Təbiətdən zövq
almaq üçün
müasir
turizm nümunəsi – Batabat
Şübhəsiz,
səyahət edib dincəlmək, fiziki və mənəvi yorğunluğu
canından çıxarmaq üçün
turizm səfərlərinə yollanmaq çox uğurlu seçimdir. Bu zaman alınan təəssürat
insanın yaşayış yerindən fərqli olaraq daha yaddaqalan
olur. Dünyada hər
il milyonlarla insanı turizm səfərlərinə çəkən
də məhz bu qüvvədir. Muxtar respublikada turizm deyəndə səyahətsevərlərin
düşüncəsində ilk olaraq Batabat yaylağı
canlanır. Çünki isti
yay günlərində istirahət etmək,
təbiətdən zövq almaq üçün Batabat yaylağı ideal məkanlardan
biridir.
Biçənək meşəsinə yaxınlaşdıqca insanı yamyaşıl xalının sehrli naxışları, gül-çiçəyin ətri məst edir. Şəhərin 40 dərəcə istisindən fərqli olaraq 20-25 dərəcə sərinliyin bəxş etdiyi oksigen dolu havadan ciyərdolusu udursan. Batabatın qalın meşəsi, bitki və canlılarla zəngin biomüxtəlifliyi, bir-biri ilə növbələşən landşaft mənzərələri, çoxlu mineral bulaqları, adamın əllərini donduran Zorbulağı, dumduru gölləri, dünyada bənzəri olmayan üzən adası insanı bu gözəlliyə dördgöz tamaşa etdirir.
Bu unikal guşənin turizm imkanlarından söz açmışkən, ilk növbədə, təbiət mənzərələri ilə yanaşı, belə ucqar və yüksək ərazidə yaradılan müasir infrastrukturdan da söz açmaq lazımdır. Çünki Naxçıvan şəhərindən başlayaraq Batabatın ən son ayaq saxlayacağımız nöqtəsi olan Zorbulağadək çəkilən asfalt yol turistlərin rahat hərəkətinə şərait yaradır. Təbii bulaqların şəfalı suyunun yol kənarlarına çəkilməsi də bu qayğının tərkib hissəsidir. Batabat yolu üzərindəki müasir iaşə obyektləri isə başqa bir mövzudur. Burada turistlərə dadlı-tamlı milli yeməklərimiz, Biçənək kəndinin təbii məhsulları – meyvə-tərəvəzlər, süd və ət məhsullarından hazırlanan mətbəx nümunələri təklif olunur. Həmçinin təbiət qoynunda turistlərin gecələmələri üçün otellərdə yaradılan şərait və münasib qiymət də turizmin inkişafında vacib amillərdəndir.
Batabatı məşhurlaşdıran digər bir amil isə burada astrofizika rəsədxanasının fəaliyyət göstərməsidir. Bu da təsadüfi deyil. Buranın coğrafi mövqeyi və havanın son dərəcə təmizliyi günün istənilən saatında aparılan araşdırmalar üçün çox əlverişlidir. Hətta qeyd olunur ki, burada ilin bütün günlərində səmanı aydın görmək və müşahidə etmək mümkündür. Turistlər üçün səma cisimlərinin müşahidəsi maraq doğurur. Rəsədxanaya xarici turistlərlə yanaşı, gənclər, tələbə və yuxarı sinif şagirdlərinin də ekskursiyası təşkil edilir. Bu da onların təbiət elmlərinə marağının artmasında mühüm rol oynayır.
Turizm sektorunun inkişafı üçün tarixi-mədəni irs də əsas şərtdir. Naxçıvanın qədim mədəniyyətlərin kəsişmə nöqtəsi olduğunu sübut edən eramızdan əvvəl I minilliyin sonlarına və eramızın əvvəllərinə aid olan Fərhad evi digər tarixi abidələrdən unikallığı ilə seçilir və diqqəti cəlb edir. Təsəvvür edin, sanki böyük bir qayanın içərisi oyulub və ayrı-ayrı salonlara ayrılıb. Fərhad evinə daxil olarkən bu möcüzənin təsirindən uzun müddət çıxa bilmirsən.
Biçənək dağlarının, ən qədim insan yaşayış məskənlərindən biri olduğunu sübut edən başqa faktlar da kifayət qədərdir. Bu yaxınlarda Dərələyəz sıra dağlarının cənub yamacında, Biçənək kəndinin şimalında tapılan, dəniz səviyyəsindən 2378 metr hündürlükdə yerləşən altı mağara da bu baxımdan diqqəti cəlb edir. Bu mağaraların üçü Biçənək dərəsinə perpendikulyar yerləşən Kaha dərəsinin sağında, digər üçü isə solunda yerləşir. Turistləri bu tarixi məkana cəlb etməklə onlarda Batabat haqqında daha böyük maraq oyatmaq olar. Bir sözlə, turizmin daha da inkişafı üçün perspektivlər daha böyükdür və bu imkanlardan istifadə olunur.
