Heydər Əliyev ideyaları: tibb təhsili
və səhiyyənin
sabit inkişafının təminatı
Heydər Əliyevin öz
xalqına, millətinə təmənnasız xidmətləri
yaddaşlara əbədi həkk olunmuşdur. Bu xidmətdə əxlaq qaydalarını daim uca tutulması ulu öndərin bitib-tükənməz
ideyalarının inandırıcı potensialını daha da
artırmışdır. Məhz xalqda olan bu inam
Böyük azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişinin
istinadına çevrilmişdir. Böyük
qayıdışdan sonra Azərbaycan cəmiyyətində
müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə
başladı. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevə yaxşı bəlli
idi ki, Ermənistanın
təcavüzünə qarşı aparılan qeyri-bərabər
döyüşlər davam
etdikcə, bir tərəfdən xarici dövlətlərdən hərtərəfli
yardım alan Ermənistan vasitəsi ilə
Azərbaycan daha ağır vəziyyətə
düşə bilər, digər tərəfdən transmilli neft şirkətlərini
Azərbaycana dəvət etmək, onlarla
müqavilə bağlamaq və beləliklə,
Azərbaycan neftini sərbəst, təhlükəsiz
marşrutla Qərbə ixrac
etmək mümkün olmayacaq.
Ona görə də, ilk
növbədə 1994-cü il mayın
14-də atəşkəsə nail olundu, həmin il
sentyabrın 20-də isə Əsrin müqaviləsi
imzalandı.
Məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bildi. 1994-1995-ci illərin hadisələrində Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini faciələrdən və iflasdan xilas etdi. O, ictimai-siyasi sabitliyi təmin etməklə demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı. Onun Azərbaycan dövlətçiliyi uğrunda apardığı fəal mübarizə, çoxşaxəli fəaliyyəti ölkəmizin bütün sahələrində olduğu kimi bu konsepsiyanın tərkib hissələrindən olan Azərbaycan səhiyyəsi, o cümlədən tibb elmi və tibb təhsili strukturlarının dinamik inkişafı və gələcək yüksəlişində də öz parlaq əksini tapdı. Müəyyən müddətdə cəmiyyətdə müşahidə edilən anarxizmi neytrallaşdırmaq da ümummilli liderimizin dahiyanə siyasətçi olmasının məntiqi yekunu kimi dəyərləndirilir.
1969-cu il iyul ayının 14 də ulu öndər Heydər Əliyevin ilk dəfə Azərbaycan KP MK nın birinci katibi seçildiyi dövrdə respublikamızda əhali arasında xoş əhval ruhiyyəli canlanma, gələcəyə nikbinliklə baxmağa əsas verən sevincli anlar hökm sürməkdə idi. Azərbaycan xalqının bütün zümrələrindən olan insanların bu seçimə ürəkdən sevinməsinin əsas səbəbi onların Azərbaycana rəhbərliyə gəlmiş bu fövqəladə insana sözün həqiqi mənasında inanması, ona ümid çırağı kimi baxması idi. Çox keçmədi ki, milli lider zirvəsinə yüksələrək dünya siyasətçiləri sırasında öncül mövqeyə çıxan dahi Heydər Əliyev fenomeni ona bəslənən ümidləri doğruldaraq, əsil xarüqələr yaratmağa başladı. Xalqın öz liderinə, onun möhtəşəm ideyalarına olan inamının geniş vüsət alması ulu öndər tərəfindən yerinə yetirilən əməli tədbirlərə, onun gərgin fəaliyyətinin əyani nəticələrinə əsaslanırdı.
