Eyruz Məmmədov: “Bu iğtişaşların
kadrarxası məqamları daha çox idi”
Sumqayıt hadisələrindən 30 il keçir
Əməkdar jurnalist Eyruz Məmmədov Azərbaycanda yazıçı-publisist kimi yaxşı tanınır. 30 ildir ki, o, məlum Sumqayıt hadisələrinin tədqiqatı ilə məşğuldur. Müəllif “28-dən 29-na keçən gecə”, “Erməni təxribatı”, “Ermənilərin Sumqayıtda qanlı aksiyası”, “İyirmi ildən sonra”, “Sumqayıt hadisələrinin sirləri: faktlar, mülahizələr, şərhlər”, “Sumqayıt, 1988. Cinayət və cəza” (Ramazan Məmmədovla birlikdə) kitablarının, “Sumqayıtın əks-sədası” tammetrajlı, “Sumqayıtın əks-sədası-2” (beş seriyalı), “Sumqayıt”, “Sumqayıtın bir axşamı” sənədli filmlərinin ssenari müəllifidir. Əsərləri türk, rus, alman, ingilis, ispan dillərinə tərcümə olunub. Sumqayıt hadisələrinin 30 illiyi ərəfəsində Eyruz Məmmədovla müsahibəni oxuculara təqdim edirik.
– Eyruz müəllim, 1988-ci il fevral ayının 27-29-da
erməni ekstremistləri Sumqayıtda təxribat törədərək
qan tökdülər. Nəticədə 32 nəfər insan qətlə
yetirildi. Siz respublikada ilk jurnalistsiniz ki, 30 ildən bəri bu
hadisələrlə bağlı araşdırmalar
aparırsınız. Sumqayıtda iğtişaşlar törədən
həqiqətənmi erməni ekstremistləri idi, yoxsa
onları idarə edən qüvvələr var idi?
– Sumqayıtda baş verən hadisələrin kökü çox dərinlərə gedib çıxır. Bu haqda çox danışıb vaxtınızı almaq istəmirəm. Bu qanlı aksiyanın, sifarişçiləri Moskvada, Kremldə əyləşmiş ermənipərəst qüvvələri idi. Diqqətlə düşünülmüş və planlaşdırılmış təxribatın təşkilatçıları isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, Ermənistanın xüsusi xidmət orqanları və “Daşnaksütyun” partiyasının millətçi qüvvələri idi.
– Müsahibələrinizin birində demisiniz ki, əməliyyatın
adını “Nalyotçik” (Basqınçı)
qoymuşdular. Bu, doğrudurmu?
– Bəli. 1988-ci il fevral
ayının ortalarında Sumqayıta SSRİ Dövlət Təhlükəsizlik
Komitəsindən polkovnik Paponinin rəhbərliyi altında 30
nəfər əməkdaş ezam olunmuşdu. Yerli
təhlükəsizlik komitəsi agenturasının verdiyi məlumatlara
görə, yaxınlarda Sumqayıta erməni millətindən
olan ekstremist qrupların gələcəyi və burada
iğtişaşlar törədəcəyi gözlənilirdi,
odur ki, Moskvadan gəlmiş nümayəndələr yerli təhlükəsizlik
komitəsinin əməkdaşlarına hadisələrə
müdaxilə etməyi qəti qadağan etdilər.
Sumqayıtda 32 nəfər qətlə yetiriləndən sonra
onların hamısı təcili olaraq şəhəri tərk
etdilər. Moskvaya qayıdan SSRİ Dövlət Təhlükəsizliyi
Komitəsinin əməkdaşlarının rütbələri
artırıldı, vəzifələri yüksəldi. Hətta
onlardan biri Boris Yeltsinin prezidentliyi dövründə baş
nazir postuna yiyələndi.
– Sizi Sumqayıtda baş verən hadisələrin izinə
düşməyə nə vadar etdi?