Burada bir nəqamı da vurğulamaq yerinə düşər. Batabat yaylağına gedən yolun sağında Ağbulaq İstirahət Mərkəzi kimi modern bir məkan yerləşir. Ölkəmizdə müasir kənd turizminin ilk nümunələrindən olan bu mərkəzə təşkil olunan turizm turlarının üzvləri də Batabata ekskursiya etmək, hərtərəfli tanış olmaq imkanı qazanırlar.
Turistlərin rəylərindən aydın olur ki, onlar təbiətimizin vurğunudurlar və hər il bu diyarı ziyarət etməyi planlaşdırırlar. Buna səbəb təbiət gözəllikləri ilə yanaşı, bu gözəlliklərə qayğı ilə yanaşılması, onların qorunub saxlanılması, ən əsası isə rastlaşdıqları təmizlikdir. 35 ildir ki, Rusiyanın Moskva şəhərində yaşayan və hər il buraya üz tutan Fərrux Əhmədovun da təəssüratları bu yöndə oldu. Bildirdi ki, mən hər il Naxçıvana, o cümlədən Batabata gəlirəm. Mənimlə Moskvadan dostlar, tanışlar da gəlir bura. O qədər xoşlarına gəlir ki. Buranın təbiəti, dərman bitkiləri onları valeh edir. Deyir ki, mən orta məktəbdə oxuyanda məktəbdən bizi bura ekskursiyaya gətirirdilər. Yolları çox bərbad idi. Amma indi Zorbulağa qədər asfalt yol çəkilib. Gül-çiçəyin məstedici ətrindən uda-uda asfalt yolda maşını idarə etmək adamın qəlbini qürurlandırır. Naxçıvanda son illərdə aparılan inkişaf bu füsunkar guşəyə də turist axınını sürətləndirib.
…Burada insana şəfaverici xüsusiyyətlərə malik olan otların, çiçəklərin, ağac və kolların hər birinin turistlər üçün ayrıca bir dəyəri vardır. Onlar şəfalı bitkilərdən toplayıb aparırlar. Bu bitkilərdən hasilə gələn balın isə dəyəri bambaşqadır. Hər il məşhur Batabat balının sorağına gələnlər az deyil.
Batabata üz tutan qonaqlara, turistlərə burada fəaliyyət göstərən Şahbuz Dövlət Təbiət Qoruğunda mühafizə olunan zəngin bitkilər, nadir və nəsli kəsilməkdə olan heyvan və quş növləri haqqında ətraflı məlumat verilir. Elə bunun nəticəsidir ki, son dövrlər Naxçıvana tədqiqat məqsədilə gələn turistlərin də sayı kifayət qədərdir.
Batabat Tanrının bizə bəxş etdiyi möcuzəvi bir məkandır. Yaşıl dağları, göz yaşı kimi dumduru gölləri, hərdən açılıb tutulan havası insanın ruhuna qəribə rahatlıq gətirir. Ona görə bura bir gələn bir də gəlir. Bu gözəllikdən – min bir rəngə çalan gül-çiçəyin rayihəsindən, quşların cəh-cəhindən, bulaqların zümzüməsindən, ümumiyyətlə, sözə sığmayan füsunkarlığından kim doyar? Odur ki, Batabat xarici turistlərin də sevə-sevə üz tutduğu bir məkandır. Şahbuz Dövlət Təbiət Qoruğunda kitaba yazılan fikirlər də, mikrofona deyilənlər də bunu təsdiq edir. Türkiyə vətəndaşı Nevraz Gülümlə “Üzən ada”nın yanında rastlaşdıq. Fikirlərini öyrəndik. Dedi ki, yeddi il öncə Batabata gələn zaman əfsanəvi bir yerə düşdüyünü zənn edib və özünə söz verib ki, bir gün mütləq buraya ailəliklə gələcək. Bu gün ailəliklə bu möcuzəvi məkandadırlar və gəzməkdən doymurlar.
Bir sözlə,
Batabatdakı geniş panoramalı
dağlıq relyef, atmosferin
təmizliyi və qayğı ilə qorunan
biomüxtəliflik burada fotoovçuluğun,
elmi-müşahidə turizminin və ekoturizmin müxtəlif növləri üçün geniş imkanlar açır.
Hafizə ƏLİYEVA,
Naxçıvan Muxtar
Respublikasının Əməkdar jurnalisti
Xalq qəzeti.- 2018.- 26
iyul.- S.4.