“Azərbaycan
Respublikasının Hasilat Sənayesində Şəffaflıq
üzrə Komissiyasının Əsasnaməsi”nin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
ą 252 Bakı şəhəri, 6 iyun
2018-ci il
“Hasilat
sənayesində şəffaflığın və hesabatlılığın
artırılması ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan Respublikası Preziden-tinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanının
5.1-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
“Azərbaycan Respublikasının Hasilat Sənayesində
Şəffaflıq üzrə Komissiyasının Əsasnaməsi”
təsdiq edilsin (əlavə olunur).
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2018-ci il
6 iyun tarixli 252 nömrəli qərarı ilə təsdiq
edilmişdir.
Azərbaycan
Respublikasının Hasilat Sənayesində Şəffaflıq
üzrə Komissiyasının
ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Bu
Əsasnamə “Hasilat sənayesində şəffaflığın
və hesabatlılığın artırılması ilə
bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli
Fərmanının (bundan sonra - Fərman) 5.1-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə
hazırlanmışdır və Azərbaycan
Respublikasının Hasilat Sənayesində Şəffaflıq
üzrə Komissiyasının (bundan sonra - Komissiya) fəaliyyətini
tənzimləyir.
1.2. Komissiya Azərbaycan Respublikasının hasilat sənayesində
şəffaflığın və hesabatlılığın
təmin edilməsi məqsədi ilə dövlət siyasətinin
formalaşdırılmasında iştirak etməklə, bu sahədə
dövlət orqanlarının və digər qurumların fəaliyyətini
əlaqələndirən kollegial orqandır.
1.3.
Komissiya öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri,
habelə bu Əsasnaməni rəhbər tutur.
1.4. Komissiya Azərbaycan Respublikasının hasilat sənayesində
şəffaflıq və hesabatlılıq
standartlarının tətbiqində Fərmanın 1.1-1.8-ci bəndlərində
göstərilmiş beynəlxalq prinsipləri əsas
götürür.
1.5.
Komissiya bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini
yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən, icra hakimiyyəti orqanları, yerli
özünüidarəetmə orqanları ilə və digər
təşkilatlarla qarşılıqlı fəaliyyət
göstərir.
2. Komissiyanın vəzifələri
2.1.
Komissiyanın həyata keçirdiyi əsas vəzifələr
aşağıdakılardır:
2.1.1.
Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın
(bundan sonra - HSŞ) təmin edilməsi məqsədi ilə
dövlət siyasətinin formalaşdırılmasında
iştirak etmək;
2.1.2. bu Əsasnamənin 1.4-cü bəndində
istinad olunan beynəlxalq prinsiplərə Azərbaycan
Respublikasında riayət olunmasına nəzarət etmək;
2.1.3.
HSŞ sahəsində dövlət orqanlarının və
digər qurumların fəaliyyətini əlaqələndirmək;
2.1.4.
Azərbaycan Respublikasında təbii ehtiyatların
istismarı ilə əlaqədar dövlətin bütün
daxilolmaları və Azərbaycan Respublikasının hasilat sənayesində
fəaliyyət göstərən yerli və xarici şirkətlərin
dövlətə ödənişləri barədə
hesabatların hasilat sənayesində şəffaflıq və
hesabatlılıq üzrə beynəlxalq standartlara uyğun təqdim
olunması formasını və müddətlərini müəyyən
etmək;
2.1.5.
HSŞ-nin tətbiqində dövlət orqanları, hasilat sənayesində
fəaliyyət göstərən şirkətlər, beynəlxalq
təşkilatlar, maliyyə qurumları, investorlar və
qeyri-hökumət təşkilatları da daxil olmaqla,
bütün maraqlı tərəflərin
iştirakını təmin etmək;
2.1.6. ölkənin maliyyə şəffaflıq
standartlarının şamil edildiyi hasilat sənayesində fəaliyyət
göstərən bütün şirkətləri müəyyən
etmək və onların HSŞ hesabatlılığında
iştirakını təmin etmək;
2.1.7. hesabatların toplanılması və
yoxlanılması üçün müstəqil,
ixtisaslaşmış audit şirkətinin seçilməsini
təmin etmək;
2.1.8.
Komissiyanın ümumiləşdirilmiş hesabatının
formasını müəyyən etmək, toplanılmış
məlumatlar əsasında həmin hesabatı tərtib etmək
və mütəmadi şəkildə ictimaiyyətə
açıqlanmasını həyata keçirmək;
2.1.9. hesabatlılığın təşkil
olunmasının bütün mərhələlərində
qeyri-hökumət təşkilatları, özəl sektorun
nümayəndələri və müstəqil ekspertlər ilə
əməkdaşlıq etmək;
2.1.10.
