Heydər Əliyev bölgələrin

inkişafına xüsusi diqqət yetirirdi

 

Bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, prezidenti kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olmuşdur.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Kimin necə düşünməsindən, necə şərh etməsindən və fərqli ideologiyaların hansı mövqeyi paylaşmasından asılı olmayaraq, ayrı-ayrı tarixi şəxsiyyətlərin, nüfuzlu ictimai xadimlərin və fövqəl zəka sahiblərinin, xalqların, bütövlükdə, bəşəriyyətin ümumi inkişafındakı xüsusi xidmətləri danılmazdır. Məhz bu cür tarixi xidmətlərinə görədir ki, hind xalqı Cəvahirləl Nehrunun, almanlar Bismarkın, türklər Atatürkün, ruslar Böyük Pyotrun, fransızlar general Şarl de-Qollun, amerikanlar Franklin Ruzveltin  xatirəsini daim əziz tuturlar. Bu insanların tarixi xidmətləri sayəsində, ən azı, onları yetirən xalqlar, rəhbəri olduqları dövlət və hökumətlər çox böyük uğurlar qazanıb. Məhz bu insanların tarixi xidmətləri sayəsində xalqlar və dövlətlər çox böyük bəlalardan, ağır müharibə və kataklizmlərdən mümkün qədər az itkilərlə ötüşə biliblər.

Bu mənada Azərbaycan xalqı da ayrı-ayrı tarixi dövrlərdə dünya miqyasında tanınan, məşhur olan güclü xadimlər yetirib. Cavanşir və Şah İsmayıl Xətai kimi tədbirli və qüdrətli dövlət xadimlərini, Babək, Bəndər və Mübariz İbrahimov kimi xalq qəhrəmanlarını, Nizami, Füzuli, Şəhriyar, Səməd Vurğun, Üzeyir bəy, Bülbül, Qara Qarayev, Rəşid Behbudov, Müslüm Maqomayev kimi söz və sənət dühalarını, Nəsrəddin Tusi, Yusif Məmmədəliyev, Ziya Bünyadov və Lütfi-zadə kimi elm korifeylərini dünyaya bəxş edən məhz Azərbaycan xalqı olub. Amma xalqımızın dünya xalqları içərisində yerini müəyyən etmək üçün adları sadalamadan belə təkcə ulu öndər Heydər Əliyevin adını xatırlamaq kifayət edər. Çünki Heydər Əliyev şəxsiyyətinin qüdrəti və onun böyüklüyü dünyanın ən ucqar guşələrindən belə çox aydın görünür, dərk edilir və qəbul olunur. Təsadüfi deyildir ki, dünyanın bütün ölkələrinin, o cümlədən  böyük dövlətlərin liderlərinin dilindən ulu öndərlə bağlı dəfələrlə xoş sözlər eşidilib. Bəli, XX və XXI əsrlərin, demək olar ki, bütün görkəmli siyasətçiləri, elm və sənət adamları, ictimai xadimlər Heydər Əliyev şəxsiyyətinə, onun siyasi fəaliyyətinə, dövlət idarəçiliyi sahəsindəki misilsiz iş təcrübəsinə olduqca yüksək dəyər veriblər. Təbiidir ki, xalqımızın ümummilli lideri barəsində tanınmış insanlar tərəfindən deyilən və yazılan hər bir xoş söz üçün sevinməyə və qürur hissi yaşamağa dəyər. Prezident İlham Əliyevin dilindən səslənən “Heydər Əliyev müstəqil Azərbaycanın baş memarı və qurucusudur” kəlamında isə  ulu öndərin ömür yolu, onun Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısındakı xidmətləri olduqca yığcam şəkildə öz ifadəsini tapmışdır.

Bu gün Ulu Tanrı tərəfindən ümummilli lider Heydər Əliyevin Azərbaycana xilaskar olaraq bəxş olunduğu vaxtdan 95 il keçir. Dahi şəxsiyyətin  İsmayıllıya səfərləri qədirbilən ismayıllılar tərəfindən hər zaman dərin hörmət və ehtiramla yad edilməkdədir. Düşünürəm ki, ulu öndərin doğum gününün ölkəmizdə və ölkəmizdən çox-çox uzaqlarda dərin ehtiramla yad olunduğu indiki vaxtda  ismayıllıların vaxtı ilə onun rayonumuza səfərləri ilə bağlı xatirələri yaxın tariximizin hər kəs üçün maraqlı və önəmli səhifələrindəndir. Dahi rəhbərin ismayıllıların  timsalında həyatın çətin anlarında insanlara  göstərdiyi diqqət və qayğı  nəsillərə örnək olası bir nümunədir.

