Zirvəyə gedən yolun

ilk böyük uğuru...

 

İnsan xisləti qəribədir. Bəzən qəlbimiz sevincdən çırpınanda da, kədərdən sıxılanda da öncə ürəyimizdən musiqi dinləmək keçir. Qulaqlarımızda “Şur” səslənir, “Karvangedir, “Cəngi” cövlan edir, “Qarabağ şikəstəsi” “Şirvan şikəstəsi”ni əvəz edir. O yandan Ədalətin sazı yandıra-yandıra gəlir... Gözüyumulu bu musiqi çələngində oğul istəyirəm müvazinətini saxlaya! Mümkünsüzdür.  Çünki musiqi təkcə qulağa xoş gələn səs deyil, qanımıza, canımıza hopan, ana bətnindəykən bizi ağuşuna alan ruhumuzun qidasıdır. Ruhumuzun özəyidir...

 

Hansı alətdə ifa edilməsindən asılı olmayaraq, biz həmişə musiqi ilə nəfəs almış, onunla böyümüşük. Və nə yaxşı ki, ölkəmizdə də musiqiyə bu qədər dəyər verilir, illərin sınağından süzülüb gələn, ana laylası qədər həzin musiqi layiqincə qiymətləndirilir. Vaxtilə şöhrəti ölkələr aşanDan ulduzuinstrumental ansamblının bədii rəhbəri Gülarə Əliyevanı xatırlayıram. Onun barmaqlarından süzülüb gələn həzin musiqi ruhumuzu dincəldir... Və yenə nə yaxşı ki, sənət ölmür, yaşayır, nəsildən-nəslə ötürülür... Yarışlar keçirilir, müsabiqələr təşkil olunur, gənclər həvəsləndirilir, dəyərləndirilir...

Bu günlərdə Azərbaycan musiqisini xarici ölkədə layiqincə təmsil edən pianoçu Ceyhun Əzizovun Fransada, müsabiqədə gənc pianoçular nominasiyası üzrə ilk yerə layiq görülməsi xəbərini eşitdik. Keçirilən müsabiqə barədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) baş müəllimi, fəlsəfə doktoru Minaxanım Babayeva bunları dedi:

– Pianoçuların Fransada keçirilən XII  Beynəlxalq müsabiqəsi bu il yenidən öz qapılarını iştirakçıların və qonaqların üzünə açdı. Müsabiqənin Azərbaycanın Əməkdar artisti, Fransa Ali Musiqi Akademiyasının direktoru,        dünya şöhrətli pianoçu Adilə Əliyevanın adı ilə bağlı olması təsadüfi deyildi. 25 ilə yaxındır ki,  Fransanın Annamesse şəhərində yaşayan pianoçu 50-dən çox ölkənin konsert salonlarında uğurla çıxış edərək, tamaşaçıların rəğbətini qazanıb.  Onun dünyanın  bir sıra məşhur səsyazma studiyalarında 30-dan artıq kompakt-diski yazılıb, haqqında İngiltərə, Almaniya, Belçika, İsveçrədə 200-dən çox müxtəlif radio və TV-lərdə mütəmadi xəbərlər, xüsusi verilişlər hazırlanıb. Adilə xanım Əliyeva Qara Qarayev, Arif Məlikov, Cövdət Hacıyev, Tofiq Quliyev, Oqtay Rəcəbov, Vaqif Mustafazadə və başqa bəstəkarların əsərlərini məharətlə ifa edərək, musiqi mədəniyyətimizin dünyada tanınmasında yaxından iştirak edib.

Heydər Əliyev Fondunun və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi, eyni zamanda, Fransa hökümətinin təşəbbüsü ilə keçirilən bu möhtəşəm müsabiqə 1996-cı ildən başlayaraq, iki ildən bir təşkil olunur və hər dəfə həmin musiqi yarışında 320-dən çox iştirakçı çıxış edir. Müsabiqə ildən- ilə daha uğurla keçirilərək nüfuzlu beynəlxalq musiqi yarışmalarının sırasında  öz yerini möhkəmlədib, Avropa dövlətlərinin, habelə Amerika Birləşmiş Ştatları musiqi ictimaiyyətinin böyük  marağına səbəb olur. İndiyədək bu yarışmada bir çox beynəlxalq müsabiqələrin laureatları olan 2150 pianoçu iştirak edib. Bu yarışma pianoçular arasında dünyanın ən yaxşı 20 müsabiqəsi ilə bir sırada durur.

