Sumqayıt – möhtəşəm tərəqqi
nümunəsi
...Bəzi
mənbələrə görə, Adolf Hitler
özünün “Barbarossa” planına Bakının neft mədənləri
ilə yanaşı, tikilməkdə olan Sumqayıt sintetik
kauçuk zavodunun zəbt olunmasını da daxil etmişdi.
Çünki zavodda dünyada ilk dəfə olaraq Lebedev
üsulu ilə kauçuk alınacaqdı. Hətta zavodun idarə olunması
üçün Hitler Xayo Eylers adlı bir şəxsi direktor
təyin etmək niyyətində imiş.
Amma onun arzusu yerinə yetmədi. Müharibədən düz
yeddi il sonra isə keçmiş SSRİ-də
ilk dəfə olaraq Sumqayıtda süni kauçuk
“plantasiyası” – sintetik etil spirti kompleksinin ilk məhsulu
alındı. Sonra polad borular, superfosfat, polimer
tikinti materialları və sair istehsalatlar yarandı, şəhər
də sürətlə böyüdü. Uğur,
uğur ardınca gəldi. 2018-ci il
iyulun 18-də isə burada ən böyük və son dərəcə
müasir texnologiyaya malik olan yeni bir müəssisə –
polipropilen zavodu işə salındı.
Ölkəmizin ən böyük sənaye
müəssisəsi sumqayıtdadır
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıta
intensiv səfərləri möhtəşəm yeniliklərlə
müşayiət olunur, şəhərin şöhrətini
artırır, xeyir-bərəkət timsalına çevrilir. Ötən
ilin dekabrında sevimli rəhbərin Sumqayıta etdiyi növbəti
səfər də bu şəhərin inkişafına olan
yüksək diqqətin növbəti təzahürü kimi
tarixə düşdü. Bu günlərdə
isə dövlətimizin başçısı ölkəmizdə
rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio
Mattarella ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində
“SOCAR Polymer” layihəsi çərçivəsində
inşa edilən polipropilen zavodunun
açılışında iştirak edib.
Cənab
İlham Əliyev öz nitqində bu müəssisənin
tikintisini yüksək qiymətləndirib:
“Polipropilen zavodunun
istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun
istifadəyə verilməsi nəticəsində Azərbaycanın
ixrac potensialı böyük dərəcədə artacaq.
Hər iki zavodda hər il 300 min ton məhsul
istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək.
Beləliklə, Azərbaycan idxaldan
asılılığı tamamilə aradan götürəcək
və ölkəmizin böyük həcmdə qeyri-neft
ixracı yaradılacaq”.
Bu zavodun
timsalında Azərbaycanda son illər ərzində
aparılan uğurlu iqtisadi və sənaye siyasətin öz əksini
tapdığını vurğulayan dövlətimizin
başçısı əlavə edib ki, müəssisədə
500-dən çox yeni iş yeri yaradılacaq. İdxaldan
asılılıq tamamilə aradan götürüləcək,
gözəl ixrac imkanları yaradılacaq. Azərbaycanın qeyri-neft sektorunun inkişafına
zavodun çox böyük dəstəyi olacaq. Çünki bu zavodda buraxılan xammaldan hazır məhsul
istehsal olunacaq və o məhsulun da idxalından
asılılıq aradan götürüləcək.
“...Bu böyük sənaye müəssisəsinin timsalında
biz siyasətimizi, aparılan işlərin nəticələrini
görürük. 2015-ci ildə, – mən o
günü yaxşı xatırlayıram, – zavodun təməli
qoyulub və qısa müddət ərzində nəhəng sənaye
müəssisəsi yaradılıb. Deyə
bilərəm ki, Azərbaycanın müasir tarixində bu
ölçüdə və bu səviyyədə sənaye
müəssisəsi tikilməyib. Düzdür,
bizim neft-qaz sektorunda böyük inşaat işlərimiz həyata
keçirilib – böyük platformalar, qazma qurğuları,
ancaq qeyri-neft sektorunda bu, ən böyük sənaye müəssisəsidir
və ən son texnologiyalara malik olan müəssisədir”.
