1918-ci ilin Mart soyqırımı

 

Bir əsrə yaxındır ki, erməni ideoloqları və onların havadarları dünyanı inandırmaq istəyirlər ki, Osmanlı ərazisində “zavallı” erməni xalqına qarşı dövlət səviyyəsində qırğın törədilmişdir. SSRİ dağılana qədər bu təbliğat bilavasitə Türkiyə Respublikasına qarşı yönəlmiş, dolayı yolla bu məsələdə bütün türk- müsəlman dünyası günahlandırılırdı. Çar Rusiyasının Osmanlı dövlətinə nifrəti SSRİ dövlətinin siyasətində və təbliğatında da davam etdirildi. Beləliklə, XX əsrin 60-cı illərində bu yalançı təbliğat ayaq tutaraq yeriməyə başladı. Bəs, əslində, 100 il bundan əvvəl  soyqırımına məruz qalan kimlər olmuşdur?

 

Birinci dünya müharibəsi ərəfəsində Osmanlı dövlətinin 3-cü ordusuna rəhbərlik edən Ənvər paşa Ərzurumda erməni liderləri ilə görüşündə yəqin etdi ki, ermənilər müharibə başlanacaq təqdirdə Osmanlı dövlətini müdafiə etməyəcəklər. Çünki, çar Rusiyası gələcəkdə müharibənin nəticəsindən asılı olaraq osmanlı ərazisində erməni muxtar dövlətinin yaradılmasına təminat verməklə, bu dövlətin tərkibində olan erməniləri Türkiyəyə qarşı müharibəyə cəlb edə bilmişdi. Birinci dünya müharibəsi ərəfəsində II Nikolayın Qafqaza gəlişi və ermənilərə osmanlılara qarşı əməkdaşlıq təklif etməsi məsələni daha da ciddiləşdirdi. Çar Tiflisdəki nitqini: “Qoy, rus bayrağı altında üzən gəmilər Bosfor və Dardanel boğazlarında sərbəst hərəkət etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini qura bilsin”! şüarları ilə bitirdi. Beləliklə, II Nikolayın bu qərəzli və təhrikedici çıxışı ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə iştirak etməsini təmin etdi. Türk torpaqlarının işğalına və əhalisinin məhv edilməsinə hazırlaşan erməni ideoloqları erməni kilsəsindən xeyir-dua aldılar.

Məlum olduğu kimi, 1914-cü il noyabrın 1-də rus ordusu Qafqaz istiqamətində Osmanlı sərhədlərini keçdi. Qars, Ərdəhan və Batum uğrunda döyüşlərdə hər iki tərəf böyük itki verdi. Lakin Sarıqamış yaxınlığındakı döyüşdə bir tərəfdən sərt qış, o biri tərəfdən rus ordusunun daha güclü hazırlığı türklərdən 90 min əsgər və zabitin əsir alınması ilə nəticələndi. Rus ordusunun Şərqi Anadoluya daxil olması ermənilərin türklərə qarşı qırğın törətməsi üçün şərait yaratdı. Rus ordusunun tərkibində xidmət edən ermənilərlə yerli ermənilər birləşərək heç bir günahı olmayan yüz minlərlə dinc əhalini qətlə yetirir və onları öz dədə-baba yurdlarından didərgin salırdılar. Erməni ideoloqlarının uzun illər boyu təbliğ etdikləri “böyük Ermənistan” planının reallaşması üçün şərait yaranmışdı. Ermənilərin yerli əhaliyə qarşı bu münasibəti Osmanlı dövlətini müəyyən müdafiə tədbirləri görməyə məcbur etdi. Belə ki, 1915-ci ilin mayın ortalarında Van, Bitlis və Ərzurumdan erməni əhalisi döyüş meydanından uzaqlaşdırıldı. Bununla da türklərin rus və ingilislərə qarşı döyüşlərində ermənilərin neytrallığı təmin edildi. Eyni zamanda, Osmanlı dövlətinin hərbi rəhbərliyi türklərə və digər müsəlmanlara ermənilərə qarşı hər hansı zorakılıq törətməyi  qadağan edən göstəriş verdi. 1919-cu il yanvarın 30-da Londonda çıxan “Tayms” qəzeti yazırdı:”Köçürülən erməni əhalisinin gələcəkdə öz evlərinə qayıtması və əmlakına sahib durması üçün Osmanlı hökuməti tərəfindən xüsusi komissiya yaradıldı. Komissiyanın işi erməni əhalisinin siyahıya alınmasından ibarət idi. Komissiyanın sənədlərində dönə-dönə qeyd olunur ki, müharibə başa çatandan sonra erməni əhalisi öz evlərinə qaytarılacaqdır”.

