Ölkənin meliorasiya və su təsərrüfatı

yüksələn inkişaf yolundadır

 

5 iyun- Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günüdür

 

5 iyun- bu tarix ölkə melioratorları üçün olduqca əlamətdar bir gündür. Hər il həmin gün onlar öz peşə bayramlarını böyük fərəh və sevinc hissi ilə qeyd edirlər.Möhtərəm Prezidentimiz cənab İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi ilə əlaqədar olaraq “Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli sərəncam imzalamışdır. Dövlət başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni sərəncam imzalamışdır. Bu sərəncamın imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanmış, onları öz çətin və şərəfli işlərinə daha da həvəsləndirmişdir.

Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Onun əsas kənd təsərrüfatı bazası sayılan Kür- Araz düzənliyi suvarılan torpaqların istifadə edilməsi baxımından dünyanın ən qədim və unikal regionlarından biridir. Hələ V-VI əsrlərdə bu ərazilərdə tikilmiş suvarma kanallarının izləri indiyə qədər qalmaqdadır. Düzənliyin ərazisi quraq və arid zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyildir. Bunu böyük uzaqgörənliklə qeyd edən və “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış müdrik şəxsiyyət, dünya şöhrətli siyasətçi ulu öndərimiz Heydər Əliyev meliorasiya və su təsərrüfatı sahəsini daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.

Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində, lakin onun genişmiqyaslı, intensiv inkişafına ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılmışdır. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər həyata keçirilmişdir.

Ulu öndərimiz keçmiş İttifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusilə də meliorasiya və su təsərrüfatının inkişafı demək olar ki, tamamilə dayandı. Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində meliorasiya və su təsərrüfatı üzrə aparılan işlərin həcmi kəskin surətdə azaldı, kapital qoyuluşu heçə endirildi, sistemlərin istismarına ayrılan büdcə vəsaitinin həcmi xeyli aşağı düşdü. Nəticədə mühüm dövlət əhəmiyyətli obyektlərin saxlanılması, istismarı, təmir-bərpası son dərəcə çətinləşdi.

1993-cü ildə ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona dövlətin diqqət və qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq, meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılması qaydalarını müəyyən etdi.

Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin – Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Ümummilli lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı.

İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istismara verildi.

Heydər Əliyevin yaxından köməkliyi sayəsində Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlanıldı.

Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı-Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.

Uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Samur-Abşeron magistral kanalı əsaslı təmirə dayanmadan fasiləsiz olaraq istismar olunurdu. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdır.

Ulu öndərin tapşırığına əsasən bu problemin həlli yolları araşdırılmış və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olunmuşdur.

İslam İnkişaf Bankının texniki yardımı ilə beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış sxemin birinci mərhələsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçay çayına qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi nəzərdə tutulurdu.

Vayxır su anbarının inşasına 1983-cü ildə başlanılmış, lakin maliyyə vəsaitinin olmamasına görə tikinti işləri yarımçıq dayandırılmışdır.

Ulu öndərimiz Heydər Əliyev 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən, onun su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırılmışdır.

Ümumiyyətlə, bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektar sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.

Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzm və qətiyyətlə davam etdirilir. Heydər Əliyev kimi siyasət və idarəçilik korifeyindən sonra ölkənin idarə edilməsi nə qədər çətin görünsə də, Prezident İlham Əliyev bu işin öhdəsindən layiqincə gəlir və öz fəaliyyəti ilə artıq sübut etmişdir ki, o, mövqe tutan və xalqını xoşbəxt gələcəyə aparan liderdir.

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, onun qətiyyətli addımları, səriştəli idarəçiliyi nəticəsində ölkənin dayanıqlı inkişaf dinamikasına nail olunmuş, idarəetmə mexanizmi mütəmadi olaraq təkmilləşdirilmiş, səmərəli dövlət idarəçiliyinin, təhlükəsizliyinin, sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər müstəqiliyimizin daha da möhkəmləndirilməsini, dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin etmişdir.