– Bakıda anadan olsam da, 5
yaşımdan Sumqayıtda yaşayıram. Burada
böyümüşəm, tərbiyə almışam, həyatım
bu şəhərdə formalaşıb. Sumqayıt
mənim üçün dünyanın ən gözəl
şəhərlərindən biridir. Ermənilərin
mənfur niyyətini ifşa etmək üçün mərhum
dostum, tanınmış kinorejissor Davud İmanovla sənədli
film çəkmək qərarına gəldik.
Belə qənaətə gəlmişdim
ki, bu, Moskvanın, Qorbaçovun dediyi kimi bir qrup “xuliqan”ın
yox, böyük siyasi qüvvələrin və kəşfiyyat
orqanlarının işidir. Çünki
azyaşlı uşaqlar iri sənaye şəhərində bu
cür dəhşətli və qanla nəticələnən
təxribat törədə bilməzdilər. Sifarişçiləri, təşkilatçıları
və icraçıları tapmaq, onları ifşa etmək isə
olduqca çətin bir missiya idi. Bilirsiniz
ki, 1990-cı illərin əvvəllərində SSRİ kimi nəhəng
bir ölkə dağılmaq üzrə idi. Hərc-mərclik baş alıb gedirdi. Dırnaqarası demokratlar milli zəmində konfliktlər
yaradaraq təxribat törətməklə məşğul
idilər. Onların əksəriyyəti qərb
dövlətlərinə casusluq edirdilər. Tez-tez xarici ölkələrə səfər edir, təlimatlar
alır, maliyyələşirdilər. Belələrinə
Boroviki, Afanasyevi, Nuykini, Starovoytovanı, Popovu və
başqalarını misal göstərmək olar.
Sumqayıtda baş verən
hadisələrdən dərhal sonra qərb dövlətlərində
ermənilərin təbliğat mexanizmi işə
düşdü. Onlar dünya ictimaiyyəti arasında azərbaycanlıları
başkəsən, quldur, qaniçən bir millət kimi qələmə
verərək Azərbaycan haqqında mənfi imic yaratmaq istəyirdilər.
Etiraf etmək lazımdır ki, 1990-cı illərin əvvəllərində
onlar buna nail ola bildilər. Burada İngiltərədə
nəşr olunan “Sunday Times” qəzetindən
aşağıdakı sətirlər yada düşür: “Azərbaycanlılar
ermənilərdən zəif və gücsüz deyillər. Azərbaycanlılar informasiya müharibəsində
ermənilərdən zəif və gücsüzdürlər”.
İndi artıq üstündən 30 il
vaxt keçib. Sular durulur. Gerçəklər
üzə çıxır, Azərbaycan həqiqətləri
inamla dünyaya yayılır. Xalqımızın
sülhpərvər bir xalq olduğu isə artıq
danılmaz səciyyə daşıyır.
– Mərhum
akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun
həmin illər “Elm” qəzetində “Niyə Sumqayıt?”
adlı analitik məqaləsi dərc olundu və bu, Ermənistanda
böyük rezonans yaratdı. Sizə sual vermək
istəyirik. Doğrudan da, niyə məhz Sumqayıt?
– Bilirsiniz, hər şey
Dağlıq Qarabağdan başlandı. Qorbaçov
hakimiyyətə gələndən sonra onun ətrafına ermənipərəst
qüvvələr toplandı. Şahnazarov,
Aqanbekyan, Sitaryan onun ətrafına
yerləşdilər. Bu qüvvələr
xaricdə yaşayan erməni lobbisinin yaxından köməkliyi
və Qorbaçovun razılığı ilə
Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistanın
tərkibinə qatılması haqqında fikri ortaya atdılar
və bunun üzərində ciddi işləməyə
başladılar. Lakin qarşıda bir maneə
vardı – SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini,
Sov. İKP Mərkəzinin Komitə Siyasi Bürosunun
üzvü Heydər Əliyev! Onu tutduğu vəzifələrdən
uzaqlaşdırmayana qədər bu məsələ həllini
tapa bilməzdi. Məhz buna görə də məkrli
niyyət bir neçə il yubandı. Heydər Əliyev 1987-ci ilin oktyabr ayında
tutduğu vəzifələrdən istefa verdikdən sonra ermənilərin
böyük təbliğat kampaniyası işə
düşdü. Xaricdə və SSRİ-də
bir sıra ermənipərəst kütləvi informasiya vasitələri
tarixi təhrif edərək, Azərbaycanın əleyhinə
böhtan dolu materiallar dərc etməyə başladılar.
