Milli musiqi nümunələrimizin mahir ifaçısı

 

Deyirlər ki, türk xalqları formalaşanda bizim cəmi üç musiqi alətimiz olub. Sur (zurna), qopuz (saz) və zərb alətləri. Sur və zərb yürüşlər, döyüşlər zamanı. Saz isə müdriklərin ibrətamiz fikirlərinin, öyüd-nəsihətlərinin dərin hissiyatla eşidilməsi üçün çalınıb.

 

Sonrakı dönəmlərdə bu alətlərin üçü də formaca müxtəlif dəyişikliklərə məruz qalıb. Ancaq nə dəyişsə də zərbin ritmi, ahəngi, bir də mübarizəyə, qəhrəmanlığa çağırış fəlsəfəsi dəyişməyib. Çünki insanlar, cəmiyyətlər nə qədər inkişaf etsələr də münaqişə və müharibələrə son qoyulmayıb. Ona görə də zərb alətlərinin çağırışına həmişə ehtiyac olub və indi də var.

Bizim günlərdə bu alətlərdə xalqımızın səsini dünyaya çatdıran məşhur ifaçılarımız az deyil. Onlardan biri də mərhum sənətçimiz, mahir nağara ifaçımız, 1957-ci il Moskva VI Ümumdünya Tələbə və Gənclər Festivalının laureatı, qızıl medalın sahibi, Azərbaycan Respublikasının Əməkdar artisti Çingiz Həsənbala oğlu Mehdiyev idi.

Cəmi 60 il yaşadı həyatda. Lakin bu az ömürdə virtuoz ifaları xalqın yaddaşında, qədim Qobustanın qayalarında, bir də radio və televiziyanın qızıl fondunda gələcək nəsillər üçün yadigar qaldı. Ad günü keçmişi xatırlamaqdır. Mən də bu ənənəyə sadiq qalaraq bu şöhrətli sənətkarın acılı-şirinli xatirələrindən söz açmağı özümə borc bildim.

1932-ci il yanvar ayının 27-də Bakıda ziyalı ailəsində dünyaya göz açan Çingiz Mehdiyev erkən yaşlarından nağara sənətinə maraq göstərib. Atası Həsənbala, anası Zəkiyyə xanım – hər ikisi ixtisasca müəllim idi. Ailənin yeganə oğul övladı Çingizi valideynləri həkim görmək istəyirdilər.

1938-ci il ağır represiya illəri Çingizin də ailəsindən yan keçmədi. Zorla sürgünə göndərilən günahsız insanların göz yaşı, ana-bacıların ah-naləsi ürəkləri dağladı. Elimizə-obamıza başucalığı gətirən nə qədər ziyalı zindanlara salındı. Onların arasında Çingizin atası, tanınmış müəllim Həsənbala Mehdiyev də var idi.

 Ana babası Qulam müəllim günlərin birində Çingizi konservatoriyada bir yerdə çalışdığı dahi Üzeyir bəy Hacıbəylinin yanına aparır. Üzeyir bəy Çingizin musiqi qabiliyyətini, ritmi tutmaq bacarığını və sənətə olan həvəsini görüb onun musiqi məktəbinin violancel sinfində oxumasına zəmanət verir. Lakin onun violancel sənətinə qətiyyən həvəsi yox idi, nağara çalmaq arzusu ilə yaşayırdı.

Orta məktəbi bitirəndə anası oğlunun sənədlərini Tibb İnstitutuna verir. “Xalq düşmənin” oğlu olduğuna görə sənədlərini qəbul etmirlər. Anasının arzusu ürəyində qalır. Ağır zəmanəni, xalqa qənim kəsilən pis adamları lənətləyən ana kor-peşman evə qayıdır.

Həvəsdən düşməyən Çingiz 1948-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi texnikumunun zərb alətləri şöbəsinə daxil olur. Burada o bacarıqlı müəllimlərin köməyilə nağara sənətinin sirlərinə yiyələnir. Bir-birindən fərqli ritmlər çalmağa səy göstərir. Tələbə ikən müxtəlif konsert salonlarında çıxışlar edır. Öz ifası ilə tamaşaçılara xoş təsir bağışlayır.