Sonra cənab İlham Əliyev İtaliya Prezidentinin ilk dəfə
Azərbaycana səfər etdiyini, o cümlədən
Sumqayıta gəldiyini diqqətə çatdıraraq deyib
ki, bu, tarixi səfərdir. İtaliya şirkətlərinin
Azərbaycanda fəaliyyəti üçün gələcəkdə
də geniş meydan, geniş imkanlar olacaq. “Sumqayıt şəhərinə ilk dəfədir
ki, aparıcı Avropa dövlətinin Prezidenti gəlir.
Bu, Sumqayıtın tarixi üçün də
çox əhəmiyyətli məsələdir. Sumqayıt indi müasir sənaye şəhəridir.
Cənubi Qafqazda Bakıdan sonra ikinci sənaye
şəhəridir. Sumqayıt sovet
vaxtında kimya sənayesi şəhəri kimi
yaradılıb. Sumqayıtın çox
ciddi ekoloji problemləri var idi. Mən cənab
Prezidentə bu barədə məlumat verdim. Ekoloji vəziyyət, havanın çirklənməsi
insanları çox narahat edirdi. Bütün
bunlara son qoyuldu. Bu gün müasir müstəqil
Azərbaycanda ən yüksək ekoloji standartlar təmin
edilir və Sumqayıt indi ekoloji inkişaf baxımından
ölkə üzrə ən qabaqcıl yerlərdə qərarlaşıb.
Bu zavodun sumqayıtlılar üçün də
böyük əhəmiyyəti olacaq. Sumqayıtda
yaradılacaq böyük sənaye klasterində minlərlə,
on minlərlə insan işləyəcək və beləliklə,
şəhərin inkişafı da uğurla gedəcək”.
“SOCAR POLYMER”in bu günü və
sabahı
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya
Prezidenti Sercio Mattarellanın işə saldıqları
polipropilen zavodu son 40 ildə öz növünə və
miqyasına görə Azərbaycanın neft-kimya sənayesində
həyata keçirilən ilk belə layihədir. “SOCAR Polymer”
şirkəti Azərbaycanda kimya sənayesinin
inkişafını sürətləndirmək məqsədilə
2013-cü ildə təsis edilib. “SOCAR Polymer” zavodları
ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ
olmaqla 120 min ton yüksəksıxlıqlı polietilen istehsal
edəcək. İstehsal edilən məhsulun nəql
intensivliyi gündə təqribən 60 yük
maşını təşkil edəcək.
Polipropilen həyat və məişətdə geniş
istifadə edilir. Qablaşdırma materialları, tekstil, dəftərxana
ləvazimatı, avtomobil hissələri, elektron və elektrik
cihazları və başqa sektorlarda geniş çeşidli
istehlak mallarının və dəstləşdirmə hissələrinin
hazırlanmasında ilkin material kimi işlədilir. Polipropilen ekoloji cəhətdən təmiz plastik
adlandırılır, qida məhsullarının
qablaşdırılması və tibb sənayesinə aid
bütün sahələrdə istifadə oluna bilər.
Qeyd edək ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində
dövlət-özəl sektor tərəfdaşlığı
üzrə yaradılan ilk şirkətdir. İnvestisiyaların 60 faizi
Rusiyanın “Gazprombank”, qalan hissəsi isə müvafiq olaraq
“SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun
Holdinq” tərəfindən təmin edilib. Ümumi
investisiya xərcləri 816 milyon dollar təşkil edir ki,
bunun da 768 milyon dolları artıq xərclənib.
Zavodların istismar dövründə 6,3
milyard dollar məbləğində gəlir
proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin
xalis mənfəəti olacaq. İlkin qiymətləndirmələrə
görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın
qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz, Abşeron iqtisadi
regionunun ümumi daxili məhsulunun həcmini isə 15 faiz
artıracaq.
İtaliyanın tanınmış “Maire Tecnimont”,
Hollandiyanın “Fluor” şirkətlərinin və digər
qurumların cəlb edildiyi layihə çərçivəsində
milli mühəndis kadrlarının ixtisaslarının
artırılması təmin olunur. Həmin məqsədlə
vahid layihə idarəetmə qrupu yaradılıb. “Fluor” şirkəti milli mühəndis kadrları və
digər işçilər üçün Amsterdam, Milan və
Mumbayda ixtisas kursları təşkil edib.