M.Qorbaçov bu çirkin kampaniyanın
qarşısını almaq əvəzinə, 1988-ci ildə
Amerikada rəsmi səfərdə olarkən erməni
icması ilə görüşündə Dağlıq
Qarabağın taleyini ermənilərin xeyrinə həll edəcəyinə
söz verdi. Bunun
müqabilində erməni milyonerləri Qorbaçova çox
qiymətli rəsm əsərləri, onun xanımı Raisa
Maksimovnaya isə brilyant qolbağı hədiyyə etdilər.
Bununla belə, Azərbaycan tərəfindən
qəti etirazlar olunduğunu
görüb Sumqayıt kartından istifadə etdilər.
Sumqayıt fəhlə şəhəri
idi. Sovetlərin vaxtında bu şəhəri kimya
poliqonuna çevirmişdilər. Həmin vaxtlar SSRİ
Kimya Sənayesi naziri erməni millətindən olan Kostandov idi
və o, Sumqayıt şəhərinin “qara dumana”
bürünməsində, sakinlərin təmiz hava əvəzinə
“xlor”la nəfəs almasında böyük canfəşanlıq
göstərərək, başqa respublikaların imtina etdiyi zərərli
sex və istehsalatların burada tikilməsi üçün əlindən
gələni edirdi. Ətrafa qatı zəhər
buraxan “Lindan” qurğusunu buna misal göstərmək olar.
Altı ay istismarda olan bu sexdə
çalışan yüzlərlə gənc oğlan və
qız sağalmaz dərdlərə düçar olmuşdu.
Məqsədyönlü şəkildə milli
genefondumuz hədəfə alınmışdı. Üstəlik, sənaye inkişaf etdirilir, amma mənzil
tikintisi geridə qalırdı. Təsəvvür edin,
1988-ci ildə Sumqayıtda mənzil növbəsində 17 min
ailə dayanmışdı, 2
min ailə gecəqondularda anti-sanitariya vəziyyətində
yaşayırdı. Sumqayıt bir yaşına
qədər uşaqların ölüm göstəricisi
üzrə ittifaq miqyasında birincilər sırasında
gedirdi. Cinayət törətdiyinə görə icbari
iş alan bir neçə min şəxs də
Sumqayıtda yaşayırdı. Həm də bura 80-dən
çox millətin nümayəndələrinin ünvanı idi. Bütün bunlar məhz Sumqayıtda etnik zəmində
konflikt yaratmaq üçün daha münbit zəmin
yaratmışdı.
– Siz qeyd edirsiniz
ki, Sumqayıtda iğtişaşları törədənlər
erməni ekstrimistləri idi. Kim idi onlar?
– Milli Təhlükəsizlik
Nazirliyinin və Respublika Baş Prokurorluğunun arxiv
materiallarından aydın olur ki, Sumqayıtda həqiqətən
bir qrup erməni ekstremist iğtişaşlarda fəal
iştirak etmişdir. İstintaq zamanı ekstremist
qruplaşmanın 5-6 nəfər üzvü tutulmuşdu və
azərbaycanlı müstəntiqlər onlar haqqında cinayət
işi qaldırmışdılar. Bu haqda
SSRİ daxili işlər naziri Vlasova şifroqramla məlumat
verilmişdi. Nazir də öz növbəsində
izi itirmək üçün Rusiyanın ayrı-ayrı
regionlarında çalışan erməni millətindən
olan müstəntiqlərini Sumqayıta ezam etmişdi. Azərbaycanlı müstəntiqlərə işdən
kənarlaşdırılmış və təxribatçılar
haqqında materiallar erməni müstəntiqlərinə
verilmişdir. Bir həftədən sonra həmin
qruplaşma üzvləri əməllərində cinayət
xarakterli fakt və dəlillər “tapılmadığına”
görə azad edilmişdilər. Əlimizdə
ekstremist qrupu üzvlərinin siyahısı vardır. Onlardan bir neçəsinin adını və
familiyasını, iğtişaşlar zamanı Sumqayıtda
hansı mövqe tutduqları haqqında oxuculara məlumat vermək
pis olmazdı.
