Azərbaycan Xalq Cümhuriyyətinin ermənilərin

törətdikləri qırğınlara qarşı mübarizəsi

 

1918-1920-ci illər Azərbaycan tarixinin ən şərəfli və eyni zamanda, ən ağır, dramatik dövrlərindən biridir. Bir tərəfdən, 1918-ci il mayın 28-də Azərbaycan xalqı istiqlala qovuşmuş, milli dövlətçiliyini bərpa etmiş, respublika formasında demokratik dövlət yarada bilmişdir, digər tərəfdən erməni millətçiləri tərəfindən törədilən soyqırımına məruz qalmışdır.

 

1918-ci ilin martında Stepan Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak alyansı olan Bakı Soveti “əksinqilabi ünsürlərlə mübarizə” şüarı altında azərbaycanlı milli və demokratik qüvvələrin (onların içində ən nüfuzlusu “Müsavat” Partiyası idi) sosial bazasını darmadağın etmək məqsədilə türk-müsəlman əhalinin məhv edilməsi əməliyyatına başladı. Bir qədər sonra Sovet Rusiyasının hökumətinə hesabat verən Şaumyan etiraf edirdi: “Biz bəhanədən istifadə edib... bütün cəbhə boyu hücuma keçdik... Bizdə artıq 6 min nəfərə yaxın silahlı qüvvələr var idi. “Daşnaksütyun”un da 3-4 minlik milli hissələri var idi ki, onlar da bizim sərəncamımızda idi. Axırıncıların hadisələrdə iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri verdi, ancaq bunun qarşısını almağa imkan yox idi. Biz buna şüurlu şəkildə getdik. Əgər onlar (yəni azərbaycanlı siyasi qüvvələr – N.M.) qalib gəlsəydilər, şəhəri Azərbaycanın paytaxtı elan edəcəkdilər”.

Nəticədə, minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətlərinə görə məhv edildi. Martın 30-31-də Bakının silahsız müsəlman məhəllələri qırğına məruz qaldılar. Birləşmiş daşnak-bolşevik qüvvələri hətta uşaqlara, qadınlara, qocalara da aman vermədilər. Aprelin 1-nə keçən gecə erməni dəstələri İçərişəhərə soxularaq, yerli əhalini daha qəddarcasına məhv etməyə başladılar. Şaumyan sonralar öz məmnunluğunu gizlətməyərək, yazırdı: “Bizim şəhərin milli tərkibi bizi qorxudurdu. Biz ehtiyat edirdik ki, mübarizə xoşagəlməz istiqamətdə inkişaf etməyə başlayacaq. Biz hətta erməni daşnak alayının köməyindən istifadə etməyə məcbur olduq. Biz onların köməyindən imtina edə bilməzdik. Erməni Milli Şurası müstəqil şəkildə həbslər aparır, axrarışlara yol verir, müsadirə edir və sair işlərlə məşğul olurdu... Ancaq qələbə o dərəcədə böyükdür ki, o gerçəkliyə kölgə salmır”.

Cəmi üç gün ərzində Bakıda, müxtəlif məlumatlara görə, 12 mindən 17 minə qədər insan öldürüldü. Lakin bununla Bakı Sovetinin türk-müsəlman əhaliyə qarşı apardığı hərbi əməliyyatlar başa çatmadı. Azərbaycanlıların soyqırımı təkcə Bakı qəzasında deyil, Şamaxı, Quba və digər qəzalarda da davam etdirildi. Bunun üçün, guya beynəlmiləlçi-kommunist Şaumyan Tatevos Əmirov, Stepan Lalayev, Hamazasp Srvantsyan, Andranik Ozanyan və digər erməni qatilləri ilə əlbir olmuşdur.