“SOCAR Polymer” kadrların idarə olunması, maliyyə,
istehsalat, texniki xidmət, keyfiyyətə nəzarət və
təchizat-satınalma daxil olmaqla şirkətin bütün
struktur bölmələrini əhatə edən xüsusi
sistem tətbiq edib. Bütün bunlar göstərir ki, sənayeləşmə
və qeyri-neft sənayesinin inkişafı Prezident İlham
Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin
başlıca istiqamətlərindəndir. Bu baxımdan innovativ və yüksək texnologiyalara
əsaslanan rəqabətqabiliyyətli sənayenin tərəqqisinə
təkan vermək, qeyri-neft sektorunun davamlı
inkişafını təmin etmək və əhalinin istehsal
sahəsində məşğulluğunu artırmaq məqsədilə
sənaye parklarının və məhəllələrinin
qurulması xüsusi əhəmiyyət kəsb edir.
Artıq böyük infrastruktur işlərinin həyata
keçirildiyi, 17 sahibkarlıq subyektinə rezident statusunun
verildiyi Sumqayıt Kimya Sənaye Parkına 2 milyard dollardan
artıq investisiya yatırılıb və bu istiqamətdə
mühüm tədbirlər görülməkdə davam edir.
Fərəh doğuran yeniliklər
Yeni əsrin
əvvəllərindən ölkəmizdə xüsusilə
güclü şəkildə hiss olunan tərəqqi və
yüksəliş meyilərinin sayəsində təkcə
paytaxt Bakının deyil, bütün şəhər və
rayonların inkişafına davamlı dəstək verilir. Bu isə regionların həyatında keyfiyyətcə
yeni mərhələ açıb. Fərəhli
haldır ki, Sumqayıtın da önəmli proseslərdə
özünəməxsus yeri var. Uğurla
reallaşdırılan quruculuq və abadlıq
yürüşü sayəsində dünyanın ən
gözəl şəhərləri sırasında yer alan Sumqayıt indi çağdaş tərəqqi
ünvanı olmasıyla öyünə bilər. Burada məhz sabaha hesablanan inkişaf prosesləri
intellektual şəkildə həyata keçirilir.
Xarici turistlər, iş adamları indi Sumqayıta
böyük həvəslə gəlirlər. Şəhərin
əsas giriş qapısı sayılan “Sülh” küçəsi,
Novxanı-Corat sahil yolu göz-könül oxşayır.
Sumqayıtda son illərdə möhtəşəm
dənizkənarı park-bulvar kompleksi salınıb. Heydər Əliyev Mərkəzi, Uşaq incəsənət
məktəbi, Şahmat məktəbi, Bayraq muzeyi, Yeni Azərbaycan
Partiyasının şəhər təşkilatı
üçün gözəl binalar tikilib. Sumqayıt Dövlət Dram teatrı,
“Kimyaçılar” sarayı, Heydər Parkı əsaslı təmir
olunub. Küçə və meydanlar
müasir görkəmə salınıb. İdarəetmə
sahəsində böyük təcrübəsi olan Zakir Fərəcovun
şəhər rəhbərliyinə təyinatından ötən
qısa müddətdə burada bütün sahələrdə
böyük canlanma yaranıb. Bütün
abadlıq-quruculuq işləri şəhərin Baş
Planı və gələcək perspektivi nəzərə
alınmaqla aparılır. Hər kəs
şəhərin tərəqqisinə öz töhfələrini
verməyə çalışır.
İlk yarımildə Sumqayıtın sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
dair şura iclasında da bu barədə ətraflı
danışılıb. İcra hakimiyyətinin
başçısı Zakir Fərəcov bildirib ki,
bütün böyük uğurlar Azərbaycan Prezidenti
İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir.
Ölkə başçısının
tapşırığı və yaxından köməyi sayəsində
son iki-üç ildə aparılan genişmiqyaslı
abadlıq-quruculuq işlərinin və regionların
sosial-iqtisadi inkişafına dair dövlət
proqramının uğurlu icrası Sumqayıt şəhərinin
yüksəlişində yeni bir mərhələnin
yaranmasına səbəb olub. Natiq bundan
sonra daha böyük səylə çalışmaq zərurətini
önə çəkib. Bu isə o deməkdir
ki, nailiyyətlərlə qətiyyən arxayınlaşmaq
olmaz, qarşıdakı dövrdə əvvəlkindən də
artıq çalışmaq, öncül mövqeni daha da
möhkəmləndirmək başlıca vəzifədir.