İqtisadiyyatın çoxşaxəliyinə və innovativ dinamik inkişafına nail olan Azərbaycan vaxtında reallaşan islahatlar və icra olunan layihələrlə bu gün regionda lider dövlətə, iqtisadi və siyasi mərkəzə çevrilmişdir.

Möhtərəm Prezidentimizin rəhbərliyi altında qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının və “Strateji yol xəritələri”nin dəqiq mexanizmlərlə icrası inkişafın dinamizmini artırır və əhatəsini daha da genişləndirir. Sürətli, yüksək templi bu irəliləyiş dövlətin yürütdüyü daxili və xarici siyasətin düzgünlüyünün düşünülmüş olması və müasir tələblərə cavab verə bilməsi sayəsində mümkün olmuşdur. Təbii ki, qazanılan nailiyyətlərdə ölkə rəhbərinin güclü, prinsipial siyasi iradəsinin, vaxtında düzgün qərarlar qəbul etməsinin, xalqımızın da ona olan inamının böyük rolu olmuşdur.

Cari il yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda prezidentimiz geniş məzmunlu nitq söyləyərək qeyd etmişdir ki, bütövlükdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çox uğurla gedir.

Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir.

Ölkəmizdə köklü iqtisadi islahatlar, bölgələrdə infrastruktur layihələri icra edilmişdir. İnfrastruktur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan vermiş, həm də bizim nəhəng transmilli infrastruktur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişmişdir.

Son 14 il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuş, iqtisadiyyatda 3,2 dəfə, sənaye sahəsində 2,6 kənd təsərrüfatında 1,7 dəfə artım olmuşdur, 30 elektrik stansiyası tikilmiş, 12 min 300 km yol çəkilmiş, 443 körpü, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş və yaxud bərpa edilmiş, 43 olimpiya idman kompleksi və digər obyektlər tikilib istifadəyə verilmiş, bir çox şəhərlərdə içməli su və kanalizasiya layihələri başa çatdırılmış, qazlaşdırma 93 faizə çatdirılmış, bütün şəhərlər qazla 100 faiz təmin edimiş, ölkənin valyuta ehtiyatları 23 dəfə artmış, 1,9 milyon yeni iş yeri yaradılmış, maaşlar beş dəfədən çox, pensiyalar səkkiz dəfədən çox artmışdır. Görülən işlər nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir.

Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlərin görüldüyünü, son 14 il ərzində dörd su anbarının - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarlarının tikildiyini, bu anbarların və çəkilmiş kanalların on minlərlə hektar əkin sahəsini suvarmaq üçün həlledici rol oynadığını, keçən il 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkildiyini vurğulamış, görülən tədbirlərin fermerlərə, sahibkarlara şərait yaratdığını və kənd təsərrüfatının inkişafında böyük rol oynadığını qeyd etmişdir.

Hazırda meliorasiya və su təsərrüfatı sistemi də ölkə iqtisadiyyatının mühüm və ayrılmaz bir parçası olaraq, qazanılmış nailiyyətlərdə öz payı olan sahəyə, genişmiqyaslı islahatların ünvanına çevrilmişdir.

Son 14 ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.

Belə ki, bütün maliyyə mənbələri hesabına 2004 – 2017-ci illərdə 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2,5 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürlənmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 183 km-dən artıq muhafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 1959 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sutututmu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sutututmu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmir- bərpa edilmişdir.

Dünya Bankının krediti ilə 140 min hektar suvarılan sahəyə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının, respublikanın 9 rayonunun və Naxçıvan MR-in 52 min hektara yaxın ərazisində (Babək və Şərur rayonları) suvarma-drenaj şəbəkələrinin təmir- bərpası işləri 2010-cu ildə başa çatdırılmış, 2011-ci ildən isə respublikanın daha 15 rayonunda Sudan İstifadəedənlər Birliklərinin institusional gücləndirilməsi və onların 85 min hektar xidmət ərazilərində təsərrüfatdaxili suvarma- drenaj şəbəkələrinin təmir- bərpası işlərinə başlanılmışdır. Bu məqsədlə layihə çərçivəsində 198 ədəd ofis binası, respublikanın 4 rayonunda Regional Dəstək Mərkəzləri tikilmiş və 88 ədəd ekskavator alınaraq Sudan İstifadəedənlər Birliklərinin balansına verilmişdir. Layihənin başa çatmamasına baxmayaraq, nəzərdə tutulduğundan 39,4 faiz artıq, yəni 119 min hektara yaxın sahədə suvarma və drenaj şəbəkələrinin bərpası, yenidənqurulması işləri tamamlanmışdır.

