Təbriz üstü
Əndəbil...
Bir kəndin tarixçəsi
Azərbaycanın
görkəmli yazıçısı, ədəbiyyatşünası
və pedaqoqu Mir Cəlal
Paşayev 110 il əvvəl
dünyaya burada göz açmışdır
Ondan başlayaq ki,
Əndəbil Güney Azərbaycan tarixində
öz adı, qədimliyi, Şərqdə
müqəddəsləşmiş seyid
ocaqlarından biri olması və nəhayət,
zaman-zaman görkəmli simalar
yetirirərək regionun nadir
sivil məkanları sırasında yer alması ilə tanınan bir
yaşayış məntəqəsidir. Bu gün Əndəbil ötənlərdə məşhurlaşmış
insanları, onların izləri-soraqları ilə ziyarətgaha
çevrilmiş bütöv
bir tarixi abidədir.
Təbrizdən, təqribən, 10 kilometr aralıda, ostanlığın qərbindəki Sofiyanda – Kəlaş və Qarağac yaşayış məntəqələri arasında qərar tutan Əndəbil kəndi, tarixi məlumatlara görə, XIII əsrin əvvəllərində, monqolların Azərbaycana gəlişi ərəfəsində salınmışdır. Həmin əsrin tarixçi-filosofu, Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünası və pedaqoqu Mir Cəlal Paşayevin ulu babalarından sayılan Seyid Hacı Mehran ağa Nəsəvi yazır ki, Allahın hökmü ilə dörd bir yandan yaşıl təpələrlə hörülmüş Əndəbil kəndi 1218-ci ilin istisində çiy kərpicdən hörülməyə başlandı. İki ildən sonra Əndəbil kəndi Təbrizin ən güclü qala divarlarından birinə çevrildi.
Seyid Nəsəvi şəhadət edir ki, 1221-ci ildə Əndəbil kəndi Təbrizi istilaçı monqol-tatarların yanğınından xilas etdi. Elə həmin ilin yayında da kəndi quraqlıq başına aldı. Kəndi ikiyə bölən Əndəbil çayı da qurudu. Yaşıl təpələr solub-saraldı.
Məlumat üçün bildirək ki, Seyid Nəsəvi Mədinədə doğulsa da anası əslən Təbrizin “Qırmızı kərpic” məhəlləsindən imiş və onu Şirintutu xanım çağırırmışlar. Salnaməçi ömrünün sonunadək Əndəbildə yaşayıb və 92 yaşında kənddən keçən çaya düşərək, suya qərq olub.
Buradaca qeyd edək ki, Əndəbil kəndi IV İmam Zeynalabdinin “Şah damarı”nın üstündə oturub. Gəncədəki İmamzadə ziyarətgahı isə İmam Zeynalabdinin oğlu V İmam Məhəmmədın damarları üstündə qərar tutub. Burada onun oğlu Mövlanə İbrahim və böyük bacısı Faizə dəfn olunub. Xanım Faizənin övladları Gəncədə yaşayıblar. Bu qohumluq əlaqəsinə görə əsrlər boyu Təbrizi Gəncə ilə bağlayan möhtəşəm yola Əndəbildən də davamlı, heç vaxt ot basmayan bir cığır qoşulub. Bu yol əndəbilliləri zaman-zaman Gəncədəki “əmioğlu”larına, onları da Təbrizətrafı seyidlər mərkəzi olan Əndəbilə qovuşdurub. Bu yolla böyük bir tarix daşınıb, neçə-neçə insanın taleyi bu canlı körpüdən keçib. Bizim günlərdə bu bağlılığa toxunan Təbriz bəstəkarı Səhra Babapur bir mahnı da bəstələyib.
