Milli qurtuluşdan başlanan
inkişaf yolu
Xalqların malik olduğu
maddi-mənəvi potensialın konkret dövlət modelində
realizə edilməsi və dayanıqlı inkişaf
üçün vacib əsasların
formalaşdırılması, bir qayda olaraq, böyük liderlərin
fenomenal idarəçilik keyfiyyətləri sayəsində
gerçəkləşir. Tarixin inkişaf
axarını dəyişmək əzminə malik belə
liderlər mütərəqqi inkişaf modelinin siyasi və
iqtisadi əsaslarını, gələcəyin strateji yol xəritəsini
müəyyənləşdirirlər. Çoxsaylı
nümunələr əsasında demək olar ki, hər bir xalq
inkişaf yolunu məhz belə liderlərin rəhbərliyi ilə
dəqiqləşdirmiş, dünya miqyasında layiqli yer
tutmaq, özünü təsdiqləmək imkanı
qazanmışdır.
“Hər bir insanın həyat yolunu onun xarakteri müəyyənləşdirir”. – Böyük
Çin mütəfəkkiri Konfutsinin bu kəlamı
günümüz üçün də aktualdır. İnsanın mahiyyəti, mənəvi keyfiyyətləri,
liderlik xüsusiyyətləri, həqiqətən də, onun əməllərində
real təcəssümünü tapır. Yəqin
elə buna görədir ki, bütöv bir toplumun, xalqın
liderinə çevrilərək onu öz ideyalarının
arxasınca aparmaq səadəti hər şəxsiyyətə
nəsib olmur. Bu kontektsdə əminliklə deyə bilərik
ki, dünya miqyaslı ictimai-siyasi xadim, ümummilli lider Heydər
Əliyev Azərbaycanın yarım əsrlik tarixinin müəllifi
olaraq, müstəqil Azərbaycan dövlətçiliyinin
ideoloji-siyasi, iqtisadi və mənəvi əsaslarını
yaratmış, xalqın müstəqil və güclü
dövlətə sahib olmaq arzusunu praktik şəkildə
gerçəkləşdirmiş strateq kimi çağdaş
tariximizdə əbədiyaşarlığını təmin
etmiş, sağlığında canlı əfsanəyə
çevrilmişdir.
Ulu öndər Heydər Əliyevin şəxsiyyət
kimi böyüklüyünü təcəssüm etdirən
başlıca xüsusiyyətlərdən biri də onun siyasi
fəaliyyətinin bütün mərhələlərində
ümumxalq mənafeyi ilə bağlı məsələlərdə
heç bir riskdən çəkinməməsi, cəsarət
və qətiyyət göstərməsi, ədalət
meyarına sadiqliyi olmuşdur. Məhz həmin keyfiyyətləri
sayəsində böyük strateq bu günlərdə 100
illik yubileyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan
Xalq Cümhuriyyətinin süqutundan sonra
insanlarımızın istiqlal duyğularında
qığılcım kimi közərən milli dövlətçilik
düşüncəsini ötən əsrin 70-ci illərinin əvvəllərindən
başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan
dövləti kimi əzəmətli reallığa
qovuşdurmuşdur.
Milli müstəqillik hər bir xalqın, dövlətin
davamlı inkişafını milli ideya səviyyəsinə
yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və
mədəni potensialdan səmərəli istifadəyə
geniş imkanlar yaradır. Ötən əsrin sonlarına
doğru “soyuq müharibə”nin başa çatması zəminində
cərəyan edən qlobal proseslərin məntiqi yekunu olaraq,
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinə
əlverişli zəmin yaranmış, beləliklə
xalqın qəlbində qubara çevrilmiş bir ideya gerçəkləşmişdir.
Fəqət, müstəqillik nemətinə
qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub
saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək
inkişafına etibarlı bünövrə hazırlamaq kimi
məsuliyyətli və çətin mərhələni də
keçməli olur.
