Şamil Əliyev: Milli kino sənətimizin inkişafına ümidlərimiz böyükdür

 

Azərbaycan kinosu – 120

 

Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycan kinosunun 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Sərəncamda deyilir ki, 1990-cı illərdə müəyyən çətinliklərlə qarşılaşmış Azərbaycan kinematoqrafiyasının yeni şəraitdə kino ənənələrimizi qorumaqla yanaşı, öz potensialını gerçəkləşdirməsi, həmçinin modernləşdirilməsi və dünya kino sənayesinə daha sürətli inteqrasiya etməklə səmərəli fəaliyyət göstərə bilməsi istiqamətində bir sıra zəruri addımlar atıldı. Bu addımlar dağılmaqda olan kino sənətimizi qismən xilas etsə də, çətinliklər hələ yaşanmaqdadır. Kinomuzun müasir problemləri ilə bağlı bir sıra beynəlxalq festivalların qalibi, kinorejissor Şamil Əliyevlə görüşdük. Onunla söhbəti təqdim edirik.

Şamil müəllim, gəlin söhbətimizə milli kinomuzun tarixinə qısa səyahətlə başlayaq.

– Qarşıdan bizim kino sənətimizin yaranmasının 120 illik yubileyi gəlir. Bununla bağlı cənab Prezidentin xüsusi sərəncam imzalamısı bütün kinematoqrafçılarımızın ürəyindən xəbər verdi. Son illər, həqiqətən, dövlət kinonun inkişafına dəstək verib. Bir neçə əhəmiyyətli layihə həyata keçirilib.

Dövlət başçısının “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 4 avqust tarixli sərəncamı Azərbaycanın kino sənətinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan filmlərinin son illər beynəlxalq festivallarda fəal iştirakı həmin Dövlət Proqramı çərçivəsində silsilə tədbirlərin müvəffəqiyyətlə icrasının nəticəsidir.

Kinomuzun tarixinə səyahət məsələsinə qalanda, bu çox böyük mövzudur, adi bir müsahibədə onu geniş əhatə etmək mümkün deyil. Amma onu deyə bilərəm ki, Aleksandr Mişon Azərbaycanda kinematoqraf yaratdı. Bu təsadüfi deyildi. Elə o vaxt da Azərbaycan mədəniyyətin inkişafı üçün açıq ölkə idi. Onun çəkdiyi kiçik süjetlər böyük Azərbaycan kinosunun yaranmasının əsası kimi çox əhəmiyyətlidir. Ötən əsrin 30-40-cı illərində kinomuza milli kadrlar gəlməyə başlamış, “Arşın mal alanfilmi 1946-cı ildə SSRİ dövlət mükafatına layiq görülmüşdü. 60-80-ci illərdə isə milli kinomuz zirvə dövrünü yaşadı. Burada əsas ondan ibarət idi ki, rejissorların, operatorların, rəssamların böyük bir qrupu dünyanın qabaqcıl kino məktəbi olan ÜİDKİ-də təhsil almışdılar. Mən onların bir-bir adlarını çəkmək istəmirəm. Onlar milli kinomuza böyük yüksəliş gətirdilər, tarixi janrda maraqlı filmlər yarandı. “Nəsimi”, “Babək”. Dram janrinda Rasim Ocaqov maraqlı filmlər çəkdi. Uşaqlarımız üçün indi də sevilə-sevilə baxılan filmlər yaradıldı.

Bunlar hamısı Sovetlər dövründə olmuşdur, bəs müstəqil Azərbaycan kinosunun inkişafı barədə nə deyərdiniz?

– Əslində, bu da ağrılı mövzudur. Yeni əsrin başlanğıcında biz az qalmışdı ki, kino sənətimizi tamam itirək. Kinostudiya bərbad gündə idi, kinematoqrafçıların böyük bir qismi ölkəni tərk etmişdi. Vəsait yox idi, kinoteatrlar tamam boşalmışdı. Amma ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə “batmış gəmi”ni yerindən tərpətmək mümkün oldu. Kino işçilərinə fəxri adlar verildi, Milli Kino Günü təsis edildi. Bu, ulu öndərin kinematoqrafçılara ən böyük töhfəsi idi. Nəyə görə məhz 2 Avqust Azərbaycan Kinosu Günü elan edildi? Kinoşünas Aydın Kazımov bu faktı araşdıraraq müəyyən etmişdi ki, həmin gün Bakıda ilk kinosüjetlər göstərilmişdi. Ulu öndər bu tarixi təsdiqləmiş və Milli Kino Günü ilə bağlı sərəncam vermişdi. Rusiyanın kino tarixi 1903-cü ildən başlayırdı. Bəs nə səbəbdən onlar 1898-ci ili Rusiyanın kino tarixi günü kimi rəsmiləşdirməmişlər? Yəqin onlar yaxşı bilirdilər ki, Azərbaycan öz kino tarixinə gec-tez sahib çıxacaq. Və ulu öndər bu missiyanı öz üzərinə götürüb bu tarixi faktı təsdiq etdi. Tədricən filmlərin istehsalı bərpa olunmağa başladı. Dövlət sifarişi ilə filmlər çəkildi, Qarabağ mövzusu milli kinomuzda ön sırada dayandı.