1951-ci ildə texnikumun növbəti buraxılışı olacaqdı. Məlum olur ki, buraxılış komissiyasının sədri zəmanənin böyük bəstəkarı, gənc istedadların xeyirxahı, bəstəkar Qara Qarayev olacaq. Çingiz imtahanlara ciddi hazırlaşır. İki nağarada çaldığı solo musiqi nömrələri Qara müəllimin çox xoşuna gəlir. İmtahandan sonra yanına çağırıb özünəməxsus mehribanlıqla dedi: “Oğlum sənin həvəslə və temperamentlə çalmağın xoşuma gəldi. Güclü biləyin var, ritmlərinin çağırış kimi səslənən, xoş ahəngini dinləyiciyə çatdırmağı yaxşı bacarırsan. Əgər təhsilini davam etdirmək istəsən, bizim konservatoriyaya sənədlərini verə bilərsən.”

Çingiz cavab verdi: “ Böyük məmnuniyyətlə oxuyaram. Ancaq böyük bir problemim var. Atam xalq düşməni sayıldığından sənədlərimi Tibb İnstitutuna götürmədilər. Bu səbəbdən anamın məni həkim görmək arzusu ürəyində qaldı.”

Qara müəllim bu xəbərdən çox kövrəldi. Çingizin saçını tumarlayıb təkidlə dedi: “Sənədlərini hazırla, sən orda mütləq oxuyacaqsan.” Böyük bəstəkar, qayğıkeş insan öz sözünün üstündə durdu. Çingiz 1951-ci ildə məşhur sənət ocağının zərb alətləri şöbəsinə daxil oldu. Bəstəkar Həsən Rzayevdən dərs aldı.

Qədim milli alətimiz olan nağaranın ifa texnikasını artırmaq üçün Çingiz Mehdiyev bundan sonra gərgin məşqlər edir, axtarışlar aparır. Sevimli müəllimi Həsən Rzayevin dəyərli məsləhətləri və öz tələbəsinə həsr etdiyi “Nağara və estrada orkestri üçün rəqs ritmləri” Çingiz Mehdiyevin yaradıcılığında mühüm rol oynayır. Ali təhsili başa vuran kimi, Çingiz geniş ifaçılıq fəaliyyətinə başlayır. Yeni-yeni uğurlar əldə edir. Müxtəlif illərdə Azərbaycan gənclərinin respublika, ümumittifaq və 1957-ci ildə Moskvada keçirilən Ümumdünya Tələbə və Gənclər Festivalının laureatı və qızıl medalının sahibi olur. Vətənə qayıdır.

Hər üç festivalın qalibi olmuş Çingiz Mehdiyev dünyanın 30-dan çox ölkəsində – Almaniya, Türkiyə, Misir, Ərəbistan, Monqolustan, İtaliya, Əfqanıstan və bir çox digər xarici dövlətlərdə olur. Azərbaycan incəsənətinin adını daim uca tutaraq ölkəmizi layiqincə təmsil edir.

Ayrı-ayrı vaxtlarda böyük sənətkarlarımız Çingiz Mehdiyevin uğurlarına yüksək qiymət veriblər.

Bəstəkar, Xalq artisti Tofiq Quliyev:

– Məlumdur ki, nağaradan, əsasən, Azərbaycan rəqslərinin və instrumental əsərlərin ifası zamanı ritmik cəhətdən müşayiətedici çalğı aləti kimi istifadə olunur. Çingizin yüksək ifaçılıq məharətini nəzərə alaraq böyük həvəslə “nağara və xalq çalğı alətləri orkestri” üçün yeni rəqs vəznlərini yazdım. O, bu əsəri çox ustalıqla ifa edib lentə aldırdı. Bu ifa musiqi xəzinəmizə böyük bir töhfə oldu. Bundan başqa , “Azərbaycan ritmləri, iki nağarada ritmlər “ekspress”, özbək, tacik, gürcü və başqa xalqların ritmləri əsasında hazırladığı “şən vəznlər”, hər yerdə tamaşaçılar tərəfindən yüksək dəyərləndirildi. Bununla da o, rəngarəng milli musiqi nümunələrimizi nağarada solo çalmağın mümkünlüyünü sübut etdi. Ən böyük xidmətlərindən biri də əsrlərin daş yaddaşı olan Qobustanda qaval daşında çalması idi.

Çingizin bu ifasından vəcdə gələn Xalq şairi Nəriman Həsənzadə “Dədə Qorqudun sapand daşları” şeirində yazır.

