Nizami Gəncəvi Beynəlxalq

Mərkəzi nüfuzlu təşkilata çevrilmişdir

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) yarandığı vaxtdan xalqımızın qədim mədəni irsinin və zəngin tolerantlıq ənənələrinin təbliğinə qiymətli töhfələr verir. Son illər bu mərkəz dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı elmi-mədəni mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətləri yaratmışdır.

 

Məlumat üçün bildirək ki,  Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin Vətəni Gəncə şəhərində xüsusi toplantıda təsis edilmişdir. Mərkəz Azərbaycanda təsis olunmasına baxmayaraq, qərarverici qurumu dünyanın nüfuzlu ictimaisiyasi xadimlərindən təşkil olunmuş beynəlxalq idarə heyətidir.

Mərkəzin həmsədrləri Latviya Respublikasının sabiq prezidenti Vaira Vike-Freiberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldindir. İdarə heyətinin üzvləri isə müxtəlif ölkələrin sabiq prezidentləri, beynəlxalq təşkilatların nümayəndələri, məşhur alimlərdir. Azərbaycan tərəfindən isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ( o, həm də İcra Şurasının sədridir) və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdir.

Dövlətimiz  bu qurumun fəaliyyətini həmişə yüksək qiymətləndirmiş, Azərbaycanın siyasi, mədəni həyatında onun əhəmiyyətli rol oynadığını bildirmişdir. Ölkə başçısı Gəncədə Filarmoniyanın yeni binasının açılış mərasimində bir daha mərkəzin fəaliyyətinin müasir dövrdə böyük əhəmiyyət daşıdığını diqqətə çatdıraraq demişdir: “Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xətti ilə keçirilən qlobal forumlar dünya miqyasında nadir beynəlxalq tədbirlərdir. Bu forumlarda onlarca həm fəaliyyətdə olan, həm də keçmiş dövlət və hökumət başçıları iştirak edirlər. Hər il bu forum keçirilirforumun işində mən də iştirak edirəm. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini ən azı ildə bir dəfə qəbul edirəm. Həmişə onlara tövsiyə edirəm ki, mütləq Gəncəyə də gedin. Onlar dəfələrlə burada olublar və Gəncə haqqında onların təəssüratları çox müsbətdir.”

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəal iştirakı və təşkilatçılığı ilə ümumbəşəri məsələlərin ətraflı müzakirəsinin aparıldığı və sivilizasiyalararası dialoqun qurulması, eləcə də qlobal əhəmiyyətli layihələrin dəstəklənməsi baxımından mühüm əhəmiyyətə malik bir sıra mötəbər forumlar keçirilmişdir.

Dövlət  başçısı mərkəzin ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması, həmçinin Azərbaycanın dostlarının əhatə dairəsi və coğrafiyasının genişləndirilməsi istiqamətində işlərin davamlılığını təmin etmək məqsədi ilə bu təşkilata səkkiz yüz min manat vəsait ayrılması barədə 23 avqust 2017-ci il tarixdə xüsusi sərəncam imzalamışdır.

Təşkilatın  baş ofisi Bakıda yerləşməsinə baxmayaraq, fəaliyyəti müxtəlif ölkələri əhatə etməkdədir. Mərkəzin həmsədri xanım Vaira Vike-Freiberqa qarşıya qoyulan məqsədi daha aydın ifadə edərək demişdir: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, XII əsr dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin qorunmasında və təbliğində mühüm rol oynamışdır. Biz qarşımıza böyük şairin əsərlərini bütün dünyada təbliğ etmək, tolerantlıq və qarşılıqlı anlaşma ideyalarını önə çəkmək məqsədini qoymuşuq. Beynəlxalq mərkəzin fəaliyyətini təkcə regionda deyil, həm də bütün dünyada təbliğ etmək lazımdır. Mərkəzin tanınmış alimlər və görkəmli siyasi xadimlərdən ibarət idarə heyətinin üzvləri qarşılarına başqa nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq yaratmaq məqsədi qoymuşlar.”

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin 2014-cü il aprelin  27-də Bakıda keçirilmiş  beynəlxalq toplantısı xüsusilə əlamətdar olmuşdur.Toplantıda mərkəzin gördüyü işlər haqqında hesabat dinlənilmiş, təşkilatın qeydiyyatı, büdcəsi, nizamnaməsi, strukturu, eləcə də Nizami Gəncəvi irsinin təbliği, həyata keçiriləcək layihələr, qarşıda duran vəzifələr, qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı İsmail Seragəldinin hazırladığı akademik proqram layihəsi müzakirə edilib.