Bundan 7 əsr də keçmişə – ünlü bir şəcərənin başlanğıcına qayıdaraq qeyd edək ki, İmam Hüseynin övladı IV İmam Zeynalabdin övladlarından ən çox sevdiyi Sara xatunu mükəmməl tələbələrindən sayılan Zəhhak bin Məzahim Seyid Xorasaniyə ərə verib. Sara xatundan dünyaya gələn Nafi ömrünü Əndəbildə başa vuran həmin Seyid Hacı Mehran ağa Nəsəvinin ulu babalarından hesab olunur. Seyid Nəsəvidən sonra onun 2 qızından biri Əndəbildə qalır. O biri qızı isə anası ilə birgə Təbrizə köçür və orada şamaxılı tacir Hacı Əbdül Hüseyniyə ərə gedir. Əndəbildə qalan qız isə “Mədinə möhürü” deyilən və o zaman Təbrizin sayılıb-seçilən nəslindən olan, sonradan Əndəbilə köçən Mir Yəhya Əsədinin oğluna ərə gedir.
Mir Yəhyanın kiçik oğlu Seyid Əmir Hüseynin şəcərə xəttinin qədim bir qolu Mir Paşa bəy nəslində dayanır. Bu nəsil Əndəbildə, təqribən, 7 yüz il davam edərək, Mir Məhəmməd Paşa bəy xətti ilə zəmanəmizə gəlib çatıb. VII əsrdə İmam Zeynalabdindən başlanğıc alan və zaman keçdikcə türkləşən bu ulu şəcərə XX əsrdə Mir Əlinin övladları Mir Cəlal, Mir Xəlil, Mir Vəli, Mir Cəmil, Mir Ağa, Mir Əbülfəzl ilə davam edib.
Buradaca bildirək ki, 2008-ci ildə anadan olmasının 100 illiyi UNESCO-nun qərarı ilə bütün dünyada və sonda BMT-nin təhsil, elm və mədəniyyət təşkilatının baş qərargahında böyük təntənə ilə qeyd edilən Azərbaycan xalqının görkəmli yazıçısı, ədəbiyyatşünası və pedaqoqu Mir Cəlal Paşayev adı məhz bu sırada yer almış həmin Mir Əlinin oğlu olan Mir Cəlaldır. Bəs necə olub ki, Mir Əlinin ailəsi Əndəbili tərk edib Gəncəyə üz tutub?
Bu, heç də səbəbsiz deyil. Məsələ burasındadır ki, Məhəmməd peyğəmbər haqq dünyasına qovuşandan, onun varisi İmam Əli, oğlanları Həsən və Hüseyn qətlə yetiriləndən sonra bu nəslin davamçıları zaman-zaman təqib və qəsdlərdən yaxa qurtarmaq üçün Ərəbistandan və İraqdan İrana, oradan da Azərbaycana tərəf yayılmışlar.
Bu proses VIII İmam Rza Məşhəddə qətlə yetirildikdən sonra daha da güclənmişdir. İmam Rzanın bacısı Hökümə xanımın dəfn olunduğu və bu gün ziyarətə çevrilmiş Bakının cənub-qərb girişindəki Bibi Heybət məscid-ziyarətgahının əsası XIII əsrdə qoyulub. Təbriz ətrafında seyidlər məskəni kimi tanınan Əndəbil kəndi də, qeyd etdiyimiz kimi, XIII əsrdə salınıb.
Səfəvilər zamanında mövqeyi və şərafəti yüksəlmiş bu kənd sonrakı şahlıqlar dövründə seyidlərin təqib olunması prosesində sıxışdırılmışdır. Səttarxan hərəkatının süqutundan sonra Güney Azərbaycanda rus və ingilis irticasının güclənməsi isə Arazın o tayının hər yerində olduğu kimi, Əndəbildə də dolanışığı hədsiz dərəcədə pisləşdirmiş, qardaş-bacılarımızın bu taya yeni axını başlamışdır.
Bu dövrdə Əndəbil
sakini Mir Əli də
ailəsinin bir hissəsi və
qohumları ilə Gəncəyə üz
tutmuşdur. Güneylilərin bir çoxu daha çörəkli Bakıya getsələr
də, əndəbillilər məhz “əmioğlu”larının
lap qədimdən məskunlaşdığı
Gəncəyə, əqrəbalarının yanına gəlmişlər.
