Bu gün onların da bayramıdır

 

Şəhidlər xiyabanında düşüncələr

 

Küçədə bir canlanma var, əllərdə çiçəklər, hədiyyələr... İsti sevgi dolu baxışlarından oxunur fərəhləri.

 

Kimini həyat yoldaşı, kimini nişanlısı, kimini qardaşı, dostu-tanışı təbrik edir. Bəli, bu gün onlarınailələrə səadət bəxş edən fədakar qadınların, cəmiyyətə nümunəvi övlad bəxş edən anaların, bacıların bayramıdır. Bütün dünyada qeyd olunan 8 Mart--Beynəlxalq Qadınlar Günü ölkəmizdə bayram edilir. Necə deyərlər, bu bayramdan Azərbaycan qadınına da pay düşür.

Azərbaycan qadını tarixən nəcibliyi, gözəlliyi ilə yanaşı, isməti-namusu, vəfası, sədaqəti, yeri gəldikcə qəhrəmanlığı ilə seçilib. Azərbaycan qadını Tomrisin simasında cəsur sərkərdə, Burla Xatunun simasında sədaqətli həyat yoldaşı, Sara Xatunun simasında uğurlu diplomat, Xurşudbanu Natəvanın simasında nəcib ana xeyriyyəçi xanımdır. Bu siyahını xeyli uzatmaq da olar.Demək istədiyim budur ki, tarixin bütün dövrlərində Azərbaycan qadını üzərinə düşən bütün əsas missiyaları zərif çiyinlərində şərəflə daşıya bilib. Azərbaycanın müstəqilliyini qazandığı ilk illərdə olduğu kimi.

Bu gün həm məzar daşlarından boylanan o zərif baxış sahiblərinin bayramıdır. Bu bayramda xatırlanmaq, yad edilmək həm onların haqqıdır...

Fərizə Allahverdiyeva. Xiyabanın girişindəcə bura gələnlər sənin ülvi hisslərinə, sevginə sadiqliyinə baş əyir. Sən İlhamsız yaşaya bilmədin, bacı. İkinizin itkisi qohumları göynətsə , sən İlhamla olan sevgini 20 Yanvar gecəsi ədəbiləşdirdin. Azərbaycan gəncinə sevməyi , sevilməyi , onun uğrunda ölməyi öyrətdin. Əfsanəvi sevgilər ancaq dastanlarda olur, – deyirdilər. Ancaq sevgiyə inanmayanlar da indi sizi böyük sayğı ilə xatırlayırlar...

Salatın Əsgərova. Peşəsinə, qələminə Vətəninə sadiq bir xanım. Azərbaycanın ilk şəhid qadın jurnalisti. Sən Qarabağda erməni silahlılarının törətdiyi vəhşiliklərə biganə yanaşa bilmirdin. Həm jurnalist, həm vətəndaş kimi. Hər dəfə böyük cəsarətlə cəbhəyə yollanırdın xəbər dalınca. Molodyoj Azerbaydjanaqəzetinin oxucuları məhz sənin imzanla oxuyurdu cəbhədən reportajları. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında sənin əyləşdiyin maşını erməni silahlıları atəşə tutdu...Bir zərif ürək dayandı... Amma sənin Vətənə olan sevgini, peşənə məhəbbətini məhv edə bilmədi. Bu gün sən yenə jurnalistika fakültəsinin tələbələri, gənc jurnalistlər, həmkarların tərəfindən yenə xatırlanırsan. Balaca qoyub getdiyin Ceyhun da böyüyüb, indi onun imzası da jurnalistikamızda tanınır. Bayramın mübarək, əziz həmkarım!

Qaratel Hacımahmudova. Sənin ömrünü yarımçıq qoydu lənətə gəlmiş müharibə. İçindəki yurd sevgisi səni çətin qanlı günlərdə ­rahat qoymadı. Doğulduğun Aşağı Əskipara kəndinin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşuldun. Aslanın erkəyi-dişisi olmaz”, – deyib onlarla bir səngərdə döyüşdün. Yeri gəldikcə, həm yemək bişirdin, həm silah götürüb, səngərdə mübarizə apardın. Başqa qadınlar isti ocağında olduğu halda, sən alovun içinə atıldın. Bilirdinmi bunun sonunda ölüm var, sınaq var?! Bilməmiş deyildin. Sənin üçün Vətənin hər qarışını, xüsusilə doğulduğun kəndi qorumaq bütün dəyərlərdən qat-qat ucada idi. Elə olmasaydı, düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyin zəhəri içib, canına qıymazdın.

Gültəkin Əsgərova. Qürurluyam. Mən sənin təhsil aldığın 200 saylı məktəbin məzunuyam. Müəllimlərimiz tədbirlərdə həmişə səndən danışıb bizə. Büstünün önünə tər çiçəklər qoyanda sənin kimi bir cəsur olmağı arzulamışıq zamansa. Sən balaca Əminəni Rəfiqə anaya əmanət etdin. Qarabağda od-alovun içinə gedəndə neçə-neçə döyüşçümüzün yaralarına məlhəm oldun. Çünki sən həm həkimlik peşəsini seçəndə and içmişdin. Rəfiqə anaya məktubda yazırdın:“Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər!” Elə bu missiya uğrunda da canını fəda etdin. 1992-ci il 19 iyulda Aranzəmin uğrunda gedən döyüşlər zamanı xalatlı xilaskar xanım kimi gözlərini əbəbi yumdun... Bugün həkim olmaq arzusunda olan gənclərimiz üçün sən əsl nümunə qəhrəmansan.

Xiyabanda Xocalıdan olan 5 yaşlı qızın da məzarı var. Görəsən sənin adın idi? Kimin ciyərparası idin?! Sonuncu dəfə səni kim təbrik eləmişdi? Yəqin doğmaların ad günlərini keçiriblər, hədiyyə alıblar.. İndi isə hədiyyən al qan rəngli güllərdir...

Sizin hər biriniz zaman taleyin ağır sınaqlarından şərəflə çıxdınız. İndi fiziki olaraq aramızda olmasanız da, öz cəsarətiniz Vətənə bağlılığınızla həmişə gələcək xanımlara örnəksiniz. Çünki siz bir qəhrəmansınız. Azərbaycan gənci gücləndikcə, Vətənə bağlandıqca, onlar arasında da Gültəkinlər, Salatınlar, Qaratellər yetişəcək.

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2018.- 8 mart.- S.9.