Fenomenal biliyi, qlobal idarəetmə təfəkkürü, həyat fəaliyyətinin bütün istiqamətləri üzrə əsl mütəxəssis mövqeyi, bacarığı və səriştəsi ilə hamıdan öndə olan ümummilli liderimiz Azərbaycana rəhbərlik etməyə başladığı gündən respublikada gedən bütün proseslər onun iradəsi daxilində olub. Hər bir iş sahəsində, hər bir müəssisə və rayonda olmaqla, müntəzəm səfərlər etməklə bilavasitə özü vəziyyətlə tanış olur, informasiyanı ilk mənbədən alırdı. Ulu öndərin belə bir səfəri 22 iyul 1981-ci ildə İsmayıllıya olub. Dahi rəhbər İsmayıllı–Ağsu sərhədində rayon ictimaiyyətinin nümayəndələri tərəfindən  dərin ehtiram, sevinc və duz-çörəklə qarşılandıqdan sonra Xəlilli kəndində üzümçülərlə səmimi görüşüb, onların həyat şəraiti ilə tanış olub, qabaqcıl üzümçülərdən İnnab Babayeva, Elmira Əliyeva, 70-80-ci illərdə İsmayıllı əməkçilərinin  flaqmanı olan Sosialist Əməyi Qəhrəmanı Gülüstan Həsənova və partiya təşkilatı katibi Məhəmməd Qədirovla söhbət edib. Mövcud problemləri soruşub, əməkçilərin arzu və təkliflərini öyrənib. Həmin görüş zamanı sadə əmək adamlarının qaldırdığı bütün məsələlər qısa müddətdə öz həllini tapıb.

O zaman Kürdmaşı kəndinin üzümçüləri ilə ulu öndərin görüşü tarla düşərgəsində keçdi. Görüş zamanı  ümummilli lider sovxoz direktoru, partiya təşkilatı katibi və kənd sovetinin sədri ilə səmimi söhbət etdi, təsərrüfatı daha da inkişaf etdirmək və insanların həyat şəraitini daha da yaxşılaşdırmaqla bağlı sadə insanların arzu və təkliflərini dinlədi.

Ulu öndər İsmayıllıya səfəri çərçivəsində respublika seminarı keçirməklə İvanovka kəndinin timsalında yemçilik və heyvandarlıq sahəsində ismayıllıların qabaqcıl iş təcrübəsini ölkə miqyasına çıxardı. Bütün bunlar isə ondan xəbər verirdi ki, heç bir rayonun, heç bir əmək adamının, heç bir müəssisənin uğuru ulu öndərin diqqətindən kənarda qalmırdı. Yəni, hər kəs layiq olduğu qiyməti alırdı.

23 iyul 1981-ci ildə İsmayıllı şəhər mədəniyyət evində keçirilən fəallar yığıncağında dahi rəhbər iştirakçılarda daxili səfərbərlik yaradan, insanları daha böyük uğurlara səsləyən çıxış etdi, birinci katib Qəşəm Aslanovun timsalında görülən işləri yüksək qiymətləndirməklə çox dəyərli tapşırıq və tövsiyələrini verdi. Həmin yığıncaqda ümummilli liderin İsmayıllı haqqında dediyi aşağıdakı xoş sözlər indi də uşaqdan böyüyədək hamının dillər əzbərinə çevrilib: “İsmayıllı respublikamızın təbiət, iqlim, torpaq etibarı ilə gözəl guşələrindən biridir və böyük tarixə, böyük ənənələrə malik bir rayondur.”

