Çənnəb: istirahətin doğru ünvanı

 

İkinci dəfədir ki, Ordubad rayonun ucqar dağ kəndi olan Çənnəbə yolum düşür. Naxçıvan şəhərindən Çənnəbə qədər olan məsafə təxminən 75 kilometrdir. Bizi müşayiət edən rahat yol uzaq məsafəni yaxın edir. Nə vaxt kəndə yetişdiyinin fərqində belə olmursan.

 

2013-cü ildə burada yeni sosial obyektlərin açılışı olub. Ötən ilin payızında isə Düylün-Çənnəb-Üstüpü-Məzrə kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu rahat yol adamı Çənnəbə yox, sanki cənnətə aparır.

Çənnəbin qapısında səni ilk qarşılayan buranın zəhmətkeş insanları olacaq. Çənnəblilər əsasən kartof və kələm əkini ilə məşğul olurlar. Göz işlədikcə uzanan əkin sahələri gözəl bir tablonu xatırladır: “Bərəkətli torpaqlar”. Qonşu Üstüpü kəndi kimi Çənnəbin də kələmi bazarlarda adıyla tanınır. Kələm əkini üçün bu torpaqlar olduqca əlverişlidir. Bu ərəfədə yolunuz düşsə, səhər saatlarından kişi-qadın, uşaq, bir sözlə, bütün ailə üzvlərini sahələrdə görəcəksiniz. Hərə bir işlə məşğuldur. “Bərəkətli olsun!”, – deyib üzüyuxarı kəndin içinə doğru qalxırıq. Kəndin saf havası, dumduru bulaq suları, dörd bir tərəfini əhatə edən əzəmətli dağlar, yüksəklikdən baxanda yaşıllıqların içində ağaran evlər insanı məftun edir. Kənd dəniz səviyyəsindən təqribən 1300 metr yüksəklikdədir. Burada kənd adamlarının “Bədərək” adı verdiyi bir bulaq da var. Günün hansı saatında getsəniz, bulaq başında əlində su qabı olan qız-gəlinlərlə rastlaşacaqsınız. Bir parç ürəksərinlədici bulaq suyundan verib, ürəkdolusu da tərif edəcəklər. Deyilənə görə, suyun tərkibi zəngindir və zob xəstəliyinə qarşı olduqca təsirlidir. Böyrək və öd xəstəliklərində də əhali arasında geniş istifadə olunur. Onun üçün həyətlərində içməli su olsa da, məhz bu bulağın suyundan istifadə etmək üçün evlərə daşıyar, süfrələrinin əsas nemətinə çevirirlər.

Kəndin içərilərinə doğru getdikcə maraq adamı daha çox bürüyür. Elə uzaqdan tarixin izlərini özündə yaşadan evlər diqqətini cəlb edəcək. Öyrənirik ki, burada əksər evlər 19-cu əsrin əvvəllərindən qalmadır. Yəni yaşı 200 ilə qədərdir. Canlı tarix yaşanır bu kənddə. Evlərin divarlarının qalınlığı hardasa 1 metrə yaxındır. Bu qalınlıq pəncərələrdən daha aydın müşahidə edilir. Divarların dörd bir yanını taxçalar bəzəyir. Belə evlərdə heç bir şəkildə kondisionerə ehtiyac duyulmur. Hətta belə tarixi tikililərdən birində maraqlı mənzərəyə rast gəldik. İkimərtəbəli evdən həyətyanı sahəyə keçmək üçün körpü salınıb. İlk baxışdan bayırı nisbətən nimdaş görünsə də, əslində, yerli sakinlər bu evlərə həm tarixi ata-baba ocağı olduğuna görə, həm də qədim Naxçıvana məxsus tikili kimi dəyər verirlər. Kənd sakinləri, imkanları olsa da, bu evləri yeniləmək niyyətində deyillər. Axı bir sıra infrastrukturu– yolları, inzibati binaları müasirləşən Çənnəb indi məhz bu evlərə görə tarixlə müasirliyin vəhdətinə çevrilib.

Evlərin zirzəmisinə gəldikdə isə tamamilə fərqli quruluşdadır. Tağşəkilli bu zirzəmilər evboyuncadır və buzxananı xatırladır. Memarlıq quruluşu onların tarixinin qədim olduğunu söyləməyə əsas verir. Bir anlıq özünü keçmişdə hiss edirsən. Qapılar cəviz, palıd və qarağacdan kustar üsulla düzəldildiyi üçün çox ağırdır. Necə deyərlər, zindan kimi. Zirzəmidən evə pillələr salınıb. Tavandan sallanan dəmir halqalar, qarmaqlar ət asmaq üçün nəzərdə tutulub. Üzərinə tənziftipli parça salmaqla əti uzun müddət saxlamaq mümkündür. Həmçinin üzümü qışa saxlamaq üçün milax edib bu qarmaqlardan asırlar. Bir sözlə, yayda soyuducu, qışda anbar rolunu oynayan bu zirzəmilərdə ərzaq məhsulları saxlanılıb və hazırda da saxlanılır. Yayın cızhacızında bu zirzəmilərə girmək və 5 dəqiqə durmaq kifayət edir ki, üşüyəsən.

Bir qədər də Çənnəbin insanları haqqında. Təsəvvür edin, ilk dəfə getdiyiniz bir kənd və tanımadığınız insanlar. Narahat olmayın. Bu qonaqpərvər, istiqanlı insanların hər birinə qonaq olmağa belə vaxtınız yetməyəcək. Hansı qapıdan keçsəniz, sizi evə dəvət edəcəklər. İlin istənilən fəslində qabağınıza hər cür naz-nemət düzəcəklər. Ordubadlıların nəyi də olmasa, limonu, çeşid-çeşid mürəbbəsi, meyvəsi və meyvə qurusu mütləq olacaq. Öz əllərinin zəhməti ilə hazırladıqları, yetişdirdikləri məhsulları ilə öyünəcəklər. Haqsız deyillər də. Ekoloji cəhətdən saf məhsullar süfrələrini bəzəyir.

Burada özünüzü o qədər rahat hiss edəcəksiniz ki, inanın, özünüzü ən doğma insanların əhatəsində biləcəksiniz. Özünüzü burada yad hiss etməyəcəksiniz, çünki cənnət dedikləri elə buradır. Bütün qayğı və problemləriniz kənddəki dumduru, gursulu kəhrizlərin dərinliyində itib-batacaq. Bir sərinlik, rahatlıq, doğmalıq hiss edəcəksiniz. Və istirahət üçün bu kəndi seçdiyinizə heçpeşman olmayacaqsınız. Çənnəb yay tətilinizin ünvanı ola bilər.

                                  

 

Ruhiyyə RƏSULOVA,

Naxçıvan televiziyasının

baş redaktoru

 

Xalq qəzeti.- 2018.- 10 iyun.- S.7.