Antantanın təbliğat maşını və erməni millətçiləri sübut etmək istəyirlər ki, Birinci dünya müharibəsi illərində Osmanlı ərazisində bir milyondan artıq erməni öldürülmüşdür. Bunun üçün fakt kimi müharibəyə qədər Osmanlı ərazisində ermənilərin 2,5 milyon nəfər olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi məlumatına görə müharibəyə qədər bu ərazidə 1 milyon 300 min erməni yaşayırdı. Göstərilən əhalinin yalnız yarısı döyüş əməliyyatları gedən ərazidə yaşayırdı. Müharibə dövründə yarım milyon erməni Türkiyədən Qafqaza və başqa yerlərə köçmüş, 150-200 min erməni Qərbi Avropaya və ABŞ-a mühacirət etmiş və ehtimal etmək olar ki, ölən əhalinin sayı 200 min nəfərdir. Təbii ki, bu rəqəmin içində təkcə köçürmə nəticəsində ölənlər yox, aclıqdan, soyuqdan ölənlər və itkin düşənlər də vardır. “Tayms” qəzeti yazır: “Bu, bir danılmaz həqiqətdir ki, müharibə illərində osmanlı ərazisində iki milyon türkün həyatına son qoyulmuşdur”.

Erməni ideoloqları dünyanı inandırmaq istəyir ki, guya 1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində qırılması haqqında yazılı göstəriş vermişdir. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə ki, belə sənəd, ümumiyyətlə yoxdur.

1919-cu il Paris sülh konfransı dövründə Osmanlı rəhbərlərinin gizli yazışmaları diqqətlə yoxlanıldıqdan sonra ermənilərin kütləvi surətdə öldürülməsi haqqında heç bir sənəd və əmr tapılmadı. Əksinə, Avropadan gələn məmurlar belə faktla rastlaşdılar ki, köçürülən erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün Osmanlı dövləti tərəfindən onlarla əmr və göstəriş verilmişdir.

Osmanlı ərazisində müsəlman əhalisinə qarşı ilk soyqırımı 1915-ci il martın 14-də Van şəhərində erməni dəstələri tərəfindən törədildi. İki gün ərzində şəhərin müsəlman əhalisi qılıncdan keçirilərək onlara olmazın əzablar verildi. Osmanlı ərazisini işğal edən rus ordusunun himayəsi altında “Erməni Van dövləti” yaradıldı. Van soyqırımından sonra erməni və rus birləşmələrinin Bitlis vilayətinə hücumları başladı. Mosula qədər böyük bir ərazi erməni daşnak qüvvələrinin işğalı altına düşdü. 1915-ci il iyulun ortalarına qədər Van ərazisinə 250 min erməni köçürüldü. Halbuki, bu ərazidə 50 mindən artıq erməni yaşamamışdı.

1915-ci il iyulun ortalarından etibarən ermənilərin bu ərazilərdə törətdikləri cinayətlərin sayı-hesabı yox idi. İyulun ortalarından sonra Osmanlı ordusunun əks-hücumu nəticəsində geri çəkilən rus-erməni ordusu ilə birlikdə erməni əhalisi də bu əraziləri tərk etməyə başladı. 200 minlik erməni əhalisi rus ordusunun müşayiəti ilə Cənubi Qafqaz istiqamətinə üz tutdu. Düzdür, bir çox yerlərdə bu əhali kürdlərin hücumlarına məruz qaldı. Çünki kürdlər də erməni soyqırımına məruz qalanlardan idilər.