Elə bil hardasa əsir od külək,

Nağara qışqırır yayır səsimi.

Bir dizin üstündə bərk durun görək,

İki əl fırladır Yer kürəsini

Nə yaxşı ki, sənətkarın sağlığında onun sənətinə belə layiqli qiymət verənlər olub.

Bəstəkar, Xalq artisti Arif Məlikov:

– Təbiətən açıqürəkli və öz sənətinə tələbkar olan Çingiz Mehdiyev heç vaxt sevdiyi peşəsindən ayrılmamış, elinə, obasına xidmət etmişdir. Dünyanın 30-dan artıq ölkəsində Azərbaycanın incəsənətin layiqincə təmsil etmiş və bu səfərlərdən daima Vətənə xoş müjdələrlə qayıtmışdır.

Çingiz Mehdiyevin çoxşaxəli zəngin yaradıcılıq yollarından biri də onun pedaqoji fəaliyyətidir. Uzun illər Yasamal rayonundakı Pionerlər evində çalışır. İlk dəfə olaraq 1970-ci ildə ritmlər qrupunu yaradır və zəngin təcrübəsini gənc nəslə həvəslə öyrədir. Bu illər ərzində böyük bir nağaraçalanalar ansamblı yetişdirir. Bu gün adları fəxrlə çəkilən Zöhrab Məmmədov, Səlim Quliyev, Tahir Hüseynov, Sahib Bünyatov, Rafiq Qurbanov və digərləri sənət uğurlarına görə öz ustadları olan Çingiz Mehdiyevə borcludurlar, onun adını daim uca tutur, ruhuna dualar edirlər.

Çox qısa zamanda “Ritmlər” ansamblı əvvəlcə dünya xalqları musiqi simpoziumunda, sonra isə Azərbaycan məktəblilərinin bədii özfəaliyyət festivallarında çıxışlar edərək qalib olmuşdur. Böyük dirijorumuz Niyazi ritmlərə qulaq asıb demişdir: “Şadam ki, Çingizin və uşaqların xoş sədasını tez-tez eşidirik. Sevinirəm ki, “Ritmlər” ansamblı çətin bir uçuşun qaranquşlarıdır.”

Çingiz Mehdiyevin yetirmələrindən biri də oğlu Həsən idi. O, kiçik yaşlarından musiqiyə həvəs göstərmiş, atasının sənət yolunu davam etdirmək üçün səylə çalışmışdır. Nəzəri bilikləri artırmaq üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. İlk dəfə olaraq 1982-ci ildə Aktyorlar evində Çingiz Mehdiyevin anadan olmasının 50 və yaradıcılığının 30 illiyində ata ilə oğulun ilk duet çıxışını tamaşaçılar böyük rəğbətlə qarşıladılar. Bu duetin xoş sədası xarici ölkələrin mətbuatında da qeyd olundu.

Azərbaycan incəsənətindəki çoxillik səmərəli fəaliyyətinə görə Çingiz Həsənbala oğlu Mehdiyev 1989-cu ildə 58 yaşında Əməkdar artist adına layiq görüldü. 1992-ci il yanvar ayının 27-si M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında sevimli sənətkarın 60 illik yubileyi böyük təntənə ilə qeyd olundu.

Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə qarşıdurma, hakimiyyətsizlik, Qarabağdan hər gün alınan qara xəbərlər, insanların şəhid olması bütün insanlar kimi, Çingiz Mehdiyevi də sarsıdır, üzürdü. Belə bir vaxtda – 1992-ci ilin martında böyük sənətkar ürək çatışmazlığından dünyasını dəyişdi. 2005-ci ilin mart ayında oğlu Həsən də bu xəstəlikdən vəfat etdi.

Bu gün Çingizi tanıyanlar xeyli azalsa da, hələ də ölməz sənətinə rəğbət bəsləyənlər az deyil. Ən başlıcası, sənətkarın üç nəvəsi – Günay, Nihad, Ayla, nəticəsi Amin, Emin, tələbələri, sənət yolunun davamçıları varikən Çingiz Mehdiyev daim xatırlanacaq, nadir sənəti isə xalqın yaddaşında əbədi olaraq yaşayacaqdır.

 

Rafiq SALMANOV,

Əməkdar mədəniyyət işçisi

 

Xalq qəzeti.- 2018.- 22 mart.- S.6.