Xalqın mədəniyyəti ilə iftixar duyan lider

 

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Tarixdə dahi şəxsiyyətlərin rolu, sadəcə, yaşadığı dövrə deyil, onilliklər sonraya da möhürünü vurmuş, tarixi prosesləri istiqamətləndirməyi bacarmış insanların yeri hər zaman müstəsnadır. Tanrının xalqımıza bəxş etdiyi böyük siyasət və dövlət adamı, ulu öndər Heydər Əliyevin adı, imzası yarım əsrə yaxındır ki, tariximizdə bu cür müstəsna bir yerə sahibdir. Onun sovet Azərbaycanına rəhbərlik etdiyi və keçmiş Sovet İttifaqı rəhbərliyində təmsil olunduğu illərdəki fəaliyyəti, eləcə də müstəqil Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra gördüyü işlərin mahiyyəti zaman ötdükcə daha dərindən dərk edilən siyasət salnaməsidir. Bu salnamə həmçinin dahi siyasətçinin bütün fəaliyyətinin doğma xalqı ilə qırılmaz tellərlə bağlılığının göstəricisidir. Heydər Əliyevin nəzərində xalq hər zaman öz milli adət-ənənəsi, qədim tarixi ilə tükənməz bir zənginlik qaynağı olub. Elə bir qaynaq ki, ondan bəhrələnərək millətin və onun dövlətinin gələcəyini qurmaq olar.

Azərbaycanı öz varlığı bilən müdrik siyasətçi onu sevən, ona inanan xalqından güc aldığını daim vurğulayırdı: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Məhz bu inamla o, 1993-cü ilin məşum dövründə, Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi qarşısında qaldığı günlərdə xalqın çağırışı ilə tarixi xilaskarlıq missiyasını öz üzərinə götürdü. Və sonrakı 10 ildə yüksək liderlik keyfiyyətləri, siyasi fəhm və bacarığı, zəngin idarəçilik təcrübəsi ilə müstəqil dövlətçiliyimizin  qorunub möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq birlikdə layiqli yer qazanması üçün tarixi xidmətlər göstərdi. Bu illərdə ölkə həyatının bütün sahələrində, o cümlədən mədəni inkişafda mühüm nailiyyətlər əldə edildi.

 

* * *

Ümummilli liderin ömür yolu, zəngin dövlətçilik fəaliyyətinin bütün mərhələləri, hər bir istiqaməti Azərbaycan adına yazılan tarix, eyni zamanda milli inkişafın mənəvi təməli olan azərbaycançılıq məfkurəsinin təntənəsidir. O, xalqın mənəvi zənginliyinin, mədəniyyətimizin böyük himayədarı idi. Mədəni irsi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın bir parçası hesab edərək deyirdi: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Azərbaycançılıq tariximizin uzaq çağlarından gələn, xalqımızın ənənələrini, ana dilimizi, milli mədəniyyətimizi təcəssüm etdirən məfkurədir. Bu məfkurəni təbliğ etmək mahiyyət etibarilə Azərbaycan xalqının milli-mənəvi, mədəni zənginliyini dünyaya tanıtmaq deməkdir. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə bunu özünün həyat amalı kimi qəbul etmiş, o cümlədən hələ SSRİ zamanında mövcud quruluşun çərçivələri daxilindəki imkanlardan istifadə edərək milli-mənəvi dəyərlərimizin təbliğatçısı olmuşdu. Həmin illərdə Azərbaycan ədəbiyyatında, incəsənətində xalqın tarixini, dəyərlərini tərənnüm edən əsərlərin yaranması, keçmiş ittifaqın şəhərlərində görkəmli şəxsiyyətlərimizin yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyəti və incəsənəti günlərinin təşkili məhz bu amala xidmət edirdi.