 “Azərbaycan” qəzeti 8 oktyabr 1918-ci il tarixli nömrəsində mart-aprel hadisələri ilə bağlı yazırdı: “Uşaqların oğurlanması ilə məşğul olan quldur dəstəsinin başçısı Tatevos Əmirov sosialist (kommunist) ordusunun başında durduqdan sonra 16 000 aciz müsəlman yoxsulu Bakıda qırdıqdan və alçaq Styopa Lalayev daşnak (eləcə də sosialist) quldur dəstələrinə başçılıq edərək bir sıra məhəllənin müsəlman ziyalılarını evlərindən çıxarıb küçədə güllələməklə təmizləməsindən sonra Şaumyan və ona bənzər “demokratiya öndərləri”, görünür, bu təcrübəni onlara tabe olan komandirlər üçün kifayət qədər parlaq hesab etdilər və Əmirov Lalayevlə “əksinqilabla” mübarizə aparmaq üçün Şamaxıya seçilmiş daşnak dəstəsi ilə göndərildilər”.

Stepan Lalayev, Mixail Arzumanov, bolşevik Atarbekov və digərlərinin başçılıq etdiyi ümumi sayı 20 min nəfərdən ibarət olan silahlı erməni hərbi hissələri Şamaxı, Göyçay, Ərəş qəzalarından keçərək 7 min insanı məhv etdi (onlardan 1653-ü qadın, 965-i uşaq idi).

Stepan Lalayevin cinayətlərini araşdıran Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallar sübut edir ki, Lalayev 1918-ci ilin martında Bakı və Şamaxı şəhərlərində erməni əsgərlərinin azərbaycanlılara qarşı törətdiyi qırğına rəhbərlik edənlərdən biri olmuşdur.

Quba qəzasındakı qırğınlarla bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan istintaq komissiyasının sədri A.F.Novatskinin məruzəsindən məlum olur ki, Şaumyanın göstərişi ilə Qubaya qırmızı ordunun qərargah rəisi erməni Hamazaspın başçılıq etdiyi və yalnız “Daşnaksütyun” partiyasının üzvlərindən ibarət olan “cəza dəstəsi” göndərilmişdi.

Qeyd etmək lazımdır ki, Hamazasp hələ 1905-ci il qırğını zamanı azərbaycanlıların qətllərində iştirak etmişdir. 1918-ci ilin mart-aprel hadisələrində isə o, erməni milli hərbi hissələrinin təşkilində yaxından iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının materiallarından bəlli olur ki, Hamazasp Quba şəhərinin sakinlərinə qarşı dəhşətli zorakılıq törətmişdir. O, qubalılara müraciətində demişdir: “Mən erməni xalqının qəhrəmanıyam... Mən Xəzər dənizi sahillərindən Şahdağa qədər bütün müsəlmanları məhv etməyə gəlmişəm”. Quba qəzasında Şaumyanın göndərdiyi erməni hərbi dəstələri tərəfindən 122 kənd dağıdılmış, yüzlərlə türk və ləzgi məhv edilmişdir.

Azərbaycanlılara qarşı soyqırımı, həmçinin Qarabağ, Lənkəran, Zəngəzur, Naxçıvan, Şimali Azərbaycanın digər bölgələrində də törədilmişdir. Bu məqsədlə Şaumyan Türkiyənin şərq bölgələrində və Şimali Azərbaycanın qərb hissəsində zorakılıqla məşğul olan erməni quldur dəstələri, o cümlədən Andranikin başçılıq etdiyi hərbi qüvvələrlə sıx əlaqədə idi. Təkcə 1918-ci ilin yayı ərzində Andranik tərəfindən Şərur və Naxçıvanda 3000, Zəngəzurda isə 7700 nəfər qətlə yetirilmişdir. 50 000 azərbaycanlı öz doğma yerlərindən didərgin salınmışdır. Bu cür vəhşiliklərə baxmayaraq, Şaumyan Andranikə göndərdiyi teleqramda onu “xalqın rəhbəri” adlandırır və bu caninin ermənilər qarşısında xidmətlərini yüksək qiymətləndirərək yazır:

“...Sizin simanızda əsl qəhrəmanı salamlayıram”.