Levon Saturyan, DQMV Dövlət Təhlükəsizlik
Komitəsinin əməkdaşı, “Qarabağ” komitəsinin
fəal üzvü. Milli zəmində antiazərbaycan
təbliğatı ilə məşğul olur, Dağlıq
Qarabağda və Sumqayıtda baş verən hadisələr
haqqında Ermənistanın xüsusi xidmət orqanlarına
informasiyalar ötürürdü.
Eduard Mosesov və Arkadi
Qriqoryan Yerevanda nəşr olunan “Kommunist” qəzetinin
müxbirləri, Sumqayıtda baş verən hadisələrin
foto-video çəkilişləri ilə məşğul
olurdular.
Albert Qriqoryan, iğtişaşlarda
iştirak edən yetkinləşməmiş gənclərə
narkotik vasitələr paylayırdı.
Qoqar Bomasyan, Sumqayıtda “Ermənilərə
ölüm” şüarı ilə gəncləri qətllərə
və qarətlərə cəlb etməklə məşğul
idi.
Bu siyahını uzatmaq da
olar. Bir faktı da oxucuların diqqətinə
çatdırmaq istəyirəm. Petrosyan və Poqosyan
soyadlı iki erməni 1988-ci ildə Rusiyada ağır cinayət törətdikləri
üçün ümumittifaq axtarışında olublar. Onlar da erməni millətçilərinin vasitəsilə
Sumqayıtda iğtişaşlarda fəal iştirak etmək
üçün şəhərimizə göndərilmişdi.
Göründüyü kimi, ekstremist
qruplaşmanın hər üzvünün konkret vəzifəsi
vardı.
Robert Arakelovun “Dağlıq
Qarabağ: faciənin günahkarları bəllidir” adlı
kitabı nəşr olunmuşdur. Həmin kitabda göstərilir:
“İş yerimdə radio işləmədiyindən qonşu
otağa keçmişdim. Sonra məni rəis
yanına dəvət etdi və Yerevandan gedən xəbərlərlə
maraqlandı. Dedi ki, rabirə nazirini təsdiq etməlidirlər.
Bu, o nazirdir ki, Sumqayıtda kameraların harada
quraşdırılmasına, video və foto çəkilişlərə
şəxsən rəhbərlik edərək, bu işin
öhdəsindən layiqincə gəlmişdir”. Aşkar göründüyü kimi, hər şey əvvəlcədən
planlaşdırılmışdı.
Burada bir haşiyəyə
çıxmaq istərdim. Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Komitəsinin sabiq əməkdaşı
Y.Qolosilkin hüquq-mühafizə orqanlarına verdiyi
izahatında yazır: “Sumqayıtda kameraların
quraşdırılması haqqında məlumat əldə
etdik. Bu haqda SSRİ Dövlət Təhlükəsizliyi
Komitəsinə məlumat verdik. Əfsuslar
olsun ki, bizim məlumatımızı cavabsız qoydular.
DTK sədrinin birinci müavini Filipp Bobkov
Bakıya gəldi və Azərbaycan Dövlət Təhlükəsizliyi
Komitəsində müşavirə keçirdi. Mən axırda tribunaya qalxıb
çıxış etdim. Dedim ki, Sumqayıt hadisələri
əvvəlcədən düşünülmüş,
xüsusi kəşfiyyat orqanları tərəfindən
hazırlanmış bir aksiya idi. Hadisələrin
gedişi, xarakteri, hazırlığı bunu sübut edirdi.