Bu məfkurə məhz Heydər Əliyevin fəaliyyəti sayəsində müstəqillik dövründə dövlət siyasətinə çevrildi. Onun bir azərbaycanlı kimi, vətəndaş və dövlət rəhbəri kimi xalqına, ölkəsinə bu qədər vurğun olmasının əsas səbəblərindən biri də, sözün geniş mənasında, xalqın mədəniyyəti ilə nəfəs alması idi. Məhz bunun nəticəsi idi ki, böyük siyasətçi hələ sovet dövründə respublikamıza rəhbərlik edərkən xalqımızın milli özünüdərk və milli-mədəni intibahının yüksəlişi üçün möhkəm zəmin hazırlamışdı. Ulu öndərin sovet dövründə yaratdığı bu mədəni-mənəvi intibah bünövrəsi və iqtisadi təməl imkan verdi ki, xalq müstəqillik yolunda taleyüklü vəzifələrin öhdəsindən layiqincə gələ bilsin. Bu mənada Heydər Əliyev hələ müstəqilliyin bərpasından illər öncə Azərbaycanın gələcək müstəqil yaşam yolunun memarı olmuşdur.

Sovet Azərbaycanında dövrün bəlli siyasi-ideoloji, idarəçilik çərçivələri daxilində ölkəmizi müttəfiq respublikalar içərisində ön sıralara çıxarmaq, xalqın şan-şöhrətini – tarix və mədəniyyətini, elm, sənət və ədəbiyyatını tanıtmaq azərbaycanlı adını ən yüksək səviyyədə doğrultmaq demək idi. Bu illərdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və mədəniyyətin digər sahələrində xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdi. Bu da Azərbaycanın yaradıcı insanlarının özünə inamının, respublika rəhbərliyi səviyyəsində duyduğu güvən hissi ilə bağlı idi.

Mədəniyyət  və ədəbiyyat xadimləri Heydər Əliyevin simasında sənətin və sənətkarın həqiqi himayədarını görür, bu da öz növbəsində onlara böyük yaradıcılıq impulsu verirdi. Ulu öndərin rəhbərliyi və bilavasitə himayəsi ilə keçmiş ittifaqın böyük şəhərlərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, onlara abidələrin qoyulması, küçə və meydanlara adlarının verilməsi, xaricdə Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ edən tədbirlərin təşkili dövrün yaradıcı insanlarının gözü qarşısında baş verirdi. Bütün bunların şahidi olan insanların bu gün Heydər Əliyevi sevgi ilə, minnətdarlıqla anmasının səbəblərini məhz yuxarıda qeyd etdiyimiz unudulmaz xidmətlərlə əlaqələndiririk.

Mədəniyyəti xalqın böyük sərvəti hesab edən ulu öndər “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”, - deyirdi. Buna görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün geniş perspektivləri olan bir sistem formalaşdırdı. XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin vüsətli inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsində mümkün oldu.

 

* * *

Ümummilli liderimiz onu da öyrədirdi ki, mədəniyyət özündə əməkdaşlıq, müxtəlif sivilizasiyalara, fərqli mədəni irsə, müxtəlif xalqlara hörmət kimi prinsipləri ehtiva edir. Bu baxımdan milli-mənəvi və əxlaqi dəyərlərimizin bəşəri ideyalarla zənginləşdirilməsində Heydər Əliyevin xüsusi xidmətləri danılmazdır. O, Azərbaycanı sivil dünyanın ən dəyərli bir parçası kimi qəbul edir və bunu bütün inkişaf etmiş dünyaya anlatmağı bacarırdı. Onun respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə, xüsusən də müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, balet və teatra qayğı misilsiz dərəcədə artmışdı. Heydər Əliyevin bilavasitə himayədarlığı və gərgin səyləri nəticəsində Azərbaycan incəsənəti və təsviri sənəti bütün dünya miqyasında tanınmışdır.

Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında xidmətlərini göz önünə gətirəndə heyrətlənməyə bilmirsən. Düşünürsən ki, bu siyasət nəhənginin mədəniyyətə belə dərin bağlılığı olmasaydı, Azərbaycanda bu sahədə vəziyyət nə şəkildə olardı. Ümummilli liderin respublikaya birinci rəhbərliyi dövründə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi korifey sənətkarların dünya miqyasında tanıdılması, yubileylərinin keçirilməsi, rəssamlıq və heykəltəraşlıqdan musiqiyədək bir çox sahələrdə monumental sənət əsərlərinin yaradılması mədəniyyət tariximizin dəyərli səhifələridir. Böyük öndər sovet dövründə Azərbaycanın mədəni irs nümunələrinə, görkəmli mədəniyyət və incəsənət xadimlərinə və milli mədəniyyət müəssisələrinə xüsusi diqqət və qayğı göstərmiş, onların, kommunist ideologiyasının kosmopolit düşüncə təzyiqinə rəğmən, xalq arasında daha geniş təbliği və təşviqi üçün bir çox tədbirlərin təşəbbüskarı olmuşdur. Həmin illərdə o, Üzeyir Hacıbəylinin ev-muzeyinin (1975), Nəriman Nərimanovun abidəsinin (1972) və xatirə muzeyinin (1977), Cəfər Cabbarlının abidəsi və ev-muzeyinin (1982), Bülbülün xatirə muzeyinin (1982), Natəvanın abidəsinin (1982), Şuşada Vaqifin məqbərəsinin (1982) inşasına dair qərarlara imza atmış, onların tikilib qurulmasına şəxsən rəhbərlik etmişdir.

O, Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşaraq milli mədəniyyətimizin hərtərəfli inkişafına, yüksəlişinə daim ümdə vəzifəsi kimi baxmışdır. “Mədəniyyət hər şeydən üstündür”, - deyən Heydər Əliyevin xalqımızın böyük sənətkarlarına qayğısı və məhəbbəti həm də Azərbaycana, vətəninə nəhayətsiz sevgisindən qaynaqlanırdı. Məhz hakimiyyətinin birinci dövründə onun təqdimatı ilə Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza SSRİ-nin ən yüksək fəxri adına – Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdülər. O, Azərbaycan musiqisinin dünya arenasına çıxması üçün əlindən gələni edirdi. Həmin dövrdə SSRİ-nin digər respublikaları ilə müqayisədə böyük teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, simfonik və kamera musiqisinin uğurla səsləndirilməsi bilavasitə Heydər Əliyevin dəstəyi ilə həyata keçirilirdi.

 

* * *

Heydər Əliyev mədəniyyətin milli ruhun, milli mənlik şüurunun inkişafına mühüm təsir göstərdiyini bildiyi üçün bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayırdı. O, mədəniyyət və incəsənətin müxtəlif sahələri ilə yanaşı, Azərbaycan dilinin də himayədarı idi. Ana dilinin ən ali dəyər olduğunu dərk edən ulu öndər sovet Azərbaycanında ana dilimizin qorunması və inkişaf etdirilməsi üçün mühüm tarixi addımlar atmışdır. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası qəbul olunarkən Heydər Əliyevin təşəbbüsü ilə orada Azərbaycan dilinin dövlət dili statusu öz təsbitini tapmışdır. Halbuki həmin dövrdə müttəfiq respublikalarda əsas dövlət dili rus dili hesab olunurdu. Bunlara rəğmən, o, Azərbaycan dilinə olan dərin sevgi ilə yüksək kürsülərdən hər zaman məhz öz doğma ana dilində mükəmməl çıxışlar edir, dilimizə xor baxanlara həqiqi vətəndaş örnəyi göstərirdi.

Müstəqillik dövründə xarici səfərləri zamanı soydaşlarımızla görüşlərində də bu məqama məxsusi diqqət verir, onları yaşadıqları ölkədə ictimai-siyasi, işgüzar həyata nüfuz etməyə, eyni zamanda tarixi Vətəni unutmamağa, milli-mənəvi dəyərlərimizi təbliğ etməyə çağırırdı.

“Mən azərbaycanlıların dünyada geniş yayılmasını istəyirəm. Başa düşürsünüzmü? Geniş yayılmasını arzulayıram” – görkəmli dövlət xadiminin xaricdəki soydaşlarımızla son görüşlərindən birində xüsusi vurğu etdiyi bu sözlərə diqqət yetirək. Azərbaycanlıların dünyada geniş yayılması dedikdə o, sadəcə, demoqrafik göstəriciləri, azərbaycanlıların mənsəb, imkan sahibi olmasını nəzərdə tutmurdu: “Buralarda gərək bizim mahnılarımızı, adətlərimizi də bilsinlər. Azərbaycanlı olduğunuzu unutmayın. Bizim çox zəngin dilimiz var. Azərbaycan dili şeiriyyət dilidir. Bu dili yaxşı bilmək lazımdır. Gərək sizin uşaqlarınız, nəvələriniz də bu dili bilsinlər. Evinizdə Azərbaycan adətləri, musiqisi çox olsun. Çünki mədəniyyət və dil qədər insanın millətini ucaldan şey yoxdur”.