Birinci dünya müharibəsi illərində erməni-osmanlı münasibətlərinə dair həm obyektiv baxımdan, həm də sənədlərin əksəriyyəti qeyri-müsəlman müəlliflərinə məxsus olduğuna görə, ABŞ Konqresinin kitabxanasında saxlanılan “Bristolun sənədləri” diqqəti cəlb edir. Bu külliyyatda qeyd olunur ki, “dəqiq statistik mənbələrdən məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın erməni həlak olmuşdur. 1,5-2 milyon erməninin ölümü ilə bağlı fikirlər fərziyyədən başqa bir şey deyildir. Müharibə gedən ərazidə insanların ölümü və itkin düşməsi adi bir haldır”. Bristolun sənədlərində göstərilir ki, qeyd olunan dövrdə isə 2,5 milyon türkün həyatına son qoyulmuşdur. Türklərin ölümü və öldürülməsi ermənilərin ölümündən daha faciəli olmuşdur.

Yuxarıdakı faktlardan belə nəticəyə gəlmək olar ki, I Dünya müharibəsi illərində Osmanlı ərazisində soyqırımına məruz qalan ermənilər yox, yerli türk əhalisi olmuşdur.

1917-ci ilin fevralında Rusiyada 300 ildən çox hakimiyyətdə olan Romanovlar sülaləsi devrildi. Rusiyada Müvəqqəti hökumət yaradıldı. Müvəqqəti hökumətin Zaqafqaziya idarəçiliyi üzrə Xüsusi Zaqafqaziya Komitəsi fəaliyyətə başladı. Müvəqqəti hökumət elan edirdi ki, I Dünya müharibəsi başa çatdıqdan sonra Rusiya ərazisində yaşayan xalqların müqəddəratı məsələsinə baxılacaqdır. Lakin 1917-ci ilin oktyabrında Lenin başda olmaqla bolşeviklər tərəfindən hakimiyyətin zorakı yolla ələ keçirilməsi Rusiyanın himayəsi altında yaşamağa məhkum edilən məzlum xalqların arzularını puça çıxartdı. 1917-ci ilin noyabrında Tiflisdə Zaqafqaziya Komissarlığı yaradıldı. Burada Azərbaycan, erməni və gürcü nümayəndələri təmsil olunurdular. Bakıda Şaumyan başda olmaqla bolşeviklər bölgədəki daşnak qüvvələrini birləşdirərək yerli əhaliyə qarşı qırğına hazırlaşırdılar. Xüsusilə Rusiyada bolşeviklər hakimiyyətə gələndən sonra Bakıda bolşeviklərin fəallığı artdı.

Martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi “Evelina” gəmisi ilə Lənkərana geri  qayıtmalı idi. Paraxodun körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu.

Ertəsi gün şəhərin cənub hissəsində erməni əsgərləri göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, torpaq və daşlardan bəndlər ucaltmağa başladılar. Həmin gün müsəlman xeyriyyə cəmiyyətinin binasında keçirilən yığıncağa gələn Bakı şəhərinin keçmiş rəisi Ter-Mikaelyants Erməni Milli Şurası və “Daşnaksütyun” partiyası adından bəyan etdi ki, əgər müsəlmanlar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşeviklərin Bakıdan qovulmasına kömək edəcəklər. Martın 18-də (təzə stillə 31 mart - A.İ.) səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Ermənilərin yalançı vədlərinə inanmış müsəlmanlar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirdilər. Hücum ərəfəsində bütün ermənilər şəhərin müsəlmanlar yaşayan hissəsindən ermənilər yaşayan hissəsinə keçdilər. Müsəlmanlar yaşayan hissədə xristian əhalidən ruslar və gürcülər qalmışdı. 

Bakıda soyqırımı planı hələ 1917-ci ildən “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası tərəfindən hazırlanmışdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərmişdilər. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini cismən məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi planlı surətdə mütəşəkkil erməni hərbi hissələri tərəfindən şəhərin hər yerində qabaqcadan müəyyənləşdirilmiş sistem üzrə həyata keçirilirdi.