Eyni zamanda respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmiş, Ağsu, İsmayıllı, Siyəzən, Şabran, Cəlilabad, Lerik və Masallı rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi başa çatdırılmış, Yardımlı rayonunda isə bu işlər davam etdirilmişdir.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.

Samur-Abşeron kanalının 50-ci kilometrindən suyun Taxtakörpü su anbarına verilməsi məqsədi ilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 km olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) və uzunluğu 108 km-ə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılmışdır. Eyni zamanda ilk mərhələdə Qusarçay, Qudyalçay və Caqacuqçay çayları üzərində sugötürücü qurğuların və nəqledici kanalların tikintisinin başa çatdırılması ilə Samur-Abşeron kanalına əlavə su verilməsi təmin edilmişdir.

Su və torpaq ehtiyatlarından istifadənin səmərəsinin yüksəldilməsi istiqamətində su təsərrüfatı obyektlərində mutəmadi olaraq təmir-bərpa və təmizləmə işləri aparılmışdır. Son 14 ildə suvarma və kollektor-drenaj şəbəkələrində 671 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, 73 min ədəd hidrotexniki qurğu təmir edilmiş, 400-dən artıq nasos stansiyaları əsaslı surətdə təmir-bərpa edilmiş, çay məcralarında 183 milyon kubmetr həcmində məcratəmizləmə və nizamlama işləri yerinə yetirilmiş, 250 min kubmetr həcmində şax- daş, faşın- qamış və qabion bəndlər quraşdırılmış, daş-beton bəndlərdə 295 min kubmetr həcmində təmir işləri görülmüşdür. 

Həyata keçirilmiş məqsədyönlü və uğurlu fəaliyyət nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sahəyə ayrılan investisiya vəsaitinin həcmi 20 dəfə, istismar xərclərinə ayrılan vəsait 6 dəfəyə qədər, sistem üzrə işçilərin əmək haqqı 7,4 dəfə artmış, sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, 2100-dən artıq maşın və mexanizm alınmışdır.

2013-cü ilin sonlarında istifadəyə verilmiş Taxtakörpü su anbarı 2017-ci il 15 iyun Qurtuluş Günü ərəfəsində tam layihə həcmində su ilə doldurulmuş və tam gücü ilə işləməyə başlamışdır.

Ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarının istifadəyə verilməsi nəticəsində son illərdə yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı şəhərinin və Abşeron yarımadasının əhali, sənaye və kənd təsərrüfatı üzrə su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olmuşdur. 

Taxtakörpü su anbarı zonasında ümumilikdə nəzərdə tutulan 30 min hektara yaxın yeni suvarılacaq torpaqlardan 2017-ci ilin sonuna görülmüş meliotrativ tədbirlər nəticəsində 22 min hektarı Aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilmişdir. Eyni zamanda “Şabran Aqropark”a məxsus 1738 hektar torpaq sahəsi suvarma suyu ilə təmin edilmiş və bu torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri davam etdirilmişdir.

15 noyabr 2014-cü ildə möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə açılışmış Şəmkirçay su anbarı zonasında 2015-ci ildə əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikintisi işləri başa çatdırılmışdır. Şəmkirçay su anbarında yığılan 723 milyon kubmetr su hesabına Şəmkir, Samux və Göygöl rayonlarının 35 min hektara yaxın əkin sahəsinin su təminatı yaxşılaşdırılmışdır. Şəmkir və Göygöl rayonlarının 4 min hektar, eləcə də “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilmişdir.