Çıxışımdan
sonra Bobkov məni yanına çağırdı və dediklərimin
doğru olduğunu təsdiq etməyi tələb elədi. Mən ona dedim ki, bizdə
olan informasiyaları SSRİ Dövlət Təhlükəsizliyi
Komitəsinə göndərmişik, ancaq
heç bir cavab verilməyib. Görüşdən
sonra mənə Sumqayıtda baş verən hadisələrin
tədqiqatı ilə məşğul olmağı
qadağan etdilər”. Belə misalları
çox gətirmək olar. SSRİ
“KQB”-sinin dəst-xətti aydın görünür.
– Erməni millətindən
olan Eduard Qriqoryanı çoxları Sumqayıt hadisələrinin
təşkilatçısı kimi qəbul edirlər. Siz bu fikirlə razısınızmı?
– Qətiyyən yox! İki
dəfə “xuliqanlıq” üstündə məhkum
olunmuş, tüfeyli həyat sürən E.Qriqoryan bir neçə gün ərzində,
böyük bir sənaye şəhərində
iğtişaşlar təşkil edə bilməzdi. Belə hadisələri kəşfiyyat orqanları
aylarla planlaşdırır, lazımi qüvvələri cəlb
edir, maddi vəsait ayırır, xüsusi təxribatçı
qruplar hazırlayır və sair. Qriqoryan
sadəcə icraçı idi. Bir faktı da qeyd edim ki,
Eduard Qriqoryan 1988-ci il, fevral ayının
ortalarında Stepanakertdə olmuş, Ermənistanın
hazırkı prezidenti Serj Sərkisyandan siyahı
almışdır. Bu, Sumqayıtda yaşayan və
“Krunk” cəmiyyətinə aylıq üzvlük haqqı
ödəməkdən imtina edən ermənilərin
siyahısı idi. Hadisələr
başlayanda məhz həmin evlərə hücum olundu,
insanlar qətlə yetirildi, mənzilləri qarət olunub
yandırıldı. Təşkilatçılar
hadisələrdə iştirak edən ekstremist qrupu məharətlə
idarə edirdilər.
– “Krunk” cəmiyyətinin millətçi ideyaları, “Dənizdən
dənizə Böyük Ermənistan” xülyaları
hamıya bəllidir. Sumqayıtda
onların fəaliyyəti haqqında nə deyə bilərsiniz?
– Sumqayıtda onların böyük
bir şəbəkəsi fəaliyyət göstərirdi. Səhiyyə
şöbəsində qaraj müdiri Karlen Babayan, idman
dispanserinin baş həkimi Avakyan, superfosfat zavodunda növbə
rəisi Babayan, boru-prokat zavodu baş mühəndisinin
müavini Osipov, kimya istehsalat birliyində sex rəisi Abramyan,
təhsil şöbəsində çalışan müəllim
Beknazaryan və sair. Onlar Sumqayıtda “Krunk” cəmiyyətinin
özəyini təşkil edirdilər. Şahidlərin
birindən misal çəkim: 1988-ci ildə, 12-ci mikrorayonda
yerləşən poçtda çalışan
M.Sarokinanın hüquq-mühafizə orqanlarına verdiyi
izahatda qeyd olunur ki, o, çalışdığı
kollektivdə Jenya Arustamyanın və Raisa Mejlumyanın millətçi
olduqlarının, başqa millətlərə nifrət bəslədiklərinin canlı şahidi omuşdur. Hadisələrdən xeyli əvvəl Sarokina
onları poçt xidmətinin rəis müavini Alena
Balayanın yanında görmüşdür. Erməni dilində nədənsə söhbət
edirdilər. Balayanın stolunun
üstündə bir kip qəbz vardı. Bu
10-15 manatlıq köçürmələr idi.
