Qadın yazarlar Xalça muzeyində

 

Azərbaycan Xalça Muzeyində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunmuş mediaturda ölkənin tanınmış media orqanlarını təmsil edən qadın jurnalistlər iştirak etmişdir.

 

Muzeyin direktoru Şirin Məlikova  xanım jurnalistləri qarşıdan gələn 8 mart Qadınlar günü  münasibətilə təbrik edərək bildirmişdir ki, muzeydə  olan eksponatların çoxu xanımların əl işləridir. “Bu əsərlər bizim mədəniyyətimizi, adət-ənənələrimizi özündə əks etdirir”.  S.Məlikova  ötən  il Avstriya auksion şirkətindən əldə edilmiş XVII əsrin sonu – XVIII əsrin əvvəllərinə aid unikal “Şamaxı” xalçası    Heydər Əliyev Fondu adından  bağışlanmış XVIII əsrə aid Azərbaycan xalçası haqqında məlumat verdi. Qeyd olundu ki, “Azərbaycan xalçası” sənəti 2010-cu ildə  UNESCO-nun Bəşəriyyətin qeyri-maddi

mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.  Xalça ilə bağlı uğurlarımız çoxdur. Dövlət başçısının, ölkənin Birinci vitse-prezidentinin diqqəti və qayğısı nəticəsində bu gün xalçaçılıq sənətimiz dünyada geniş təbliğ edilir.

Sonra Azərbaycan xalça muzeyi ilə  tanışlıq başladı. Jurnalistlərə muzeyin ekspozisiyasında nümayiş olunan xalçalar, tikmələr, zərgərlik məmulatları,  mis qablar, arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif eksponatlar haqqında maraqlı məlumatlar verildi.

Direktor onu da bildirdi ki,  Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC)  tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülmüşdür. Ona görə də Azərbaycan Xalça Muzeyinin təcrübəsini CIDOC  dünya muzeylərinə bir nümunə kimi təqdim etməkdədir.

 

Ülviyyə VAHİDQIZI

 

Xalq qəzeti.- 2018.- 7 mart.- S.12.