Bütün dünyada qlobal maliyyə
böhranının davam etməsinə baxmayaraq, ilin əvvəlindən
şəhər üzrə göstəricilər möhtəşəm
rəqəmlərdə ifadəsini tapıb. Belə ki,
ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi
ötən ilin müvafiq dövrü ilə müqayisədə
20 faiz artaraq 933 milyon manat olub. Sənaye
müəssisələrində 705 milyon manatlıq məhsul
istehsal edillb ki, bu da əvvəlki ilin müvafiq dövrü
ilə müqayisədə 123 faiz təşkil edir.
Metallurgiyada 19 dəfə, kimya sənaye məhsulları
üzrə 118, yüngül sənayedə 115, yeyinti sənayesində
111, tikinti materialları üzrə 122, energetikada 153, digər
sahələr üzrə 105 faiz artım əldə edilib.
Ölkə
iqtisadiyyatında xüsusi rola və çəkiyə malik
olan Sumqayıt Kimya Sənaye Parkında sənaye sahələri
üzrə ixtisaslı kadrların hazırlanması
üçün müasir tipli peşə tədris mərkəzi
ilə bərabər, yüksək sıxlıqlı polietilen
istehsalı zavodunun, azot gübrəsi istehsal edəcək
“Karbomid” zavodunun, “AzərFloat” QSC-si tərəfindən
Almaniya texnologiyası əsasında müxtəlif
çeşiddə şüşə lövhələr
istehsalı müəssisəsinin inşası davam etdirilir.
“Azərbaycan Fibro Sement” MMC tərəfindən Avstriya
texnologiyası üzrə fibro sement lövhələr
istehsalı müəssisəsinin, Cənubi-Koreya
texnologiyası əsasında ferrosilisium və ferrosilikomanqan
istehsalı müəssisəsinin, “SİKA” MMC tərəfindən
İsveçrə və Türkiyə texnologiyaları
üzrə tikinti qatqısı istehsalı müəssisəsinin,
“Tabaterra” MMC-nin tütün fabrikinin, “Azərxalça” ASC-nin
İtaliya, Fransa və Türkiyə texnologiyaları ilə fəaliyyət
göstərəcək, ildə 370 ton iplik və 195 ton təmiz
yun istehsal edəcək yun əyirici-boyaq fabriklərinin də
tikintisi aparılır.
Kimya Sənaye Parkında hazırda fəaliyyətdə
olan müəssisələrin sayı 7-yə
çatmışdır. İlin sonuna qədər istehsal
prosesinə başlayacaq daha 7 müəssisədə 2 mindən
çox yeni iş yeri açılacaq. Rezidentlər tərəfindən
parka 2,7 milyard ABŞ dolları həcmində
investisiyanın qoyulması nəzərdə tutulur. Hazırda burada istehsalat və tikintidə 8 minədək
işçi çalışır. 17
rezidenti olan parka yeni rezidentlərin cəlb edilməsi istiqamətində
işlər aparılır.
Bu il Sumqayıt sahibkarlarına 3 layihə üzrə
4 milyon 195 min manat məbləğində güzəştli
kredit ayrılıb. Bütün maliyyə mənbələri
hesabına əsas kapitala yönəldilmiş investisiyanın
məbləği 80 milyon manat olub. Bu da əvvəlki
ilin göstəricisinə nisbətən 14,3
faiz və ya 10 milyon manat çoxdur.
Bir zaman fəaliyyətini dayandırmış iri sənaye
müəssisələrinin işinin yenidən qurulması
üçün də uğurlu addımlar atılır. Məsələn,“Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin
satışı üzrə investisiya müsabiqəsində
qalib gələn “Polad Texno” zavodun bütün köhnə
borclarının ödənilməsini, eləcə də digər
sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə
yetirilməsini öz üzərinə götürüb. İnvestisiya proqramına əsasən, müəssisədə
sulfat turşusu və superfosfat istehsalı ilə
yanaşı, ölkədə ilk dəfə olaraq salfet məhsullarının
istehsalı üçün tələb olunan irihəcmli rulon
şəklində kağız yarımfabrikatlarının, həmçinin
kağız-salfet məmulatlarının istehsalı nəzərdə
tutulur.
