Novruz kosmoqonik və
mifoloji xalq təfəkküründə
Novruz qədim tarixə malik
olan bayramlarımızdandır. Novruz nə bir məzhəb,
nə də bir dini bayramdır. Bu bayram
baharın gəlməsi münasibətilə qeyd edilir. Novruz astronomik hadisə ilə bağlı
gündür. Həmin gün şimal yarımkürəsində
astronomik yaz girir, gecə-gündüz bərabərləşməsi
baş verir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin
canlanması ilə bağlayır, bu münasibətlə
şənliklər keçirirlər. Azərbaycanda, Türkiyədə,
Özbəkistanda, Türkmənistanda, Qazaxıstanda,
Qırğızıstanda, Albaniyada, Makedoniyada bayram kimi qeyd
edilir. Hətta İraqda və Əfqanıstanda
Novruz martın 21-də astronomik Günəş təqviminə
əsasən, rəsmi şəkildə yeni ilin
başlanğıcı kimi qeyd olunur.
Lap qədimlərdən
astronomik Günəş təqviminə əsasən Novruz
yeni ilin başlanğıcı sayılır. Ömər Xəyyamın
“Novruznamə”sində, Səlcuqlu Vəzir Nizami
Əl-Mülkün “Siyasətnaməsi”ndə, Mahmud
Kaşğarlının “Divan-i-Lüğət-it-türk”ündə,
Nizami Gəncəvinin əsərlərində, Məlikşahın
təqvimində, Qazi Bürhanəddinin, Səfəvi
şahı Şah İsmayılın divanlarında türklərin
yaşam tərzini, adət-ənənələrini əks
etdirən Novruz bayramı haqqında məlumatların yer
alması bu bayramın qədim tarixə malik olduğunun
sübutudur. Məlik şahın Ömər Xəyyama
təqvim hazırlanması göstərişini verərkən
onun qarşısına qoyduğu şərt ilin
başlanğıc gününün məhz yaz gecə-gündüz
bərabərliyi ilə üst-üstə düşməsi
idi. Ömər Xəyyam 1074-cü ildə
hazırladığı və Məlik şahın şərəfinə
“Məlik şah cədvəli”, “Sultan təqvimi”, “Təqvimi-cəlaliyyə”
adlandırdığı təqvimdə ilin
başlanğıc günü Novruz bayramı ilə
üst-üstə düşür.
Novruz bayramı Azərbaycanda, İranda olmuş Avropa səyyahlarının
xatirələrində də əks olunmuşdur. Alman alimi Adam
Oleari XVII əsrin birinci yarısında Səfəvilər
dövlətinin tərkibində olan Şamaxıda Novruz
bayramında iştirak etmişdir. Adam
Olearinin xatirələri Novruz bayramının geniş şəkildə
keçirildiyini təsdiq edir. Tədqiqatçının
sözlərinə görə, həmin gün astroloq Günəşin
gecə ilə gündüzün bərabərləşəcəyini
izləyir, həmin an çatanda isə
bunu ucadan elan edirdi.
Bu bayram həm xalq adət-ənənəsini, həm
mifoloji dünyagörüşünü, həm də sakral
bilikləri özündə cəmləyir. Türk xalqlarının qədim
yazılı abidələrindən olan “Ergenekon” dastanında
da türklərin Ergenekondan çıxdıqları gün məhz
21 marta təsadüf edir. Bu
günə Hürmüz günü, yəni Tanrı
günü deyilərdi. Həmin günə
hazırlaşan insanlar dörd müqəddəs
ünsürlə paklanardılar. Axır
çərşənbə isə ən əziz bayramlardan
hesab olunardı. Həmin adətlərdən
bəziləri indiyə qədər öz
aktuallığını qoruyur. Məhz
buna görə də bu bayramın qədim adlarından da biri
Ergenekondur. Bundan başqa Novruza Bozqurd, Çağan,
Nevruz, Sultan Nevruz, Novruz və s. də deyilmişdir. “Novruz” anlayışı bəzi deyiliş fərqləri
ilə bəzi türk xalqlarının dillərində
işlənməkdədir. Bir çox mənbələrdə
bu bayramı dinlə də bağlayaraq, Novruzu “Adəmin
yaradıldığı gün”, “Atəşpərəstlikdən
qalan bir bayram”, “Yunus peyğəmbərin balığın
qarnından çıxdığı gün”, “Həzrəti
Məhəmmədin peyğəmbərlik xələtini
geydiyi gün”, “İmam Əlinin xilafətə gəldiyi
gün”, “İmam Əlinin doğum günü”,
“Küsülülərin barışması üçün
imam Əli tərəfindən elan edilən bayram” və
başqa adlarla da göstərilir.