Şəmkirçay su anbarından Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların, eləcə də Goranboy rayonunun əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə uzunluğu 27,9 km olan Şəmkir-Samux-Goranboy suvarma magistral kanalının 2-ci növbəsinin tikintisinə başlanılmışdır. Kanalın İpək yoluna qədər olan 8,5 km-lik hissəsi tamamlanaraq Samux və Goranboy rayonlarının 8000 hektar (ondan 980 hektarı yeni suvarılacaq torpaqlardır) sahəsinə suvarma suyu çatdırılmışdır. Goranboy rayonunun daha 18 min hektardan çox sahəsinə suyun çatdırılması üçün kanalda tikinti işləri davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 avqust 2017-ci il tarixində Samux və Goranboy rayonlarının əkin sahələrinə suvarma suyunun verilməsi mərasimlərində iştirak etmişdir.

Sovetlər Birliyi dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayonlarının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının inşası 2016-cı ildə başa çatdırılmışdır.

Sabirabad rayonu ərazisində “H” kanalının 7,8 km hissəsinin beton məcrada qurğularla birlikdə tikintisi 2017-ci ilin 1 may tarixinə başa çatdırılmışdır. Bununla 1-ci mərhələdə 4 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılmış və 200 hektar yeni suvarılan torpaq sahəsi suvarma suyu ilə təmin edilmişdir. Eyni zamanda Sabirabad rayonunun qış otlaqlarında 1-ci mərhələdə 5000 hektar yeni torpaq sahəsinə, eləcə də Yuxarı Mil kanalında tikinti işləri davam etdirilərək Ağcabədi rayonunda 2700 hektar sahəyə suvarma suyu çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 sentyabr 2017-ci il tarixində Neftçala magistral kanalında görülən işlərlə tanış olmuş və Kür çayından 1-ci mərhələdə rayonun 7770 hektar yeni suvarılacaq və 970 hektar mövcud əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak etmişdir.

Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə 2017-ci ildə Araz çayının yeni qolu vasitəsi ilə Saatlı (24325 ha), İmişli (5812 ha) və Biləsuvar (9356 ha) rayonlarının 39493 ha qış otlaq sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün 54,2 km uzunluğunda torpaq məcralı kanalın tikinti işləri üzərindəki hidrotexniki qurğularla birlikdə tamamlanmışdır. Goranboy və Samux rayonlarında yaradılan Aqroparkların 4700 ha sahəsinə Şəmkir-Samux-Goranboy suvarma magistral kanalından suvarma suyunun çatdırılması üçün 1-ci mərhələdə 12,1 km suvarma boru kəmərinin və həcmi 100 min kubmetr olan beton üzlüklü su hovuzunun tikintisi başa çatdırılmışdır. Şabran rayonu ərazisində “Şabran Aqropark” MMC-yə məxsus 1740 hektar sahəyə suvarma suyunun verilməsi üçün tutumu 150 min kubmetr olan beton üzlüklü su hovuzunun tikintisi tamamlanmış, bu torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün işlər davam etdirilir. Qax rayonunda yaradılan Aqroparka məxsus 1550 hektar torpaq sahəsinin 1-ci mərhələdə 665 hektar ərazisinə suvarma suyu çatdırılmışdır.

Azərbaycan Respublikası ­Prezidentinin sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 480 ha və ona bitişik Füzuli rayonunun Mirzənağılı kəndinin 200 ha əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi ilə əlaqədar nasos stansiyasının, təzyiqli boru kəmərinin tikintisi aparılmışdır.

Suvarma su mənbəyi yaradılan ərazilərdə investorlar və torpaq mülkiyyətçiləri tərəfindən mütərəqqi suvarma texnikası tətbiq edilməklə və meliorativ tədbirlər aparılmaqla intensiv texnologiyalar əsasında yüksək kənd təsərrüfatı məhsulları istehsalına geniş imkanlar yaranacaqdır.