Son vaxtlar isə dövlət kinoya vəsaiti xeyli artırdı. Bunlar hamısı ona görə əhəmiyyətli idi ki, kino sənətini dirçəltmək mümkün olsun. Son illər milli kinomuza yeni yaradıcı qüvvələr cəlb olunub. Bizim istedadlı gənc kinematoqrafçı kadrlarımız yetişib. Onların filmləri 300-dən çox ən nüfuzlu beynəlxaq kino festivallarda iştirak edib, müxtəlif nominasiyalarda mükafatlara layiq görülüblər. Mən “Nar bağı”, “İçəriçəhər”, “Dərs”, “Qarabağ digər filmlərin adlarını çəkə bilərəm. Gənclər bu gün onlara yaradılan şəraitdən istifadə edərək, milli kinomuzun inkişafına xidmət edirlər.

Siz rejissor kimi bu prosesin içərisindəsiniz. Bəlkə öz yaradıcılığınızdan da danışasınız.

Bəlkə bu, bir az təvazökarlıqdan uzaq olar. Amma mən bu prosesin inkişafına xidmət göstərdiyimdən bəzi məqamları diqqətə çatdırmaq istərdim. Bakıda İncəsənət İnstitutunu bitirmişəm. Sonra İsveçrənin AVANTİ VƏ İFASK layihəsi üzrə beynəlxalq kino kurslarında təhsil almışam. Mən 4 məşhur kinematoqrafçı, Oskar mükafatı laureatlarından dərs almışam. Bu iki illik təhsil proqramı idi.1992-ci ildəAzərbaycanfilmkinostudiyasındaTəsadüfi görüşadlı qısametrajlı film çəkmişəm. Bu film bir neçə nüfuzlu beynəlxalq kinofestivalda mükafat qazanıb. ABŞ-ın Hyuston beynəlxalq kino festivalında Azərbaycanı təmsil edirdi bu ölkədə göstərilən ilk Azərbaycan filmi olub ki, Azərbaycana mükafat gətirmişdi. Heydər Əliyev Fondunun sifarişi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə iki sənədli film çəkdim. Onlardan biriAzərbaycan xalçası” , digəri isəİz qalaflimləri idi. Azərbaycan xalçası” “Bakı İslam Mədəniyyətinin Paytaxtıtədbirlərində nümayiş etdirilmişdir. Ümumiyyətlə, filmlərim, bütövlükdə, 70-dən çox beynəlxalq festivalda iştirak edib, 30-a qədər mükafat qazanıb. Ən uğurlu beynəlxalq taleyi olan filmim isə 2012-cü ildə çəkdiyimÇölçüfilmi oldu. 5 qitədə 37 beynəlxal festivalda bu film 13 mükafat almışdır.Çölçüdünyanın 4 məşhur kino korifeyinin adına təsis edilmiş mükafatların laureatıdır. Onlar Antonioni, Tarkovski, Jan Lük Qodar İqmar Berqmandır. Mənim üçün maraqlı olan bir odur ki, “Çölçüfilmi ABŞın, Avropanın bəzi ölkələrinin, İngiltərənin Hindistanın kino məktəblərinin tədris proqramına salınmışdır. Mən bütün bunları ölkəmizdə mədəniyyətə, incəsənətə, o cümlədən kinomuzun inkişafina yaradılan münbit şəraitin nəticəsi hesab edirəm. Yeni ssenarim var. Hələlik, ”Xalıadlı bu ssenari barədə danışmaq istəmirəm. Amma yaxın zamanlarda bu yeni işimlə bağlı məlumat verəcəyəm.

Azərbaycan kinosunun zəngin inkişaf potensialı var. Sadəcə, bu potensialı hərəkətə gətirmək, yeni yaradıcı qüvvələrə geniş meydan vermək lazımdır. Kino sənətimizin 120 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident sərəncamı da məhz milli kinomuzun inkişafına yönəlmiş çox dəyərli bir sənəddir.

 

Müsahibəni yazdı:

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti. - 2018.- 3 mart.- S.6.