1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək
respublikada hökm sürən acınacaqlı vəziyyət
bunu bir daha təsdiqləyir. Həmin dövrdə sosial-iqtisadi tənəzzülün
dərinləşməsi, insanların sosial rifah halının
pisləşməsi, ictimai-siyasi sabitliyin addımbaşı
pozulması, insan hüquqlarına təminatın olmaması və
s. destruktiv proseslər respublikanın de-fakto müstəqilliyinə
imkan vermirdi. Hakimiyyətdə olan qüvvələrin
dövlətin, xalqın taleyi və gələcək
inkişaf yolu ilə bağlı yetkin baxışlar sisteminin
olmaması insanlarda keçmişə – sosializmə
“nostalgiya” hisslər yaradır, ümumən milli müstəqillik
idealının mahiyyətinə mənfi təsir göstərir,
onun ictimai rəydə adekvat dərkinə mane olurdu. Siyasi rəhbərliyin qətiyyətsizliyi
bütövlükdə Azərbaycan dövlətçiliyinə
ciddi təhlükəyə çevrilən neqativ meyillərin
baş qaldırmasına - siyasi mübarizədə qanunsuz
silahlı birləşmələrdən istifadəyə,
etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib
çıxarmışdı. 1993-cü ilin iyun ayında
Gəncədəki qarşıdurma isə artıq hərc-mərcliyin,
anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı total
inamsızlığın kuliminasiya nöqtəsinə
yetişməsi idi.
Belə bir vəziyyətdə səbri tükənmiş
Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə
qayıtması tələbini daha qətiyyətlə irəli
sürdü.
Hər gün Azərbaycanın müxtəlif
yerlərindən Naxçıvana nümayəndələr
yollanır, teleqramlar göndərilir, Heydər Əliyev
hakimiyyətə, çətin vaxtda xalqın hayına
çatmağa dəvət edilirdi. Xalq
yeganə çıxış yolunu öz böyük
oğlunun şəxsiyyətində, qətiyyət və zəkasında
görürdü. Xalq və tarix
qarşısında məsuliyyət hissindən qorxuya
düşən, o biri tərəfdən özünün
yaratdığı problemlər məngənəsindən
çıxış yolu tapa bilməyən AXC – Müsavat
rejimi xalqın bu haqlı tələbinin qarşısında
davam gətirə bilmədi. İyunun 9-da
Heydər Əliyev Bakıya gəldi, artıq ilk təzahürləri
meydana çıxmış vətəndaş müharibəsi
alovunu söndürmək üçün Gəncəyə
getdi, böyük çətinliklər və iradi qüvvə
bahasına böhranın səngidilməsinə nail oldu.
1993-cü il iyunun 15-də müstəqil
Azərbaycanın siyasi tarixinin ən məsul və
şanlı günlərindən biri yaşandı. Azərbaycan Respublikası Milli Məclisinin
iclasında Heydər Əlirza oğlu Əliyev Ali Sovetin sədri
seçildi.
Azərbaycan
xalqının azadlığının, müstəqil
dövlətçiliyinin müqəddəratının həll
edildiyi ən ağır günlərdə Heydər Əliyevin
öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə
qayıtması əslində onun müstəqil Azərbaycan
Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq
hərəkatında qazanılmış tarixi nailiyyətləri
məhv olmaqdan xilas etmək kimi çox çətin və
şərəfli bir missiyanı könüllü olaraq öz
üzərinə götrüməsi idi. Bu,
sözün əsil mənasında, “ömrümün qalan
hissəsini də xalqıma bağışlayıram” deyib,
meydana atılan böyük ürəkli Vətən
oğlunun öz xalqı, öz Vətəni
qarşısında misilsiz fədakarlığı idi.
Müasir
tariximizin elmi-fəlsəfi və politoloji nöqteyi-nəzərdən
görkəmli tədqiqatçısı, Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev “Azərbaycanda müstəqil dövlətçiliyi
yaradan və yaşadan – ümummilli lider Heydər Əliyevin
qadir siyasətidir” əsərində haqlı olaraq yazır:
“XX əsr tarixində, dünya siyasətində etiraf edilən
fenomen şəxsiyyət Heydər Əliyevin
yaratdığı milli dövlətçilik tarixin bizə bəxş
etdiyi milli sərvətdir və onun dəyərini dərk etməliyik.