Hamısı da Stepanakertə. Balayan maliyyə məsələlərinə
baxmadığından ona irad tutdum ki, bu qəbzləri neynirsən
və cavabında məndən otağı tərk etməyi tələb
etdi. Sumqayıtda baş verən hadislərdən
sonra məlum oldu ki, bu pullar Stepanakertdə fəaliyyət
göstərən “Krunk” cəmiyyətinə üzvlük
haqqı kimi göndərilirmiş. Daha bir
misal. Səhiyyə şöbəsinin qarajında
çalışan R.Rzayevin dediklərindən: “Karlen
Babayanın yanına Ermənistandan və Dağlıq
Qarabağdan bir neçə maşınla 7-8 nəfər erməni
gəldi. Onların kimliyini soruşanda Karlen cavab verdi
ki, qohumlarımdır. O vaxt bunlara ciddi əhəmiyyət
vermirdim. Dağlıq Qarabağ hadisələri
qızışandan sonra qarajımızda çalışan
ermənilərin bizə qarşı münasibətləri
tamamilə dəyişdi. 1988-ci il
fevral ayının ortalarında Karlenin kabinetinə tez-tez ermənilər
toplaşır, kənar şəxsləri içəri
buraxmırdılar. Burada bir neçə dəfə
Eduard Qriqoryanı da görmüşdüm. Onların hamısı “Krunk” cəmiyyətinin
üzvləri idi, burada siyahı tutur, pul toplayırdılar.
Bir gün erməni millətindən olan Dimanın boksunda
kustar üsulla hazırlanmış millətçi
şüarlara rast gələrək ona dedim: “Axı, sən
Sumqayıtda anadan olmusan, burada böyümüsən. Sənin nə marağın var ki, azərbaycanlılara
qarşı təbliğat aparırsan?” O mənə qərəzli
şəkildə belə cavab verdi:
“Baxarsan, Sumqayıtda nələr olacaq”. Hadisələrdən əvvəl qarajda
çalışan ermənilər Sumqayıtı tərk
etdilər. Bəli, fevralın 27-29-da qətlə
yetirilən ermənilər “Krunk” cəmiyyətinə
üzvlük haqqı ödəməkdən imtina edənlər
idi.
– “Sumqayıtın əks-sədası” sənədli
filmindən aydın olur ki, hadisələrdən bir neçə
saat əvvəl sovet qoşunu Sumqayıta yeridilmişdi. Məgər silahlı əsgərlərin
qüvvəsi ilə iğtişaşların
qarşısını almaq olmazdımı?
– Olardı. Lakin bu
siyasi bir oyun idi və Azərbaycana qarşı yönəlmişdi.
Sənədli filmi çəkərkən
SSRİ Müdafiə naziri D.Yazovdan soruşmuşduq ki, “niyə
sovet əsgərləri kənarda dayanıb hadisələri
sakitcə seyr edirdilər”. O, cavabında bildirdi ki,
“qoşunların hadislələrə müdaxilə etməsi
və komendant saatının tədbiq olunması
üçün Ali Baş Komendandan (M.Qorbaçov) əmr
alınmalıdır. Əmr olmadan mən
komandant saatı elan edə bilməzdim”. Onlara
ermənilərin meyitləri lazım idi ki, bundan siyasi məqsədlər
üçün istifadə etsinlər.
– Həmin film
1990-cı illərdə çəkilib və böyük səs-küyə
səbəb olub. Ermənilər bunun Ermənistana, onun
xalqına qarşı böhtan, habelə Sumqayıtda ermənilərə
qarşı “soyqırımı” ört-basdır etmək
üçün sifarişli bir film olduğunu bəyan edirdilər.
Həm də həmin dövrdə film çəkmək
çox riskli idi.
– Elədir. Bir sıra
xoşagəlməz hadisələrlə üzləşdik,
açığını deyim ki, bizi qorxudanlar da
tapıldı, təzyiq edənlər də. Lakin ümidsizliyə qapılmamağa, məqsədimizdən
geri dönməməyə çalışırdıq.