 

* * *

Məlum olduğu kimi, 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırması, ərazilərimizin 20 faizinin düşmən tərəfindən işğal olunması müstəqilliyini yenicə bərpa edən ölkəmizdə həyatın bütün sahələrində, o cümlədən  mədəniyyət sahəsində də tənəzzülə səbəb olmuşdu. Heydər Əliyevin xalqın çağırışı ilə 1993-cü ildə hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərqərar olunması ilə nəticələndi. Təcrübəli siyasətçinin rəhbərliyi ilə o dövrdə baş verən hadisələrdən daha çox zərər görən mədəniyyət və incəsənət sahələrində ardıcıl addımlar atıldı. İctimai-siyasi sabitlik mədəniyyət sahəsinin də ahəngdar inkişafına zəmin yaratdı. Mədəniyyət sisteminin möhkəm təməllər üzərində qurulan inkişafı keçid dövrünün çətin sınaqlarından qısa müddət ərzində üzüağ çıxmasını şərtləndirdi.

 

Heydər Əliyevin rəhbərliyi altında dövlətin mədəniyyət siyasətinin hüquqi bazası – qanunvericilik təminatı yaradıldı. Qısa müddət ərzində mədəniyyət sahəsində 10-dan artıq qanun qəbul edildi. Onların sırasında “Mədəniyyət haqqında” (1996), “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” (1998), “Kinematoqrafiya haqqında” (1998), “Memarlıq fəaliyyəti haqqında” (1998), “Kitabxana işi haqqında (1998), “Milli Arxiv Fondu haqqında” (1999), “Muzeylər haqqında” (2000), “Nəşriyyat işi haqqında” (2000) və s. çox vacib qanunları göstərmək olar. Eyni zamanda mədəniyyət sahəsinin inkişafını gücləndirən dövlət proqramları qəbul edildi.

Bu dövrdə Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanıdılması istiqamətində də bir sıra addımlar atılmışdır. Mədəni irsimizin, görkəmli ədiblərin, mədəniyyət xadimlərinin yubileylərinin xarici ölkələrdə nüfuzlu təşkilatlarda qeyd olunması bu sahəyə göstərilən diqqət və qayğıdan xəbər verirdi. “Kitabi-Dədə Qorqud” dastanının 1300, dahi şair Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileylərinin UNESCO-da qeyd olunması, 2000-ci ildə İçərişəhərin Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi həm də Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun təsdiqi idi.

Ümummilli lider tərəfindən Milli Kino Günü, Üzeyir Musiqi Günü, Azərbaycan Əlifbası və Ana Dili günlərinin təsis edilməsi haqqında fərmanların imzalanması mədəniyyətimizə məhəbbətin bariz nümunəsidir. Onun rəhbərliyi ilə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin dünyaya inteqrasiyasını sürətləndirmək, beynəlxalq aləmdə baş verən elmi-texniki yeniliklərin ölkəmizdə tətbiqinə nail olmaq üçün vacib addımlar atıldı. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanun qəbul olunsa da, bu qanunun tətbiqi uzun illər idi ki, gecikirdi. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmanla bu proses başa çatdırıldı. 1 avqust tarixi isə Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi təqvimimizə düşdü. Sonrakı mərhələdə ulu öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dil, əlifba, nəşr islahatları uğurla davam etdirildi. Latın qrafikalı Azərbaycan əlifbası ilə kütləvi nəşrlər həyata keçirildi. Azərbaycan və dünya klassiklərinin əsərləri yeni əlifbada oxucularımızın ixtiyarına verildi.

 

* * *

Ulu öndərin tarixə həkk olunan xidmətləri sırasında türkdilli xalqların mədəni inteqrasiyası yolunda təşəbbüslərini də xüsusi qeyd etməliyik. Heydər Əliyev dövrün və zamanın gərdişini gözəl bilən dövlət rəhbəri kimi Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən türk dünyasında aparıcı mövqelərə çıxması ilə yanaşı, ümumtürk həmrəyliyinin təmin olunmasında da böyük rol oynamışdır.

“Xalqlarımızın böyük tarixini yenidən qiymətləndirmək, hər bir xalqın tarix boyu yaratdığı mənəvi dəyərləri, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim bu görüşlərin mərkəzində duran vəzifələrdir. Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Bu, bizim borcumuzdur” – böyük siyasətçi bu sözləri 1996-cı ildə Bakıda keçirilən Türk dünyası yazıçılarının qurultayında söyləmişdi.