1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti yaradıldı. Bu hakimiyyət qurumunda aparıcı mövqeləri ermənilər tutdular. Şaumyanın özü XKS-in sədri və xarici işlər üzrə komissarı idi.

Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin daha da möhkəmləndirilməsinin qarşısını 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) aldı. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövləti ilə hərbi ittifaqı, birləşmiş azərbaycanlı-osmanlı Qafqaz İslam Ordusunun AXC-nin müvəqqəti paytaxtı elan edilmiş Gəncədən Bakıya müzəffər yürüşü daşnak-bolşevik qüvvələrinin Bakını və Şimali Azərbaycanın bütün Xəzəryanı bölgələrini tam işğal etmək barədə planlarını alt-üst etdi.

31 iyul 1918-ci ildə Bakı Soveti daxilindəki siyasi mübarizənin kəskinləşməsi şəraitində Şaumyanın başçılıq etdiyi qruplaşma hakimiyyətdən çəkilməyə məcbur oldu. Şaumyanın məğlubiyyətindən sonra ermənilər Bakını öz nəzarətləri altında saxlamaqla bağlı ümidlərini dünya müharibəsi gedişində Qafqaza müdaxilə etməyə çalışan ingilislərlə bağladılar. Bakıda ingilislərin hərbi dəstəyinə arxalanan “Sentrokaspi Diktaturası” hökuməti yaradıldı. Bu hökumət daşnak, eser və menşevik partiyalarının koalisiyası olaraq formalaşdı. Lakin “Sentrokaspi Diktaturası”nın Bakını nəzarət altında saxlamaq cəhdi uğursuz oldu. 1918-ci il sentyabrın 15-də azərbaycanlı-osmanlı qoşunları Bakını azad etdilər. Sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ölkənin paytaxtı – Bakıya köçdü.

Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin ilk günlərindən öz istiqlalı və ərazi bütövlüyü uğrunda mübarizə aparmağa məcbur oldu. Ən böyük problem Azərbaycan Xalq Cümhuriyyəti ilə eyni vaxtda, özü də tarixi Azərbaycan torpaqlarında yaranan Ermənistan (Ararat) Respublikasının təcavüzü idi. Ermənistan Respublikası adlanan qurum Azərbaycan xalqına qarşı əsl soyqırımı siyasəti həyata keçirirdi. Bu siyasətin əsas hədəfi əzəli Azərbaycan torpaqlarının – Qarabağ, Zəngəzur və Naxçıvanın əhalisi idi.

1918-ci ilin iyulunda Dağlıq Qarabağın erməni icması Ermənistan Respublikasının hərbi-siyasi köməyinə arxalanaraq öz müstəqilliyini elan etdi. Bundan dərhal sonra, 1918-ci ilin payızında erməni silahlıları Zəngəzurda 52 kəndi, 2 mindən çox azərbaycanlını məhv etmişdi. Eyni zamanda, erməni quldur dəstələrinin başçısı Andranik Azərbaycanın əzəli torpağı olan Zəngəzuru erməni qubernatorluğu elan etdikdən sonra Şuşanı işğal etmək istiqamətində cəhdlər göstərməyə başladı.

1918-ci il dekabrın 19-da Azərbaycan parlamentinin üzvü Qarabəy Əliverdiyev Şuşadan xəbər verirdi: “Mən Qarabağın nümayəndəsi olaraq buradakı vəziyyət barədə məlumatlandırıram ki, Andranik Zəngəzuru atəşə tutandan sonra təhlükəli vəziyyət, həmçinin Qarabağda, Ordubadda, Cavanşirdə yaranmışdır. Andranik saysız-hesabsız müsəlman kəndlərini məhv edərək dinc əhalini qırmış, sağ qalanları isə doğma yerlərindən qovmuşdur. O, Qarabağın mərkəzi olan Şuşaya hücum edərək onun sakinlərini qarət etmiş və onların əmlakını öz əsgərlərinə paylamışdır”.