O zaman Muğanlı-İsmayıllı magistral yolu çəkilirdi. Zaman-zaman daşaraq çoxsaylı ömürlərə son qoyan Girdiman çayı ram edilirdi, üzərində körpü qurulurdu. Amalı tikmək, qurmaq, yaratmaq olan ümummilli lider İsmayıllıya səfəri çərçivəsində Girdimançay üzərində inşa edilməkdə olan körpünün tikintisində də olmuş, orada çalışan mühəndis və fəhlələrlə görüşmüş, fəallar yığıncağında isə qədim tarixə malik Lahıca yol çəkilməsi ilə əlaqədar xüsusi tapşırıqlar verərək  bunları demişdir: “Mən bu gün yol nəqliyyat naziri Xələfova və yoldaş Aslanova ciddi göstəriş verdim ki, gələn ilin üçüncü kvartalında Lahıc yolu tamamilə tikilsin, bütün körpülər istifadəyə verilsin. Buradan Lahıca getmək üçün, özü də bütün nəqliyyat vasitələri ilə getmək üçün tam yaxşı şərait yaradılsın.” Çox keçmədi ki, Lahıc yolu hazır oldu. Həmin yol istifadəyə veriləndə artıq ulu öndər Moskvada –SSRİ rəhbərliyində işləyirdi. Odur ki, ismayıllılar dahi rəhbərə olan öz minnətdarlıq duyğularını xüsusi məktub və teleqramlarla Moskvaya ünvanladılar.

Ulu öndər Heydər Əliyev zamanın ən çətin anlarında, taleyüklü məsələlərin həllində həmişə öz xalqının yanında olub. Bunu İsmayıllı camaatı çox yaxşı xatırlayır. 1981-ci il noyabrın 30-da İsmayıllıda güclü zəlzələ baş vermişdi, əhali arasında bərk qorxu və təlaş hökm sürməkdə idi. Qışın soyuğunda insanlar çöldə gecələyirdi. Bu hadisədən cəmi bir neçə gün sonra– dekabrın 5-də ulu öndər respublika hökumətinin rəhbər işçiləri ilə birlikdə İsmayıllıya gəldi, fəlakətlə üzləşmiş insanlarla şəxsən görüşərək onların dərdlərinə ürəkdən şərik olduğunu bir daha ifadə etmiş oldu. O, İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki bir neçə məhəlləyə, evə, Mican, Mücühəftaran və Ruşan kəndlərinə getdi, zəlzələ nəticəsində uçmuş evlərə baxdı, insanlara təskinlik, aidiyyatı orqanların rəhbərlərinə isə zəlzələnin nəticələrini qısa vaxtda aradan qaldırmaqla bağlı tapşırıqlar verdi.  Bununla da o fəlakət üz vermiş insanların ürəklərində qorxu əvəzinə təskinlik və ümid yaratmış oldu.

Xalqını qəlbən sevən, onun taleyi üçün özünü həmişə məsul bilən ulu öndərin təşəbbüsü və təkidi ilə o zaman SSRİ hökuməti tərəfindən İsmayıllı zəlzələsinin nəticələrini aradan qaldırmaqla bağlı  xüsusi qərar qəbul olundu. Zəlzələnin fəsadlarını aradan qaldırmaq məqsədilə rayona 22 milyon manat vəsait ayrıldı. Hər yandan İsmayıllıya kömək məqsədilə yardımlar yönəldildi. Görmədən təsəvvür etmək olmazdı ki, o günlərdə İsmayıllıya nə qədər tikinti materialları daşınırdı. Ucar və Müsüslü dəmir yolu stansiyaları sanki ancaq İsmayıllı üçün işləyirdi. Edilən rəhbər köməyinin, göstərilən tükənməz qayğının nəticəsi olaraq zəlzələnin vurduğu ziyanın aradan qaldırılması məqsədilə rayonda 18 məktəb, 11 uşaq bağçası, 12 kənd təsərrüfatı və sənaye müəssisəsi, beşmərtəbəli 4 yaşayış binası, saysız-hesabsız fərdi evlər tikildi.

O dönəmdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın İsmayıllıya – Ruşan və Qoşakənd kəndlərinə köçü yenicə başlamışdı. Odur ki, ümummilli lider Ruşan kəndində olarkən soydaşlarımız üçün yeni qəsəbə salmağı tapşırdı. Bilavasitə ulu öndərin tapşırığı əsasında Mücühəftəran, Qoşakənd və Keyvəndi kəndlərində də yeni qəsəbələr salındı. İnsanlar minnətdarlıqla, ulu öndərə dua edərək və ünvanına alqış söyləyərək yeni evlərə köçdülər. Ümumilikdə, İsmayıllıda zəlzələyədək olan İsmayıllı boyda iki-üç yeni İsmayıllı tikildi. Bəli, ulu öndər Heydər Əliyevin rəhbər qüdrəti və qayğısı, insani böyüklüyü, xalqa tükənməz məhəbbəti, milli taleyimizi yaşamaq məsuliyyəti İsmayıllıya, ismayıllılara nicat gətirdi, onları xilas etdi, yenidən həyata bağladı.

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, dahi rəhbərin öz xalqına olan sevgisi, qayğısı və ölkəni inamla yüksəlişə aparmaq məsuliyyəti bu gün  möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən inamla, yaradıcılıqla davam etdirilməkdədir.

3 noyabr 2002-ci ildə ümummilli liderin Şəki şəhərinə səfər edəcəyini eşidən İsmayıllı sakinləri onunla görüşmək fürsətini əldən verməyərək, İsmayıllı şəhərinin Nizami Gəncəvi küçəsinin başlanğıcındakı meydana toplaşmışdı. Coşqun məhəbbətli izdihamı  görən ulu öndər nəzərdə tutulmayan dayanış etdi, əhali ilə görüşdü, yenə də İsmayıllı və ismayıllılar barədə xoş sözlər dedi. Hər gəlişi, hər görüşü el bayramına çevrilən ulu öndər insanların yaşayış tərzi və təsərrüfat qayğıları il maraqlandı, aidiyyatı orqanların rəhbərlərinə elə ayaqüstü tapşırıq və tövsiyələrini verdi, sonra el məhəbbətinin müşayiəti ilə Şəkiyə yolunu davam etdirdi.

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun ümummilli lideri hətta səhhətinin ağır olduğu anda belə özünü yox, xalqını düşündü və doğma Azərbaycanımızın gələcək taleyini  özü qədər inandığı siyasi varisi möhtərəm cənab İlham Əliyevə etibar etdi. Görün, ulu öndər bu gün az qala hamılıqla xalqımızın sevimlisinə çevrilən möhtərəm cənab Prezidentimiz barədə nə demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra  biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Ötən 15 ilin nəticələri göstərir ki, bu inam, bu etibar bizə hava və su kimi lazım imiş. İsmayıllının, lap elə doğma Azərbaycanımızın hər bir guşəsinin bugününə baxanda, sabahı üçün müəyyən olunmuş inkişaf proqramını təhlil edəndə hər birimiz fəxr edir və qürur hissi yaşayırıq. Bəli, Azərbaycan həqiqətən də sürətlə inkişaf edir və hərtərəfli yüksəlişə doğru inamla irəliləyir. Bu inkişafın, bu yüksəliş və tərəqqinin baş memarı isə məhz cənab Prezident İlham Əliyevdir. o, qurucu Prezident kimi artıq Azərbaycan tarixinə öz adını salmışdır. Bir daha xüsusi minnətdarlıq hissi ilə deməliyəm ki, cənab Prezident hər zaman İsmayıllının inkişafına hərtərəfli dəstək verir, mübarək səfərləri ilə İsmayıllını və ismayıllıları daha da şərəfləndirir. Son beş ildə dövlət başçısının rayonumuza 3 dəfə səfər etməsi, yeni-yeni obyektlərin açılışında iştirakı, görülən işlərdən razı qalması, başlanan tikinti-abadlıq-quruculuq işlərinin davamı üçün maliyyə vəsaiti ayırması rayonun inkişafını sürətləndirən arasıkəsilməz hərəkətverici qüvvəyə çevrilib. Nəticələri bəzi faktlar və nümunələrlə diqqətə çatdırmaq istərdim. İsmayıllıda Velosiped  istehsalı zavodu, dam örtükləri zavodu, 2 su elektrik stansiyası, 2 beşmərtəbəli, 8  üçmərtəbəli yaşayış binası, hər biri 140, 100, 40 və 45 yerlik yeni uşaq bağçaları, 2 xəstəxana, 2 müasir həkim məntəqəsi, İsmayıllı-İvanovka-Hacıhətəmli, İsmayıllı-Qaraməryəm magistral yolları tikilib, Mərkəzi Xəstəxananın, Olimpiya İdman Kompleksinin binaları yeni dizayn və memarlıq üslubunda tamamilə yenidən qurularaq, ən müasir inventar və avadanlıqla təchiz olunub. İsmayıllı Mədəniyyət Mərkəzi də yenidən tikilib və orada bütün növ teatr tamaşalarının qoyuluşu, konsertlərin təşkili üçün hər cür şərait yaradılıb. Şəhərin su-kanalizasiya sistemi yenidən qurulub. İsmayıllı şəhəri daxilindəki 91 küçədən 61-i abadlaşdırılıb, asfaltlaşdırılıb.  8 yeni məktəb binası inşa edilib. 27 çoxmənzilli yaşayış binası təmir olunub. Lahıc “İcma evi” və “Xalq sənətkarlığı evi”nin tikintisi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin binasının təmiri, Basqal qəsəbəsinə, Diyallı, Tircan,  İstisu, Sumağallı, Xanəgah, Qurbanəfəndi və Çayqovuşan kəndlərinə qaz çəkilişi, 15 kənddə “Kəndinvestisiya” layihəsi əsasında kəndarası yolların təmiri və bir o qədər də artezian quyularının qazılması son illərin yenilikləridir.

