Sənətkar ömrünün
unudulmayan anları
Həsən Turabov – 80
Onun haqqında çox
yazılıb, elə sağlığında da,
ölümündən sonra da. Yəqin ki, hələ
çox yazılacaq. Bu
kiçik xatırlamada biz
böyük sənətkar, Xalq artisti Həsən Turabovun həyat və
yaradıcılığının bəzi məqamlarını
əks etdirməyə çalışacağıq.
Əvvəla qeyd edək ki, bu günlər müqtədir sənətkarın 80 illik yubileyi qeyd olunur. Prezident İlham Əliyev bununla bağlı xüsusi sərəncam da imzalamışdır. Sərəncamda deyilir : “Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən Həsən Turabov fitri istedadının verdiyi imkanlar sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaratmış və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazmışdır. Sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazlar ölkə teatrı tarixinin və kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir”. Doğrudan da, Həsən müəllimin yaradıcı həyatı milli mədəniyyətimizin çox qiymətli səhifələrini təşkil edir. O, sənət dünyasında öz yeri, öz mövqeyi olan aktyorlardandır.
Onu ilk dəfə İlyas Əfəndiyevin “Unuda bilmirəm” əsərinin tamaşasında gör- müşdüm. Həsən Turabov Kamran rolunda nə qədər də inandırıcı və səmimi idi. Bu obrazda daxili təmkin və sakitliyini saxlayırdı. Həsən Turabov Kamranı mənəvi saflığı, ləyaqəti, iradə mətinliyi ilə ideal qəhrəman səviyyəsinə qaldırırdı. Turabovun Kamranı tamaşa boyu üç dəfə psixoloji tərəddüdlə üzləşir. Kamran rəzilliyin, ikiüzlülüyün, rüşvətxorluğun qarşısında sarsılmaz və alınmaz qaladır. Aktyor böyük sənətkarlıq istedadına sarılaraq bu obrazı ərsəyə gətirməyi bacarır.
O vaxt hələ gənc idi. Çılğın ədası ilə
tamaşaçıları məharətlə ovsunlaya
bilmişdi. Hər pərdə
sona yetəndə alqış sədaları
kəsilmək bilmirdi.
Sonra isə onunla
tez-tez görüşərdik.
Teatrda, kinostudiyada, çəkiliş
meydançalarında. Haqqında
“Kino” qəzetinin xüsusi
buraxılışını da hazırlamışdıq.
Özü, taleyi, yaradıcılığı
haqqında çox şeylər danışmışdı.
Bir sözlə, qılıqlı adam idi. Jurnalistlərlə dostluq edirdi.
Hətta
“Bəyin oğurlanması”
filmində də bu, aydın hiss olunur.
Həsən müəllimin ömür
yolu o qədər də hamar olmayıb. 1938-ci il martın 24-də Bakıda anadan olmuşdu. Əvvəlcə təhsilini 7-ci sinfə
qədər 31, sonra
14 saylı məktəbdə
almışdı. Azərbaycan Dövlət
Teatr İnstitutunda təhsil ala-ala həm radioda, həm də yeni açılmış
televiziyada çalışmışdı.
1960-cı ildən qısa fasilələrlə
Akademik Milli Dram Teatrının aktyoru olmuşdu. 1962-ci ildə
teatrdan uzaqlaşaraq, Bakıda Odessa Dənizçilik
İnstitutuna daxil olmuş və az sonra
təhsilini yarımçıq
saxlayaraq, yenidən teatra qayıtmışdı.
Qıvraq adam
idi. Qırx illik yaradıcılığı
ərzində teatr səhnəsində müxtəlif
xarakterli rollar ifa etmişdi. Böyük ehtiraslı, güclü xarakterli sənətkar idi. Obrazın daxili təbəddülatlarının
ən parlaq, ən mürəkkəb xüsusiyyətlərini parlaq
şəkildə təcəssüm
etdirmək keyfiyyəti
ilə seçilirdi.
Bəzən ən adi həyat tiplərinin ifaçısı kimi sadə olduğu qədər mürəkkəb
və ciddi görünməyi bacarırdı.
Onun teatrda ,
kinoda oynadığı
rolları saymaqla qurtaran deyil. Bir neçə tamaşanın
adını xatırlatmaq
istərdik. M.İbrahimovun
“Kəndçi qızı”
(Vahid), Uilyam Şekspirin “Hamlet” (Hamlet), İlyas
Əfəndiyevin “Unuda
bilmirəm” (Kamran), Nəbi Xəzrinin “Mənsiz dünya” (Hacı Əsədulla), Əbdürrəhim bəy
Haqverdiyevin “Pəri cadu” (Qurban), Anarın “Şəhərin
yay günləri” (Qiyas), Maksim Qorkinin “Meşşanlar”
(Nil), Viktor Hüqonun “Mariya
Tüdor” (Cəllad), Fridrix Şillerin “Orlean qızı” (Lionel) və başqaları. Bu tamaşalardakı rolları ilə o, milli aktyorluq sənəti tariximizdə
yeni bir səhifə açdı.
