Səhnəyə olan böyük sevgi onu hamının
sevimlisinə çevirdi
Hökümə Qurbanova-105
SSRİ Xalq artisti Hökümə
Qurbanovanı ilk dəfə “Onu bağışlamaq
olarmı?” filmində görmüşdüm. Kəmalə
xanımın rolu, necə deyərlər, onun boyuna
biçilmişdi. Əslində, o, kino aktyoru deyildi. Kinoya
teatrdan dəvət olunmuşdu və ümidləri də
doğrultmuşdu. Səmimi idi, Kəmalə xanımın
daxili dünyasını elə məharətlə
açmışdı ki, tamaşaçı onun hiss və
duyğularını təbii qəbul edirdi.
Hökümə xanım haqqında çox yazılıb. Elə sağlığında da, ölümündən sonra da. Dostları onun sənəti və şəxsiyyəti barədə maraqlı fikirlər söyləyiblər. Bu gün onun barəsində danışanda deyirlər ki, Hökümə Qurbanovanın rollarının hər biri ayrıca yaradıcılıq məktəbi olub. İllər keçib, nəsillər dəyişib, ancaq aktrisanın oynadığı tamaşalar, yaratdığı obrazlar yaddaşlardan silinməyib.
Aktrisanın həyat yolu o qədər də hamar olmayıb. 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Anası Məlikət xanım böyük bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. O, uzun müddət dayısının evində yaşamışdı. Hökümə xanımın qəlbində teatra həvəs də buradan başlamışdı. Müslüm bəyin evi qonaq-qarasız, səs-küysüz olmazmış. Hökümə xanım teatra çox sonralar gəlmişdi. Amma sənətə vurğunluq, səhnəyə sevgi onda elə həmin vaxtdan yaranmışdı.
Hökümə xanımın ata-anası da incəsənət vurğunu idilər. O, əvvəlcə Bakıdakı 38 saylı qız məktəbində, sonra 33 saylı məktəbdə təhsil almış, sonra Bakı Pedaqoji Texnikumunu bitirmişdi . Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq iki il fortepiano sinifində oxumuşdu. Güclü musiqi yaddaşı vardı. Konservatoriyada təhsil alarkən böyük dramaturq Cəfər Cabbarlının təşəbbüsü ilə “Almaz” filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılıb.
Müslüm bəylə getdiyi ilk tamaşa
“Leyli və Məcnun” operası olur. Sonradan o, teatra ayaq açır. Onu teatra
yaxınlaşdıran ilk cığır
Ələsgər Ələkbərov
və İşçi
Teatrı ilə tanışlıq olub.
Hökümə xanım Ələsgər
Ələkbərovla nişanlı
olduğu günlər
hələ gənc aktyorlar sırasında sayılsa da, öz istedadı ilə seçilirdi.
1932-ci ildə İşçi Teatrı
Gəncə şəhərinə
köçürülür. Ələsgər Ələkbərovla toylarından sonra Gəncəyə yola düşürlər.
Burada bir müddət çalışdıqdan
sonra yenidən Bakıya qayıdırlar. Aktrisanın sonrakı
yaradıcılıq taleyi
Akademik Dram Teatrı ilə bağlı olub. Bu teatrda oynadığı rolları
həyatda olduğu kimi yaradırdı: “Mən oynadığım
qəhrəmanların heç
birinə bənzəmirəm.
Axı onların hərəsi bir fərddir. Doğrudur, hadisələr, dramatik vəziyyətlər arasında
bənzərlik, oxşar
zahiri əlamətlər
tapmaq mümkündür.
Lakin bütün bunların müqabilində onlar bir-birindən fərqlənir
və seçilirlər.
Bu tamaşalardakı rollarından
Süleyman Sani Axundovun “Eşq və intiqam”ında Zöhrə, Səməd Vurğunun “İnsan”ında
Səhər, Qeybulla Rəsulovun “Qarabağ əfsanəsi”ndə Günəş,
Anatoli Boryanovun “O tayda”sında Valentina Nikolayevna rollarının ifası realist faciə janrında idi. Romantik-dramatik rollarından
Gülbahar (“Müsibəti-Fəxrəddin”,
Nəcəf bəy Vəzirov), Xuraman (“Vaqif”, Səməd Vurğun), Afaq (“Nizami”, Mehdi Hüseyn), Oliviya (“On ikinci gecə”, Vilyam Şekspir), Cenevrə (“Dərin köklər”, Ceyms Qou və Arno D'Nyusso), Şirin (“Fərhad və Şirin”, Səməd Vurğun), Nataşa (“Şərqin səhəri”,
Ənvər Məmmədxanlı),
Reyhan (“Cavanşir”, Mehdi Hüseyn) və müəyyən mənada Hermiona (“Qış nağılı”,
Vilyam Şekspir) və digərlərini misal göstərmək olar.