Ümummilli lider hələ keçmiş SSRİ dövründə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafını həmahəng surətdə, ardıcıllıqla həyata keçirir, yeniliyə, tərəqqiyə sədd yaradan keçmişdən miras qalmış maneələri, lüzumsuz stereotipləri inamla aradan qaldırırdı. Onun düşünən beyni sanki istirahət bilmədən daim fəaliyyət göstərərək Azərbaycanın gələcəyi naminə yeni yeni ideyaların eskizlərini hazırlayır və dərhal da onların zəruriliyini vacib hesab edib, həyata keçirilmələrinə şərait yaradırdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ən mütərəqqi, müasir islahatların tətbiqi və həyata keçirilməsi meydanına çevrilmişdi.
O vaxtlar Azərbaycan Respublikasının SSRİ - nin tərkibində olmasına baxmayaraq, ulu öndər çəkinmədən, heç nədən və heç kimdən ehtiyat etmədən müstəqil addımlar atıb, Azərbaycanın demokratik islahatlar texnologiyasının mühərrikini özünəməxsus bacarıqla işə salırdı. O, bütün bunları diplomatik məharətlə yerinə yetirərkən Moskvanın ona nəyi isə irad tuta biləcəyinə də heç bir əl yeri qoymurdu. Əksinə, Moskva da onun ideyalarının məhsulu olan yenilikləri, islahatları, Azərbaycanın inkişaf ritmini alqışlamaq məcburiyyətində qalırdı. O dövrdə Moskva qəzetlərində çap olunmuş Qoy ədalət zəfər çalsın! məqaləsi nəinki keçmiş Sovetlər İttifaqı miqyasında, eləcə də bütün dünyada böyük rezonans doğurmuşdu. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan və Heydər Əliyev ifadələri birlikdə daha tez tez səslənirdi. Moskvanın tibb təhsili müəssislərində mühazirə oxuyan professor Metelitsa kimi filosof pedaqoqlar, alim - professorlar öz çıxışlarında Heydər Əliyevdən sitatlar gətirir, onun təcrübəsinin geniş yayılmasını tövsiyə edirdilər.
Ulu öndər bütün sahələrdə olduğu kimi Azərbaycanın səhiyyə sahəsini, onun ayrılmaz şaxələrindən olan Azərbaycan tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Bununla o, respublikamızın səhiyyə sahəsində mövcud olan özünə qapanıb qalma durğunluğunun aradan götürülməsinə səy göstərirdi və böyük müvəffəqiyyətlə buna nail olurdu. Keçən əsrin 60 - cı illərinin sonu, 70- ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev ölkəmizin səhiyyə sahəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasa çıxmasına, bütün sahələrdə olduğu kimi bu sahələrin də dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı.
XX əsrin 70 - ci illərinin əvvəllərindən etibarən ulu öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovetlər İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşə və ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. O, gənclərin təhsilinə, işlə təmininə, hərtərəfli inkişafına, onların dünyagörüşünün, beynəlxalq əlaqələrinin artmasına, dünya gənclərinin intellekt yüksəkliyinə inteqrasiya olunmalarına, yeniliklərdən bəhrələnmələrinə, fiziki və əqli cəhətdən sağlam böyümələrinə xüsusi diqqət yetirirdi. O, Gənclər bizim gələcəyimizdir - dedikdə Azərbaycanın gələcəyinin ağıllı, savadlı, bacarıqlı gənclərin əlində olmasını arzulayırdı. O, bilirdi ki, gənclər cəmiyyətin indikatoru, lakmus göstəricisidir. Belə ki, hər bir ölkədəki cəmiyyətin səviyyəsini müəyyənləşdirən əsas qüvvə gənclərdir. Milli lider Heydər Əliyev deyirdi ki, Dövlətimizin gələcəyi bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır. Hər bir ölkənin istər intellektual, istər mədəni, istər elmi, istər siyasi, istərsə də idarəçilik, dövlətçilik səviyyəsi onun gənclərinin səviyyəsi ilə ölçülür. Bütün bunları incəliklərinə qədər bilən, hətta onların görünməyən tərəflərini belə görə bilən ulu öndər gənclərin təhsilinə, tərbiyəsinə, ictimai siyasi baxışlarının itiliyinə diqqət yetirərək, onların bu istiqamətdə inkişafına geniş şərait yaradırdı. Bununla da o, XXI əsrin yüksək səviyyəli insanlarını yetişdirir, milli mənəvi dəyərlərimizin, vətənpərvərlik, azərbaycançılıq duyğularımızın saflığına, ucalığına, səmimiliyinə çalışırdı. Bu yanaşma tərzi ilə Heydər Əliyev Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura bilən, onu müasir tələblərin bütün atributları ilə beynəlxalq miqyasda təmsil etməyə qadir olan, vətəni, milləti göz bəbəyi kimi qorumağa, ictimai milli mənafeyi öz şəxsi mənafeyindən üstün tutmağa hazır olan gənclər ordusunun təməlini qoydu. İndi son dərəcə möhkəm və əzəmətli görünən bu təməl öz möhkəmliyini gələcəkdə daha da artıracaq, Azərbaycana ləyaqətlə xidmət edəcəkdir.