Bilirsiniz ki, Eduard Qriqoryan Sumqayıtda 6 ermənini qətlə
yetirmişdi və ona 12 il həbs cəzası
verilmişdi. Erməni millətçiləri,
xaricdə yaşayan havadarları kütləvi-informasiya vasitələrində
hay-küy qaldıraraq, belə iddia irəli
sürürdülər ki, guya Azərbaycanın cəzaçəkmə
məntəqəsində Qriqoryana dözülməz işgəncələr
verilir. Bu işdə S.Kaputikyan, Z.Balayan,
Q.Starovoytova xüsusi canfəşanlıq göstərərək,
ölkə rəhbərliyindən və hüquq-mühafizə
orqanlarından tələb edirdilər ki, Qriqoryan Rusiyanın
hər hansı bir cəzaçəkmə məntəqəsinə
köçürülsün. Onlar buna da nail oldular. Beləliklə, Qriqoryanı Stavropol vilayətinin
Budyonnovsk şəhərindəki həbsxanaya
köçürdülər. Biz həmin
şəhərə yollananda orada çəkiliş qrupumuza
qarşı təxribat törədildi. Erməni
millətindən olan bir neçə nəfər operatorumuz və
sürücümüzlə dava saldı. Sonradan
bizə məlumat verildi ki, bunu ermənilər bilərəkdən
ediblər.
Moskvada da bir neçə
hadisə ilə rastlaşdıq. Qaldığımız
mehmanxanada axtarış aparıldı. Aeroportda
kasetlərimizi müsadirə etdilər, ancaq bu, surəti
çıxarılmış nüsxələr idi. Kasetlərin əslini başqa yolla Azərbaycana
çatdırmışdıq. O zaman hələ Moskvada
yaşayan ulu öndər Heydər Əliyevdən müsahibə
almaq qərarına gəldik. 1991-ci ilin yayı
idi. Yaşadığı binanın həyətində
onunla görüşdük. Bizə belə bir sual verdi: “Siz Azərbaycandan ilk jurnalistlərsiniz
ki, məndən müsahibə alırsınız. Qorxmursunuzmu, mənə görə sizi incidərlər?”
Davud İmanov ona belə cavab verdi: “Heydər
Əliyeviç, siz 13 il respublikaya, 6 il ölkəyə rəhbərlik
etmisiniz. Biz sizin nüfuzunuza arxayın olub gəlmişik”.
Heydər Əliyev gülümsündü, sonra
Dağlıq Qarabağ, 20 Yanvar və Sumqayıt hadisələrini
ətraflı təhlil etdi. SSRİ rəhbərliyinin
Azərbaycana qarşı birtərəfli, subyektiv mövqe
tutduğunu, ermənilərin əsassız torpaq
iddiasını dəlillərlə sübut edərək
onları ifşa elədi.
Müsahibə qurtardıqdan
sonra Davudla “Jiquli” maşınına əyləşib yola
düşdük. Təxminən 5-6 kilometr yol getmişdik
ki, qarşımızı qara rəngli bir “Raf” kəsdi.
Bu, “KQB”-nin əməkdaşları idi.
Qapılar açıldı və bizi “Raf”a
otuzdurub Lefortovoya apardılar. Bizi orada 3 saat
saxladılar. O vaxtlar Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinin mətbuat xidməti rəhbəri vəzifəsində
çalışan, Rusiyada, habelə xaricdə yaxşı
tanınan jurnalist Fərhad Ağamalıyevin köməkliyi
ilə Lefortovodan azad edildik. O, dünyanın bütün
aparıcı kütləvi informasiya vasitələrinin,
telekanalların nümayəndələrini Lefortovonun
qarşısına topladı və orada mitinq başlandı,
şüarlar səsləndi. Beləcə, bizi
buraxdılar. Bir sözlə, kadrarxası
hadisələr çoxdur. Biz həmçinin Mərkəzi
Komitənin katibi, Siyasi Büronun üzvü Y.Liqaçovdan,
SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri,
Siyasi Büronun üzvü
B.Kryuçkovdan çətinliklə də olsa,
müsahibə ala bilmişdik. Mərkəzi Komitənin katibi,
Siyasi Büronun üzvü Aleksandr Yakovlev müsahibə zamanı
demişdi ki, “Kryuçkovun özü provakatordur”. Hətta yapon jurnalistlər həmin kasetləri bizdən
5 min Amerika dollarına almaq istədilər. Razı olmadıq, qiyməti 10 mniə
qaldırdılar. Onlara yox deyib,
ayrıldıq. Kaset satılsaydı, sənədli
filmdə böyük bir boşluq yarana bilərdi.
