Heydər Əliyevin təhsil siyasəti
Ümummilli lider Heydər Əliyev Ulu
Yaradan tərəfindən müqəddəs
missiya ilə göndərilmiş şəxsiyyət
idi. O,1969-1882-ci illərdə Azərbaycana
rəhbərlik etdiyi dövrdə də,
1993-2003-cü illərdə ölkə Prezidenti
olarkən də bu tarixi
missiyanı uğurla yerinə yetirdi. Doğrudur, bu iki mərhələ özünün ictimai-siyasi
mahiyyəti, ölkədə
gedən proseslər baxımından bir-birindən köklü surətdə fərqlənirdi. Ancaq hər iki dövrdə
ölkənin taleyində möhtəşəm işlər görülmüş, silinməz izlər qoyulmuşdur.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıtması ilə ölkənin tarixində tamam yeni bir inkişaf dövrünün əsası qoyuldu. Bu proseslərin biz canlı şahidiyik. Ulu öndərin gəlişinə qədər ölkədə xaos və anarxiya pik həddə çatmış, dövlət idarəçiliyi prinsipləri pozulmuş, təsadüfi adamlar hakimiyyətə yiyələnmiş, iqtisadiyyat dağılmış, müharibə vəziyyətində olan, torpaqları işğal altına düşən ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Amma təcrübəli siyasətçi bu çətinliklərin öhdəsindən gəlməyi bacardı.
Bütün ölkə ictimaiyyəti əmin idi ki, ən doğrusunu Heydər Əliyev bilir. Ondan başqa heç kəs xalqı bu böhran məngənəsindən qurtarmağa qadir deyil. Və təbii ki, xalq öz inamında yanılmadı. Azərbaycanın mərd və mübariz oğlu doğma ölkəsinin xilası naminə xalqın təkidli tələblərindən sonra Naxçıvandan Bakıya qayıtdı, 1993-cü il iyunun 15-də Milli Məclisinin sədri seçildi. O gündən də Azərbaycanın tarixində böyük qurtuluşun əsası qoyuldu. Heydər Əliyev qısa zaman ərzində Azərbaycanı düşdüyü faciəli ictimai-siyasi durumdan nəinki çıxara bildi, eyni zamanda, cəbhədə işğalçı Ermənistana sarsıdıcı zərbələr endirilməsi nəticəsində atəşkəsə nail oldu, ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdi.
1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilmiş Heydər Əliyev heç bir il də keçməmiş, 1994-cü il sentyabrın 20-də Azərbaycanın uzaqgörən neft strategiyasını reallışdırmaq istiqamətində böyük və uğurlu addımı atdı, dünyanın bir çox ölkələrinin iştirakı ilə sonralar “Əsrin müqaviləsi” adını almış məşhur neft kontraktının imzalanması mərasimini keçirdi. O gün Bakı bütün dünyanın diqqət mərkəzində idi. Hər yandan gözlər Azərbaycanın paytaxtına dikilmişdi. İmperiya zəncirindən cəmisi 3 il əvvəl qurtarmış Azərbaycan artıq dünyanın 20 ölkəsini birləşdirərək misli-bərabəri olmayan böyük bir neft kontraktı imzalayırdı. Buna sevinənlər, təbii ki, çox idi. Bunlar Azərbaycanın müstəqilliyini istəyənlər idi. Amma xain gözlər də az deyildi. Belələri Azərbaycanın müstəqilliyinin möhkəmlənməsindən qorxuya düşərək xəyanətkar planlar cızırdılar. Amma Azərbaycanın xoşbəxt sabahını çox aydın görən Heydər Əliyev düşmən qüvvələrə əhəmiyyət vermədən inadla öz siyasi xəttini həyata keçirirdi. Çünki zaman gözləmirdi, düşmənlər, Azərbaycanın müstəqil dövlət kimi formalaşmasını istəməyən qüvvələr çox idi. Onlar hər addımda ölkənin suverenliyinə zərbə vurmağa hazır idilər. Bu şər güclərin qarşısını almaq üçün Azərbaycanı yubanmadan Qərbin azad cəmiyyətinə inteqrasiya etdirmək lazım idi. Heydər Əliyevin inadlı siyasi fəaliyyəti çoxları üçün xülya kimi görünən bu arzuları da reallaşdırdı.
Heydər Əliyev çox keçmədən Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün yenə ən doğru olanını seçdi – Bakı-Tbilisi-Ceyhan neft kəməri ixrac üçün ən səmərəli marşrut kimi qəbul olundu. Bu, təkcə Azərbaycanın deyil, müstəqilliyi və suverenliyi üçün təhdidlər olan Gürcüstanın da təhlükəsizliyinə təminat idi. Beləliklə, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin inşasına başlandı. Təəssüf ki, ulu öndər Azərbaycanın təkcə iqtisadi inkişafının deyil, müstəqilliyinin də qarantı olan bu kəmərin açılış gününü görə bilmədi. Ömür vəfa etmədi. Bu kəmərin və ideyası Heydər Əliyev tərəfindən verilmiş digər layihələrin, o cümlədən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev etdi.
