Azərbaycanın bugünkü
uğurları
ulu öndərin
adı ilə bağlıdır
Qədirbilən
xalqımız ulu öndər Heydər
Əliyevin anadan olmasının 95-ci ildönümünü böyük
qürur hissi ilə qeyd edir.Dahi tarixi şəxsiyyət olan
Heydər Əliyev siyasətdə həm ənənəvi, həm
də müasir lider
obrazında təzahür edən, xalqımızın və dövlətimizin
mayakına çevrilən müdrik bir insandır. Heydər Əliyev Azərbaycan
tarixində ən ardıcıl və ən böyük
istiqlalçı, ən böyük demokrat, ən böyük
vətənpərvərdir. Onun fəaliyyətinin
bütün çalarları
xalqımızın mədəni inkişafına, iqtisadi və siyasi yüksəlişinə
xidmət edən müvəffəqiyyətlərlə zəngindir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür yolu, həmişə uğur və qələbələrlə müşayiət olunan mübarizəsi iki minilliyin qovuşuğunda tariximizin şərəf kitabının ən parlaq və zəngin səhifələrini təşkil edir. Milli tariximizin Heydər Əliyev zirvəsi gələcəyə gedən yolumuzu aydın görməyə geniş imkan yaratdığı kimi, keçmişimizi, xüsusən, yaxın dünənimizi də doğru-düzgün dəyərləndirməyimiz üçün dolğun mənzərə açır.
Böyük şəxsiyyətlərin adı zəmanəsinin və xalqının rəmzinə çevrilir. Ulu öndər, dünya miqyaslı siyasət nəhəngi olan Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə ərsəyə gətirdiyi ən böyük siyasətçi və dövlət xadimidir. Xalqımızın bütün müsbət keyfiyyətlərini, yaradıcılıq enerjisini öz simasında üzvi şəkildə birləşdirən Heydər Əliyev millətimizin şərəf və ləyaqət ünvanına çevrilmişdir. Tariximizin son yarım əsrlik dövrü Heydər Əliyevin zəkası ilə nurlanmışdır.
Heydər Əliyev iqtisadi, siyasi, sosial, mədəni quruculuq məsələləri iə bərabər, səhiyyəni də cəmiyyət və dövlət həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirərək deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Heydər Əliyev səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsini mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və s. həkimlərin işinin fəallaşdırılması məsələlərində görürdü. Böyük öndər ölkəmizdə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə daim ciddi əhəmiyyət verirdi. Ümummilli liderimiz hakimiyyətə gəldiyi ilk dövrdən rayonlarda, xüsusən ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirirdi. Ötən əsrin 70-ci illərinin əvvəllərində həmin rayonlarda ixtisaslı həkimlərin, xüsusən kardioloq, onkoloq, ginekoloq, ftiziatr, nevropatoloq, sanitar həkim və epidemioloqların, orta ixtisas təhsilli tibb işçilərinin və şəfqət bacılarının çatışmazlığı kəskin hiss olunurdu. Bu problemin həlli üçün, ilk növbədə, tibbi profilli ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun sayı artırıldı, ucqar yaşayış məntəqələrindən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Məhz bu kompleks tədbirlər sayəsində bölgələrin səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qaldırıldı.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1982-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə olan nəzarətini, diqqətini nəinki azaldıb, əksinə, daha da artırıb. Ulu öndər sonralar bu dövrü belə xatırlayırdı: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovet İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.
Uzaqgörən dövlət xadimi olan Heydər Əliyev ölkəmizə birinci rəhbərliyi dövründə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların keçirilməsini təşkil edən ulu öndər ölkəmizin səhiyyə işçilərinin, tibb alimlərinin beynəlxalq arenaya çıxmalarına şərait yaratdı. Həmin dövrdən ulu öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovet İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşə və ixtisaslar üzrə təhsil almağa göndərildi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. İndi Azərbaycanın milli tibbi kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin məşhur səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərirlər.
Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Tam əminliklə demək olar ki, əbədiyaşar liderimiz Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir.
Heydər Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər indi– XXI əsrdə Azərbaycanda aparıcı mütəxəssislərə çevriliblər. Tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin və onun əvəzsiz davamçısı olan İlham Əliyevin göstərdikləri qayğı sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili, eləcə də, səhiyyənin digər bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz peşəkarlıq məktəblərini yarada biliblər. Hazırda Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur səhiyyə müəssisələrində də böyük müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Tibb mütəxəssislərimizin xaricə oxumağa və işləməyə göndərilməsi, həm də müxtəlif ölkələrdə yaşayan və fəaliyyət göstərən dünya azərbaycanlılarına maddi və mənəvi dayağın artmasına, Azərbaycan diasporunun möhkəmlənməsinə zəmin yaradır.
Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də ölkədə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan səhiyyəsinin, həmçinin tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlandı. Bütün sahələr kimi, səhiyyə də yeni inkişaf mərhələsinə qədəm qoydu; ilk növbədə, bu sahənin qanunvericilik bazası təkmilləşdirildi, əhalinin sağlamlığının qorunması işini yaxşılaşdırmaq məqsədilə geniş islahatlar proqramı hazırlandı. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni səhiyyə ocaqlarının yaradılması əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verdi. Ulu öndərimizin rəhbərliyi ilə bu sahədə 15-dən çox qanunun qəbul edilməsi, ümummilli liderimizin 2001-ci il 4 iyun tarixli sərəncamı ilə hər il 17 iyun ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunması, səhiyyə işçilərinin əməkhaqlarının dəfələrlə artırılması həm bu sahənin müasir tələblər səviyyəsində yeniləşdirilməsinə, həm də insanların sağlamlıqlarının etibarlı şəkildə qorunmasına xidmət edirdi. Ulu öndər səhiyyədə islahatlar aparılmasını vacib hesab edərək deyirdi: “Biz islahatları bütün sahələrdə keçiririk və səhiyyə sahəsində də islahatlar keçirilməsi çox zəruridir. Bu barədə mənim fərmanlarım var, lazımi göstərişlərim var, qərarlar vardır. Məmnuniyyətlə deyə bilərəm ki, son vaxtlar Azərbaycan səhiyyəsində islahatlar həyata keçirilir və onlar da öz nəticələrini verir”.
Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar qəbul edildi.
Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Məhz onun rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir.
Azərbaycan dövləti insanların sosial rifahını, sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Əlamətdar haldır ki, son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 7 dəfədən çox artmışdır. 2017-ci ildə Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 635-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilmişdir. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri indi bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, bəzən isə hətta onları üstələyir. Məhz elə buna görə də Prezident İlham Əliyev ölkə səhiyyəsinin inkişafının qiymət verərkən demişdi: “Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”.
Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsi olaraq son illərdə ölkəmizdə səhiyyə sahəsində kifayət qədər uğurlar əldə olundu. 2016-cı ildə Ağsu, Zərdab, Biləsuvar rayon mərkəzi xəstəxanaları, o cümlədən, Gəncə şəhərində Abbas Səhhət adına xəstəxana əhalinin istifadəsinə verildi. Respublika Uşaq Stomatoloji Mərkəzində aparılan təmir işləri başa çatdırıldı.
Təkcə bir faktı qeyd etmək kifayətdir ki, dövlət büdcəsindən səhiyyəyə çəkilən xərclər 2003-cü ildə 55,3 milyon manat olduğu halda, 2017-ci idə bu göstərici 13,5 dəfə artaraq, 746, 7 milyon manat təşkil etmişdir.
Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox prioritet sahələr üzrə möhtəşəm uğurlar əldə edib. Bu uğurların qazanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da əzmkar mübarizəsinin, prinsipiallığının və təşkilatçılığının da böyük rolu vardır.
Danılmaz xidmətlərini, ölkədə böyük nüfuzunu nəzərə alaraq Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması xalqımızın və dövlətimizin daha da inkişafı naminə, respublikamızın istər daxili, istər xarici siyasətində, istərsə də mədəni-ictimai həyatında daha böyük əzmkarlıqla fəaliyyət göstərməsinə şərait yaratdı.
Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi ilk olaraq baş çəkdiyi, açılışında iştirak etdiyi yerlər sırasında Bakıdakı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun olması, onun səhiyyə sahəsinə hərtərəfli diqqət və qayğı ilə yanaşdığını bir daha təsdiqləyir. Son illərdə ölkədə səhiyyə xidmətinin ən müasir səviyyəyə çatdırılması, bu sahənin daha da təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Heydər Əliyev Fondunun səhiyyə sahəsində reallaşdırdığı “Talassemiyasız həyat”, “Diabetdən əziyyət çəkən uşaqlara qayğı” və digər proqramlar çərçivəsində diabetli, hemofiliyalı, fiziki cəhətdən qüsurlu uşaqların sağlamlığı qayğısına qalan Mehriban xanımın bilavasitə diqqət və qayğısı ilə Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması da deyilənlərə sübutdur. Məhz Mehriban xanımın təşəbbüsü ilə diabetli xəstə uşaqlara pulsuz tibbi yardım göstərilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq genişlənmişdir. Ürək xəstəliklərindən əziyyət çəkən 1400 uşağın ölkə daxilində müalicəsinə, bir qisminin isə xüsusi ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərilmişdir. Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının istifadəyə verilməsi səhiyyənin ən ağrılı problemlərinin həlli istiqamətində görülən əvəzsiz işdir. Klinika müasir təbabətin qlobal problemlərindən olan uşaqlarda onkoloji xəstəliklərin fəsadlarına qarşı mübarizədə çox mühüm funksiyanı yerinə yetirir.
