AXC dövründə milli-mənəvi
dəyərlərimizin qorunması
Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyinin
keçirilməsi ilə bağlı imzaladığı sərəncamda
AXC-nin az vaxt ərzində
qazandığı nailliyyətlərdən bəhs olunur və qeyd edilir ki, maarifin
və mədəniyyətin inkişafına xüsusi
diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil
milliləşdirildi, xalqın sonrakı illərdə mədəni
yüksəlişi üçün zəmin
hazırlayan, ictimai fikir
tarixi baxımından müstəsna əhəmiyyətli
işlər görüldü.
Digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə çatdırılması istiqamətində də AXC-nin fəaliyyətinin öyrənilməsi diqqət mərkəzindədir. Ədəbiyyat, teatr, musiqi, təsviri sənət və memarlıq sahələrində bir canlanma yarandı. Məlumdur ki, professional teatrmızın tarixi 1873-cü ildən başlayır, buna baxmayaraq, yalnız cümhuriyyət dövründə, dövlət teatrının əsası qoyuldu.
Teatrın inkişafı üçün xüsusi qərarla Mayılov qardaşları Teatrının binası məcburi surətdə, lakin ədalətli qiymətlə alındı. Teatrın zəngin repertuarı var idi. Milli dramaturqlarla yanaşı , dünya klassiklərinin əsərləri də bu teatrda oynanılırdı. Türkiyə qəzetləri yazırdı ki, “Qafqazın zəngin səhnələrində çıxış etməyə alışmış aktyorlar qətiyyən Avropanı yamsılamadan, öz milli xəzinələrindən götürülmüş və bizim ruhumuza tamamilə uyğun tamaşalar verirlər”.
Xalqın milli mənlik şüurunun formalaşmasında teatrın rolunu qiymətləndirən Azərbaycan hökuməti Mayılov qardaşları Teatrını Maarif Nazirliyinin tabeliyinə vermişdi. Ceyhun və Üzeyir Hacıbəyli qardaşları tərəfindən Bakıda teatr truppası yaradılmışdı. Truppada Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev kimi böyük sənətkarlar çalışırdılar. Bakıda Hüseyn Ərəblinskinin rəhbərliyi altında Azərbaycan Dövlət Teatrı fəaliyyətə başlamışdı. Teatrda oynanılan əsərlərin çoxu xalqın qəhrəmanlıqla dolu keçmişini, türk dünyasının əzəmətini əks etdirirdi. C.Cabbarlının “Bakı müharibəsi”, “Yulduz, yaxud Trablis müharibəsi” kimi tarixi əsərləri tamaşaya qoyulmuşdu.
“Leyli və Məcnun” operası ilə Azərbaycan professional musiqisinin təməlini qoymuş, sonralar bir sıra dəyərli opera və musiqili komediyaların müəllifi olmuş Üzeyir Hacıbəyli həmin illərdə “Dağıstan” və “Azərbaycan” adlı xoreoqrafik əsərlərini , eləcə də “Azərbaycan” marşını bəstələmişdir. Vətənpərvərlik hisslərinin, mütərəqqi ideyaların, milli qürurun tərənnümü olan bu marş 1992-ci il 27 may tarixli fərmanla Azərbaycan Respublikasının Dövlət himni kimi qəbul edildi.
Daha bir böyük bəstəkarımız Müslüm Maqomayevin 1916-cı ildə yazdığı “Şah İsmayıl” operası məhz AXC dövründə böyük uğurla tamaşaya qoyuldu.
1918-20-ci illərdə Üzeyir Hacıbəylinin “O, olmasın, bu, olsun”, “Arşın mal alan”, Əbdürrəhimbəy Haqverdiyevin “Bəxtsiz cavan”, Namiq Kamalın “Akif bəy”, yaxud “Namus” əsərləri də teatrlarda oynanılmışdı. Azərbaycanda türk (Azərbaycan) dilində ilk böyük kitabxananın açılması da həmin dövrə təsadüf edir.
Cümhuriyyət dövründə rəssamlıq sahəsində də canlanma var idi. Rəssam Əzim Əzimzadənin karikaturaları öz orijinallığı ilə diqqət çəkirdi. Bəhruz Kəngərlinin əsərlərində dövrün problemləri əks olunurdu. 1919-cu ildə ilk rəssamlıq studiyası yaradıldı. Studiyanın üzvü Bəhruz Kəngərli öz tablolarında, əsasən, erməni təcavüzü zamanı yurd-yuvalarından qaçqın düşmüş qadın və uşaqların ağır vəziyyətini təsvir edirdi. O, qaçqınlar mövzusuna aid böyük rəsm qalereyası yaratmışdı.