Mən bir təhsil işçisi kimi, ulu öndərin istər Azərbaycan KP MK-nın birinci katibi olduğu, istərsə də ikinci dəfə, müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə milli təhsilimizin və elmin inkişafına verdiyi töhfələrin canlı şahidiyəm. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət və həssaslıqla yanaşmış, gənclərimizin yüksək səviyyədə təhsil alması üçün əlindən gələn hər şeyi etmişdir. Onun Azərbaycan gənclərinin təkcə Azərbaycanda deyil, həm də keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərində – Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev, Minsk kimi elm və mədəniyyət mərkəzlərində ali təhsil alması üçün etdiklərini bu gün də minnətdarlıq hissi ilə xatırlayıram. Keçmiş SSRİ dövründə Azərbaycan gənclərinin İttifaqın ən nüfuzlu ali təhsil ocaqlarını bitirdikdən sonra ölkəmizə qayıdıb iqtisadiyyatın müxtəlif sahələrində millətə fayda verməsi də daim ulu öndərin diqqətində olan məsələlərdən biri idi.
Ümummilli lider hakimiyyətinin birinci dövründə Azərbaycanın ali məktəblərində korrupsiyanın tamamilə aradan qaldırılması uğrunda da həmişə mübarizə aparırdı. Onun qəbul imtahanları dövründə gözlənilmədən bu və ya digər ali məktəbə gəlib qəbul prosesinin gedişinə nəzarət etməsi, ortaya çıxan neqativ hallarla bağlı təcili tədbirlər görməsi hamının yadındadır. Heydər Əliyev ali məktəblərimizdəki nüfuzlu fakültələrə, xüsusən hüquq fakültəsinə istedadlı uşaqlarımızın, sadə fəhlə-kəndli balalarının rahat qəbul olunması üçün hər cür şərait yaradırdı. Bu zaman o, hətta ətrafındakı məmurların şəxsi ambisiyaları ilə toqquşmalı olsa da, bundan çəkinmir, mübarizəsini cəsarətlə davam etdirirdi. Heydər Əliyevin məhz bu cəsarət və iradəsinin nəticəsi idi ki, o dövrdə minlərlə sadə insanın övladı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirə bilmişdi. Onların çoxu indi hüquq-mühafizə orqanlarında çalışmaqdadır.
Ümummilli liderin Azərbaycan gənclərinin hərbi təhsilə cəlb edilməsi uğrunda mübarizəsi isə ayrıca bir söhbətin mövzusudur. Sovet dövründə buna nail olmaq heç də asan deyildi. Bunun üçün Moskvanın razılığı olmalı idi. Ancaq Heydər Əliyev qətiyyətlə bu məsələnin də həllinə nail oldu. O dövrdə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu hərbi təhsil ocaqlarına göndərildi, sonradan onlar yetkin hərbçi kadrlar kimi yetişdilər. Eyni zamanda, ulu öndər Azərbaycanda hərbi məktəblərin açılmasına nail ola bildi. Nəticədə Azərbaycan sovet ordusu üçün peşəkar hərbçi kadrlar yetirən ölkəyə çevrildi. Bu məktəblərdə milli kadrların yetişdirilməsi isə əsas vəzifə idi. Məhz bunun nəticəsi idi ki, Azərbaycan müstəqillik əldə edərkən hərbçi kadrlar sarıdan korluq çəkmədi. Bu kadrlar Ermənistanın Azərbaycana təcavüz etdiyi illərdə Vətənin müdafiəsini təşkil etdilər.
Ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanın yeni təhsil siyasətinin əsası qoyuldu. Heydər Əliyevin təhsillə bağlı müdrik kəlamları bu gün aforizmlərə çevrilmişdir. Ulu öndər deyirdi: “Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”.
1993-cü ildən başlayaraq “Təhsil millətin gələcəyidir” deyən ulu öndərin tapşırığı ilə təhsilə, təhsil işçilərinə dövlət qayğısı artırıldı. Əvvəlcə 1-4-cü siniflər, sonra isə yuxarı siniflər üçün dərsliklər dövlət vəsaiti hesabına çap olunmağa başladı. Müəllimlərin maaşları mütəmadi olaraq artırıldı.