İstər Azərbaycan tarixində, istərsə
də xalqın yaddaşında Heydər Əliyev müstəqil
və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur
insan və ən böyük vətəndaş kimi
qalmışdır və qalacaq. O, Azərbaycanın ən
yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm
etdirən, müstəqil dövlətin siyasi, iqtisadi,
hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan,
onların ardıcıl inkişafını təmin edən
siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir”.
İyunun
15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi
ölkədəki kütləvi inamsızlıq,
xaos və hərc-mərclik mühitinin aradan qalxmasına,
siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi
mənasında, xalqın böyük fəlakətlərdən
qurtulmasına real zəmin yaratmışdır. Ulu öndər
hakimiyyətə gəldiyi ilk gündən “de-yure” müstəqil
sayılan Azərbaycanı “de-fakto” qurmağa, onun milli
dövlətçilik atributlarını
formalaşdırmağa başlamış, suverenliyi şərti
müstəqillik aktı və bəyanatlar səviyyəsindən
çıxarmışdır. Müstəqillik
yolunun bir çoxlarının düşündüyündən
də uzun və əzablı yol olduğunu yaxşı bilən
ümummilli lider Heydər Əliyev, ilk növbədə, Azərbaycanı
taleyin ixtiyarına buraxılmış dövlət
düşüncəsindən
uzaqlaşdırmışdır.
Ümummilli lider bu mərhələdən Azərbaycanın
yeni dövr üçün demokratik inkişaf modelini
müdrikliklə irəli sürmüş, eyni zamanda, bu
mütərəqqi dəyişikliklərin ictimai
şüurda tədricən qəbul olunması zərurətini
önə çəkmişdir. Böyük öndərin
dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini
və müasir Avropa dəyərlərini özündə
birləşdirən yeni inkişaf modeli olmuşdur. İctimai-siyasi sabitlik amili bu modelin əsas
dayaqlarından, istinad nöqtələrindən biri kimi
çıxış etmişdir. Şübhəsiz,
sabitliyə nail olmadan yeni idarəetmə sisteminə
keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və
demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə
nail olmaq mümkün deyildir.
Siyasi dəstək olmadan yeni iqtisadi münasibətlərin
təşəkkül tapması qeyri-mümkündür. Bu baxımdan
Heydər Əliyevin iqtisadiyyatın
liberallaşdırılmasına, sahibkarlığın
inkişaf etdirilməsinə ardıcıl siyasi və ideoloji
dəstəyi iqtisadi yeniləşmə prosesinin dönməzliyini
təmin etmişdir. Ümumiyyətlə, ulu öndərin
müəyyənləşdirdiyi iqtisadi inkişaf
strategiyasının əsasını üç mərhələdə
həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil
etmişdir: Birinci mərhələdə
güclü dövlət tənzimlənməsi ilə
böhrandan çıxmaq, ikinci mərhələdə
iqtisadiyyatın sabitliyini təmin etmək,
üçüncü mərhələdə isə iqtisadi
dirçəlişə nail olmaq. Hər bir mərhələyə
uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində
1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin
edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət
meyillər özünü göstərməyə
başlamışdır. İslahatların
ardıcıl və sistemli şəkildə həyata
keçirilməsinin tərəfdarı kimi
çıxış edən Heydər Əliyev yeni mərhələdə,
ilk növbədə, torpaq islahatı və dövlət
mülkiyyətinin özəlləşdirilməsinin
vacibliyini önə çəkmiş, bu proses keçid
dövrünün bəzi kiçik
çatışmazlıqlarına rəğmən, uğurla
başa çatdırılmışdır. İqtisadiyyatın
bütün sahələrini əhatə edən özəlləşdirmə
prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı
meyarlarının sürətlə formalaşmasına,
ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə
real zəmin yaratmışdır.
Azərbaycan üçün demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğu yolunu seçmiş
ümummilli lider Heydər Əliyev ölkəmizdə liberal dəyərlərin
və qanunçuluğun möhkəmlənməsinə ilk
gündən xüsusi diqqət yetirmişdir. 1995-ci ilin 12 noyabrında
ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş
müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin
gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə
yanaşı, insan hüquq və azadlıqlarının təminatını
da dövlətin ali məqsədi kimi
ön plana çıxarmışdır. Konstitusiyada
hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini
tapmış, zamanın tələbi ilə səsləşən
məhkəmə-hüquq islahatlarının həyata
keçirilməsinə fundamental hüquqi zəmin
yaradılmışdır. Konstitusiyada əksini
tapmış müddəaların üçdə birinin
sırf insan hüquqları ilə bağlı olması da ulu
öndərin insan hüquqlarına necə böyük həssaslıqla
yanaşdığının bariz təcəssümüdür.
Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda
çoxpartiyalı sistem, siyasi plüralizm, söz, mətbuat
və sərbəst toplaşmaq azadlığı bərqərar
olmuş, dövlət idarəçilik sistemi tamamilə yenidən
qurulmuş, məhkəmə-hüquq islahatları
aparılmışdır. Ulu öndərin respublikaya rəhbərliyi
illərində ölüm cəzasının, mətbuat
üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın
Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi,
respublikada üçpilləli məhkəmə sisteminin
formalaşdırılması, Konstitusiya Məhkəməsinin
fəaliyyətə başlaması, İnsan Hüquqları
üzrə Müvəkkil
(Ombudsman) İnstitutunun yaradılması, konstitusiyaya
mütərəqqi ruhlu əlavə və dəyişikliklərin
edilməsi və digər məsələlər demokratik
inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdən
olmuşdur.
Ümummilli lider Heydər Əliyev müstəqil
dövlətçilik konsepsiyasının
uğurlarını təmin edən başlıca amillərdən
biri də xalqın milli təhlükəsizliyinin, dövlətin
ərazi bütövlüyünün təminatı sahəsində
kompleks tədbirlərin görülməsidir. Ölkənin
Silahlı Qüvvələrinin yaradılması dövlətçiliyin
əsas atributu və qarantı hesab olunsa da, təəssüf
ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti
ələ keçirməyə müvəffəq olmuş məlum
səriştəsiz qüvvələrin səbatsız siyasəti
nəticəsində bu amil Azərbaycanın dövlətçiliyi
üçün təhlükəyə çevrilmişdi.
Ordunun siyasiləşməsi, dövlətçilik
prinsiplərinə əsasən deyil, şəxsi siyasi
maraqlara nəzərən formalaşdırılması sonda Azərbaycanın
müstəqilliyi üçün ciddi təhlükə mənbəyi
idi. Ulu öndər Heydər Əliyev
siyasi hakimiyyətə qayıtdıqdan sonra bu tendensiyaya
qarşı ciddi mübarizə aparmış, dövlətin
milli təhlükəsizliyinin və ərazi
bütövlüyünün təminatçısı
funksiyasını yerinə yetirən sabit və güclü
Silahlı Qüvvələrin yaradılmasına nail
olmuşdur.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan
xalqı qarşısındakı böyük xidmətlərindən
biri də cəmiyyətinin vahidliyinin,
bütövlüyünün təmin olunması, milli
ideologiyanın sistem halında təqdimatıdır. Bu, bir
reallıqdır ki, ulu öndər cəmiyyətin vahidliyini təmin
edərək, onun müxtəlif istiqamətlər – sosial bərabərsizlik,
regional faktor, dini və milli mənsubiyyət amili
baxımından parçalanmasına imkan verməmişdir.
“Hər bir insan üçün milli mənsubiyyəti
onun qürur mənbəyidir. Mən həmişə fəxr
etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam” – deyən ulu
öndər dünya azərbaycanlılarını azərbaycançılıq
ideologiyası ətrafında səfərbər etmişdir.
Hər
hansı milli ideyanın uğurla həyata keçirilməsi,
müstəqilliyin möhkəmləndirilməsi prosesində
mühüm şərtlərdən biri də cəmiyyətin
milli-mənəvi dəyərlər ruhunda səfərbər
olunmasıdır. Ümummilli lider Heydər Əliyevin dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan
əlifbası və Azərbaycan dili gününün təsis
edilməsi ilə bağlı 2001-ci ildə
imzaladığı fərmanlar, 2001-ci il
13 avqust tarixli milli-mənəvi dəyərlərin qorunub
saxlanması barədə Azərbaycan xalqına müraciəti
bu baxımdan xüsusi vurğulanmalıdır. Bütün
bunlar, ilk növbədə, transformasiya dövrünü
yaşayan ölkələrdə milli sosial-mədəni
üstünlük mərkəzlərini dəyişməyə
qadir qloballaşmaya tutarlı cavab olmuşdur.