AXC hökuməti ölkəmizdə muzeylərin yaradılması istiqamətində də mühüm işlər gördü. Mədəniyyətimizin tarixində böyük hadisələrdən biri olan “ İstiqlal” muzeyi o dövrün yadigarıdır. Bu mədəniyyət müəssisəsi Azərbaycanın tarix və mədəniyyətini, milli-bədii irsini nümayiş və təbliğ edən ilk dövlət muzeyidir. Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan parlamentinin işə başlamasının ildönümü münasibətilə onun binasında açılıb və parlamentin nəzdində fəaliyyət göstərib. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamentinin Rəyasət Heyəti hesabına idi. Burada tariximizi, dinimizi əks etdirən eksponatlar – məişət əşyaları, silahlar, əlyazmalar toplanmışdı.
Azərbaycan xalqının öz istiqlalını əldə etməsi ədəbi mühitdə də böyük canlanmaya səbəb olmuşdu. Şair və yazıçılarımızın yaradıcılığında vətənpərvərlik ruhu güclənir və istiqlal uğrunda mübarizəni özündə əks etdirən əsərlər yaranırdı. Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Əliabbas Müznib və digər ədiblərimiz öz əsərləri ilə milli ruhun oyanmasına kömək edirdilər.
Bu dövrdə H.Cavidin “Şeyx Sənan”, M.Hadinin “Eşq ilahəsi” əsərləri çap olunmuşdur. C.Cabbarlı Bakının türk qoşunları tərəfindən azad edilməsinə həsr etdiyi “Bakı müharibəsi” pyesini yazmışdı. O, Azərbaycanın istiqlalını “Azərbaycan bayrağı” şeiri ilə alqışlamışdı. C.Məmmədquluzadənin “Anamın kitabı”, “Kamança” əsərləri də o dövrün məhsullarıdır.
1918-1920-ci illərdə Azərbaycanda yaşanan tarixi hadisələr kino istehsalına da təsirsiz ötüşmədi. Yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyəti incəsənət və xüsusən, kino sahəsində layihələrin həyata keçirilməsində maraqlı idi. Lakin görüləcək işlərin çoxluğu, zamanın azlığı, kino sahəsində yerli mütəxəssislərin olmaması da bu sahənin inkişafına mane olurdu.
AXC cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan xalqının həyatında tarixi hadisəyə çevrildi. Milli hökumət mövcud olduğu qısa müddət ərzində milli dövlətçiliyin əsaslarını qurmaqla yanaşı, Azərbaycanda mədəni quruculuq – təhsil, milli mədəniyyət, ədəbiyyat və incəsənət, sosial-mədəni sahənin inkişafı ilə bağlı xeyli işlər gördü.
Xalq Cümhuriyyəti illərində kinoteatrlarda Azərbaycan Milli Ordusunun yaranmasını və sərhədlərimizin necə qorunub saxlanmasını, erməni daşnaklarının özbaşınalığına son qoymaq üçün xilaskar türk ordusunun Azərbaycan xalqının köməyinə gəlişini, milli hökumətin dinc quruculuq işlərini əks etdirən xronikal-sənədli filmlər göstərilirdi.
1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətinin 1-ci ildönümü gününün təntənə ilə bayram edilməsi lentə alınaraq, “Azərbaycan müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı sənədli filmi çəkildi. Film iyunun 13-də Bakının “Ekspress” və “Rekord”, bir qədər sonra “Forum” kinoteatrında nümayiş etdirildi.
1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyasının XI ordusu tərəfindən işğal olundu, Xalq Cümhuriyyəti süqut etdi. Milli hökumətin bütün sahələrdə, o cümlədən mədəni quruculuqla bağlı nəzərdə tutduğu böyük işlər yarımçıq qalsa da, sovet dövründə mədəniyyət, eləcə də kino yeni inkişaf mərhələsini yaşadı...
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövründə mədəni-maarif işinin yüksəlişinə böyük qayğı ilə yanaşılmış və bu yöndə tarixi əhəmiyyətli işlər görülmüşdür.
Hazırladı:
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2018.- 15
mart.- S.8.