1918-ci ilin noyabrında İstanbulda Osmanlı dövləti ilə danışıqlar aparan Əlimərdan bəy Topçubaşov Azərbaycan rəhbərliyinin mövqeyini belə ifadə etdi: “Ermənilər tərəfindən qaldırılan Qarabağ məsələsi beş-on kəndin məsələsi deyil. Bu dörd qəzanın – Şuşanın, Cavanşirin, Cəbrayılın və Zəngəzurun mənsubiyyəti ətrafında baş verən mübahisədir. Bu isə sanki bir xanlığın ərazisidir. Bu ərazidə yaşayanlar içində ermənilər heç də çoxluq təşkil etmir. Üstəlik, onlar bu bölgənin yerli sakinləri deyil. Ermənilər Azərbaycana Türkiyə və İrandan Rüsiya ilə müharibələrdən sonra köçürülmüşlər. Buna baxmayaraq, biz problemin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıyıq”.

Azərbaycan dövləti dərhal Qarabağ əhalisini müdafiə etmək üçün lazımi tədbirləri görməyə başladı. Ermənistanın təcavüzü Azərbaycan parlamentinin 1918-ci il 20 dekabr tarixli iclasında geniş müzakirə olundu. Cümhuriyyətin Baş naziri Fətəli xan Xoyski öz çıxışında deyib: “Hələ iyul ayında Andranik İrəvan tərəfdən bizim sərhədlərimizə yaxınlaşdı. Sentyabrda Bakıya köçən Azərbaycan hökuməti dərhal bu məsələ ilə məşğul oldu. Bizim ordumuz Andraniki Şuşa və Zəngəzurdan sıxışdıra bildi. Andranik qaçdı və noyabra qədər görsənmədi. Türk qoşunları Azərbaycanı tərk etdikdən sonra o, yenidən bizim ərazilərimizdə zorakılıq törətməyə başladı. Andranikin məqsədi bizim üçün tam aydındır. O, Zəngəzur və Şuşa qəzalarını Azərbaycandan ayırmaq və Ermənistana birləşdirmək istəyir. Biz isə öz növbəmizdə müvafiq tədbirlər görəcəyik”.

Fətəli xan Xoyskinin adını çəkdiyi tədbirlər qısa bir müddətdə həyata keçirilməyə başlandı. Belə ki, 1919-cu ilin yanvarında Qarabağ general-qubernatorluğu yaradıldı. Qarabağın general-qubernatoru vəzifəsinə AXC-nin ən parlaq xadimlərindən biri olan Xosrov bəy Sultanov təyin olundu. Azərbaycan hökumətinin bu qərarları ermənilər tərəfindən neqativ qarşılandı. Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan hökumətini, guya Ermənistanın ərazi hüquqlarına qəsd etməsində ittiham etdi. Lakin Azərbaycanın xarici işlər naziri vəzifəsini icra edən Adil xan Ziyadxanovun cavab notasında Azərbaycanın Qarabağ və Zəngəzur üzərində tarixi və etnik hüquqları olduğu barədə sərt bir bəyanat səsləndirildi. Artıq 1919-cu ilin aprelində Azərbaycan Ordusu Andranikin hərbi dəstələrini ölkə ərazisindən sıxışdırdı.

Lakin həmin ilin yayında Dağlıq Qarabağda fəaliyyət göstərən Erməni Milli Şurası qanlı münaqişənin yeni mərhələsini açdı. Bu şura Ermənistandan Dağlıq Qarabağda yaşayan ermənilərə xeyli silahın gətirilməsinə nail oldu. Hərbi toqquşmalar nəticəsində Azərbaycan Ordusunun bir neçə əsgəri həlak oldu. Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov ermənilərin hərbi aksiyalarının qarşısını almaq məqsədilə Erməni Milli Şurasının fəal üzvlərini Qarabağdan qovdu və bundan sonra bölgədə nisbi sakitlik yarandı. Dağlıq Qarabağın erməni icması Azərbaycan hökumətinin hakimiyyətini tanıdığı barədə bəyanat verdi.