Heydər Əliyev türk xalqlarının mədəni abidələrinin, böyük ədiblərinin, şəxsiyyətlərinin yubiley mərasimlərində yaxından iştirak edir və xalqlarımızın ümumi mədəni sərvətinin bizi birləşdirən tarixi dəyər olduğunu diqqətə çatdırırdı. Bu fikir onun 1994-1996-cı illərdə türkmən şairi Məhdimqulunun, qazax ədəbiyyatının klassiki Abayın, böyük özbək hökmdarı Əmir Teymurun, qırğız eposu “Manas”ın yubiley mərasimlərindəki çıxışlarının ana xəttini təşkil edib.

Ulu öndər 1996-cı ilin noyabrında dahi şairimiz Məhəmməd Füzulinin 500 illiyi, 2000-ci ilin aprelində isə böyük türk eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyi ilə bağlı Türk dünyasının təmsilçilərini, dövlət və hökumət adamlarını, alim, şair və yazıçıları, mədəniyyət xadimlərini Bakıya topladı. UNESCO səviyyəsində qeyd olunan bu möhtəşəm yubileylər, eyni zamanda, ümumtürk mədəniyyətinin təntənəsi idi.

2000-ci il aprelin 8-də “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyi münasibətilə türkdilli dövlət başçılarının Bakıda keçirilən zirvə görüşündə ümummilli liderin dediyi sözlərə diqqət yetirək: “Belə yubiley tədbirlərinin birlikdə keçirilməsində əsas məqsəd xalqlarımızın əsrlər boyu yaratdığı zəngin mənəvi irsi indiki nəsillərə qaytarmaq, eyni kökə, eyni tarixə malik olduğumuzu bir daha dərk etməkdir. Digər tərəfdən, belə yubiley tədbirlərini keçirməklə biz nümayiş etdiririk ki, İbn Sinanın, Nizaminin, Nəvainin, Yunis İmrənin, Füzulinin, Məhdimqulunun, Mahmud Qaşqarinin, Abayın, bir çox başqa dahilərimizin yaradıcılığı, “Kitabi-Dədə Qorqud”, “Manas”, “Alpamış” kimi ölməz dastanlarımız bütün bəşəriyyətin mədəni sərvətidir”.

Ümumtürk tarixi-mədəni irsinə yüksək ehtiram və diqqət göstərmiş böyük siyasətçinin adı bu gün türk toplumlarında da hörmətlə anılır, türk dövlətlərinin inteqrasiyasında onun rolu məmnunluqla qeyd olunur.

Azərbaycan tarixən ümumtürk mədəni irsi ilə yanaşı, İslam dəyərlərinə də böyük töhfələr vermişdir. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə bu sahəyə də xüsusi diqqət göstərilmiş, xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin dirçəldilməsi, xüsusən də sovet dövründə zərər görmüş İslam mədəniyyəti nümunələrinin – məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə atılan addımlardan biri dini bayramların rəsmi şəkildə qeyd olunmasıdır. Müdrik siyasətçi dini adət və ənənələrimizi milli-mənəvi dəyərlərimizlə vəhdətdə götürür, bu bayramların fəzilətlərindən faydalanmağı tövsiyə edirdi: “Müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri bu bayramlar insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günlərin rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir”.

 

* * *

Belə bir fikir var ki, rəssamlığı, memarlığı, musiqini, poeziyanı duymaq üçün gərək insanın ruhunda müəyyən qədər sənət işartıları olsun. Heydər Əliyevin gənc çağlarından daxili dünyasında incəsənət ruhu dolaşdığı üçün o, ədəbiyyata, incəsənətə, bütövlükdə mədəniyyətə bu qədər sıx bağlı idi. Ulu öndər deyirdi: “Mədəniyyət və incəsənət kiçik yaşlarımdan qəlbimdə xüsusi yer tutur. Bəlkə də, gənclik illərində arzum rəssam olmaq, yaxud teatra getmək idi, amma qismət başqa cür oldu. Ona görə də hamısı qəlbdən gəlir”.

