“Zaman
və teatr” elmi-praktik konfransı
Azərbaycan Teatr Xadimləri İttifaqında
“Zaman və teatr” adlı elmi-praktik konfrans keçirilib. Konfrans Azərbaycan
Milli Peşəkar Teatrının yaranmasının
145-ci ildönümü çərçivəsində
baş tutub. Tədbirdə ölkəmizin tanınmış
mədəniyyət və
teatr xadimləri iştirak ediblər.
Konfrans Mədəniyyət
və Turizm Nazirliyi, Mədəniyyət
və İncəsənət
Universiteti və Teatr Xadimləri İttifaqının birgə
təşkilatçılığı ilə təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa
Nemət konfransın əhəmiyyətindən söz
açıb. Xalq artisti milli teatrımızın keçdiyi
inkişaf yolundan danışıb və bildirib ki, bu
məktəb vətənpərvər
ruhlu sənətkarların
formalaşmasında müstəsna
rol oynayıb. Bu gün Azərbaycanda
mədəniyyət sahəsinə
dövlət tərəfindən
xüsusi qayğı
göstərilir. Teatr binaları
əsaslı təmir
olunur və müasir avadanlıqlarla təmin edilir. Ölkəmizdə milli dəyərlər
sisteminə əsaslanan
yeni teatr tipi və səhnə mədəniyyəti ilə
seçilən aktyorlar
məktəbi mövcuddur.
Tədbirdə vurğulanıb ki, dövlət başçısı teatr sahəsinin inkişafı ilə bağlı müvafiq sərəncamlar imzalayıb. Belə ki, “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam və “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının təsdiq edilməsi buna bariz nümunədir.
Daha sonra Əməkdar incəsənət xadimləri İlham Rəhimli “Milli Teatr və müstəqillik yolu”, Məryəm Əlizadə “Səhnəqrafiya: Tarixdən bu günə”, Rafiq Sadıxov “Azərbaycanda rejissuranın inkişaf mərhələləri”, sənətşünaslar Aida Qafarova “Teatr Xadimləri İttifaqının Azərbaycan teatr prosesində rolu” və Ceyran Mahmudova “Teatr və musiqi” adlı məruzələrlə çıxış ediblər.
Sonda Azərbaycan teatr sahəsində fəaliyyətlərinə görə bir qrup sənət adamı mükafata layiq görülüb.
Ülviyyə
VAHİDQIZI
Xalq qəzeti.- 2018.- 10
mart.- S.6.