Novruz bayramı qabağı çərşənbə
axşamlarının keçirilməsi ilə bağlı da
bir sıra maraqlı məqamlar özünü göstərir. Bəzi tədqiqlərə
görə, e.ə. 487-ci ildə Şərq alimləri
ayları, illəri göstərən təqvimi çərşənbə
axşamında tərtib ediblər. Çərşənbə
axşamlarının da qeyd olunması bununla
bağlıdır. İnanca görə isə
bəzi xalqlarda çərşənbə günü
ağır gün hesab olunur. Dədə-babalarımız
da bayrama dörd Çərşənbə qalmış onu
şadyanalıqla qarşılayırlar. Astronomiya
və münəccimliyin böyük bilicisi, dahi Azərbaycan
şairi Şeyx Nizami Gəncəvi “Yeddi gözəl”
poemasında həftənin çərşənbə axşamını
bayramın rəmzi olan qırmızı rəngdə verib.
Novruz şənliklərinin əsas personajları Kosa və
Keçəldir. Keçəllə Kosanın məzhəkəli
tamaşası müqabilində yazla qışın bir-birilə
mübarizəsi əks olunur. Qış
öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə
etməyə çalışır.
Tamaşa zamanı kosanın “ölüb-dirilməsi” əski
inanclardan gəlir. Şaman ritualı zamanı da fiziki hərəkəti
ilə ruhi hərəkətin
çulğalaşmasının şahidi oluruq. Bu oxşarlıq, həm də Kosanın geyimində
özünü göstərir. Belə ki,
Kosanın geyimindəki bəzi əlamətlər –
qurşağındakı və boynundakı zınqrovlar,
başındakı şiş papaq, əynindəki tərsinə
çevrilmiş kürk qam-şaman geyiminin rəmzlərindəndir.
Səməni sözünün
etimologiyasını da məhz şamanlarla bağlayırlar.
Belə ki “sümen/suma” sözü Altayca və
monqolca “şaman” mənasını daşıyır. Səməni də bolluğun, bərəkətin,
cücərmiş torpağın rəmzidir. Səmənidən hazırlanmış halva insana
enerji verir. Səməninin göyərdilməsi
Novruz bayramının əsas mərasimlərindəndir.
İnanca görə, səməni ailəyə,
elə ruzu, xeyir-bərəkət, güc gətirir. Səmənini müqəddəs hesab etdikləri
üçün saralandan sonra da onu axar suya axıdırlar,
arxasınca isə şirni atırlar.
Mərasim yeməkləri, eləcə də Novruz
şirniyyatları xalqın əməli bilikləri,
zövqü, təsərrüfat məşğuliyyəti,
mifoloji dünyagörüşü ilə əlaqədar
yaranmışdır. Novruz şirniyyatlarında türk
kosmoqonik dünyagörüşünün simvolları öz
əksini tapmışdır. Novruzda
Ayın rəmzi kimi şəkərbura, badambura, Günəşin
rəmzi kimi qoğal, şəkərçörəyi
simvolizə olunur. Paxlavanın romb şəklində
bişirilməsi də türk kosmoqonik təfəkkürü
və sakral bilikləri özündə birləşdirən
mifoloji dünyagörüşlə bağlıdır. Paxlavanın romb şəklində verilməsi ulduzun
rəmzidir. Lakin Şumerlərdə
Günəş romb işarəsi ilə verildiyi
üçün Günəşin simvolu kimi də
götürülür. Bundan başqa, romb
inkişaf və doğuluşun rəmzi olub, sakral mənasına
görə qadın başlanğıcıyla bağlanır.