Həmin dövrdə Azərbaycan hökuməti, həmçinin Azərbaycanda Birinci dünya müharibəsinin qalibi simasında fəaliyyət göstərən ingilis hərbi komandanlığı tərəfindən də Qarabağın məhz Azərbaycana məxsus olduğunun tanınmasına nail oldu.

1919-cu ilin avqustunda keçirilən Dağlıq Qarabağ (DQ) ermənilərinin 7-ci qurultayında ermənilər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mədəni muxtariyyət statusunu əldə etmələri ilə razı olduqlarını bildirdilər. Azərbaycan hökuməti ilə DQ erməniləri arasında bağlanan bu razılaşmanı təhlil edən Tbilisidə çap olunan “Borba” qəzeti yazırdı: “Çox güman ki, bu saziş erməni-müsəlman münaqişəsinin qarşılıqlı razılıq əsasında həll edilməsinin ilk ciddi cəhdidir. Məhz buna görə də daşnaklar bu razılaşmaya qarşı çıxırlar”.

Ermənilər açıq şəkildə Naxçıvan bölgəsinin də zəbt edilməsinə yönəlmiş siyasət həyata keçirirdilər. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi baxımından Naxçıvan bölgəsində 1918-ci ilin noyabrında yaranmış və təxminən 1919-cu ilin martınadək fəaliyyət göstərmiş Araz-Türk Respublikasının mühüm əhəmiyyəti var idi. Lakin ermənilərin güclü hərbi və siyasi təzyiqi, Birinci dünya müharibəsi başa çatdıqdan sonra bölgədə aparıcı rol oynayan ingilis hərbi komandanlığının erməni tərəfini Naxçıvan məsələsində dəstəkləməsi Araz-Türk Respublikasının tezliklə süquta uğramasına gətirib çıxardı.

Azərbaycan parlamentinin 1919-cu il yanvarın 25-də keçirilən iclasında xüsusi bəyanatla çıxış edən Məmməd Әmin Rəsulzadə Ermənistan hökumətinin Naxçıvan və digər Azərbaycan qəzalarının əhalisinə düşmən münasibət bəsləməsinə qarşı çıxaraq qəti tədbirlər görməyə çağırdı. Azərbaycan hökumətinin 1919-cu il 28 fevral tarixli qərarı ilə Naxçıvan general-qubernatorluğu yaradıldı. Cümhuriyyətin hərbi-siyasi tədbirləri və yerli əhalinin inadlı müqaviməti sayəsində ermənilərin Naxçıvana yiyələnmək niyyətləri baş tutmadı.

Naxçıvanla müqayisədə Zəngəzur əhalisinin vəziyyəti daha acınacaqlı idi. 1919-cu il oktyabr ayının əvvəllərində Zəngəzurun 110 kəndi erməni hərbi dəstələri tərəfindən məhv edilmişdi.

1919-cu il noyabrın 23-də Azərbaycanla Ermənistan arasında Tiflis sazişi bağlandı. Tərəflər hərbi toqquşmaları dayandırmaq və bütün mübahisəli problemləri sülh yolu ilə həll etmək barədə öhdəlik götürdülər. Bu sazişin şərtləri dekabrın 14-də keçirilən Azərbaycan–Ermənistan sülh konfransında da öz təsdiqini tapdı. Lakin bu hadisədən dərhal sonra 10 minlik erməni qoşunu yenidən Azərbaycana hücum etdi. Zəngəzurdan Qarabağa keçən erməni qoşunu Azərbaycan kəndlərinə divan tutdu. Azərbaycan hökumətinin bəyanatına görə, ən azı 40 müsəlman kəndi məhv edildi.