Azərbaycan Respublikasında hasilat sənayesində şəffaflıq
və hesabatlılığın təmin edilməsi məqsədi
ilə ictimai maarifləndirmənin həyata keçirilməsi
üçün müvafiq tədbirlər görmək;
2.1.11. ən azı rübdə bir dəfə
bütün maraqlı tərəflərin, o cümlədən
vətəndaş cəmiyyətinin, hasilat sənayesində fəaliyyət
göstərən şirkətlərin nümayəndələrinin
və ekspertlərin iştirakı ilə məşvərət
xarakterli görüşlər keçirmək.
3. Komissiyanın hüquqları
3.1.
Komissiya öz vəzifələrini yerinə yetirmək məqsədi
ilə aşağıdakı əsas hüquqlara malikdir:
3.1.1.
HSŞ məsələləri üzrə qərarların,
tapşırıqların və tövsiyələrin
hazırlanmasında dövlət orqanları ilə əməkdaşlıq
etmək;
3.1.2. hesabatlılığın təmin edilməsi
məqsədi ilə aidiyyəti dövlət orqanlarından və
şirkətlərindən, həmçinin Azərbaycan
Respublikasının hasilat sənayesində fəaliyyət
göstərən yerli və xarici şirkətlərdən təbii
ehtiyatların istismarı ilə əlaqədar hesabatları və
digər zəruri məlumatları istəmək və almaq;
3.1.3. dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə
HSŞ-nin tətbiqi ilə bağlı zəruri məlumatlar
(sənədlər) barədə sorğu vermək və
onlardan belə məlumatları (sənədləri) almaq;
3.1.4.
HSŞ məsələlərinin həlli ilə bağlı
aidiyyəti dövlət orqanları qarşısında vəsatət
qaldırmaq;
3.1.5.
Komissiyanın illik fəaliyyət planını tərtib və
təsdiq etmək;
3.1.6. konkret məsələlərin həlli
üçün, lazım olduğu təqdirdə,
işçi qruplarını yaratmaq;
3.1.7.
Azərbaycan Respublikasının aidiyyəti dövlət
orqanları və şirkətlərini, Azərbaycan Respublikasının
hasilat sənayesində fəaliyyət göstərən yerli
və xarici şirkətləri, qeyri-hökumət təşkilatlarını,
müstəqil ekspertləri və mütəxəssisləri,
habelə digər şəxsləri öz fəaliyyətinə
cəlb etmək;
3.1.8. maraqlı tərəflərin iştirakı ilə
HSŞ-nin tətbiqi və bu sahədə işlərin əlaqələndirilməsi
məsələlərinə həsr edilmiş sessiya, konfrans,
seminar, təlim, dəyirmi masa və digər kütləvi-mədəni
tədbirlər təşkil etmək;
3.1.9. ictimaiyyətin Komissiyanın fəaliyyəti
barədə mütəmadi məlumatlandırılması məqsədi
ilə Komissiyanın internet səhifəsini yaratmaq və
mütəmadi yeniləmək;
3.1.10. şəffaflığın və
hesabatlılığın təmin edilməsi və səmərəliliyin
artırılması üçün beynəlxalq təşkilatlarla
və xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq
etmək, xarici dövlətlərlə təcrübə
mübadiləsi aparmaq;
3.1.11.
HSŞ-nin təmin edilməsinə dair normativ hüquqi
aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər
vermək.
4. Komissiyanın fəaliyyətinin təşkili
4.1.
Komissiya ictimai əsaslarla fəaliyyət göstərir.
4.2.
Komissiyanın tərkibini Azərbaycan Respublikasının
Prezidenti təsdiq edir.
4.3.
Komissiyanın fəaliyyətinə rəhbərliyi
Komissiyanın sədri həyata keçirir.
4.4.
Komissiyanın fəaliyyətinin təşkili və vəzifələrinin
yerinə yetirilməsi ilə əlaqədar Komissiyanın sədri
aşağıdakıları həyata keçirir:
4.4.1.
Komissiyanın iclaslarının gündəliyinə
çıxarılan məsələləri müəyyənləşdirir;
4.4.2.
Komissiyanın iclaslarında sədrlik edir;
4.4.3.
Komissiyanın qərarlarını imzalayır;
4.4.4.
Komissiyanı təmsil edir;
4.4.5.
Komissiyanın qərarlarının icrası ilə əlaqədar
müvafiq orqan və təşkilatlara müraciət edir;
4.4.6. Komissiyanın Katibliyinin fəaliyyətinə rəhbərlik
edir.
4.5.
Komissiya üzvləri aşağıdakı hüquqlara
malikdir:
4.5.1. iclasda səs vermək hüququ ilə
iştirak etmək;
4.5.2. iclasın
keçirilməsi və iclasda baxılan məsələlər
barədə əvvəlcədən məlumatlandırılmaq;
4.5.3. iclasın gündəliyinə
çıxarılan məsələlərlə tanış
olmaq;
4.5.4. lazımi
arayış və məlumatlar əldə etmək;
4.5.5. sənədlərin layihələri ilə
tanış olmaq, onlara dair rəy və təkliflər bildirmək;
4.5.6. iclasda məruzə və
çıxışlar etmək, müzakirələrdə
iştirak etmək.