Ötən  ilin sentyabr ayında NGBM İdarə Heyətinin üzvləri Amerika Birləşmiş Ştatlarının Nyu-York  şəhərində  keçirilmişConcordia” sammitində  Bolqarıstanın sabiq prezidentləri Rosen Plevneliyev, Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya, Rumıniyanın keçmiş dövlət başçısı Emil Konstantinesku, Finlandiyanın eks-prezidenti Tarya Halonen, Nigeriyanın sabiq prezidenti Olusegun Obasanjo, Ərəb Liqasının keçmiş baş katibiMisirin sabiq xarici işlər naziri Əmr Musa, həmçinin, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko və xanımı iştirak etmişlər.

Sammit çərçivəsində mərkəzin üzvləri qitələrarası əməkdaşlıq, miqrant və qaçqınların dəstəklənməsində özəl sektorun mobilləşdirilməsi, maliyyə, enerji, ticarət, investisiya və digər məsələlərə həsr olunmuş müzakirələrə qatılıb, bir sıra görüşlər keçirmiş və “Apeal of ConscienceFondunun təsis etdiyi mükafatın növbəti təntənəli təqdimatında iştirak etmişlər.

2017-ci ilin oktyabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkilatçılarından biri də NGBM idi. Milli pavilyonda “XVIII-XXI əsrlərdə alman dilli nizamişünasların elmi tədqiqatlarının nəticələri” və “Berlin Dövlət Kitabxanasında qorunan 21 ədəd “Xəmsə” poemalar toplusunun qədim əlyazmalarına çəkilmiş miniatür nümunələrinin tədqiqi” mövzularında məruzələr səsləndirilmişdir.

Qeyd edək ki, BosniyaHerseqovina ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq əlaqələri mövcuddur.  Hələ  2016-cı ilin  noyabrında Sarayevoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX toplantısı, fevral ayında isə BosniyaHerseqovina Rəyasət Heyətinin sədri Mladen İvaniçin dəstəyi ilə “Dinlərarası dialoq və ekstremizmə cavabmövzusunda xüsusi toplantı keçirilmişdir. Həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ötən  il noyabrın 20-də  Sarayevo şəhərində “Balkanların Avropa gələcəyi” mövzusunda konfrans keçirmişdir.  Konfransda Avropaya inteqrasiya ilə bağlı mövcud problemlər və onların həlli  yolları, Avropa İttifaqının gələcəyi, üzv ölkələr, o cümlədən Balkanlar üçün təhlükəsizliyin təminatı, sosial-iqtisadi inkişaf perspektivləri, əməkdaşlığın gücləndirilməsi və  digər  mövzularda müzakirələr aparılmışdır.

Əlbəttə, mərkəzin fəaliyyətinin ildən-ilə genişlənməsi, ilk növbədə, Azərbaycan dövlətinin təşkilatın fəaliyyətinə verdiyi dəstəyin nəticəsidir.    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nüfuzlu  beynəlxalq təşkilata  çevrilmişdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən altıncı Qlobal Bakı Forumunda ümumilikdə beynəlxalq münasibətlərin gələcəyi, münaqişələrin qarşısının alınmasında dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması və digər mühüm məsələlər müzakirə edildi.  Forum çərçivəsində müxtəlif mövzulara həsr edilmiş 10 panel iclas keçirilmişdir. Toplantıda, ümumilikdə dünyanın 50 ölkəsindən 450-dən çox qonaq iştirak edib.

BMT-nin  Baş katibi Antoniu  Qutteresin foruma ünvanladığı müraciətdə bildirilmişdir ki, Bakı Forumu cəmiyyətlər arasında körpü yaratmağa və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə imkan verir.  Qlobal çağırışlar zamanında Nizami Gəncəvi Beynəlxalq Mərkəzini bu cür forumun təşkilinə görə təbrik edirəm.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, NGBM İcra Şurasının sədri Nazim İbrahimov bildirib ki, NGBM missiyasını başlayan zaman təsəvvür etmək olmazdı ki, qısa müddətdə beynəlxalq miqyasda bu dərəcədə uğur qazanacaq. Komitə sədri bildirib ki, Qlobal Bakı Forumu dünyanı narahat edən problemlərin müzakirə olunduğu bir platformaya çevrilib: “Azərbaycan bu foruma böyük əhəmiyyət verir. NGBM forumu təşkil etməklə qlobal miqyaslı problemlərin müzakirəsinə,  onların həlli yollarının tapılmasına öz töhfəsini verir. Forum həm  də Azərbaycanın həqiqətən tolerant bir ölkə olduğunu, multikultural dəyərlərə xüsusi əhəmiyyət verdiyini bir daha isbatlayır”.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 23 mart.- S.4.