Ümummilli liderimiz təhsil sistemimizdə olan problemlərin optimal həlli üçün Azərbaycan tarixində ilk dəfə təhsil sahəsində islahatlar aparılması üçün tapşırıqlar verdi. Bu məqsədlə 1998-ci il martın 30-da Prezidentin sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı. 1998-ci ildə Azərbaycan müəllimlərinin birinci qurultayı keçirildi. Xalqımızın böyük oğlu Heydər Əliyev qurultayda tarixi çıxış etdi. Bu çıxış təhsil işçilərinin qarşısında duran vəzifələrin uğurlu həlli üçün əsl proqram idi. Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası yaradıldı. Ulu öndər 1999-cu il iyunun 15-də – Milli Qurtuluş Günündə Təhsil Sahəsində İslahat Proqramını xüsusi sərəncamla təsdiq etdi və islahatların əsas məqsədini müəyyən etdi: “Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılsın….On illərlə əldə etdiyimiz təhsil prinsipləri gözlənilməli və inkişaf etdirilməlidir. Əgər biz bu yolla gedəriksə, qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik”.
Müstəqil respublikamızın memarı Heydər Əliyevin qayğısı ilə Təhsil İslahatı Proqramının əsas müddəaları Dünya Bankının maliyyə yardımı ilə həyata keçirilməyə başladı. Təhsil haqqında Qanun layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə verildi. Ümumi orta təhsilin dövlət standartları hökumət səviyyəsində təsdiq edildi. Azərbaycanın təhsil sistemi dünyanın aparıcı dövlətlərinin təhsil sisteminə inteqrasiya etməyə başladı. Xüsusi istedadı olan şagirdlərə və gənclərə diqqət artırıldı, belə uşaqlar seçilərək adları “Qızıl kitab”a salındı.
Azərbaycan təhsilinin qayğıkeş hamisi olan ulu öndərimizin “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 oktyabr 2002-ci il tarixli sərəncamı və həmin sərəncamla hazırlanmış xüsusi proqram sayəsində Azərbaycanda dünya standartlarına uyğun müasir tipli məktəb binaları tikilməyə başlandı.
“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir” – deyən ümummilli lider Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən bir sıra sənədlər imzaladı. “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il, “Azərbaycan əlifbası və Azərbaycan Dili Günü (1 avqust) təsis edilməsi haqqında” 9 avqust 2001- ci il, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərman və sərəncamlar təhsilimizin dünya standartları səviyyəsinə qaldırılmasında böyük rol oynadı. Bununla yanaşı, Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının, öyrədilməsinə, mükəmməl dərsliklərin hazırlanmasına, Azərbaycan dilinin öyrədilməsinə, xüsusilə dövlət dili statusunda təbliğinə diqqət artırıldı.
Bu gün birmənalı şəkildə deyə bilərik ki, ümummilli liderimizin rəhbərliyi, tövsiyələri ilə hazırlanmış proqramlar, seçdiyi strateji yol Azərbaycan təhsilinin, onun maddi-texniki bazasının uzunmüddətli, dinamik inkişafını təmin etmişdir. Hazırda ulu öndərimizin daxili və xarici siyasəti, iqtisadi plan və proqramları Heydər Əliyev məktəbinin layiqli yetirməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir ki, son illərdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də elm və təhsil sahəsində möhtəşəm nailiyyətlər əldə edə bilib. Dünyanın bir sıra ölkələrinin iqtisadi böhranla çarpışdığı bir vaxtda Azərbaycan özünün iqtisadi uğurlarını ilbəil artırır. Prezident İlham Əliyevin ayrı-ayrı dövlət proqramları şəklində irəli sürdüyü layihələr ölkəni sürətlə irəli aparır. Bu gün Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Cəmi 27 illik müstəqillik tarixi olan Azərbaycan artıq “kosmik dövlətlər” ailəsinin üzvüdür.
Təbii ki, iqtisadi inkişaf elm, təhsil, mədəniyyət və sair sahələrin də tərəqqisinə təkan verir. Yeni səhiyyə ocaqları, məktəblər tikilir, sosial-mədəni obyektlər istifadəyə verilir. Bu cür layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse- prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri nəzərdən qaçırılmamalıdır. Fondun xətti ilə həm ölkə daxilində, həm də xaricdə humanitar layihələr həyata keçirilir və bu fəaliyyət artıq çoxdan beynəlxalq dəstək qazanmışdır. Ancaq həmişə yadda saxlamalıyıq ki, bizə bu böyük uğurları qazandıran Heydər Əliyev siyasəti, onun qurub-yaratdığı strateji yoldur. Bu yol Azərbaycanı hələ bir çox onilliklər ərzində işıqlı sabahlara doğru aparacaq.
Rafiq NOVRUZOV,
Bakı Slavyan Universitetinin
prorektoru, professor
Xalq qəzeti.- 2018.-
5 may.- S.7.