Artıq Azərbaycan səhiyyəsi sürətli inkişaf dövrünü yaşayır. Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən, qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 18 nəfərə qaraciyər köçürülmüş, 76 xəstəyə endoprotezləşmə əməliyyatı aparılmış, dövlət hesabına 865 xəstənin açıq ürək əməliyyatı icra olunub, 63 nəfərə böyrək köçürülmüşdür. 42 sümük iliyi transplantasiyası icra edilmişdir. Yalnız son illərdə ildə dövlət hesabına 956 xəstəyə 865 açıq, 91 qapalı ürək əməliyyatı icra olunmuşdur. O cümlədən, 265 uşağa 219 açıq, 46 qapalı kardiocərrahiyyə əməliyyatı icra olunmuşdur. Respublikamızda həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən, həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A (H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını almışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrə xüsusi diqqət ayrılıb. Konsepsiyanın müvafiq bölümündə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulub. Səhiyyə sisteminin islahatları nəticəsində, əsasən, stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılacaqdır.
Dövlət tərəfindən sosial xəstəliklərə (diabet, hemofiliya, talassemiya, onkoloji xəstəliklər, immunoprofilaktika, hemodializ, vərəm, QİÇS və s.) qarşı mübarizə, əhalinin sağlamlaşdırılması üzrə profilaktik tədbirlər, sanitariya maarifi işi, narkomaniya, alkoqolizmə və tütünçəkməyə qarşı mübarizə müxtəlif dövlət proqramları vasitəsilə həyata keçiriləcəkdir. Yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə müvafiq tədbirlər nəzərdə tutan 2015–2020-ci illər üçün sanitariya-epidemioloji xidmətin İnkişaf Proqramı hazırlanacaqdır. Bununla yanaşı, qeyri-infeksion xəstəliklərə (tütünçəkmə, piylənmə, fiziki fəallığın olmaması, spirtli içkilərdən sui-istifadə və s.) qarşı mübarizəyə dair 2013–2020-ci illəri əhatə edən xüsusi strategiya qəbul ediləcəkdir. Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013–2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul ediləcək, uşaq və yeniyetmələr arasında profilaktik müayinələr və dispanserləşdirmə aparılması işi gücləndiriləcəkdir. Yoluxucu xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə uşaqlar arasında immunoprofilaktika işlərinin aparılması üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir.
Dərman bazarına lisenziyalaşmamış və aşağı keyfiyyətli dərman preparatlarının daxil olmasının qarşısının alınması istiqamətində əməli addımlar atılacaqdır. Səhiyyə sahəsində kadr təminatının təkmilləşdirilməsi ən vacib məsələ kimi diqqət mərkəzində olacaq, tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılacaq, o cümlədən xarici ölkələrdə təlimlər təşkil ediləcəkdir. Kənd yerlərində işləyən həkim və orta tibb işçiləri üçün uyğun həyat şəraitinin yaradılması üzrə müvafiq işlər görüləcək və təşviqləndirici maddi təminat mexanizmləri müəyyənləşdiriləcəkdir. Tibb işçilərinin əməyinin son nəticəyə görə qiymətləndirilməsi prinsipinin tətbiq olunması üçün tədbirlər görüləcəkdir. Əhalinin sağlamlığının monitorinqi üzrə müxtəlif tibbi elektron registrlər və vahid səhiyyə informasiya sistemi yaradılacaqdır.
Səhiyyənin dinamik inkişafı Azərbaycanın sosial siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ölkəmizdə səhiyyə strategiyası uğurla davam etdirilir, əhalinin sağlamlığı və sosial rifahı yüksəlir, tibb sahəsində yeni-yeni nanotexnolgiyalı, yüksək innovasiyalı müalicə-diaqnostika müəssisələrinin sayı və yüksək ixtisaslı tibbi personalın xüsusi çəkisi durmadan artır.
Bu gün müasir Azərbaycan səhiyyəsinin dinamik inkişafının memarı olan ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə, yaradıcı şəkildə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də yeni uğurlara vüsət verib. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Tam əminliklə demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük nailiyyətlər gözləyir.
Kamaləddin QAFAROV,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı
Xalq qəzeti.- 2018.- 9
may.- S.10.