Hökümə xanım Azərbaycan milli səhnəsində misilsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, səngiməz
temperamentli, coşğun
emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi
olmaqla bərabər,
realist üslubda da möhtəşəm sənət
nailiyyətləri qazanıb.
Onun haqqında yazılan məqalələrdən birində
deyilir: “Teatr tariximizdə Hökümə
Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Tamaşaçı, salonunun arxa
sıralarında əyləşən
sənətsevərlər də
onun məşəl kimi yanan, alovlu
və ağıllı
gözlərindəki mənaları
aydınca görür,
duyur və dərk edirdilər. Aktrisa lazım gələndə
səhnədə dəqiqələrlə
mərmər abidə
kimi “donub” qala bilirdi (məsələn,
Şekspirin “Qış
nağılı”nda Hermiona
rolunda)”.
Doğrudan da, mənalı, zərif və cazibəli plastikası vardı. Hərəkətlərini personajın ictimai-sosial
mənsubiyyətinə, mənəvi-əxlaqi
xüsusiyyətlərinə, hadisələrin psixoloji dramatizminə ahəngdar həssaslıqla bağlayıb
əlaqələndirirdi.
Vaxtilə Hökümə Qurbanova
ilə bir səhnəyə çıxan
və ya onu səhnədə görən insanlar, az da olsa, hələ yaşayırlar. O dövrdə
teatrın səhnəsində
Barat Şəkinskaya, Leyla
Bədirbəyli, Nəcibə
Məlikova, Sofa Bəsirzadə
kimi aktrisalar çalışırdılar. Onların arasında Hökümə
xanım seçilirdi.
“Qış nağılı”ndakı
Germiona ,
“Nişanlı qız”
da Bənövşə
rolunu da çox gözəl oynamışdı. Aktrisa “Antoni
və Kleopatra”dakı
Kleopatra rolunu isə böyük istedadla yaratmışdı.
Və bir də “Sənsiz”
tamaşasındakı Sevinc
rolunu teatrşünaslar
onun yaradıcılığında
zirvə adlandırırlar.
Şəxsi həyatındakı uğursuzluq
obrazların dolğun
olmasını sanki tamamlayırdı. Deyilənə görə, Ələsgər
Ələkbərovla ayrıldıqdan
sonra həyatındakı
natamamlıq ona əzab verirdi. Sonra tale onu teatrın baş rəssamı Nüsrət Fətullayevlə
yaxınlaşdırdı. Onlar 25 ilə yaxın bir yerdə ömür sürdülər.
Sevimli qızı Vəfa öz şıltaqlığı,
mehribanlığı və
səmimiyyəti ilə
bu ailənin bağlarını daha da möhkəmləndirdi.
Hökümə xanım
könülsüz də
olsa, qızının
onun sənət yolunu davam etdirməsinə
xeyir-dua verdi.
Vəfa dünyasını erkən
dəyişəndə Hökümə
xanım çox sarsılmışdı. Sevimli qızının
ölümündən sonra
Hökümə xanım
da xəstələndi.
Aktrisa “Azərbaycanfilm”in istehsal etdiyi “Bir ailə”
filmində Leyla, “Onu bağışlamaq olarmı?”da
Kəmalə xanım
, “Mən rəqs edəcəyəm” kinolentində
Mahmudun anası, “İnsan məskən salır”da Ana rollarına çəkilib.
Hökümə Qurbanova iki çağırış
Azərbaycan SSR Ali Sovetinin
deputatı olub. 17 iyun
1943-cü ildə Azərbaycan
Respublikasının Əməkdar
artisti, 24 may 1960-cı ildə
Xalq artisti, 2 mart
1965-ci ildə SSRİ Xalq
artisti fəxri adlarına layiq görülüb. Bu görkəmli
aktrisa 1988-ci il
noyabrın 2-də Bakıda
vəfat edib. Fəxri xiyabanda dəfn olunub. Onun əziz xatirəsi
həmişə xalqımızın
qəlbində yaşayacaq.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2018.- 10 iyun.- S.5.