Azərbaycan Xalq Cümhuriyyətinin

dövlətçiliyimizin tarixində yeri və rolu

 

Azərbaycan Xalq Cümhuriyyəti – 100

 

1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti də bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıbdır.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Àzərbàycàn õàlqı keşməkeşli və şanlı, qəhrəmanlıqlarla dolu zəngin tarixə malikdir. Xalqımız qədim dövrlərdən bəri öz müstəqilliyi, tîrpàqlàrının bütövlüyü naminə mübàrizə àpàrmış və bu yîldà sàysız qurbànlàr vårmişdir. XX əsrdə Àzərbàycàn õàlqı iki dəfə müstəqillik əldə åtmişdir. 1918-ci ildə yàrànmış və fəàliyyət göstərmiş Àzərbàycàn Õàlq Cümhuriyyəti, Nàõçıvàn və Şərur-Dərələyəz qəzàlàrını özündə birləşdirən Àràz–Türk Råspublikàsı, həmçinin rəhbərləri, əsasən, azərbaycanlılardan ibarət Cənub-Qərbi Qafqaz Cümhuriyyəti qısà ömür sürmüş, Sîvåt impåriyàsının işğàlçılıq siyàsətinin qurbànı îlmuşdur. Làkin înlàrın hər biri, xüsusən də Àzərbàycàn Õàlq Cümhuriyyəti dövlətçiliyimizin yàrànmàsı və inkişàfındà, õàlqımızın tàriõi tàlåyində böyük rîl îynàmışlàr. Ümummilli lider Håydər Əliyåv Àzərbàycàn Õàlq Cümhuriyyətinin fəaliyyətinə böyük qədirbilənliklə yanaşaraq demişdir: “Ən böyük nàiliyyət, tàriõimizə yàzılmış qızıl səhifə îndàn ibàrətdir ki, çîõəsrlik tàriõimizdə ilk dəfə Àzərbàycàn õàlqı dövlət müstəqilliyini əldə ådə bilmişdir, müstəqillik əhvàl-ruhiyyəsini hiss ådə, dərk ådə bilmişdir, müstəqil yàşàmàq, öz tàlåyinin sàhibi îlmàq duyğulàrını dərk ådə bilmişdir”.

 

Məlum olduğu kimi, XX yüzilliyin əvvəllərində Rusiya imperiyası dərin hərbi-siyasi və iqtisadi böhranla üzləşmişdi. Rusiya bu ciddi problemi həll etmək üçün islahatlara başlamaq məcburiyyətində qalmışdı. Azərbaycan ziyalıları hələ 1905-ci ildən başlayaraq, bütün başqa tələblərlə bərabər, ölkənin türk-müsəlman əhalisinin imperiyanın mərkəzi hakimiyyət orqanlarında təmsil edilməsini, yerli idarəçiliyə və məhkəmə orqanlarında fəaliyyətə cəlb olunmasını tələb edirdilər. Onlar bu sahədə ayrı-seçkiliyin, məhdudiyyətin aradan qaldırılması uğrunda gərgin mübarizə aparırdılar.

Birinci dünya müharibəsinin sonlarına yaxın “xalqlar həbsxanası” sayılan Rusiya imperiyasının dağılması artıq qaçılmaz idi. Belə bir dövrdə Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyindən müstəqil dövlət kimi yaşamağa tam hazır idi.

Azərbaycan ziyalılarından bəziləri, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla peşəkar hüquqşünaslar Rusiya Dövlət Dumasında zəngin parlamentçilik təcrübəsi qazanmışdılar. Onlar Rusiya mütləqiyyətindən tamamilə fərqlənən, bütün hüquq və azadlıqların təmin olunduğu ən demokratik respublika sistemi yaratmağa hazır idilər. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumasında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli bir respublika kimi formalaşması tarixi reallıqdan doğurdu. Çarizmin devrilməsindən sonrakı hadisələrin real inkişafı da məhz bu istiqamətdə gedirdi.

