Sənətə gözəllik bəxş edən qadınlar

 

Ölkəmizin yaradıcı həyatının inkişafında qadınlarımız həmişə yaxından iştirak etmişlər. Rəssam, bəstəkar, rejissor və müğənnilərimizin, kino və teatr aktyorlarımızın arasında onlarca qadın sənətçimiz var ki, onlar ölkəmizin sənət həyatının zənginləşməsinə öz töhfələrini verirlər. Azərbaycan tarixinə nəzər salarkən göz önünə ilk növbədə Məhsəti Gəncəvi, xan qızı Natavan və digər yaradıcı qadınlarımız gəlir.

Azərbaycan teatrı yarandığı ilk vaxtlarda qadın rollarının ifaçısını tapmaq ciddi problem idi. Adətən, bu rolları kişilər ifa etməli olurdular. Əhməd Ağdamskinin belə rolları, yəqin ki , oxuculara tanışdır. Bu məsələ Anarın “Üzeyir ömrü ” filmində çox əhatəli əks olunmuşdur. İtaliyada musiqi təhsili almış Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi Şövkət Məmmədovanın adı musiqi mədəniyyəti tariximizə qızıl hərflərlə yazılıb.

Milli kinomuzda da bu məsələ ciddi problem idi. Mərhum kimyaçı alim İzzət Orucova ilk filmlərimizin qəhrəmanı oldu. Aktrisa Mərziyyə Davudovanın milli teatrımızda yaratdığı rollar teatr tariximizdə əhəmiyyətli rol oynadı.

Qadın sənətçilərdən danışarkən Xalq artisti Leyla Bədirbəylinin yaradıcılığını xüsusi olaraq vurğulamaq lazımdır. Azərbaycan aktyorluq məktəbinin layiqli nümayəndəsi kimi onun sənəti, demək olar ki, əsl məktəb idi. “Arşın mal alan” filmində Gülçöhrə roluna görə o, SSRİ Dövlət mükafatına layiq görülmüşdü. Onun kinomuzda yaratdığı müxtəlif xarakterli qadın rolları əsl mənada yüksək sənət nümunələridir.

Milli aktyorluq sənətinin inkişafında böyük xidmətləri olan Hökumə Qurbanova, Münəvvər Kələntərli, Barat Şəkinskaya, Nəcibə Məlikova, Sofa Bəsirzadə, Məhluqə Sadıxova və digər sənətkarlarımızın yaratdıqları teatr və kino qəhrəmanları bu gün də sevilir və unudulmur.

Zəngin yaradıcı fəaliyyəti ilə həmişə hörmət və məhəbbətlə qarşılanan Xalq artisti Nəsibə xanım Zeynalova hər birimizin yaddaşında yaşayacaqdır. Uzun illər Musiqili Komediya Teatrının səhnəsində öz rolları ilə qəlblərə sevinc bəxş edib. Onun kinoda yaratdığı Cənnət xala , Xeyrənsə, Züleyxa və başqa qəhrəmanları ümummilli çalarları və təbiiliyi ilə seçilir.

Milli kinomuzun yaradıcıları sırasında kinorejissor Zeynəb Kazımovanın adı həmişə hörmət və məhəbbətlə yad edilir. Bir sıra filmlərimizin quruluşçu rejissoru kimi tanınmış Gülbəniz Əzimzadənin xatirəsi də sənətsevərlər üçün əzizdir.

Azərbaycan təsviri sənətinin inkişafında qadın rəssamlarımızın rolu danılmazdır. Xalq rəssamları Vəcihə Səmədova, Maral Rəhmanzadə, Elmira Şaxtaxtinskaya və başqalarının rəssamlığın müxtəlif janrlarında yaratdıqları əsərlər bu gün də müzeylərimizin ekspozisiyalarını bəzəməkdədir.

Bu bayram günündə milli bəstəkarlıq məktəbimizi inkişaf etdirən qadın sənətçilərimizi də yad etmək yerinə düşərdi. Şərqdə ilk opera müəllifi olan qadın bəstəkarımız Şəfiqə Axundova mahnıları ilə də milli musiqimizə qiymətli töhfələr vermişdir. Elə mərhum bəstəkar Elza İbrahimovanın da mahnıları bu gün sevilə- sevilə oxunur. Azərbaycanın qadın bəstəkarları sırasında Firəngiz Əlizadə, Ruhəngiz Qasımova və başqalarının yaradıcılığı musiqi sənətimizin inkişafına xidmət etməkdədir.

Azərbaycan cox istedadlı qadın müğənnilər yetişdirmişdir. Şövkət Məmmədova, Yavər Kələntərli, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradovanın xatirələri hər birimizin qəlbində yaşayır. SSRİ Xalq artisti Zeynəb Xanlarova mahnıları ilə Azərbaycanı dünyaya tanıtdı. Gənc pianoçu Əzizə Mustafazadə dünyanın böyük konsert salonlarında milli mədəniyyətimizi ləyaqətlə təmsil edir.

Bu bayram günü sənətçi qadınlarımızın çox az bir qismini xatırladıq. Əminik ki, qadın sənətçilərimiz mədəni dəyərlərimizin inkişafına bundan sonra da öz töhfələrini verəcəklər.

 

Əziz qadınlar, bayramınız mübarək!

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 8 mart.- S.9.