Fəlsəfi
dilçilik məktəbinin banisi, alman alimi V.Humboldt yazır:
“Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir – bundan
güclü eynilik təsəvvür etmək çətindir”.
1995-ci ildə Azərbaycan Respublikasının ilk Milli
Konstitusiyasının qəbulu ərəfəsində ulu
öndərin ictimaiyyətin müxtəlif təbəqələrinin,
dilçi alim və ziyalıların iştirakı ilə
keçirdiyi genişmiqyaslı müzakirələr,
diskussiyalar, nəhayət, yekdil qərarın qəbulu ilə
nəticələnmişdir: xalqımız referendum yolu ilə
öz prinsipial mövqeyini nümayiş etdirərək, Azərbaycan
dilinin Konstitusiyada dövlət dili kimi təsbitlənməsinə
səs vermiş, bununla ana dilimizin cəmiyyətdəki
mövqeyi bərpa olunmuşdur.
Xüsusi
vurğulamaq lazımdır ki, elm və təhsil sahəsində
müşahidə etdiyimiz islahatların uğurlu təməli
məhz ulu öndərin 1993-cü ilin iyununda hakimiyyətə
qayıdışından sonra qoyulmuşdur. Ümummilli lider
1993-cü il sentyabrın 28-də ictimaiyyət nümayəndələri
ilə ilk görüş yeri kimi məhz Azərbaycan Elmlər
Akademiyasını seçməklə, intellektual
potensialın daşıyıcıları olan elm xadimlərinin,
ziyalıların cəmiyyətdəki roluna necə
böyük önəm verdiyini bir daha nümayiş
etdirmişdir.
Ümummilli liderin həmin illərdə irəli
sürdüyü elm və təhsil konsepsiyasının əsas
qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi,
demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin
sürətlə həyata keçirilməsi, dövlətin
iqtisadi potensialının gücləndirilməsi kimi ümdə
prinsiplər təşkil etmişdir. Təhsil hüququ əsas
müəllifi ulu öndər Heydər Əliyev olan müstəqil
Azərbaycan Respublikasının ilk Konstitusiyasında hər
bir vətəndaşın vacib hüquqlarından biri kimi elan
olunmuşdur.
Siyasi varisliyin təmin olunması əsrlər boyu
formalaşmış dövlətçilik irsinin qorunması
və inkişaf etdirilməsi anlamında, əslində, hər
bir ölkə üçün aktualdır. Söhbət
ölkənin və xalqın sabit, dinamik inkişafının
təkamül yolu ilə davam etdirilməsindən gedir.
Bu mənada, əminilklə demək olar ki, ümummilli lider
Heydər Əliyevin strategiyasını son 15 ildə inamla
davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev
cəmiyyətdə mütləq çoxluğun alternativsiz
liderinə çevrilmişdir.
Ölkə vətəndaşları 2018-ci ilin 11 aprel
seçkilərində cənab İlham Əliyevin şəxsində
məhz inkişaf etmiş Azərbaycana, onun davamlı
uğurlarına, güvənli gələcəyinə - bir
sözlə, sabitlik, inkişaf və rifaha səs vermişlər. Şübhəsiz, bu
yüksək etimad, ilk növbədə, hələ
2003-cü ilin oktyabrında “Mən hər bir azərbaycanlının
prezidenti olacağam” – deməklə, səlahiyyətlərinin
icrasına başlamış cənab İlham Əliyevin
ötən 15 ildə Azərbaycanı dinamik inkişaf yoluna
çıxarması ilə şərtlənmiş tərəqqi
kursunun vətəndaşlar tərəfindən dəstəklənməsinin
təcəssümü olmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə
2003-cü ildən bəri iqtisadi islahatlar uğurla davam
etdirilmiş, ölkəmiz qısa müddətdə qlobal rəqabət
qabiliyyətinə görə dünyada 35-ci yerdə qərarlaşmışdır. Bu illər ərzində
ölkə iqtisadiyyatı 6 dəfə böyümüş,
adambaşına düşən milli gəlir 5 dəfədən
çox artmışdır. Ölkədə
qiymətlərin sabitliyi qorunmuş, xarici valyuta gəlirlərinin
əhəmiyyətli dərəcədə artması nəticəsində
böyük həcmdə strateji valyuta ehtiyatları
formalaşdırılmış, milli valyutanın məzənnəsinin
izafi möhkəmlənməsinə yol verilməməklə
beynəlxalq rəqabət qabiliyyəti qorunmuşdur.
