Aviatorlar Azərbaycan mülki aviasiyasının

80 illik yubileyini təntənə ilə qeyd ediblər

 

Azərbaycan aviatorları iyunun 1-də öz peşə bayramlarını və mülki aviasiyanın 80 illiyini rəsmi surətdə qeyd ediblər.

“Mülki aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixi Sərəncamı ilə iyunun 2-si Azərbaycanda Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.

Aviatorlar mülki aviasiyanın 80 illiyinin bayram edilməsi çərçivəsində Fəxri xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar, məzarı qarşısına əklil və tər çiçəklər qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı önünə güllər düzülüb.

Sonra aviasiyanın yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov aviasiya işçilərini 80 illik yubiley münasibətilə təbrik edib. O bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış möhkəm təmələ əsaslanan Azərbaycanın mülki aviasiyası 2003-cü ildə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. C.Əsgərov deyib: “Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın mülki aviasiyası sürətlə inkişaf edir. AZAL postsovet məkanında mülki aviasiya sahəsində aparıcı oyunçulardan birinə çevrilib, beynəlxalq aviasiya birliyinin üzvü olub”.

Tədbirdə iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib ki, Azərbaycanın milli aviasiyası ötən 80 il ərzində böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan aviasiyası dünyada qəbul olunmuş ən müasir standartlara cavab verir. 1993-cü ildən sonra müstəqil Azərbaycan aviasiyası sürətlə inkişaf etməyə başlayıb. Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bu gün ölkəmizin mülki aviasiyası dünyada ən qabaqcıl yerlərdən birini tutur. Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın ən müasir aeroportlarından biridir. Sevindirici haldır ki, təkcə paytaxtda deyil, regionlarda da müasir hava limanları beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Daim yenilənən müasir aviapark yük və sərnişindaşıma sahəsində beynəlxalq səviyyədə xidmət göstərir.

Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi adından tədbirdə çıxış edən Arif Məmmədov aviasiyanın 75 illik yubileyindən ötən 5 ildə bu sahədə qazanılan uğurlar barədə qısa məlumat verib. O xatırladıb ki, 2014-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni müasir sərnişin terminalı inşa edilib. Heydər Əliyev Beynəlxalq Aeroportu bu yaxınlarda nüfuzluSkytraxauditor şirkətinin ən yüksək “5 Ulduz” qiymətinə layiq görülüb. Bu ən yüksək qiymət Heydər Əliyev Beynəlxalq Aeroportundan başqa cəmi 8 aeroporta verilib. Aviaşirkət qısa müddət ərzində geniş füzelyajlı “Boeing”, “Airbus”, “Embraerkimi ən müasir müasir təyyarələrin, aerobusların və embrayerlərin, Qərbdə istehsal olunmuş helikopterlərin istismarına başlayıb. 2017-ci ildə aşağı büdcəli “Buta Airways” aviaşirkəti yaradılıb. 2019-cu ilin ikinci yarısından başlayaraq, yeni müasir B-737 MAX təyyarələrininin istismarına başlanacaq. A.Məmmədov deyib: “Sevindirici haldır ki, bu hava gəmilərini Milli Aviasiya Akademiyasının məzunları idarə edirlər. Akademiyanın Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) regional təlim mərkəzi statusuna layiq görülməsi onun daha bir nailiyyətidir. Uçuşların coğrafiyası da genişlənir. Təkcə 2016-2018-ci illərdə 21 xarici aviaşirkət Azərbaycana uçuşlar həyata keçirməyə başlayıb. Bu il 16 yeni hava xətti açılacaq”.

Təntənəli iclasda mülki aviasiya işçilərinə dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bir gün əvvəl imzalanmış sərəncamları oxunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Raqub Səmədova Mülki aviasiya sahəsində çoxillik səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Azərbaycan Respublikasının Prezidenti digər sərəncamları ilə aviasiya sahəsində səmərəli fəaliyyətə görə bir qrup aviatora Azərbaycan Respublikasının fəxri adlarını verib, aviatorları “Şöhrət” və “Tərəqqi” ordenləri ilə təltif edib.

İclas iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətdə vurğulanır ki, “”Mülki aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il bu gün bayram səviyyəsində qeyd edilir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın mülki aviasiyasınını ən vacib vəzifəsi uçuşların təhlükəsizliyini təmin etməkdir” sözlərini sitat gətirən tədbir iştirakçıları Azərbaycan Prezidentini əmin ediblər ki, bu tapşırıq aviatorların həqiqi fəaliyyət proqramıdır.

Azərbaycan dövlətinin başçısına müraciətdə deyilir: Sizin aviasiya işçiləri qarşısında qoyduğunuz vəzifələrə uyğun olaraq, mülki aviasiya qurumları beynəlxalq və regional təşkilatlarla, ayrı–ayrı ölkələrin mülki aviasiya òəşkilatları ilə sıx əlaqələr saxlayır, mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi sahəsində ardıcıl aparırlar.

Sizi əmin edirik ki, aviasiya işçiləri qarşısında qoyduğunuz vəzifələrin öhdəsindən bundan sonra da gəlmək üçün bütün qüvvəmizi Azərbaycan Respublikasının daha da mþhkəmlənməsi, zənginləşməsi və qüdrətli olması naminə səfərbər edəcəyik”.

 

Xalq qəzeti.- 2018.- 2 iyun.- S.3.