Fövqəladə Təhqiqat Komissiyası tərəfindən şahid kimi dindirilmiş Bakı şəhərinin sakini A.N.Kvasnikin ifadəsində deyilir: “Müsəlman əhalisinin əvvəlcə Bakı şəhərində, sonra isə onun ətraflarında cismən məhv edilməsi, onların əmlakının və bütün var-dövlətlərinin qarət olunması və siyasi üstünlüyün ermənilərin əlinə keçməsi ermənilərin müsəlmanlara qarşı təşkil etdikləri qanlı qəsd idi”. (ARDA, f.1061, siy.1, iş 95, vər.2). Azğınlaşmış və vəhşiləşmiş erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat komissiyasının üzvü A.Y.Kluge komissiyanın sədrinə yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər… Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını məhv edirdilər. (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.20).

Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyiti tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18). Sənədlərdən məlum olur ki, Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdur. Xalqın bir çox  ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran toplarla Təzəpir məscidi zədələnmişdir. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar (ARDSPİHA, f.277, siy.2, iş 13-16, vər.25-26).

FTK-nın materiallarında bu vəhşiliklər barəsində deyilir: “1918-ci il martın 18-də (köhnə təqvimlə-A.İ) bir erməni zabiti, yanındakı üç erməni əsgəri ilə “Kaspi” qəzeti redaksiyasının və “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binaları arasındakı dalana gəldi və “İsmailiyyə” binasına daxil oldu. Bir azdan binanın pəncərəsində tüstü və alov göründü. Nəinki Bakı müsəlmanlarının iftixarı sayılan, həm də bütün şəhərin yaraşığı olan bu əzəmətli bina yanğından məhv oldu. Yanğını söndürməyə adam yox idi, çünki müsəlmanlar küçəyə çıxa bilmirdilər, onları pulemyotlarla və top-tüfənglə atəşə tuturdular”. Həmin zabit “Daşnaksütyun” partiyasının görkəmli xadimi Tatevos Əmirov idi. Bu, həmin Tatevosdur ki, uzun illər ərzində tariximiz, mətbuatımız onu “yenilməz inqilabçı”, “xalqlar dostluğu uğrunda mətin mübariz” kimi təbliğ etmişdi.

Talançılar “Kaspi” qəzeti redaksiyasının və “Dağıstan” mehmanxanasının binalarını, “İsgəndəriyyə”ni, “İsmailiyyə”ni də yandırmışlar. “Kaspi” qəzeti redaksiyasında Azərbaycan dilində kitablar nəşr edilirdi. Bina yandırılan vaxtadək burada Quranın yenicə çap edilmiş 5 min nüsxəsi saxlanılırdı. Onların hamısı yanıb külə dönmüşdü (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18).

Mart talanlarında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı, erməni ziyalıları, gəncləri də iştirak edirdilər. Təhqiqat Komissiyasının materiallarında göstərilirdi ki, “erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu “müharibə”də iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, kontor işçiləri var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz “vətəndaş borcu”nu yerinə yetirirdi” (ARDA, f.100, siy.2, iş 791, vər.791).

“Nikolay Buniatov” paraxodu komandirinin köməkçisi Kazım Axundov yazır: Martın 25-dən Nikolayev küçəsindəki meyitlərin yığışdırılmasına başladıq. Onların arasında süngülərlə didik-didik edilmiş və qılıncla tikə-tikə doğranmış 3 müsəlman gimnaziyaçısının, 11 gimnaziyaçı qızın, 1 rus qadının, 3-5 yaşlarında 3 müsəlman oğlan uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman qadınının və müxtəlif peşə sahibləri olan 67 azərbaycanlının meyitləri var idi. Bundan başqa, “Vulkan” cəmiyyətinin köhnə yanalma körpüsünə müsəlman kişilərin, qadın və uşaqların 6748 meyiti gətirilmişdi. Axundov öz tanışı texnik Vladimir Sokolovu “Kərpicxana” deyilən yerə aparmışdı. Burada, o, 3 fotoşəkil çəkmişdi. Birinci şəkildə başında güllə yarası, bədənində beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilmiş qadın meyiti görünür. Onun sağ döşü üstündə hələ sağ olan körpə uzanmışdır. Anasının döşünü əmən bu körpənin ayağında süngü yarası vardır.