Heydər Əliyev dühasının uzaqgörən siyasətinin süzgəcindən süzülən ideyaların ən möhtəşəm uğurlarından biri də ondan ibarət oldu ki, o, Azərbaycana İlham Əliyev kimi gənc Prezidenti bəxş etdi. Ulu öndərin xalqımız tərəfindən bəyənilən və dəstəklənən iqtisadi siyasi kursu hazırda ölkə Prezidenti zati aliləri möhtərəm cənab İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir.
Heydər Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər indi XXI əsrdə Azərbaycanda aparıcı mütəxəssislərə çevriliblər. Onun qoyduğu təməllərin bəhrəsi Azərbaycan Tibb Universitetinin timsalında özünü daha qabarıq şəkildə büruzə verir. Bu ali təhsil ocağı yarandığı gündən sonrakı mərhələlərin müəyyən qismində milli kadr qıtlığından daim əziyyət çəkib. Lakin indi tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin və onun əvəzsiz davamçısı İlham Əliyevin göstərdikləri qayğı sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili, eləcə də, səhiyyənin digər bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz peşəkarlıq məktəblərini yarada biliblər. Tibb sahəsində beynəlxalq səviyyəli mütəxəssis məktəbləri yaratmaq o qədər də asan məsələ deyildir. Belə məktəblər bir ilin, beş ilin ərzində yarana bilməz. Əgər Azərbaycanda səhiyyə sahəsində, onun tərkib hissəsinə aid edilən tibb elmi, tibb təhsili sahələrində bu cür fundamental məktəblər yaranıbsa, demək Heydər Əliyev ideyalarının çiçəklənməsi barəsində həm indi, həm də gələcəkdəki bütün dövrlərdə ağızdolusu danışmağa haqqımız var.
İndi Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur tibb müəssisələrində də böyük müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Tibb mütəxəssislərimizin xaricə ixrac olunması həm də müxtəlif xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən Dünya Azərbaycanlılarının maddi və mənəvi dayağının artmasına, Azərbaycan diasporunun möhkəmlənməsinə zəmin yaradır.
Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 35 ilə yaxın bir dövrdə bilavasitə Heydər Əliyevin himayəsində olub, onun rəhbərliyi altında inkişaf edib, onun sayəsində indiki yüksək səviyyəyə çatıb. O, keçən əsrin 70 80 - ci illərində Azərbaycanın tibb təhsili sistemində ölçüyəgəlməz islahatlar aparmış və o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında yenidən tanınmağa, öz sözünü deməyə başlamışdır. XX əsrin 70ci illərində tibbi fənnlərin diplomdanəvvəlki və diplomdansonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı və digər köməkçi şöbələr yaradılmışdır. Ulu öndər hər sahədə olduğu kimi, Azərbaycan səhiyyə sisteminin, o cümlədən Azərbaycan Dövlət Tibb İnstitutunun da maddi-texniki bazasının möhkəmləndirilməsini diqqət mərkəzində saxlayırdı. Bir-birinin ardınca yeni tədris binaları, xəstəxana və poliklinikalar tikilib istifadəyə verilirdi. 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində artıq Azərbaycanın tibb ixtisaslı alimlərinin beynəlxalq əlaqələri xeyli genişlənməyə başlamışdı. 1980 -ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun yaranmasının 50 illik yubileyi ulu öndərin iştirakı ilə keçirilmişdir və o, bu münasibətlə institutun əməkdaşlarının bir qrupunu fəxri adlara layiq görmüşdür. Akademik Mustafa bəy Topçubaşovun keçmiş SSRİ nin ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi ulu öndərin səyi nəticəsində mümkün olmuşdur. Belə alimlərin əvvəl SSRİ miqyasında, sonra isə beynəlxalq miqyasda tanıdılması Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elminin tanıdılması demək idi.
Milli liderimiz Heydər Əliyevin 1982-ci ildə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə, Azərbaycan tibb elminə, tibb təhsili sisteminə olan qayğısını, diqqətini nəinki azaltmamış, əksinə daha da artırmışdı. O, Moskvada çalışdığı illərdə SSRİ-nin səhiyyə sahəsinə də nəzarət edirdi və Sovetlər İttifaqının yüksək rütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, səhiyyədə olan problemlərin müzakirəsini aparır, bu problemlərdən irəli gələn məsələlərin çıxış yollarını peşəkarcasına göstərirdi. Ulu öndər eyni zamanda SSRİ-nin nüfuzlu tibb alimlərinin diqqətini Azərbaycana cəlb etməklə, Azərbaycan səhiyyəsinin tərəqqisinə zəmin yaradırdı.
O, vaxtlar SSRİ səhiyyə sisteminin və dünya tibb elminin görkəmli nümayəndələrindən olan akademik N.N. Bloxin həm də mənim çalışdığım SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin direktoru idi və o, hər dəfə Heydər Əliyevin SSRİ miqyasında səhiyyə idarələri başçılarının iştirakı ilə keçirilən toplantılardakı çıxışlarından sonra Onkoloji Elmi Mərkəzin işçilərinin müşavirəsini keçirərək, onun tapşırıqlarını əməkdaşlara çatdırardı. Akademik N.N.Bloxin, adətən, ünsiyyətdə olduğu adamlar haqqında xoş sözlər deməkdə bir qədər xəsislik edərdi. Lakin o, Heydər Əliyev haqqında danışanda ürəkdən gələn ən xoş sözləri söyləməkdən çəkinməzdi. Ulu öndərin çıxışları akademikdə sözün həqiqi mənasında böyük təəssürat oyatmışdı. Akademik deyirdi ki, Heydər Əliyev səhiyyənin problemlərini, onlardan çıxış yollarını ən titullu səhiyyə mütəxəssislərindən də gözəl bilir və ona görə də ona böyük hörmət və ehtiramla yanaşıram.
Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Azərbaycan rəhbərliyinə qayıdışından sonra ölkə səhiyyəsinin, həmçinin tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlandı. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarının 20 faizini işğal etdikdən sonra bütün sahələrdə olduğu kimi ölkəmizin səhiyyə sistemində, tibb elmi və tibb təhsili sahələrində də tənəzzül yaranmışdı. İllərlə ulu öndər tərəfindən çətinliklə yaradılanlar, baxımsızlıq üzündən asanlıqla dağıdılırdı. Xoşbəxtlikdən bu uzun sürmədi və ulu öndərin yenidən hakimiyyətə gəlişi pərakəndəliyin, dağıntıların qarşısını aldı. Həmin dövr üçün Azərbaycan cəmiyyətindəki anarxist qüvvələrin zərərsizləşdirilməsindən sonra ulu öndər siyasi, hüquqi, iqtisadi, sosial sahədə demokratik islahatlar proqramının həyata keçirilməsinə start verdi. Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçdi. Ulu öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı.