Eyni zamanda 2017-ci ildə respublika iqtisadiyyatının inkişafında böyük əhəmiyyət kəsb edəcək daha bir nəhəng infrastruktur layihəsinin yuxarı Şirvan kanalının yenidənqurulmasının xarici məsləhətçilər cəlb edilməklə ilkin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmışdır. Şirvan zonasına yeni həyat verəcək bu layihə 10 rayonun 125 min hektardan çox əkin sahəsinin su təminatının yaxşılaşdırılması və 106 min hektar yeni suvarılan torpaqların dövriyyəyə verilməsi ilə ümumilikdə 231 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi, eləcə də regionda ekoloji mühitin yaxşılaşdırılması, Hacıqabul gölündə təhlükəli ekoloji vəziyyətin qarşısının alınması üçün imkan yaradacaqdır. Hazırda beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə işçi layihə və tender sənədlərinin hazırlanması işləri davam etdirilir.

Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 23 meliorasiya və su təsərrüfatı obyektlərinin təməlqoyma, işlərin gedişi ilə tanışlıq və açılış mərasimlərində iştirak etmişdir ki, bu da onun bu sahəyə olan diqqət və qayğısının təzahürüdür.

Qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində Cəmiyyət tərəfindən meliorasiya tədbirlərinə ayrılan vəsait hesabına meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə sahəsində də 2017-ci ildə konkret tədbirlər həyata keçirilmişdir.

2017-ci ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək Cəmiyyət üzərinə düşən vəzifələri yerinə yetirmiş, balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir.

2017-ci ildə Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərinin 68,4 km məsafəsində möhkəmləndirmə işləri görülmüş və 3600 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilmişdir.

Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 42,2 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, 4400 hidrotexniki qurğu, 216 subartezian quyusu, 240 nasos və mühərrik təmir edilmişdir.

Çay məcralarında 11 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılmış, 10 min kubmetr şax-daş, faşın və qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 14 min kbm həcmində təmir işləri yerinə yetirilmişdir.

Görülmüş tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilmişdir. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 437 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılmış, o cümlədən taxıl 544691 hektarda 2,3 dəfə, pambıq 136104 hektarda 3,1 dəfə, tütün 2914 hektarda 4,5 dəfə, yem bitkiləri 423053 hektarda 3,6 dəfə, bostan-tərəvəz 67408 hektarda 5,3 dəfə, çoxillik əkmələr 105157 hektarda 3,3 dəfə və həyətyanı sahələr 157725 hektarda 4,6 dəfə suvarılmışdır.

Bütün suvarma mənbələrindən 9,1 milyard kubmetr su götürülmüş və su istifadəçilərinə 6,6 milyard kubmetr su verilmişdir.

Cənab Prezidentin qeyd etdiyi kimi, görülən bütün işlər və əldə edilmiş nəticələr deməyə əsas verir ki, Azərbaycan bu gün uğurla, sürətlə inkişaf edən ölkədir. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim qabağa baxmalıyıq və növbəti illərdə görüləcək işlərlə bağlı fəaliyyətimizi düzgün qurmalıyıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Cəmiyyətin kollektivi qarşısında suvarılan torpaqların 2018-ci ildə daha 100 min hektar artırılması ilə ixracyönümlü kənd təsərrüfatı məhsullarının inkişafı istiqamətində müəyyən edilmiş hədəflərə nail olunması üçün mühüm vəzifələr qoyulmuşdur.

2018-ci ildə də böyüklüyünə və kənd təsərrüfatına təsirinə görə xüsusi rola malik olan Taxtakörpü və Şəmkirçay su anbarları zonalarında magistral və paylayıcı suvarma kanallarının tikintisi işləri davam etdiriləcəkdir. Şəmkir-Samux-Goranboy magistral kanalının İpək yolu ilə kəsişmə qurğusunda və ondan sonra kanalın 5 km-ə qədər hissəsində tamamlama işləri başa çatdırılaraq Goranboy rayonunda 8000 hektar sahəyə suvarma suyu çatdırılacaqdır. Taxtakörpü su anbarı zonasında isə Şabran rayonunda meliorativ tədbirlər davam etdirilərək 12 min hektar, o cümlədən 5 min hektara yaxın yeni torpaqlar istifadəyə veriləcək və 7 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaqdır. Eyni zamanda Şabran rayonunda 8 min hektara yaxın torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkələrinin tikintisi işləri yerinə yetiriləcəkdir.