Düzgün məşğulluq siyasəti aparılmasa,
əhalinin normal həyat şəraitinin təmin edilməsi
mümkün olmaz. Bu sahədə də uğurlar var. Məşğulluq
mərkəzi tərəfindən hesabat dövründə
3509 nəfər işaxtaran kimi qeydiyyata alınıb.
Ölkə rəhbərinin tapşırığına əsasən,
bu il Sumqayıtda 1590 ictimai iş yeri
açılıb. Şəhər icra hakimiyyətinin
dəstəyi ilə 2095 nəfər işlə təmin
edilib.
Ölkədə həyata keçirilən uğurlu
siyasətin davamı olaraq Azərbaycanın Birinci
vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü
ilə reallaşdırılan layihələr sosial sahənin
inkişafına mühüm töhfələr verməkdədir. Sumqayıtda məskunlaşmış
məcburi köçkünlər üçün 12-ci
mikrorayonda 936 mənzildən ibarət yaşayış
binaları kompleksi tikilir. Eyni zamanda, şəhər
yaxınlığında məcburi köçkünlərin
yerləşdirilməsi üçün 50 hektar ərazidə
yaşayış binalarının inşasına
başlanıb. İlin sonuna kimi bu binalara
təxminən 1000 ailənin köçürülməsi nəzərdə
tutulur.
Şəhər rəhbərliyinin abadlığa diqqəti
əhali tərəfindən razılıqla
qarşılanır, yüksək ovqat yaradır. Bu ilin əvvəlindən
şəhərin küçə və yollarının əsaslı
və cari təmiri sahəsində işlər səngiməyib.
İsmət Qayıbov, Babək, Ərşad Kərimov, Cəfər
Cabbarlı, Kamran Hüseynov, Kimyaçılar küçələrində,
2, 3, 6, 9-cu mikrorayonların, 41a, 41-ci və başqa məhəllələrin
ərazilərində ümumilikdə 200 min kvadratmetrdən
çox asfalt örtüyü döşənib, digər
işlər görülüb. Metallurq Yəhya
Məmmədov küçəsi sənaye zonasından
keçməklə Bakı-Quba yoluna qədər 4 kilometr
uzunluğunda yenidən qurularaq kompleks şəkildə əsaslı
təmir olunur. Şəhərin 9, 10, 11, 12, 13-cü
mikrorayonlarında 60 yaşayış binasında dam
örtüklərinin metal-kirəmitlə əvəz edilməsi
işləri başa çatdırılıb, 40 binada isə
bu işlər davam etdirilir. Ötən aylarda şəhər
ərazisində 16 mindən çox ağac, 150 min dekorativ, 50
min mövsümi gül və 1000-dən çox dekorativ kol əkilib,
7000 poqonmetr yeni suvarma xətti çəkilib.
Şəhərdə istismar müddəti ötmüş 105 ədəd lift yenisi ilə əvəz edilib. Bir sıra mikrorayonu əhatə edən 82 ədəd lift “onlayn” rejimdə işləyən intellektual idarəetmə sisteminə – mərkəzləşdirilmiş dispetçer xidmətinə qoşulub. Hazırda digər liftlərin də bu xidmətə qoşulması işləri aparılır. Ölkə rəhbərinin köməkliyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə Türkiyə istehsalı olan 170 ədəd sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılıb. Müasir tipli yeni dayanacaqlar quraşdırılır. Xidmətin keyfiyyətinin daha da artırılmasına nail olmaq üçün şəhərə əlavə olaraq daha 40 yeni avtobus gətiriləcəkdir.
...Bəli, sürətlə inkişaf edən,
uğurları ilə dünyaya səs salan Sumqayıt onu sevənlərin
iftixar ünvanı, fərəh qaynağıdır. Bu
gün dünya xəritəsini Sumqayıtsız təsəvvür
etmək çətindir.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2018.- 21 iyul.- S.10.