İkinci şəkildə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq görünür. Mismarın başından aydın görünür ki, onu divara daşla vurmuşlar. Daş elə oradaca idi.

Üçüncü şəkildə 13-14 yaşlı qızın meyitidir. Biçarənin bədənindən görünür ki, onu bir dəstə kişi (əgər bu alçaqlara “kişi” demək mümkündürsə) zorlamışdır.

Axundovla Sokolov 4-cü evə daxil olduqda onlar dəhşətli bir mənzərə görmüşdülər: geniş bir otağın döşəməsi üstündə 22-23 yaşlı bir qadının, iki qarının, 9 yaşlı qızın, 8 yaşlı oğlanın və südəmər körpənin meyitləri var idi. Körpənin əl-ayağını itlər gəmirib yemişdi. Təsvir olunan mənzərə Sokolova elə ağır təsir göstərmişdi ki, o, daha fotoşəkil çəkə bilməmişdi.

Qədim Azərbaycan şəhəri Şamaxı dəhşətli talan və vəhşiliklərə məruz qalmışdır. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. Burada bədnam S.Lalayevin başçılıq etdiyi əsgərlər və T.Əmirovun dəstəsi azğınlaşaraq müsəlmanları soyub-talayır və qırırdılar. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu. 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah,  həm də qədim abidə kimi əziz idi. Erməni quldurlar minlərlə dinc adamı qətlə yetirmişdi (ARDA, f.1061, siy.1, iş 108, vər.8-10).

Şamaxıda böyük hörmət sahibi olan axund Cəfərquluya olmazın işgəncələr verilmişdi. Ermənilər ona axund olduğu məsciddə dəhşətli əzab-əziyyət verərək, bu Allah bəndəsinin saqqalının tüklərini bir-bir yolmuş, dişlərini, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər. Ermənilər axunda pənah gətirmiş saysız-hesabsız qadın və uşağı da öldürmüşdülər. Hacı axundun tamamilə yandırılmış evinin həyətində sonralar Təhqiqat Komissiyasının üzvləri tərəfindən çoxlu miqdarda insan sümükləri aşkar edilmişdi. Qafqaz-İslam Ordusu 1918-ci ilin iyulunda Şamaxını ermənilərdən azad edərkən meyitlərin iri sümüklərini yığıb basdırmışdılar. Komissiya üzvləri 1918-ci ilin oktyabr və noyabrında bu barədə hazırladığı məruzədə qeyd edirdilər ki, həyətdə hələ də çürümüş meyitlərin qalıqları qalmaqdadır (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18) Şamaxı qəzasının müsəlmanlar yaşayan təxminən 80 kəndinin taleyi də bu cür olmuşdur. Daşnakların törətdiyi vəhşiliklərin həddi-hüdudu yox idi.

1919-cu il martın 30-da “Azərbaycan” qəzetində Fövqəladə Təhqiqat Komissiyasının “Çağırış”ı dərc edilmişdir. Komissiyanın sədri Ə.Xasməmmədovun imzaladığı bu sənəddə deyilirdi: “Şamaxının yalnız xarabalıqları qalmışdır. Şəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda məscidlərin ən qədimi 800 ildən çox tarixi olan Cümə məscidinin ancaq yanıb qaralmış minarələri görünür, şəhərin on beş minlik müsəlman əhalisindən sağ qalanlar isə bütün Zaqafqaziyaya dağılmış, əllərində qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb dilənirlər ki, acından ölməsinlər. Adlarını “bolşevik” qoyan qaçaq-quldur dəstələrinin əlindən qaçıb can qurtaran əhalinin qalan hissəsi türk qoşunları Azərbaycana gəldikdən sonra öz el-obalarına qayıtmışdır. Onlar qayıdıb gəldikdə əsrlərdən bəri yaşadıqları ocaqlarını yandırılmış və yerlə-yeksan edilmiş halda görmüşlər”.

Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatlarının – şahid ifadələri, zərərçəkənlərin dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatları, ölən və yaralananların siyahısı və s. - əsasında 53 kənd üzrə tərtib olunmuş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə öldürülənlərin sayı və dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu aktlarda olan rəqəmlərə əsasən Şamaxı şəhərində 8 min, qəzanın 53 kəndində isə ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manat, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur (ARDA, f.1061, siy.2, iş 85, 87,100).