1917-ci ilin fevralında Rusiyada 300 illik Romanovlar mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında V.Leninin rəhbərliyi ilə bolşeviklər partiyası dövlət çevrilişi həyata keçirdi. Hakimiyyət dəyişikliyi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə Zaqafqaziya Parlamentini yaratdılar.

Zaqafqaziya Seymində Müsəlman fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi.

Demək olar ki, üç ay fəaliyyət göstərən Seymdə Gürcüstandan sosial-demokratlar (menşeviklər) - 32 nəfər, Azərbaycandan müsavatçılar və onlara qoşulmuş bitərəf demokratlar - 30 nəfər və ermənilərin “Daşnaksütyun” partiyası - 27 nəfər deputatla iştirak edirdi. 1918-ci il aprelin 22-də Zaqafqaziya seyminin azərbaycanlı, erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradıldığını elan etdilər. Lakin sonradan Cənubi Qafqazın bir dövlət halında fəaliyyət göstərməsinin mümkünsüzlüyü məlum oldu. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin son iclası keçirildi. Gürcüstanın federasiyanın tərkibindən çıxmasını bəyan etməsindən sonra seym özünü buraxdığını elan etdi. Növbəti gün artıq buraxılmış Zaqafqaziya Seyminin müsəlman fraksiyasının iclasında Müvəqqəti Milli Şuranın yaradılması qərara alındı. Şuranın sədri M.Ə.Rəsulzadə, müavinləri isə H.Ağayev və M.Seyidov seçildilər.

Mayın 28-də Tiflis şəhərində Qafqaz canişinliyinin binasında Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. M.Ə.Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edirdi. Şura 24 nəfər lehinə və 2 nəfər isə bitərəf qalmaqla Azərbaycanın dövlət müstəqilliyini bəyan etdi. Osmanlı Türkiyəsi iyunun 4-də Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət oldu. Ölkəmizin müstəqilliyinin bəyan olunduğu 28 may tarixli iclasda Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul olundu.

İstiqlal bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Azərbaycan Milli Şurası adıçəkilən ilk iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti Hökumət bu tərkibdə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov - hərbi nazir

Məmməd Həsən Hacınski - xarici işlər naziri

Nəsib bəy Usubbəyov - maliyyə naziri və xalq maarif naziri

Xəlil bəy Xasməmmədov - ədliyyə naziri

Məmməd Yusif Cəfərov - ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri

Camo bəy Hacınski - dövlət nəzarətçisi.

Beləliklə, Birinci Dünya müharibəsinin başa çatması ərəfəsində və Romanovlar mütləqiyyətinin devrilməsi ilə əlaqədar olaraq formalaşmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika şəklində dirçəldi. 1813-cü ildən sonra ilk dəfə olaraq Azərbaycanın müstəqil idarə olunmasına başlanıldı. Azərbaycanın bir hissəsində - Şimali Azərbaycanda respublika quruluşu yaradıldı.

Əsrin sonlarında olduğu kimi, əsrin əvvəlində də Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə idi və Osmanlı İmperiyası özünün üzləşdiyi ciddi problemlərə baxmayaraq, lazım olduğu halda Azərbaycana hərbi yardım etməyi öz üzərinə götürmüşdü. Artıq iyunun əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xahişi ilə Nuru paşanın başçılıq etdiyi İslam ordusu Gəncəyə daxil oldu. Türk ordusunun Cənubi Qafqazda irəliləməsindən narazı qalan Gürcüstan hökuməti Azərbaycan Milli Şurasından Gürcüstanı tərk etməyi tələb etdi. Bakı bolşeviklərin hakimiyyəti altında olduğundan yeni Azərbaycan hökuməti Gəncəyə köçmək məcburiyyətində qaldı. Burada yarım il ərzində Müəssislər Məclisi təsis etmək qərara alındı. Hökumətin ən prioritet vəzifəsi Bakını erməni-bolşevik zorakılığından qurtarmaq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etmək idi.