 Cənab Prezidentin 5 oktyabr 2017-ci il tarixdə qədim memarlığı, şəhərsalma mədəniyyəti, xalq sənətkarlığı, tarixi abidələri, etnoqrafiyası ilə məşhur olan Lahıc qəsəbəsi barədə 3 sərəncam imzalaması (Dəmirçi–Lahıc yolunun və 400 yerlik məktəb binasının tikintisi, yolüstü Qaraqaya, Gəndov, Namazgah kəndlərinə mavi yanacaq verməklə qəsəbəyə qaz çəkilişi barədə) tək Lahıca yox, İsmayıllıya yeni həyat bəxş edib. Bu da bölgədə  turizmin inkişafına güclü təkan olacaq.

İsmayıllı şəhərində üçulduzlu yeni otel, “Bədo” Sanatoriya-Bərpa Mərkəzi, 170 yerlik xalça fabriki, Kürdmaşı kəndində 1000 hektar ərazini əhatə edəcək aqropark, 3000 tonluq soyuducu-anbar, Keyvəndi kəndində 1500 başlıq heyvandarlıq kompleksi və neçə-neçə digər yeni obyektlər istifadəyə hazırlanmaqdadır.

Prezident İlham Əliyev İsmayıllıya səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə demişdir: “Son dövrdə İsmayıllıda görülən işlər, yeni rəhbərlik tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən də dəstəklənir. Mən də Prezident kimi daim İsmayıllının inkişafını diqqət mərkəzində saxlayacağam”.

Cənab Prezidentə İsmayıllı və ismayıllılara verdiyi yüksək dəyərə görə dərin minnətdarlığımızı bildiririk. Sonda bir daha vurğulamaq istərdim ki, İsmayıllı bu gün ulu öndərin müəyyən etdiyi inkişaf yolu ilə inamla gedir. Bu yol bizim əbədi yolumuzdur. Cənab Prezidentin sərəncam, göstəriş, tapşırıq və tövsiyələri hər bir İsmayıllı sakini tərəfindən məsuliyyətlə icra olunur. Qazanılan uğurlar rayon sakinlərini daha artıq səfərbər edir, onların doğma Azərbaycanımızın daha parlaq sabahı uğrunda mübarizənin ön cərgələrində olmasına stimul yaradır.

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi dünya miqyasında sayılıb-seçilən milli lideri olub. O, bu gün cismən aramızda olmasa da, ruhən bizimlədir və həmişə də bizimlə olacaq. Onun işıqlı əməlləri daim yaşayacaq, memarı və qurucusu olduğu yeni müstəqil Azərbaycan isə gündən-günə inkişaf edərək çiçəklənəcəkdir. Cünki Azərbaycan dövlətçiliyinin sükanı Heydər Əliyevdən sonra da ulu öndərin və Azərbaycan xalqının güvəndiyi və etibar etdiyi qadir əllərdədir.

 

Mirdamət SADIQOV,

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı,

iqtisad elmləri doktoru

 

Xalq qəzeti.- 2018.- 9 may.- S.9.