Teatrlarımız müasirləşməkdə
davam edir
10 Mart Milli Teatr
Günüdür
1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin
teatr həvəskarları truppası tərəfindən
M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran”
komediyası tamaşaya qoyuldu.
Bu şərəfli işdə H.Zərdabi
və N.Vəzirov mühüm rol oynamışdılar. Bu
tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu.
Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları (“Maral oyunu”, “Kilimarası”), bayram tamaşaları (“Kos-Kosa”), dini səciyyəli tamaşalar (“Şəbih”) və s. geniş yayılmışdı. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden, Çuxursəd bəylərbəyinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üçhissəli bir tamaşa göstərmişdilər. Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlamışdı ki, onu “Şərqin operası” adlandırmışdı.
Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H.Z.Tağıyevin böyük xidməti oldu. O, Bakı şəhərində ilk teatr binasını inşa etdirdi. Tezliklə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi müqtədir simaları yetişdi. Azərbaycanda teatr sənətinin inkişafında Üzeyir və Ceyhun Hacıbəyov qardaşlarının da böyük əməyi olmuşdur.
AXC-nin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi.
Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi.
Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından
biri də Azərbaycan Dövlət
Teatrının təşkili olunması idi.
Bu, Azərbaycan professional teatrının
dövlət teatrı
statusu alması demək idi. Bu teatrın
pərdələri ilk dəfə
1918-ci il noyabrın 4-də N. Nərimanovun
“Nadir şah” əsərinin
tamaşası ilə
açılmışdı.
Sovet hakimiyyəti
illərində Azərbaycanda
teatr sənəti daha da inkişaf
etdi. Sovet ideologiyasını və rejimini tərənnüm edən
əsərlərlə yanaşı,
xalqın həyatı,
güzəranı, tarixi
keçmişi ilə
bağlı əsərlər
də repertuarlarda geniş yer almışdı.
Bu gün respublikada
26 dövlət teatrı
fəaliyyət göstərir. Dövlətimiz milli teatrın inkişafına böyük
qayğı ilə yanaşır. “2009-cu ildə Prezident İlham Əliyev “Azərbaycan teatrı 2009-
2019-cu illərdə” Dövlət
Proqramı qəbul edilməsi ilə bağlı sərəncam
imzalamışdır. Ötən dövr ərzində proqram çərçivəsində
bir sıra uğurlu layihələr reallaşdırılmışdır. Teatr binaları əsaslı təmir olunmuş, repertuar siyasəti yenilənmiş, yaradıcı
heyətlərin sosial
güzəranı əsaslı
şəkildə yaxşılaşmışdır.
Dövlətlərarası mədəni əməkdaşlıq
haqqında ikitərəfli
sazişlərə uyğun
olaraq respublika teatrları xarici ölkələrdə keçirilən
müxtəlif festivallarda
uğurla çıxış
edirlər.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2018.- 10 mart.- S.6.