1920-ci il yanvarın 25-də Azərbaycan xarici işlər naziri Xoyskinin Ermənistan Respublikası Xarici İşlər Nazirliyinə göndərdiyi notasında deyilirdi: “...yanvarın 19-da erməni qoşunları Zəngəsurdan keçərək Şuşa qəzasına daxil oldular və yollarında rast gəldikləri bütün müsəlman kəndlərini məhv etdilər. Ermənistan hökumətinin əmrini icra edən erməni qoşunları müsəlman kəndlərinin əhalisini amansızcasına qırmışdır... Dinc müsəlman əhalisinə qarşı bu hərbi tədbirlər dayandırılmadığı halda, Azərbaycan hökuməti vətəndaşlarımızın həyat və əmlakının qorunması məqsədilə ən qəti tədbirlər görəcək”.

Həqiqətən də general-qubernator Sultanovun səyləri nəticəsində Qarabağda nizam-intizam yenidən bərpa edildi. Lakin 1920-ci ilin martında erməni hərbi birləşmələrinin Qarabağa növbəti hücumu baş verdi. Bu hücum Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hökumətinə qarşı qiyamı ilə üst-üstə düşdü. Sonradan məlum oldu ki, Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü və Qarabağın erməni icmasının qiyamı Azərbaycanı işğal etməyə hazırlaşan Sovet Rusiyasının rəhbərliyi ilə sıx şəkildə əlaqələndirilirdi.

General-qubernator Sultanovun Cümhuriyyətin daxili işlər nazirinə göndərdiyi teleqramında deyilirdi: “Martın 23-nə keçən gecə ermənilər böyük qüvvə ilə Xankəndidə yerləşən bizim hərbi hissəmizə hücum etdilər. Şuşa Şuşakənd tərəfindən bombardman edilir. Hücumların qarşısını almaq üçün bütün lazımi tədbirləri görürük”.

Xosrov bəy Sultanovun səylərinə baxmayaraq, ermənilər Dağlıq Qarabağı Azərbaycanın qalan ərazisi ilə birləşdirən Əsgəranı ələ keçirdilər. Erməni təcavüzünün qarşısını almaq məqsədilə Azərbaycan hökuməti general-mayor Həbib bəy Səlimovun başçılıq etdiyi 20 minlik qoşunu Qarabağa göndərdi. Qanlı döyüşlərdən sonra Azərbaycan Ordusu Əsgəran və Xocalını ermənilərdən azad etdi. Artıq 1920-ci ilin aprel ayında bütün Qarabağ erməni silahlı dəstələrindən azad olunmuşdu.

1920-ci il aprelin 27-də, yəni Cümhuriyyətin süqutuna bir gün qalmış, general Səlimov Hərbi Nazirlikdən Zəngəzurda da Azərbaycanın suverenliyinin tam bərpa edilməsi üçün oraya yürüş etməyə hazır olduğunu və bunun üçün əmr gözlədiyini bildirdi. Lakin Cümhuriyyət rəhbərliyi o zaman Sovet Rusiyasının Azərbaycana qarşı hərbi yürüşünə necə müqavimət göstərməyi düşünürdü. Ermənilərin hücumlarını dəf etmək üçün Azərbaycan Ordusunun ən hazırlıqlı hissələri Qarabağa göndərildiyi üçün Cümhuriyyət XI ordunun Bakıya yürüşünün qarşısını ala bilmədi.

Bununla belə, Cümhuriyyət hökumətinin hərbi-siyasi tədbirləri nəticəsində Azərbaycanın Qarabağ üzərində suveren hüquqları tam şəkildə bərqərar olundu. Azərbaycan Ordusunun zabit və əsgərlərinin qəhrəmanlığı sayəsində Ermənistan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkarlıq siyasəti iflasa uğradı, Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Eyni zamanda, qeyd etmək lazımdır ki, 1918-1921-ci illərdə ermənilərin apardığı soyqırımı siyasəti nəticəsində İrəvan, Zəngəzur, Şərur, Naxçıvan, Qarabağ, Cavanşir və Qazax bölgələrinin azərbaycanlı əhalisi 30 faiz azaldı.

 

Natiq MƏMMƏDZADƏ,

AMEA Tarix İnstitutu, Azərbaycan xalqına

qarşı soyqırımları tarixi şöbəsinin müdiri,

tarix üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2018.- 31 mart.- S.12.