Milli Teatr Günündə Cümhuriyyətin 100 illiyi şərəfinə yeni tamaşanın premyerası olacaq

 

Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası 10 mart - Milli Teatr Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə təqdim olunacaq. Quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun" pyesi əsasında hazırlanıb.

Layihənin ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəyli obrazının canlandırılacağı bu tamaşa onun məşəqqətli mühacirət həyatından və Cümhuriyyətimizin keçdiyi çətin lakin, şərəfli mübarizə yolundan bəhs edir.

Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövqü Hüseynov, Anton Ferşdant, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Firuz Məmmədov, Şaban Cəfərov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edirlər.

Maraqla baxılan bu səhnə əsərində böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazibaşqa bəstəkarların musiqilərindən istifadə olunmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 6 mart.- S.7.