4.6.
Komissiyanın üzvləri aşağıdakılara riayət
etməlidirlər:
4.6.1. üzrlü səbəblər istisna olmaqla,
Komissiyanın bütün iclaslarında iştirak etmək;
4.6.2.
Komissiyada Komissiya sədrinin iş bölgüsü əsasında
fəaliyyət göstərmək;
4.6.3. bu Əsasnamənin müddəalarına əməl
etmək.
4.7.
Komissiyanın cari fəaliyyətinin təşkili, işinin əlaqələndirilməsi,
qərarlarının icrasına nəzarət və
Komissiyanın iclasları arasındakı dövrdə
HSŞ-nin tətbiqi üzrə bütün fəaliyyətin
idarə edilməsi Komissiyanın Katibliyi funksiyası həvalə
olunmuş Azərbaycan Respublikası Dövlət Neft Fondunun müvafiq struktur bölməsi
vasitəsilə həyata keçirilir.
4.8.
Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlər
üzrə qərarlar onun iclaslarında qəbul edilir. Komissiyanın qərarları sədr də daxil
olmaqla, iclasda iştirak edən üzvlərin üçdə
iki səs çoxluğu ilə qəbul edilir.
4.9.
Komissiyanın iclasları təsdiq edilmiş illik fəaliyyət
planı əsasında, ildə iki dəfədən az olmayaraq keçirilir. Əlavə
iclaslar Komissiyanın sədri və yaxud üzvlərinin
üçdə birinin tələbi ilə
çağırıla bilər.
4.10.
Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən
iclasın keçirilməsinə ən azı 3 (üç)
gün qalmış Komissiyanın üzvlərinə
bildirişin göndərilməsi yolu ilə
çağırılır.
4.11. Komissiyanın iclasları, sədr
də daxil olmaqla, onun üzvlərinin üçdə ikisi
iştirak etdikdə səlahiyyətlidir.
4.12.
Komissiyanın iclaslarında baxılan məsələlər
üzrə, bir qayda olaraq, Komissiyanın Katibliyi məruzə
edir. Komissiyanın sədri Komissiyanın
üzvləri arasından məruzəçi təyin edə
bilər. Məruzəçi zəruri sənəd
və materialları toplayır, məsələyə hərtərəfli,
tam və obyektiv baxılması üçün lazımi tədbirləri
görür, məsələ üzrə məruzə
hazırlayır.
4.13. Səsvermədə hər bir
Komissiya üzvü bir səsə malik olmaqla, şəxsən
və açıq səs verir.
4.14.
Komissiyanın üzvü ona birbaşa və şəxsən
maraqlı olan və ya onun qərəzsizliyinə olan etimada xələl
gətirə biləcək hər hansı hallar olduqda, o, həmin
məsələ ilə bağlı səsvermədə
iştirak edə bilməz. Belə hallar olduqda,
Komissiyanın üzvü Komissiyaya öz maraqlarını dərhal
bildirməlidir.
4.15.
Komissiyanın üzvü Komissiyanın iclasında şəxsən
iştirak edə bilmədikdə, iclasa telekonfrans vasitəsilə
qoşula və ya müzakirə edilən məsələlər
barədə fikrini yazılı surətdə təqdim edə
bilər.
4.16. Komissiyanın iclasları və
iclaslarda qəbul edilən qərarlar Komissiyanın sədrinin
imzaladığı protokolla rəsmiləşdirilir. Komissiyanın hər hansı bir üzvü qəbul
edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi
iclasın protokoluna əlavə edilir.
4.17.
Komissiyanın iclaslarına müşahidəçi kimi
iştirak etməyə dövlət orqanlarının və
qurumlarının, dövlət mülkiyyətində olan və
paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslərin və
büdcə təşkilatlarının, HSŞ-nin tətbiqində
maraqlı tərəflərin, kütləvi informasiya vasitələrinin
nümayəndələri və digər şəxslər də
dəvət edilə bilərlər.
4.18.
Aşağıdakı hallarda Komissiyanın iclası təxirə
salına və ya başlanılmış iclas başqa vaxta
keçirilə bilər:
4.18.1.
Komissiyanın üzvlərinin sayında yetərsay
olmadıqda;
4.18.2. məsələnin hərtərəfli, tam və
obyektiv baxılmasına maraqlı subyektin, ekspertin və ya
şəxslərin iştirakını təmin etmək
mümkün olmadıqda;
4.18.3. iclasda baxılan məsələlərin hərtərəfli,
tam və obyektiv araşdırılmasına maneçilik
törədə biləcək digər hallar olduqda.
Qeyd. Bu Əsasnamədə dəyişikliklər Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının hazırlanması
və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin
2.6.1-ci bəndinə uyğun edilə bilər.
Novruz MƏMMƏDOV,
Azərbaycan Respublikasının
Baş naziri
Xalq qəzeti.-
2018.- 8 iyun.- S.2.