər Əliyev 1969–1982-ci illərdə respublikaya rəhbərlik etdiyi zaman Azərbaycan dövlətçiliyinin müstəqilliyinin siyasi- iqtisadi əsaslarını yaratmışdı. Heydər Əliyev öz çıxışlarında bu məsələyə münasibət bildirərkən demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 1970-ci ildən başlamışdıq. Mən bu gün çox böyük məmuniyyət hissi ilə qeyd edirəm ki, bu, mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barəsində düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimiz haqqında düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə Sizinlə görüşərək və bu problemlərlə daim məşğul olaraq Azərbaycanın XXI əsri haqqında düşünürəm”.
Dahi rəhbər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti ondan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyanmışdı, azadlıq, müstəqillik duyğuları baş qaldırmışdı. Bu, əslində, XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə – yüksəliş mərhələsinə daxil olması demək idi. Həmin faktların ən mühümü isə bu idi ki, dünya sosializm sisteminin və böyük Sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan artıq öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ola biləcək iki respublikadan biri idi.
SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış Azərbaycanda ilk illər xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Belə bir vaxtda respublikada zəngin dövlətçilik təcrübəsi olan, xalqın inam və etibarını qazanmış bir liderə böyük ehtiyac yaranmışdı. Xalq yeganə ümid yerini yenə də ulu öndər Heydər Əliyevdə gördü. O dövrkü iqtidarın və Xalq Cəbhəsi liderlərinin başı hakimiyyət, vəzifə uğrunda mübarizəyə qarışdığı bir vaxtda ulu öndər Heydər Əliyev Naxçıvandan Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbərlik edirdi.
O dövrdə bir çox daxili və xarici amillər səbəbindən dövlət müstəqilliyimiz ilk gündən düşmən dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüz və siyasi təzyiqlərə məruz qalmışdı. Həm də xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü.
Belə bir zamanda ölkənin əsl xilası 1993-cü ildə xalqın istəyi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.
XX – XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ulu öndərin siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıdışının bəhrəsidir.
Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, onun inkişafı ümummilli liderin adı ilə bağlı olmasın. Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndər özü də ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə etmişdir: "Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.
Unudulmaz rəhbər müstəqil dövlətimizi xalqımıza ən böyük töhfəsi kimi əmanət qoymuşdur. O, bu tarixi sərvətin qorunub zənginləşdirilməsini ən etibarlı varisi, layiqli davamçısı Prezident İlham Əliyevə etibar etdi. Bundan sonrakı 15 il müstəqil Azərbaycanın ən yeni tarixində yeniləşmə və hərtərəfli tərəqqi dövrü kimi uğurla davam etməkdədir.
Prezident İlham Əliyevin dediyi kimi: “Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”.
Artıq 27 ildir ki, müstəqil Azərbaycan
Respublikası dünya birliyinin fəal tərkib hissəsinə
çevrilmişdir. Bu mübarizənin qalibiyyətini
təmin edən əsas qüvvə isə heç
şübhəsiz, ulu öndər Heydər Əliyevin şəxsiyyətində
təzahür edən milli iradə, möhtəşəm xalq
ruhudur ki, Azərbaycanı hər cür iqtisadi, sosial-siyasi problemlərdən
çıxararaq gələcəyə – əbədi müstəqilliyə
aparır.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2018.- 14 iyul.- S.4.