Bu günlərdə Əndəbilə səfər edərkən bir neçə gün Əndəbil kəndində olduq. Azərbaycan filoloqlarının, jurnalistlərinin və şərqşünaslarının bir neçə nəslinin sevimli müəllimi olmuş ustadımızın dünyaya göz açdığı, havası, suyu, çörəyi ilə boy atdığı, ulu nəslinin nəcib qayda və örnəklərindən tərbiyə aldığı bu nadir məkanın ötənləri, Mir Cəlal ocağının nişanə və yadigarları ilə sonsuz bir maraq və ehtiramla tanış olduq. Hər yerə, hər şeyə vaxtilə dünyanı duyub-anlamaq yaşında olmuş balaca Cəlalın gözü ilə baxdıq. O dövrdə Cəlal özü də 20-25 il sonra yazdığı və milli ədəbiyyatımızın bestsellerinə çevrilən “Bir gəncin manifesti” povestində ürək parçalayan bir qələmlə təsvir etdiyi zavallı Bahar yaşda olub.
Təpələrin o başında gözdən itən kənd yolu bir vaxt balaca Cəlalı amansızlıqla babalarının 8 əsrdən bəri yaşadığı bu yerlərdən birdəfəlik qoparıb sonu bilinməyən bir aqibətə doğru aparmışdısa, indi həmin yol Mir Cəlal müəllimin ötən əsrin 70-ci illərində dərs dediyi bir tələbəsini böyük ustadın bir əsrin arxasında qalmış izini-sorağını axtarmağa gətirib. Onun keçdiyi yolun hər iki tərəfində indi yüzə yaxın arı pətəyi düzülüb. Mir Süleymanın arıları Mir Cəlalın ötüb keçdiyi o darısqal, balaca ensiz yola xüsusi bir gözəllik verirdi.
Əndəbildə olarkən Mir Cəlal müəllimin dünya şöhrəti ilə öyünən qohum-əqrəbası və yaşlı həmkəndliləri onun nəsil şəcərəsini dürüstləşdirməyə böyük həvəslə qoşuldular. Birlikdə Əndəbilin “genetik xəritə”sini də hazırladıq. Güneylilər belə bir inamdadırlar ki, genetik yaddaşına bağlı olmayan yaşayış məntəqəsi tarixiləşmir. Əndəbil isə genetik yaddaşa sadiqlik üstündə XIII əsrdən üzü bu yana yaşayır.
Genetik xətləri Məkkə və Mədinəyə, Bağdada, Samirəyə, Quma, Kərbəlaya, Məşhədə qədər gedib çıxan Əndəbil kəndi bir neçə dəfə İordaniya kralı Hüseynin ailəsini qəbul edib. Əndəbil kəndi əsrlər boyu İran hakimiyyətinin diqqət mərkəzində olub. Əndəbillilər söylədilər ki, İran Şahı Məhəmməd Rza bu kəndin işıqlı fikirli, azadlıqsevən insanlarından ehtiyat edib, onları nəzarətdə saxlayıb. İslam inqilabının rəhbəri İmam Xomeyni Təbrizin 16 kəndini “bərəkət xəzinəsi və yaxud Allahın nəzərində olan kənd” adlandırıb ki, onlardan biri də Əndəbil olub. Deyilənə görə, İmam Əndəbil seyidlərinə şeirlə yazılmış məktub da göndərib.
“Azadlıq” radiosu ötənlərdə verilişlərinin birində Əndəbil kəndinin cavanlarını şotland cəngavərlərinə bənzədib, onlardan ədalətin, ləyaqətin, yüksək mənəvi dəyərlərin əsl qoruyucuları kimi bəhs edib. İraq--İran müharibəsi illərində kəndin iyirmiyə yaxın cavanı şəhid olub.