“Çağırış” bu sözlərlə qurtarırdı: “Şamaxı qəzasının zərər çəkmiş əhalisinə yardım göstərmək hər bir vətəndaşın, xüsusən müsəlmanın vətəndaş vəzifəsi və mənəvi borcudur. Vətəndaş müsəlmanlar, Şirvanı xilas edin!”

Fövqəladə Təhqiqat Komissiyasının üzvləri – Gəncə quberniyasının Nuxa və Ərəş qəzalarında yoxlama keçirmiş  N.Mixaylovun və N.Klassovskinin məruzəsində dəqiqləşdirilmişdir ki, təkcə bu qəzaların erməni dəstələri deyil, həm də başlıca olaraq, gəlmə hərbi hissələr və İrəvan quberniyasının erməniləri müsəlman əhalisini ucdantutma qırmaq, kəndləri dağıtmaq və dövlət hakimiyyət orqanlarını və müsəlman ərazilərini tutmaq üçün bütöv bir plan hazırlamışdılar (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.46).

Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Xaçmazda yaşayan ermənilər bu barədə xəbərdar edilmiş, onlara xeyli əlavə silah və sursat göndərilmişdi. Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq görülmüşdü. Çünki qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Qubada yaşayan M.Kasparov, H. Hayrapetov, A.Mukanyans və A.Boqdanov tərəfindən  göndərilmiş teleqramda iddia olunurdu ki, Qubada müsəlmanlar milli ədavət, milli qırğın törədir, erməni və rus kəndlərini dağıdır, kilsələrə od vurub yandırırlar.

Bakıdan böyük bir silahlı dəstə ilə Qubaya gələn Amazasp və onun əlaltıları küçədə qarşılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-deşik edir, gözlərini ovurdular. Yaxınlıqdakı meşəyə qaça bilməyənlər evlərinə girib qapıları bağlamışdılar. Onları evlərindən zorla çıxarır, yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirildi.

 Amazasp Quba camaatını meydana yığıb bildirdi: “Mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən çox türk kəndini yandırıb xaraba qoymuşam. Uzun müddət türklərlə vuruşmuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Buraya da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam”.

Şahidlərdən biri yazır: “Amazasp daşnak dəstəsinə bələdçilik edən qubalı erməni Harun Hayrapetovu yanına çağırdı və ona nəsə dedi. Harun cibindən bir siyahı çıxarıb oxumağa başladı. Həmin siyahıda Qubanın varlılarından 26 nəfərin adı var idi. Amazasp həmin adamların dalınca silahlı əsgərlərindən bir neçə nəfərini göndərdi. Silahlı əsgərlər həmin ailələrdən altı nəfərlə geri qayıdanda daşnak komandiri daha da qızışdı. Gətirilənlərin 4-ü qadın, 2-si yeniyetmə idi. Amazaspın tapşırığı ilə yeniyetmələrin başlarını kəsdilər. Qadınları uşaqlarının qanını içməyə məcbur etdilər. Onlar şivən qoparıb daşnakların üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra qılıncla bədənlərini tən ortadan ikiyə böldülər. Meydanda ah-nalə yüksələndə Amazasp əsgərləri cərgə ilə düzdürüb əliyalın, günahsız əhaliyə atəş açmağı əmr etdi. Yüzlərlə adam qırıldı. İnanmaq olmurdu ki, insan-insana qarşı bu qədər vəhşilik törətsin”. “Mən sizin qanınızı içəcəyəm” – deyən Amazasp siyahıda adları çəkilən adamların mülklərini odlayıb külə döndərmək üçün əmr verdi. Bütün bu hərəkətləri ilə o, son dərəcə qəddar və qaniçən olduğunu sübuta yetirirdi.

Amazasp Bakıdan mənfur Şaumyan rejimindən belə bir tapşırıq almışdı: Quba qəzasında bütün müsəlmanları qırıb məhv etmək, onların yaşayış məntəqələrini dağıtmaq, sonra isə bu qırğını sünni və şiə məzhəbləri arasında toqquşma kimi qələmə vermək.

Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən   daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olmuşdur. Ona görə də onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta bilmişdilər. Həmin azğınlığın miqyasını təsəvvür etmək üçün iki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir. Bu rəqəm Quba şəhər əhalisinin beşdə biri demək idi.

Qırğının canlı şahidlərindən olan Şahbalı oğlu xatırlayır: “Ermənilər o qədər adam qırmışdılar ki, Qubanın küçələri al qana boyanmışdı. Əllərinə keçən 2 mindən çox adamı meydana yığıb ucdantutma güllələmək istəyəndə bir nəfər onların başçısına yaxınlaşdı. Deyilənə görə komissar idi. Bir qədər söhbət etdikdən sonra əsgərlərə təzədən əmr verildi ki, silahları aşağı salsınlar. Qadınlar və uşaqlar ağlayırdılar. Yekəpər bir erməni beş nəfərlə camaata yaxınlaşıb, cavan, gözəgəlimli qadınları seçməyə başladı. Əllidən çox qadını hara isə apardılar. Onlardan birinin qardaşı etirazını bildirəndə yerindəcə güllələdilər. Onun meyitini yerə sərib bıçaqla gözlərini çıxardılar. Əli qana batmış erməni ovcunda tutduğu gözləri camaatın üstünə tulladı. Kütlədən uğultu qopdu. Daşnaklar ermənicə söyə-söyə qabaqdakıları qundaqla döyməyə başladılar. Sonra irəli çıxmış bir yaşlı kişinin qarnını süngü ilə deşdilər. Bu, göz ilə baxılası müsibət deyildi”.

Başqa bir şahid yazır: Ermənilər dindarları Qubanın mərkəzinə gətirdilər. Bu, döyülən insanlar qəzanın ən hörmətli ağsaqqalları sayılırdılar. Amazasp hamının tanıdığı Quba ermənisi Harunu çağırdı. Harun azərbaycanca dedi ki, sünnilər və şiələr hərəsi bir tərəfə çəkilib üz-üzə dursunlar. Elə o cür də durdular. Aralarında 20-30 metr olardı. Sonra iki tüfəng gətirib dedilər ki, onsuz da sizin hamınızı qıracağıq. Kim sağ qalmaq istəyirsə, dediyimizə əməl etsin. Sünnilər və şiələr növbə ilə  bir-birlərinə güllə atsın. Sağ qalanlarla işimiz olmayacaq. Birinci iki nəfəri irəli çıxarıb tüfəngləri onlara verdilər. Biri ləzgi Məhəmməd, o birisi isə şiələrin ağsaqqalı Məşədi Mirsadıq idi. Onların heç biri erməni silahını əlinə almaq istəmirdi. Qundaqla başlarını yarıb onları tüfəng götürməyə məcbur etdilər. İkisi də tüfənglərini qaldırıb bir-birlərini nişan aldı. Hamı məəttəl qalmışdı. Nisbətən cavan olan Məhəmməd heç kimin gözləmədiyi halda geri döndü və bir daşnakı yerə sərdi. Qarışıqlıqdan istifadə edən Məşədi Mirsadıq da bir ermənini öldürdü. Qaçmaq istəyən yüzlərlə adamı pulemyotlarla qırdılar. Ölənlərin çoxu qadınlar və uşaqlar idi. Əvvəlcə Məhəmmədin qollarını kəsdilər, sonra ayaqlarını. Başını kəsib süngüyə keçirdilər və hamı görsün deyə yuxarı qaldırdılar. Məşədi Mirsadığın gözlərini çıxarıb, qollarını sındırdılar və boynunu qırdılar. Həmin gün daşnaklar məscidi dağıdıb, həm sünnilərdən, həm də şiələrdən 20-dən çox din xadimini qətlə yetirdilər”. A.Novatski məsələni dəqiqləşdirmək üçün qeyd edir ki, müsəlmanların dini heysiyyətınə toxunaraq, məscidlərə od vurub yandıran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi məhv etmişdilər.

 

(ardı var)

 

Anar İsgəndərov,

tarix elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2018.- 31 mart.- S.8.