Deməli, bu böyük şəxsiyyətin milli irsə olan sevgisinin əsas qaynağı onun fitri istedadı, yaradıcı təbiəti idi. O, əsl sənət bilicisi idi, mədəniyyətdən, incəsənətdən danışanda elə məsələlərə toxunurdu ki, hamı heyrətlənirdi. Dahi şəxsiyyət həm Allah vergisi, həm gözəllik duyumu, həm də fəhmi ilə əsl sənəti qiymətləndirməyi bacarır, hər hansı sənət əsərinə ilk növbədə bir sənət sərrafı kimi yanaşa bilirdi: “Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm”.

Ulu öndər mədəniyyət və incəsənətimizin klassikləri ilə yanaşı, müasirlərimizin də yubiley mərasimlərini, yaradıcılıq gecələrini keçirmək və belə tədbirlərdə şəxsən iştirak etməklə, mədəniyyət xadimlərimizi Vətənin ən yüksək mükafatları ilə təltif etməklə bir tərəfdən onların yaradıcılıqlarına, fəaliyyətlərinə yüksək qiymət verirdisə, digər tərəfdən mədəniyyətimizin təbliği üçün əvəzsiz xidmətlər göstərirdi. Zəngin mənəvi irsimizin qorunmasında, inkişafında, gənc nəslin milli-mədəni ənənələrimiz ruhunda tərbiyə olunmasında əvəzsiz rol oynayan əsaslı işlər bu gün mənəviyyat, mədəniyyət faktoru kimi xalqımızı öz soy-kökü ilə əbədi birləşdirib.

Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğısından kənarda qalsın. Musiqi, heykəltəraşlıq və rəssamlıq, teatr və kino, xalça sənəti və digər sahələrin bugünkü inkişafı ulu öndərin bu çox dəyərli ideyalarından bəhrələnib. Bununla dahi rəhbər Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuşdur. Bir faktı qeyd edək ki, hazırda uşaq və gənclərimiz arasında muğam sənətinə, aşıq sənətinə böyük maraq var. Fəxrlə deyə bilərik ki, ümummilli liderin mədəniyyət və incəsənətə qayğıkeşliyi bu gün dövlət başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən böyük sevgi ilə davam etdirilir. Fondun  dəstəyi, Mədəniyyət Nazirliyinin də yaxından iştirakı ilə ənənəvi muğam müsabiqələri təşkil olunur, istedadlı yeniyetmə və gənclər dövlətimizin qayğısı ilə əhatə olunur. Azərbaycan musiqisi müxtəlif ölkələrin möhtəşəm konsert salonlarında alqışlanır.   

 

* * *

Mədəniyyət salnaməmizin son onillikləri ilə bağlı diqqətə çatdırdığımız bu məqamlar bir daha təsdiqləyir ki, Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi ölkə həyatının digər sahələri kimi, mədəniyyət və incəsənətimizin də unudulmaz səhifələrini təşkil edir. Ulu öndərin mədəniyyət və incəsənətə qayğısı daima onun bu sahələrə sevgisi ilə ifadə olunub. Bu qayğı və sevginin konkret sərhədlərini müəyyənləşdirməksə qeyri-mümkündür. Heydər Əliyev ideyaları bizə qloballaşma prosesində milli-mənəvi dəyərlərimizi ön plana çəkməyi, öz milli kimliyimizi, dinimizi və adət-ənənələrimizi unutmamağı tövsiyə edir.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərin bütün dünyaya açıq olan müdrik siyasətini, o cümlədən mədəniyyət siyasətini layiqincə davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın çoxəsrlik mədəni mirasının qorunması və beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm işlər görülür. “Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir”, - deyən Prezident İlham Əliyev Azərbaycanın bu inteqrasiyada öz yerini tapmasına və eyni zamanda xalqımızın mənəvi-mədəni dəyərlərini, milli eyniyyətini qoruyub saxlamasına həmişə həssaslıqla yanaşır. Bu siyasətin çağımızın zəruri çağırışları kontekstində daha da şaxələndirilməsi, xalqımızın zəngin mədəniyyətinin, incəsənətinin inkişaf etdirilməsi və dünyada daha geniş tanıdılması üzərimizə düşən ümdə vəzifədir.

 

Əbülfəs Qarayev,

Azərbaycan Respublikasının mədəniyyət naziri

 

Xalq qəzeti.- 2018.- 9 may.- S.3.