Kəndə girəndə adama elə gəlir ki, Əndəbil hansısa bir rəssamın çəkdiyi misilsiz bir tablodur. Günəş batanda Əndəbilin xanımları “Dəmir körpü”nün ətəyində görüşüb dərdləşirlər. Əyinlərinə qədim, yaraşıqlı, allı-güllü libaslar geyən xanımları və onların gözəlliklərini təsvir etmək çətindir.
Qədim Əndəbil yolu kəndi ikiyə bölür və Mir Məhəmməd ağanın– Paşa bəyin həyət-bacası, ocağı önündə bənd alır. Üzüm tənəklərinin yaşıl çəpərlə əhatə etdiyi bu həyətdə Mir Əli və övladları Mir Cəlal, Mir Cəlil, Mir Xəlil, Mir Vəli, Mir Ağa, Mir Əbülfəzl... və bacıları xanım Rüqəyya yaşayıb. Həyətdən sonuncu dəfə Mir Cəlil çıxıb.
Kəndin qədim nəsilləri bir-birilə həmişə çox yaxın təmas qurublar. Yeddi nəslin bağı ilə bir-birinə bağlanmış Əndəbil kəndi vüqarlı bir qalanı xatırladır. Hər nəslin də özünü əsrlər boyu təsdiq edən, qoruyub saxlayan işarələri var. Əgər bir nəsildə ədalət özünü qabarıq göstərirsə, o birində ləyaqət daha üstün tutulur. Sakinlər arasında bərabərlik, həmrəylik, azad ruh hakimdir. Səbr və təmkinli olmaq, hər hansı bir işdə bir-birinə yardım etmək adətdir. Axşam ki oldu, bir ev tapmazsan ki, qapısında işıq yanmasın. Ola bilsin, kimsə evdə yoxdur, fərq eləməz, qonum-qonşu yığışıb o evin işığını hökmən yandırmalıdır.
Əndəbildə elə bir ev yoxdur ki, orada ustad Mir Cəlalın kitabları olmasın. 82 yaşlı Seyid Əhməd Kübari deyir ki, bu kənddə dünyaya gələn hər kəsin bir missiyası var: məzlumların fəryadını eşidib, onlara kömək etmək, ən çətin anlarda onların yanında olmaq. Uşaq doğulandan 40 gün sonra evin böyüyü onun beşiyi başında dayanır və tövsiyə edir: “Sən rahat böyü. Çünki Əndəbildə dünyaya gəldin... Sən o kəsdən olma ki, başqasını irşad edib dürüst yola çağırar, amma özü düz yol ilə getməz, xalqdan, millətdən vəfa istər, amma özü vəfa etməz”.
Bu sözləri eşidərkən düşündüm ki, bir zaman körpə Mir Cəlalın da beşiyi üstündə səslənən bu dua-öyüd, şübhəsiz, onun həyat manifestinə və bədii dünyasına həmişə gur işıq salıb...
Gecədən xeyli keçmiş Seyid Əhməd Kübari samovara od saldı. Ay işığında yaşıl təpələrin qoynundan burulub keçən bir yolu nişan verdi:
– Əmim Mir Əli və oğlu Mir Cəlal bax bu yoldan ötüb üzü Gəncəyə gedib. Bu Allahın hökmü imiş. Zarafat deyil, Əndəbildə doğulan bir uşaq o tayda bütün dünyada tanınan yazıçı, alim oldu. Övladları, nəvə-nəticələri də bütün Azərbaycana başucalığı gətirirlər. Mir Cəlalın nəvəsi Mehriban Əliyeva Azərbaycan dövlətinin ikinci rəhbəridir, bütün dünyada tanınan siyasətçi və xeyriyyəçidir.