Cümhuriyyət hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpusun yaradılması barədə qərar qəbul edildi. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. Həmişə hərb sənətində böyük uğurlara imza atan general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu, milli orduya səfərbərlik keçirildi. İyunun 27-də Azərbaycan-türk dili dövlət dili elan olundu. Dövlət quruculuğu daha da genişləndirildi.

1918-ci ilin mart ayından etibarən ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışdılar. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrdə xüsusi qəddarlıqlarla həyata keçirilmişdi. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ölkə rəhbərliyi 1918-ci ilin mart hadisələrinə xüsusı diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. Komissiyanın vəzifəsi Birinci Dünya müharibəsi dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımı vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməkdən ibarət idi. Hökumətin bu qərarı ilə, əslində, müstəqil Azərbaycanın milli təhlükəsizlik sisteminin yaradılmasının əsası qoyuldu. Fövqəladə Təhqiqat Komissiyasının yaradılması ilə əlaqədar hökumətə məruzə edən xarici işlər naziri M. Hacınski bildirirdi: “Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri quldur dəstələri tərəfindən dağıdılır, bolşevik adı altında özbaşına erməni hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda, həmin quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yanlış məlumatlar əsasında Avropa ölkələrində ictimai fikir tamamilə əks istiqamətə yönəldilir. Ümumdövlət maraqları, əhalinin zərərçəkən qruplarının mənafeyi hökmən, elə bir təşkilatın yaradılması zərurətini irəli sürür ki, o, aşağıdakılarla məşğul olsun:

1. Bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması;

2. Həmin zorakılıqların törədildiyi şəraitin müəyyən edilməsi;

3. Müqəssirlərin aşkar olunması və onların vurduqları zərərin ümumi miqdarının müəyyənləşdirilməsi.

Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası xarakteri daşımalıdır, habelə bu komissiyanın işinin nəticələri Avropanın əsas dillərində (rus, fransız, alman və təbii ki, türk dillərində) elan edilməli və geniş yayılmalıdır. Bu komissiyanın təşkilinə yubanmadan başlamaq lazımdır, çünki, bu gün, hadisələrin isti izi ilə asanlıqla müəyyən edilməsi mümkün olan bir çox işləri - şəxslərin dindirilməsi, fotoşəkillərin çəkilməsi və digər əşyayi-dəlillərin əldə edilməsi – sonradan görmək çətinləşəcəkdir, hətta ola bilsin ki, qətiyyən mümkün olmayacaqdır.

Əgər hökumət bu təkliflə razılaşırsa, onda mən xahiş edərdim ki, həmin komissiyanın yaradılması nazirlərdən birinə həvalə edilsin və komissiyanın xərcləri üçün müvəqqəti olaraq 50 000 rubl pul ayrılsın”(Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1, iş 95, vərəq 1).

Qeyd etmək lazımdır ki, komissiya qısa bir vaxtda çoxlu mətn və 100-dən çox fotoşəkildən ibarət təhqiqat materialları hazırladı və dünya ictimayyətinə çatdırmaq üçün konkret işlər gördü. Fövqəladə Təhqiqat Komissiyasının 35 cildlik sənədlərinin əksər hissəsi Bakıda törədilən qırğınlarla, yeddi cildi isə Şamaxıdakı soyqırımla bağlı idi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, Qubadakı soyqırımı, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərmişdir. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyətı tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olmuşdur. Lakin 1920-ci ilin aprelində bolşeviklərin hakimiyyəti qəsb etməsi nəticəsində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş və nəticədə, Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir.

1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi. Şəhər S.Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən – “Sentrokaspi diktaturası”ndan tamamilə təmizləndi.

1918-ci il sentyabrın 17-də F.Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.