Adambaşına düşən xarici investisiyaların həcminə
görə MDB və Şərqi Avropada aparıcı dövlətlərdən
olan Azərbaycan xaricə investisiya yatıran ölkələrdən
birinə
çevrilmişdir.
Bu gün Azərbaycan dövlətinin həyata
keçirdiyi iqtisadi siyasət nə bazar fundamentalizminə, nə
də inzibati-amirlik metodlarına əsaslanır. Dövlətin
iqtisadi siyasəti bir tərəfdən sosial ədalət, digər
bir tərəfdən də, səmərəli iqtisadiyyat
prinsipləri ilə uzlaşdırılır. Statistik
göstəricilər son 15 ildə ölkə
iqtisadiyyatının səmərəli inkişafını və
dayanıqlılığını bir daha təsdiq edir:
Ötən dövrdə ölkənin strateji valyuta
ehtiyatları 26,2 dəfə artaraq 44
milyard ABŞ dollarına çatmışdır. 2004-2017-ci
illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə
3,2 dəfə, o cümlədən
qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Bu dövrdə
sənaye real ifadədə 3,8 dəfə, o cümlədən
qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı
1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə,
turizm 14,2 dəfə artmış, iqtisadiyyata 230 milyard ABŞ
dollarından çox investisiya qoyulmuşdur.
Əminliklə demək olar ki, Azərbaycan Prezidenti
İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi islahatlar
respublikamızın dinamik sosial-iqtisadi inkişafını təmin
etmiş, modernləşmə kimi mürəkkəb prosesin
etibarlı iqtisadi bazisini formalaşdırmışdır. Hazırda
qarşıya qoyulmuş başlıca məqsəd Azərbaycanı
inkişaf etmiş dövlətlər səviyyəsinə
çatdırmaqdır. Yeni Azərbaycan Partiyasının
qurultayında cənab İlham Əliyev bununla bağlı
demişdir: “Bizim artıq güclü dövlətimiz
vardır - müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf
proqramımız vardır. Bu proqramın
reallaşması nəticəsində Azərbaycan inkişaf
etmiş ölkələrin sırasına daxil ediləcəkdir.
Əgər gələcəklə bağlı fikirlərimizi
bir cümlə ilə ifadə etsək, deməliyik: biz
inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin
meyarları vardır. Bunları bilirik və biz hər
bir istiqamət üzrə o meyarlara çatmalıyıq - həm
siyasi, iqtisadi
islahatlar, sosial siyasət və digər istiqamətlərdə.
Buna nail olmaq üçün həmişəki
kimi, cəmiyyətimiz bir nöqtəyə vurmalıdır”.
Dövlətimizin
başçısının “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi
haqqında” 30 dekabr 2012-ci il tarixli, “Milli
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə
strateji yol xəritələrinin təsdiq edilməsi
haqqında” 6 dekabr 2016-cı il tarixli fərmanları da
islahatların elmi əsaslarla aparılmasını təmin
etmişdir. Bu məqsədlə Azərbaycan Respublikası
Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi
Xidməti, eləcə də Maliyyə Bazarlarına Nəzarət
Palatası, İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzi, Maliyyə Sabitliyi və Turizm
şuralarının, eləcə də bu günlərdə
Maliyyə Monitorinqi Xidmətinin yaradılması səmərəli
nəticələr vermişdir.
MDB məkanında iqtisadi sahədə keçid
dövrünü ilk olaraq başa vurmuş Azərbaycan bu
gün özünəməxsus milli inkişaf modeli ilə
tanınır.