Kübari bildirdi ki, Mir Cəlalın Əndəbildə “Günah bildim, şeir dedim...” cümləsi ilə başlanan bir dəftəri də qalmışdı, Təbrizə apardılar. Axırı necə oldu, bilmədik. Seyid Əhməd bunu da dedi ki, Əndəbil Təbrizdə yeganə kənddir ki, burda oğru yoxdur. Alver edən tacirlər axşam namazınadək dükanlarının qapısını açıq saxlayır.
Evinin qapısı kəndin lap qədim qəbiristanlığına açılan Hacı Miryusif Məhəmmədnur isə danışdı ki, Mir Məhəmməd Paşa bəyin ocağı günah işlərdən həmişə uzaq olub. 88 yaşlı Hacı Mir Yusif ağa söylədi ki, Mir Əli kişinin ailəsi bir işin qulpundan yapışanda yüz ölçüb, bir biçərdi ki, o işin günahı olmasın.
Əndəbildə bu gün 609 ev var. Təbrizin ən məşhur “Seyidlər məhəlləsi” də – “Aşağı Seyidlər məhəlləsi” və “Yuxarı Seyidlər məhəlləsi” də bu kənddədir.
89 yaşlı Mir Məhəmməd Əli Cəlali bizi qədim kəndin qəbiristanlığına apardı. Mir Cəlalın qohum-əqrəbası məhz burda dəfn olunub. Qəbirlərin üstündəki qara mərmər daşların hər biri əsl salnamə vərəqi kimi insanla, onu ziyarət etməyə gələnlə sorğu-suala hazır idi. Dikdirdə isə Mir Cəlalın ata yurdu idi. Qədim qapıları olan, ev bir neçə dəfə sökülüb-tikilsə də öz keçmişini itirməyib. Sonuncu dəfə bu evdə Mir Cəlalın ortancıl qardaşı Mir Cəlil yaşayıb. Ondan sonra həyət-bacaya qohumlardan biri sahib durub.
Seyidlər məhəlləsində sayılıb-seçilən Mir Cavanmərdin vəfatının qırxıncı günündə Hacı Mir Yusif Məhəmmədnur çox maraqlı bir söhbət etdi. Dedi ki, Əndəbildə 6 yaxşı şey var. Lakin 6 başqa şey də var ki, onlardan da yaxşıdır: “Ədalət yaxşı şeydir, amma əməllərdə olsa daha yaxşıdır. Səbr yaxşı şeydir, amma fəqirlərdə olsa daha yaxşıdır. Paklıq və kamillik yaxşı şeydir, amma alimlərdə olsa daha yaxşıdır. Səxavət yaxşı şeydir, amma dövlətlilərdə olsa daha yaxşıdır. Tövbə yaxşı şeydir, amma cavanlarda olsa daha yaxşıdır. Həya yaxşı şeydir, amma qadınlarda olsa daha yaxşıdır”.
İranda belə bir məsəl də var: “Təbriz İranın başı, Tehran isə onun ürəyidir”. Əndəbilə gəlincə, o xəzinədir. Seyidliyi ilə söy-kökü İmam Zeynalabdinə qovuşan Mir Cəlal müəllim dövrün amansız qadağaları üzündən bütün bunları içində saxlayıb, büruzə verməyib. Bu böyük ziyalı doğma Əndəbilini həmişə qəlbinin başında əzizləyib. Böyük ədib Əndəbilin genetik xəzinəsindən aldıqlarını isə bütöv Azərbaycana qaytarıb, onun söz xəzinəsini bir az da zənginləşdirib.
Əndəbil kəndi böyüyür.
Ətəklərdə yeni evlər, villalar tikilir. Kənd
İranın turizm siyahısına
salınıb.Yaşıl təpələrə qalxanda Əndəbil kəndi ovuc
içinə sığınmış qiymətli bir üzüyü
xatırladır. Amma bütün
bu dəyişiklikdə Əndəbil kəndinin
qədimliyinə toxunulmur.
Rövşən
NOVRUZOĞLU,
jurnalist-politoloq,
Bakı-Təbriz-Əndəbil
Xalq qəzeti.- 2018.- 28
iyul.- S.5.