Qafqazda ilk erməni dövləti 1918-ci ildə Qərbi Azərbaycan torpaqlarında, İrəvan xanlığı ərazisində yaradılan Ararat Respublikası olmuşdur. Tarixi Azərbaycan ərazilərində Ermənistan dövləti yaradan və İrəvan şəhərini Azərbaycanın razılığı ilə öz dövlətlərinə paytaxt edən ermənilər sovet imperiyasının süqutu ərəfəsində və bundan dərhal sonra yeni-yeni ərazilərimizi işğal etməyə başladılar. 26 may 1918-ci ildə Zaqafqaziya Seyminin erməni sektoru rəsmi olaraq Azərbaycan nümayəndələrinə İrəvan şəhərinin yeni yaradılan Ermənistana verilməsi xahişi ilə müraciət etmişdilər. Erməni tərəfinin dövlət müstəqilliyi haqqında aktı elan etmək üçün hətta paytaxtları belə yox idi. Ermənilərin terrorçu qüvvələrinin və quldur birləşmələrinin silahı yerə qoyacaqları, yerli əhaliyə qarşı törədilən qırğınları dayandıracaqları və iki xalqın yaxınlaşmasına dəstək verəcəkləri barədə vədlərini Azərbaycan hökuməti qəbul etdi. Bundan sonra – İrəvan şəhəri Ermənistana verildi. Beləliklə, erməni tarixçiləri tarixi saxtalaşdırmağa cəhd etsələr də, bu faktdır – indiki Ermənistan dövləti tarixi Azərbaycan torpağında formalaşıb. İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edib. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Ermənilər bu bölgəyə sonradan gəlmişlər.

Azərbaycan Xalq Cümhuriyyəti bütün istiqamətlərdə məhsuldar fəaliyyət göstərir, ictimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində quruculuq işlərini getdikcə daha da genişləndirirdi. Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin qırmızı rəngli dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. 1804-1918-ci illərdə adı Yelizavetpola çevrilmiş Gəncənin qədim adı özünə qaytarıldı. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük əhəmiyyət verərək demişdir: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində — XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin Qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycanın ilk parlamentinin birinci iclasının açılışı oldu. Parlamentin ilk iclasında M.Ə.Rəsulzadə giriş nitqində dedi: “Möhtərəm Millət vəkilləri! Azərbaycan Milli Cümhuriyyətinin ilk parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm”. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Qanunverici orqanın son iclası 1920-ci il aprelin 27-də keçirilmişdi. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti öz fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu istiqamətindəki mühüm addımları ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur. Azərbaycanda demokratik qanunvericilik təcrübəsi 1918-ci ildən yaranmışdır. 1918-ci il mayın 28-də yaranmış ilk Azərbaycan Xalq Cümhuriyyətinin konstitusiyası olmamışdır, lakin onun fəaliyyətində konstitusiya xarakteri daşıyan hüquqi aktlar, qərarlar qəbul edilmiş və Cümhuriyyət bu sənədlərin əsasında fəaliyyət göstərmişdir. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu 96 deputat təmsil edirdi. Bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirdilər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi – gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq. Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdı ki, onlardan da 230-a yaxını təsdiq edilmişdi.

Qeyd etdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti bütün iclaslarında İstiqlal bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi. Ölkənin qanunvericilik orqanı ana dilimizi Azərbaycanın dövlət dili elan etmiş, dövlət rəmzlərini – respublikanın himnini, bayrağını təsdiq etmiş, dövlət gerbinin yaradılması işinə başlamışdı.

Dövlət quruculuğu ilə bağlı Parlament “Azərbaycan vətəndaşlığı haqqında”, “Milli Bankın yaradılması haqqında”, “Müəssislər Məclisinə seçkilər haqqında”, “Bakı Dövlət Universiteti haqqında”, İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklərin təsis edilməsi, ölkədə 7 müəllim seminariyasının, 1 qadın seminariyasının, qəza mərkəzlərində orta məktəblərin açılması, uşaq bağçaları sisteminin yaradılması, yüz nəfər azərbaycanlı gəncin təhsil almaq üçün dövlət hesabına xaricə göndərilməsi barədə və s. qanunlar və qərarlar qəbul etmişdi. Parlamentdə qəbul olunan qanun və qərarlar Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin fəaliyyətinin başlıca istiqamətlərini müəyyən etmişdir.

