Azərbaycan Xalq Cümhuriyyəti dövründə martın

31-i iki dəfə ümummilli matəm günü kimi qeyd edilmişdir

 

Ümummilli liderimiz isə həmin tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi əbədiləşdirdi

 

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevraloktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən “əksinqilabçı ünsürlərlə mübarizə” şüarı altında Bakı Kommunası tərəfindən ümumən, Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur.

 

Ulu öndər Heydər Əliyevin

“Azərbaycanlıların soyqırımı haqqında”

26 mart 1998-ci il tarixli fərmanından

 

Azərbaycanlıların təkcə soyqırımına məruz qalması faktı deyil, eləcə də, XX əsrin ortalarında məruz qaldığımız  dəhşətli deportasiya aktları, əsrin sonlarındakı 20 Yanvar və Xocalı faciələri və digər bir sıra məsələlər vardır ki, özünün həqiqi qiymətini məhz ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi, vətəndaş məsuliyyəti  lider qətiyyəti nəticəsində ala bilmişdir. Gənc müstəqil Azərbaycan dövlətinə ümummilli liderimizdən əvvəl rəhbərlik edən siyasətçilər  nəinki həmin hadisələrə siyasi-hüquqi qiymət verilməsinə nail olmuş, hətta bu istiqamətdə sadə bir cəhd də etməmişdilər. Məhz ona görə də ulu öndərin “Azərbaycanlıların soyqırımı haqqında”  26 mart 1998-ci il tarixli fərmanı milli tariximizin ən dəyərli sənədlərindən biri kimi qiymətləndirilir.

 

Fərmanın preambulasında qeyd edilir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Xalqımıza qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymuşdu.

Xatırladaq ki, azərbaycan-lıların  həmin  milli faciəsinin davamı kimi onun torpaqlarının zəbtinə başlanmış, qısa  müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilmişdi. İrəvan, Naxçıvan Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq,  öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyulmuşdu.  Daha sonra isə “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlanmışdı.

Qafqaz tarixində  uydurma dövlət kimi tanınan Ermənistanın  Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırılmışdı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri bütün Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə - yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

Həmin tarixi saxtalaşdırmaların  təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə mane olaraq,  azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Bu da tarixi faktdır ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdı. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni fakt və sənəd toplanıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilmişdi. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib.

Tarixi sənədlər  sübut edir ki, 1919-cu ilin və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində,  bu, azərbaycanlılara qarşı  soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Azərbaycan torpaqlarında  özünə dövlət yaratmış, həmin torpaqların tarixi sakinlərini qırğına və deportasiyaya məruz qoymuş  erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən  xalqımıza qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırımaq cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni xalq”ının surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırımı törədənlər soyqırımı qurbanları kimi qələmə verilirdi.

Ermənilərin sovet rejimindən bəhrələnərək, həyata keçirdikləri və 80-ci illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət verməmiş,  1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ  münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilməmişdi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın, əslində, bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyətində qaldı.

Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşun yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı. Bütün bunlara görə cəzasız qalan ermənilər 1992-ci ilin fevralında  Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salındı, çadırlarda yaşamağa məhkum edildi.

Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir.

Ümummilli liderin imzaladığı fərmanda qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi, Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir və həmin vəzifələri reallaşdırır.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2018.- 25 mart.- S.3.