Bu modelin üstün cəhətləri ilə
bağlı beynəlxalq maliyyə qurumlarında geniş
müzakirələr, təhlillər aparılır. Respublikamız son illər bütün investisiya layihələrini
daxili resurslar hesabına reallaşdırmaqla yanaşı,
regionda sərmayədar dövlət kimi çıxış
edir. Ukrayna, Gürcüstan, Moldova,
İsveçrə, Rusiya və digər dövlətlərin
iqtisadiyyatına sərmayə qoyur. Bir
müddət əvvəl Cənub Qaz Dəhlizinin təntənəli
açılışı mərasimi Avropanın enerji təhlükəsizliyində
Azərbaycanın yeri və rolunun getdikcə gücləndiyini
bir daha təsdiqləmişdir.
Xatırlatmaq yerinə düşər ki, hələ
90-cı illərin əvvəllərində Azərbaycanda
adambaşına düşən ümumi daxili məhsulun həcmi
cəmi 300-400 dollar arasında idi. Və belə bir şəraitdə
müstəqil Azərbaycan demokratik proseslərin əsaslarını
qoysa belə, tam demokratik ölkə sayıla bilməzdi.
Son illərdə isə Azərbaycanda
adambaşına ümumi daxili məhsulun həcmi artaraq 5 min
manatı ötmüşdür. Milli gəlir,
adambaşına düşən məhsul istehsalı
artdıqca, təhsilə, elmə, səhiyyəyə,
informasiya vasitələrinə, informasiya texnologiyalarına
ayrılan vəsaitlər çoxalır. Bu
da insanların bir-birinə yaxınlaşması, demokratik
proseslərin inkişafı üçün daha möhkəm
təməl yaradır. Məhz buna görə
də cənab İlham Əliyevin prezidentliyinin əsas
konsepsiyası güclü iqtisadi bazanın
yaradılmasından ibarətdir. Məhz
güclü iqtisadi baza siyasi və hüquqi islahatları da
uğurla davam etdirmək imkanı yaradır.
Azərbaycan
iqtisadi uğurları ilə yanaşı, həm də müstəqil
xarici siyasəti ilə dünya miqyasında maraq və mənafelərini
layiqincə müdafiə edir. Beynəlxalq hüquq
normalarına, qarşılıqlı inam və etimada, faydalı
əməkdaşlığa əsaslanan xarici siyasət yeridən
Azərbaycan qonşu dövlətlərlə münasibətlərini
son illərdə daha da inkişaf etdirməyə nail olmuş,
regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini
fəal şəkildə dəstəkləmişdir. Ölkə diplomatiyası regional əməkdaşlıq,
enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda
təmsilçilik kimi məsələlərdə milli
maraqların prioritetliyini maksimum səviyyədə təmin
edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik
meyillərinə rasional və təmkinli münasibət
göstərir. 2003-2018-ci illərdə
respublikada təşkil olunmuş bir sıra mötəbər
beynəlxalq tədbirlər ayrı-ayrı sahələri əhatə
etməklə, rəsmi Bakının beynəlxalq əlaqələrinə
də ciddi təkan vermişdir.
Bütün bunlarla yanaşı, Azərbaycanın
dövlət müstəqilliyi üçün müəyyən
təhdidlərin hər zaman mövcudluğunu, lakin xalq-iqtidar
birliyi qarşısında belə cəhdlərin
uğursuzluğa düçar olduğunu da açıq demək
lazımdır. Əhali və ərazi baxımından o
qədər də böyük olmayan, əhalisi əsasən
İslam dininə etiqad edən bir ölkənin bölgənin
faktiki güc mərkəzinə çevrilməsi ilə
heç cür barışa bilməyən bədnam qüvvələr
narahatlıqlarını ən müxtəlif formada izhar
etdirir, ölkəmizə qarşı “təzyiq
rıçaqları” tapmağa çalışırlar.
“İkili standartlar”ın əsirinə
çevrilən bəzi dövlətlər və beynəlxalq
təşkilatlar ölkəmizdə demokratik proseslərin dərinləşməsini,
vətəndaşların maddi rifah halının güclənməsini
qətiyyən arzulamırlar.