1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının formalaşdırılmasına daha geniş imkanlar yaratdı. Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görür və buna xidmət edən bütün zəruri tədbirləri həyata keçirirdi. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ulu öndər 1997-ci ildə xarici jurnalistlərlə görüşündə müxbirin dövlətçilik ənənələrinin yaranması və hansı göstəricilərlə şərtlənməsi sualını cavablandıraraq demişdi ki, bu, ilk növbədə, əhalinin xalqa, xalqın millətə, sakinlərin vətəndaşlara çevrilməsi istiqamətində gedən prosesdir: Dövlətçilik insanlarda vətənpərvərlik duyğusunu, Vətən anlamının milli mənə daxil edilməsini nəzərdə tutur. Əgər hər hansı bir ölkədə hər kəs təkcə öz mənafeyini, ailəsinin mənafeyini düşünürsə, xalqın taleyinə, ümummilli siyasi və iqtisadi mənafelərə biganədirsə deməli, burada dövlətçilik ənənələri yoxdur. Gərək hər bir vətəndaş ölkəsinin böyük siyasəti haqqında düşünsün.
Ümummilli liderimizin dövlətçilik siyasəti sayəsində Azərbaycanın özü ilə birlikdə onun səhiyyə sistemi də xilas edildi. Heydər Əliyevin o vaxtlar ölkəmizdəki siyasi iqtisadi vəziyyəti yaxşılaşdırmaq uğrunda yerinə yetirdiyi əvəzsiz xidmətlər tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu. Bundan sonra müstəqil Azərbaycan Respublikasında həm siyasi, həm də iqtisadi durum yüksələn xətt üzrə irəliləməyə başladı.
Ölkəmizin digər sahələrində olduğu kimi Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sisteminin də bütün ağırlıqlarını öz möhkəm çiyinləri üzərinə götürərək onu inkişaf etdirən və gələcək perspektivlərini müəyyənləşdirən dahi Heydər Əliyev dəsti xətti, Heydər Əliyev qüdrəti öz möhtəşəmliyi ilə kəskin surətdə seçilir və bənzərsizliyi ilə fərqlənir. Ona görə də müstəqil Azərbaycan Respublikasının memarı olan Heydər Əliyev ideyalarının dəyərli nəticələri Azərbaycan tibb elmi və tibb təhsili sisteminin, Azərbaycan səhiyyəsinin də sarsılmaz dayağı, ilhamverici qüvvəsidir. Ulu öndərin dünyəvi ideyalarına söykənən siyasət əbədidir, həmişəyaşardır, qaranlıqlara nur çiləyən sönməz mayakdır. Onun Azərbaycan səhiyyəsinin, eləcə də Azərbaycan tibb elmi və tibb təhsili sisteminin dayanıqlı və sabit inkişafının təminatına işıq salan ideyaları daim yaşayacaq, var olacaqdır.
Ümummilli liderimiz Heydər Əliyevin siyasəti onun layiqli davamçısı, siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də, səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb.
Bütün deyilənləri nəzərə alaraq belə qənaətə gələ bilərik ki, Azərbaycan milli dövlətçilik ənənəsinin formalaşması və həyatın bütün sahələrini, o cümlədən səhiyyə, tibb elmi, tibb təhsili sistemimizi əhatə edən çoxşaxəli fəaliyyət və əldə olunan uğurlar, milli-mənəvi dəyərlərin təşəkkül tapması, tarixi soy-kökə qayıdış, azərbaycançılıq dünyagörüşünün formalaşması məhz ulu öndərin ideyalarının reallığa çevrilməsinin məntiqi nəticələridir.
Əhliman
ƏMİRASLANOV,
akademik,
SSRİ Dövlət mükafatı laureatı,
Milli Məclisin səhiyyə komitəsinin
sədri
Xalq qəzeti.- 2018.- 11
may.- S.9.