– Siz Sumqayıtda baş verən hadisələrlə
bağlı 10-a yaxın kitabın və bir neçə sənədli
filmin müəllifisiniz. Ermənilərin
reaksiyası haqqında nə deyə bilərsiniz?
– Ermənilər istər sənədli
filmimizi, istərsə də kitablarımı həmişə
tənqid atəşinə tutublar. Professor Ramazan Məmmədovla
birgə yazdığımız “Sumqayıt,1988.
Cinyaət və cəza” adlı kitabımız
bir neçə xarici dilə tərcümə olunub. Elektron poçtuma Ermənistandan, Rusiyadan,
İsveçrədən, Kanadadan çoxlu sayda məktublar
daxil olmaqdadır. Məni millətçi
adlandırır, ermənilərə böhtan
atdığımı bildirir, bəzən hədə-qorxu gəlirlər.
Nəticə budur ki, əgər tədqiqatlarımla
erməniləri, onların havadarlarını
qıcıqlandıra bilmişəmsə, deməli, dəlil-sübutlarım
hədəfə dəyib.
– Sizin Sumqayıt Dövlət
Universitetinin prorektoru, professor Ramazan Məmmədovla birgə
yazdığınız
“Sumqayıt,1988. Cinayət və cəza”
adlı analitik kitabınız hətta Meksikada nəşr
olunub və ölkəmizin müasir tarixini, o cümlədən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin səbəblərini tam
reallıqları ilə əks etdirir.
– Bəli. Mən Azərbaycanın
Meksikadakı səfirliyinin rəhbərliyinə və əməkdaşlarına
bu kitabı ispancaya çevirib çap etdiklərinə,
xarici işlər nazirliyinə isə həmin kitabı 24
ispandilli ölkədə yaydığına görə dərin
təşəkkürümü bildirirəm. Kitabın
ön sözünü Meksika parlamentinin üzvü, Latın
Amerikası və Karib Hövzəsi ölkələrinin
Siyasi Partiyalarının Daimi Konfransının vitse-prezidenti,
senator Qustavo Karvaxal yazıb. Ön sözdə deyilir: “Azərbaycan
Ermənistan və keçmiş SSRİ kimi
işğalçılar tərəfindən təcavüzkar
hücumlara və əsassız tarixi iddialara məruz
qalmışdır. Bu gün Azərbaycan
sülh və ədalət tələb edir. Heç bir
şey ədalətdən üstün ola
bilməz. Zorakılıq ədalətə ən
uzaq olan şeydir və qəbuledilməzdir”.
Onu da məmnuniyyətlə bildirmək
istəyirəm ki, Azərbaycan Prezidenti cənab İlham
Əliyevin tapşırığı ilə Baş Prokurorluq Sumqayıt şəhərində
törədilmiş kütləvi iğtişaşlarla
bağlı cinayət işləri üzrə istintaqı təzələyib
və araşdırmanın hərtərəfli
aparılması üçün yaradılmış istintaq-əməliyyat
qrupu tərəfindən Sumqayıt hadisələrinin
çoxsaylı şahidlərinin, həmin hadisələrdən
məlumatı olan digər insanların, o cümlədən
SSRİ Prokurorluğunun istintaq qrupuna daxil olan şəxslərin
ifadələri alınmış, xarici ölkələrə
müvafiq sorğular göndərilmiş, arxiv sənədləri
açılmış, mətbuatda verilmiş məlumatlar təhlil
edilmiş, digər zəruri istintaq-əməliyyat tədbirləri
görülmüşdür. İstintaq
işinin təzələnməsi və yeni-yeni təkzibolunmaz
faktların aşkara çıxarılması həmin cinayətin
üstündən qara pərdənin tam götürülməsinə
xidmət edir. Bizimsə borcumuz həmin
faktlardan istifadə etməklə erməni məkrinin əsl
mahiyyətini yazıb dünya ictimaiyyətinə
çatdırmaqdır.
Müsahibəni qələmə
aldı:
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.-
2018.- 1 mart.- S.8.