Paxlavanın mərkəzinə qoyulan
fındıq, qoz, badam bu oxşarlığı gücləndirir.
Bəzi bölgələrdəki inanclara görə,
paxlavanı məhz qadın bişirməlidir, bunu isə
doğuluşla bağlılıq ilə əsaslandırırlar. Bayram günü aş
bişirilməsi, qazan asılması isə həmin evin il boyu bərəkətli olması inancından
doğur.
Yumurta boyamaq da qədim adətlərdəndir. Yumurtanı həyatın
rəmzi kimi götürürlər. Qırmızı
rəngə boyanmış yumurtalar torpağın dirilməsini,
canlanmasını ehtiva edir. Yumurta
döyüşdürülməsi isə iki dünyanın –
qışla yazın, soyuqla istinin, xaosla-kosmosun mübarizəsini
əks etdirir. Bəzi mənbələrdən
aydın olur ki, yumurta döyüşdürməsi zamanı
onun çiy olması əsas şərtlərdəndir.
Hazırda isə yumurta
döyüşdürülməsi zamanı bişmiş, rəngli
yumurtalardan istifadə olunur. İnanca
görə, bişmiş yumurta onu yeyən insanlara həyat
verir.
Tonqal üstündən atlanmaq isə qədimdən gələn
bir ritualdır. Onu çox zaman Tanrıya qurban vermə
ritualı ilə eyniləşdirirlər. Bununla
da insanlar tonqal üstündən atlanaraq öz
ağırlıqlarını, uğursuzluqlarını
tonqalda yandıracaqlarına inanarlar.
Etnoqrafik
materiallardan aydın olur ki, lap qədimlərdən Azərbaycanın
əksər bölgələrində hələ ili tamam olmamış mərhuma Novruz bayramı
ərəfəsində “qara bayram” verilirdi. Bu mərasimdə
halva, plov və digər ətli xörəklər
bişirilir, qadınlar qəbiristanlığa gedir, matəm səciyyəli
səhnələr icra edir, gətirdikləri “pay”ı – səmənini,
şirniyyatı məzarı üstünə qoyurdular. Bununla həm mərhumun xatirəsini yad etdiklərinə,
həm də qarşıdan gələn bayramın daha
yaxşı keçirilməsinə inanardılar. Bu mərasim bir çox bölgələrimizdə hələ
də icra olunmaqdadır.
Azərbaycan xalqı milli dəyərlərə, milli ənənələrə
sadiqdir. Azərbaycan
dövlətini bu dəyərlər üzərində quran
ümummilli lider Heydər Əliyev Novruz bayramını
xalqımızı tarixən bütövləşdirən,
onun varlığını birlik, böyüklük və
yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir:
“Böyük mənəvi gücə malik olan Novruz bayramı
ulu əcdadlarımızın bizə verdiyi ən gözəl
yadigar olub, Azərbaycan xalqının milli ruhunu və
yaddaşını, onun daxili aləmini bütün zənginliyi
ilə yaşadır. Təbiətin
oyanışının, varlığın yenidən
canlanmasının müjdəsini verən Novruz bayramı ən
qədim zamanlardan bəri həyat və məişətimizə
daxil olmuş, insanlara aydın və işıqlı sabaha,
xoşbəxt gələcəyə inam duyğusu bəxş
etmişdir”. Bu dəyərlər Azərbaycan
Prezidenti İlham Əliyevin siyasi kursunda davam etdirilir. Cənab Prezident Novruz bayramını birmənalı
şəkildə milli xüsusiyyətlərin - milli varlığın
qorunma vasitəsi hesab edir.
Azərbaycan
Respublikasının vitse-prezidenti, Heydər Əliyev Fondunun və
Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin
sentyabrında Novruz bayramı UNESCO-nun Qeyri-maddi mədəni
irs siyahısına daxil edilmişdir. BMT-nin
Baş Məclisi isə martın 21-ni Beynəlxalq Novruz
Günü elan etmişdir.
Səhər Orucova,
BDU-nun Azərbaycan şifahi xalq
ədəbiyyatı kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor
Xalq qəzeti.-
2018.- 20 mart.- S.7.