Ömürdən uzun gecə

 

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı görkəmli şair-dramaturq Hidayətin “Ömürdən uzun gecə” əsəri əsasında hazırlanan yeni tamaşasını Akademik Milli Dram Teatrının səhnəsində teatrsevərlərə təqdim etmişdir.

Mistik dram janrında hazırlanmış bu əsər insanın mürəkkəb daxili aləmini əhatə edir. Səhnə versiyasında şüurun işləyə bilmədiyi məchul, ruhsal dünyadan bəhs edən əsərdə ömür yolumuzu müəyyən edən, lakin sonadək anlamadığımız tale prosesləri estetik təhlildən keçirilir. Tamaşada cərəyan edən situasiya günümüzün mənəvi ağrılarını və ondan xilas olmaq cəhdini əks etdirsə də, bu ziddiyyətli süjet mahiyyətcə bütün zamanlar üçün səciyyəvidir. Müəllif öz qəhrəmanlarını üz-üzə gətirməklə onların mənəvi təmizlənmədə bir-birinə kömək etməsi üçün duyğuların lal dilinə aydınlıq gətirir.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissoru Tural Xəlilzadə, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssamı Vahid Mürsəliyevdir. Rolları Əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Səmayə İsmayılova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Xatirə Süleymanova, Natiq Həziyev, Oqtay Mehdiyev, Ceyhun Əliyev, Bəhruz Hikmətoğlu və Rövşən Cəfərov ifa edirlər. Lirik-fəlsəfi rejissor yozumu, çevik aktyor oyunu, xoreoqrafik elementlər tamaşanın baxımlığını təmin edir, müəllif ideyasının qavranılmasını asanlaşdırır.

Pyesin ilk tamaşaçısı olan tanınmış mədəniyyət və sənət adamları, mətbuat nümayəndələri yeni səhnə əsərini alqışlarla qarşılamış, Hidayətin yaradıcılığında keyfiyyətcə fərqli bir səhifəni təqdim edən əsərdən yüksək sənət zövqü aldıqlarını bildirmişlər.

Teatrın direktoru Əməkdar mədəniyyət işçisi İxtiyar Piriyev tamaşadan sonra jurnalistlərin suallarını cavablandırarkən bildirmişdir:

Sevimli yazıçı-dramaturqumuz Hidayəti teatrımızla tale ortaqlığı sıx birləşdirir. Hidayət müəllim bu il 136-cı mövsümünü başa vurmaqda olan bu sənət ocağına İrəvanda fəaliyyət göstərdiyi illərdə uzun müddət rəhbərlik etmişdir. Həmin dövrdə teatra dövlət statusu verilmiş, 90 illik yubileyi Azərbaycanda və Ermənistanda yüksək səviyyədə qeyd edilmişdir. Məcburi köçkünlük dövründə isə Hidayət müəllim həmişə doğma kollektivin yanında olmuş, onun problemlərinin həllinə bacardığı köməyi etmişdir.

Teatrın repertuarında da Hidayətin pyesləri və əsərləri əsasında hazırlanmış tamaşalar aparıcı yer tutmuşdur. “Ömürdən uzun gecə” Hidayətin ən uğurlu əsərlərindən biridir. Onun əsasında film çəkilmiş, televiziya tamaşası hazırlanmışdır. İlk baxışda səhnələşdirilməsi çətin görünən bu əsərə müraciət etməyimizin səbəbi onun müasir səhnə quruluşu axtarışları üçün yaratdığı geniş imkandır.

Biz bu yaradıcılıq qatlarını tapmağa və müxtəlif üsullarla ifadə etməyə çalışmışıq. Başlıcası odur ki, tamaşaçı əvvəldən axıradək cərəyan edən səhnə dinamizminin cazibəsinə düşürtamaşa bitəndən sonra baxıb-gördüklərini, qəlbini təlatümə gətirən ovqatı təkrar-təkrar duyğu-düşüncələrindən keçirməli olur.

İxtiyar Piriyev sonda ­demişdir: “Biz bu tamaşanı teatrın dövlət statusu almasının 50 illiyinə həsr etmişik. Qocaman kollektivin bu səviyyəyə yüksəlməsində Hidayət müəllimin müstəsna xidməti olmuşdur. Ona görə də bu əlamətdar tarixi onun ən yaxşı əsərlərindən birinin səhnəyə qoyulması ilə qeyd etməyi qərara almışdıq. Bugünkü ilk tamaşa, üğurlu səhnə təqdimatı göstərdi ki, bu məqsədimizə nail ola bilmişik. Hidayət müəllimin əsərləri teatrımıza repertuar zənginliyi, mövzu yeniliyi, ideya yüksəkliyi gətirmişdir. Ölkənin baş səhnəsində təqdim edilən bu tamaşa isə müəllifin növbəti səhnə hesabatı kimi uğurlu oldu”.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2018.- 2 iyun.- S.8.