Azərbaycan
Prezidenti cənab İlham Əliyev respublikamıza bu cür təzyiq
göstərmək istəyən qüvvələrin hələ
də mövcudluğunu, lakin belə cəhdlərin hər
zaman iflasa uğrayacağını əminliklə
demişdir: “...Görəndə ki, özünün, necə
deyərlər, ləyaqətini həmişə saxlayan,
heç kimin qarşısında baş əyməyən,
müstəqil siyasət aparan ölkə var, bu da bəziləri
üçün bir problemə çevrilir. Yenə
bu mərkəzdən də bizə qarşı hücumlar, təzyiqlər
başlayır...Biz öz yolumuzla gedəcəyik, öz
bildiyimizi edəcəyik. Çünki
bizim, yenə də deyirəm, güclü dayaqlarımız
vardır. Bu da Azərbaycan
xalqıdır”.
Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi, professor Əli Həsənov
demişdir: “Bu gün müasir Azərbaycanı Heydər Əliyevsiz
təsəvvür etmək çətindir. Bu
görkəmli siyasi xadim təkcə öz xalqının və
Azərbaycan dövlətçiliyinin tarixində deyil, həm
də bütün postsovet məkanında silinməz izlər
qoyub. O, dünyada danılmaz nüfuz və dərin
hörmət qazanıb”. Bəli, Azərbaycan məhz
Heydər Əliyev dühasının müəyyənləşdirdiyi
düzgün yolla irəliləyir, inkişaf edir. Bunun nəticəsidir
ki, respublikamız cəmi 25 il inanılmaz
inkişaf yolu keçərək bir sıra Qərb dövlətlərinin
onilliklər ərzində zərrə-zərrə əldə
etdiyi iqtisadi tərəqqiyə nail olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən
Milli Qurtuluş Günü ilə bağlı maarifləndirici
tədbirlərin həyata keçirilməsi, Milli Qurtuluşun
fəlsəfəsinin izah edilməsi istiqamətində bir
sıra işlər görülmüşdür, Bilik Fondu
İdarə Heyətində təsdiq edilmiş xüsusi tədbirlər
planı işlənib hazırlanmış, ölkənin
müxtəlif yerlərində “Milli Qurtuluşdan intibaha”,
“Xilaskarlıq və quruculuq missiyası”, “Sabitlik və
inkişaf: uğur formulu” və sair mövzularda mühazirələr
təşkil edilmiş, “dəyirmi masa”lar, konfranslar
keçirilmiş, qısametrajlı film çəkilmiş,
fondun əməkdaşlıq etdiyi xarici ölkələrin
müvafiq qurumlarının rəsmi elektron ünvanlarına məlumat
xarakterli materiallar göndərilmiş, yerlərdə Bilik evlərinə
və Bilik Fondunun yerli nümayəndələrinə silsilə
tədbirlərin keçirilməsinin təmin edilməsinə
dair təlimat xarakterli göstərişlər verilmişdir.
Milli Qurtuluş tarixinin 25-ci
ildönümü günlərində əminliklə deyə
bilərik ki, ulu öndər Heydər Əliyevin xaos və
anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən
xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan
hazırda onun layiqli davamçısı - Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın
sürətlə inkişaf edən, yeniləşən,
müasirləşən, demokratikləşən dövlətinə
çevrilmişdir. Respublikamız qlobal
böhranı inamla geridə qoyaraq, sürətli sosial-iqtisadi
inkişafını qoruyub saxlayır, böyük infrastruktur
layihələri, regional proqramlar həyata keçirir,
Avropanın enerji təhlükəsizliyində
sözünü deyir. Cəmiyyətin
bütün sahələrində özünü göstərən
dirçəliş, intibah meyilləri sosial-mədəni
sferada da qabarıq büruzə verir. Ən
başlıcası, bu gün Azərbaycan cəmiyyətinin
bütövlüyü və monololitliyi təmin olunmuş,
insanlarda uğurlu gələcəyə nikbin baxış
formalaşmışdır.
İsaxan Vəliyev,
Azərbaycan Respublikasının
Prezidenti
yanında Bilik Fondunun aparat rəhbəri,
hüquq üzrə elmlər doktoru, professor
Xalq qəzeti.-
2018.- 14 iyun.- S.8.