Builki müsabiqə may ayının 14–dən 17-dək Fransanın Annamasse  və İsveçrənin Cenevrə şəhərində 3 yaş  kateqoriyasinda--birinci kiçik, ikinci orta, üçüncü yaş qrupu isə peşəkar ifaçıların iştirakı ilə keçirildi. Münsiflər heyətinə Azərbaycan, ABŞ, Fransa, Niderland, Polşa, Finlandiyadan bəstəkar, dirijor, müsiqi redaktoru və tənqidçisi, orkesr dirijoru və digər musiqi peşəkarları daxil idi.

Rusiya, Yaponiya, Fransa, Çin və digər  ölkələrdən olan tamaşaçıların izlədikləri builki yarışmada Azərbaycandan gələn on bir  gənc ifaçıdan beş nəfər finala çıxdı. Onlardan ikisi fəxri diplomlarla təltif olundu, üç ifaçı isə laureat adı qazandı. Gənc pianoçular kateqoriyasında birinci yerə albaniyalı pianoçu Taşko Kostandin və Azərbaycandan Ceyhun Əzizov layiq görüldülər.

Qeyd edək ki, ölkəmizin İsveçrə Konfederasiyasındakı səfirliyi həmin müsabiqənin iştirakçıları üçün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan xüsusi mükafat təsis etmişdi. Bu mükafat müsabiqənin münsiflər heyəti və Azərbaycan səfirliyinin birgə rəyi əsasında seçilmiş qalibə təqdim olundu.  Müsabiqə çərçivəsində ümummilli liderin xatirəsinə həsr olunan musiqi parçaları səsləndirildi.

İfaçılardan Ceyhun Əzizov Heydər Əliyev mükafatı ilə təltif edilərək, Parisin Alfred Karto adına  Ali Musiqi Akademiyasında pulsuz təhsil almağa layiq görüldü. Artıq üçüncü dəfədir ki, azərbaycanlı pianoçuya müsabiqə tərəfindən həmin mötəbər akademiyada pulsuz təhsil almaq üçün  şərait yaradılır və bu, Adilə xanımın Azərbaycan ifaçılıq məktəbinin inkişafına verdiyi böyük bir dəstəkdir.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 2-ci kurs tələbəsi, məşğul olduğu sənətə məsuliyyətlə yanaşan Ceyhun Əzizov BMA-nın fortepiano fakültəsinin professoru, Əməkdar müəllim N.Rimazinin sinfində təhsil alır. Təbii ki, bu gəncin belə böyük uğur qazanmasında müəlliminin də rolu var. Gənc ifaçı onun üçün bu şəraiti yaratdıqlarına görə Xalq artisti, dünya şöhrətli pianoçu F.Bədəlbəyliyə və öz müəllimi N.Rimaziyə təşəkkürünü bildirməyi unutmur. Müsabiqədə Fəxri diplomla təltif edilən Ramazan Hüseynov isə 16 saylı musiqi məktəbinin şagirdidir.

Uşaqlar kateqoriyasında Azərbaycandan ikinci yerə Q.Qarayev adına musiqi məktəbinin 4-cü sinif şagirdi Münəvvər Əliyeva, üçüncü yerə S.Rüstəmov adına 13 saylı musiqi məktəbinin birinci sinif şagirdi Məsmə Seyfullayeva layiq görüldülər.

 ...Ceyhun hələ zirvəyə gedən yolun başlanğıcındadır. Pianoçu üçün Parisdə--Alfred Karto adına Ali Musiqi  Akademiyasında təhsil almağın nə demək olduğunu musiqiçilər daha yaxşı bilirlər. İllər keçəcək. Ceyhunun da adı dünya şöhrətli pianoçuların adları ilə bir sırada çəkiləcək. Müəllimləri onun parlaq gələcəyinə böyük ümid bəsləyirlər.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2018.-  23 iyun.- S.9.