Azərbaycan Parlamenti ölkədə müvəqqəti ali qanunvericilik orqanı hesab edlidiyindən bir sıra köklü məsələlər Müəssislər Məclisində həll edilməli idi. Azərbaycan Demokratik Respublikasının konstitusiyası da burada təsdiq edilməli idi. Müəssislər Məclisinə seçkilərin əsaslarını hazırlamaq üçün parlamentdə böyük bir komissiya yaradılmışdı. Bu komissiyaya bütün fraksiyaların nümayəndələri cəlb edildiyindən o, ən çoxsaylı komissiya idi. Uzun müzakirələrdən sonra 1919-cu il iyulun 2-də “Azərbaycan Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnamə qəbul edildi. Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət idi. Əsasnaməyə görə Müəssislər Məclisinə seçkilərdə cinsindən, dilindən, milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün respublika vətəndaşları iştirak edə bilərdilər.

Seçkilər aprelin 20-nə təyin edildi. Lakin ölkənin xarici siyasi vəziyyətinin kəskin surətdə dəyişməsi Azərbaycan Müəssislər Məclisinə seçkilərin keçirilməsinə mane oldu. Parlament aprelin 27-dəki sonuncu iclasında fakt qarşısında qalaraq Azərbaycan K(b)P, Rusiya ­K(b) P ­Qafqaz Diyar Komitəsinin Bakı bürosu və Mərkəzi fəhlə konfransı adından verilmiş ultimatuma cavab olaraq, hakimiyyətin bolşeviklərə verilməsi haqqında qərar qəbul etdi.

Respublikanın birinci ildönümü münasibəti ilə M.Ə.Rəsulzadə yazırdı: “Türk mənşəli bütün başqa dövlətlər meydana gələrkən xüsusən dini əsasa söykənmişdirsə, Azərbaycan Respublikası türk milli-demokratik dövlətçiliyi zəminində milli-mədəni təyini müqəddəratın müasir özülünə əsaslanmışdır. Bu nöqteyi-nəzərdən respublikamız birinci türk dövlətidir”.

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin, xalq maarifinin və səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. 1920-ci il martın 3-də Ağ şəhər elektrik stansiyasında 10.000 kVt-luq turbogenerator işə salındı. Azərbaycan qadınlarına 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə kişilərlə bərabər seçmək və seçilmək hüququ verilmiş, 1918-20-ci illərdə Azərbaycanda qadınlara ana dilində təhsil almağa imkan verən orta ümumtəhsil, orta ixtisas, ali təhsil müəssisələri şəbəkəsi yaradılmışdı. Azərbaycan qadını dövlət idarəçiliyinə aktiv cəlb edilmişdi.

Müqayisə üçün demək lazımdır ki, XX əsrdə qadınlara ilk dəfə seçkilərdə iştirak etmək hüququnun verilməsi tarixinin təhlili göstərir ki, Azərbaycan dövləti bu sahədə dünyada öncüllərdən biridir. Belə ki, XX əsrdə qadınlara seçmək və seçilmək hüququ verən 73 dövlət arasında Azərbaycan 8-ci yerdə durur. İftixar etməli haldır ki, bu baxımdan Azərbaycanda dünyanın inkişaf etmiş ABŞ, Almaniya, Fransa kimi dövlətlərindən, eləcə də Şərq ölkələrinin hamısından əvvəl qadınlara seçmək-seçilmək hüququ verilib. Məsələn, qadınlar ABŞ-da 1920-ci ildə, Fransada 1944-cü ildə, İsveçrədə isə yalnız 1971-ci ildə səsvermə hüququ qazanmışlar. Azərbaycan isə Şərqdə qadınlara seçmək və seçilmək hüququnun verildiyi ilk ölkədir.

 

(ardı var)

 

İradə HÜSEYNOVA,

Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri,

tarix elmləri doktoru, professor, YAP Siyasi Şurasının üzvü,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Xalq qəzeti.- 2018.- 19 may.- S.6.