Həsən Turabov səhnəyə
çıxanda zalda qəribə bir canlanma olardı. Hamı onun gəlişini səbirsizliklə gözləyirdi.
Hüseyn Cavidin “Xəyyam”, “ İblis”, Cəfər Cabbarlının
“Aydın”, Cəlil Məmmədquluzadənin “Ölülər”
əsərlərinin səhnə
taleyində onun da özünəməxsus
yeri vardır.
Həsən müəllimin yaradıcılığında
kino mühüm yer tutur. O, demək
olar ki, 100-ə yaxın filmdə irili-xırdalı rol ifa etmişdi. Komik rolları da, dramatik rolları da eyni ustalıqla
və təkrarsız
oynayardı. Məsələn, “Yeddi oğul istərəm” filmindəki
Gəray bəy ciddi xarakterli insandır. Bu məşhur filmə çəkiləndə Həsən
Turabovun 32 yaşı
vardı. Cavan idi,
amma bu çətin
rolun öhdəsindən
uğurla gəlmişdi.
Həmin
roluna görə respublika Komsomolu mükafatına layiq görülmüşdü.
Onun digər
yaddaqalan rolu “Babək” filmində yaratdığı Afşindir. Həsən
Turabovun “Axırıncı
aşırım”, “Çarvadarların
izi ilə”, “Ürək... Ürək...”,
“Sevinc buxtası”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”,
“Bəyin oğurlanması”
və başqa filmlərdəki rolları
da öz ifa tərzi ilə seçilir. “Qaçaq Nəbi”
filminin rejissoru və baş rolun ifaçısı olmuşdur. Onun çəkildiyi son filmlər isə “Ailə” və “Nə gözəldir bu dünya...” ekran əsərləri idi.
Emosional və kövrək idi. Asta və aydın
danışırdı, qaraqabaqlıq
xarakterinə tamam yad idi. Ənənəvi teatr estetikasına
mühüm yeniliklər
gətirmişdi. Sənətşünaslardan biri yaxşı
deyib ki, xarakterində “bükülü”,
“gizli yumor” var idi. “Bəyin oğurlanması”nda
bu cizgilər aydın hiss olunurdu.
Şəxsiyyətində də bir ağayanalıq
vardı Həsənağa
Turabovun. Buna görə
dostları ona sadəcə “Ağa” deyə müraciət edirdilər. Əslində isə onun adı
heç Həsənağa
deyil, Həsəndir.
“Ağa”nı tay-tuşları böyük
hörmət mənasında
əlavə etmişdilər.
Turabov o
qədər nəhəng
aktyor idi ki, ona ağır,
dramatik rol olan Gəray bəyi də, fağır Kəbirlinskini
də, qoçaq Qaçaq Nəbini də, böyük mütəfəkkir Mirzə
Cəlili də və özündən razı rejissor
Əsədin komik rolunu (“Bəyin oğurlanması”) oynamaq da, ümumiyyətlə, hər dəfə yeni obraz, yeni
şəxsiyyət yaratmaq
çətin deyildi.
Yaxın dostu kinorejissor Eldar Quliyev deyir
ki, Həsənağanı
özbək, qırğız,
qazaxfilm çox dəvət edirdi. Amma getsəydi, daha çox tanınardı: “Onu bütün filmlərimdə, hətta
epizodik rolda da olsa çəkirdim.
Məsələn, “Gümüş göl əfsanəsi” filmini götürək.
Ssenarini gətirdim ki, bax özün seç, hansını xoşlasan, səni çəkəcəyəm. O qədər böyük aktyor idi ki!
Daha çox komediyada oynamağı arzulayırdı.
Heç
israr etməzdi ki, mən dramatik
aktyoram. “Bəyin
oğurlanması”na öz arzusu ilə çəkilib və əla da obraz canlandırıb.
“Nə gözəldir
bu dünya” filmində kiçik müstəntiq rolunu seçdi. Dedi, artıq əvvəlki Həsənağa deyiləm.
Yaşlaşmışam və xəstəyəm,
bu obraz balacadır, iki günə çəkiləcəyəm.
Razılaşdım. Amma bilirsiniz, o, sənətkar
idi, bütün xəstəliyini unutdu, bircə günə çəkilişi bitirdi”.
Oğlu Daşqının faciəsi
onun qəddini əymişdi. Bundan sonra
uzun sürən xəstəlik onu taqətdən saldı.
İranda ürək əməliyyatı keçirdikdən
sonra cəmi 4 il yaşadı.
Bu da sənətkar
ömrünün son akkordları.
Biz bu böyük sənətkarı 2003-cü il fevralın 23-də
cismani olaraq itirdik.
Dövlətimiz onun milli mədə-niyyətimizin inkişafındakı xidmətlərini yüksək qiymətləndirmişdir, 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Həsən Turabov 1987-2001-ci illərdə Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri işləmiş, 1991- 1996-cı illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri seçilimişdir. 1998-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Onun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2018.- 24
mart.- S.7.