Kür çayında nasos stansiyasında və “H” kanalında tikinti işləri davam etdirilərək Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əliləmbəyli kəndlərinin layihə üzrə qalan 7551 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq, eləcə də rayonun Kür çayı üzərindəki nasos stansiyasında və magistral kanalda tikinti işlərini tamamlamaqla rayonun 9320 hektara yaxın az məhsuldar qış otlaq sahələrinə suvarma suyu çatdırılacaq. Eyni zamanda bu layihələr çərçivəsində Biləsuvar rayonunun 1631 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin ediləcək.

Goranboy və Qax rayonlarında yaradılmış Aqroparklara məxsus torpaq sahələrində meliorativ tədbirlər davam etdirilərək bu torpaqlara suvarma suyunun çatdırılması, ötən ildə suvarma suyu çatdırılmış Şabran rayonunda yaradılacaq Aqroparka məxsus 1740 hektar sahədə isə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri başa çatdırılacaqdır. Şəki və Oğuz rayonlarında 12 min hektar sahədə yaradılacaq Aqroparka məxsus torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün layihə sənədləri hazırlanmaqla hazırda Türyançay çayında nasos stansiyasının və təzyiqli boru kəmərinin tikintisi işlərinə başlanılmışdır. Xəzər, Pirallahı və Xızı rayonlarında zeytun və badam bağları salınacaq 5000 hektar sahənin 2400 hektarında tikinti işləri başa çatdırılaraq suvarma suyu ilə təmin ediləcəkdir.

Eyni zamanda Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdirilərək Neftçala rayonunun 12433 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, Ağcabədi rayonunda isə 1900 hektar yeni torpaq sahələrinə suvarma suyu çatdırılacaqdır.

Ötən ildə torpaq məcrada inşa olunmuş 54 km uzunluğunda Araz çayının Yeni qolunun cari ildə beton üzlüyə alınması ilə Saatlı, Biləsuvar və İmişli rayonlarında daha 13 min hektardan çox yeni torpaq sahələrinə suvarma suyunun verilməsi mümkün olacaqdır.

Azərbaycan Respublikası ­Prezidentinin sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə bitişik Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin 280 hektar əkin sahəsinə Araz çayından suvarma suyu verilməsi üçün nasos stansiyasının, təzyiqli boru kəmərinin tikintisi davam etdirilərək bu torpaqlar suvarma suyu ilə təmin ediləcəkdir.

Respublikanın içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası üzrə 8 rayonda cari ildə çirkab sutəmizləyici qurğuların tikintisi ilə layihə üzrə nəzərdə tutulan işlər başa çatdırılacaqdır.

Respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun 300 ədəd subartezian quyusu cari ildə qazılaraq istifadəyə veriləcəkdir. Eyni zamanda Yuxarı Şirvan kanalının yenidənqurulmasının işçi layihə və tender sənədlərinin hazırlanması işləri davam etdiriləcəkdir.

2018-ci ildə kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən bu iri infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsi nəticəsində yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəticəsində ölkədə ixrac yönümlü kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradılacaqdır.

2018-ci ildə respublika üzrə 1453 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Bunun üçün cari ildə suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62 milyon kubmetr həcmində lildən təmizləmə işlərinin görülməsi, 5900 hidrotexniki qurğunun, 156 subartezian quyusunun, 270 nasos və mühərrikin təmir edilməsi nəzərdə tutulmuşdur.

Bununla yanaşı, çay məcralarında 10,3 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılacaq, 10 min kubmetr şax-daş, faşın və qabion bəndlər quraşdırılacaq, torpaq mühafizə bəndlərində 6300 min kubmetr həcmində möhkəmləndirmə işləri, 2800 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri və daş-beton bəndlərdə 18 min kubmetr həcmində təmir işləri yerinə yetiriləcəkdir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur.

Bu tədbirlərin həyata keçirilməsi ilə torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaqdır.

 

Əhməd ƏHMƏDZADƏ,

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri

 

Xalq qəzeti.- 2018.- 2 iyun.- S.4-5.