Azərbaycan dövlətinin dil siyasəti

müstəqilliyimizin mənəvi əsaslarının

möhkəmləndirilməsinə xidmət edir 

 

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli fərmanı xalqımızın ana dilinin ədəbi dil səviyyəsində qorunmasına və zənginləşdirilməsinə yönəlik dövlət siyasətinin davamlığının və mükəmməlliyinin daha bir təzahürüdür. Ölkənin geniş ictimaiyyəti, ziyalılar, eləcə də filoloqlar bu sənədi dilimizin geniş işləkliyinin və saflığının təmin edilməsi ilə bağlı son vaxtlar artmaqda olan ictimai narahatlığa dövlət başçısı İlham Əliyevin həssas və tələbkar münasibətinin daha bir təzahürü kimi qarşılamışlar.

 

Bununla bağlı görkəmli dilçi alim, AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov qəzetimizə açıqlamasında bildirdi:

– Müstəqillik illərində ikinci bir məsələ barəsində Azərbaycan dilinin dövlət dili stastusunun təmin edilməsi ilə bağlı olduğu qədər rəsmi sənəd qəbul edilməmişdir. Dil haqqında mükəmməl Qanun hazırlanıb təsdiq edilmiş, cəmiyyətdə ana dilinin layiqli mövqeyə qaldırılması ilə əlaqədar dövlət proqramı qəbul edilmiş, ­Prezident fərmanları, sərəncamlar verilmiş, bu məsələ daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu da təsadüfi deyil.

Azərbaycan xalqının ünsiyyət vasitəsi olan ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Xalqımız öz dilini, dilimiz isə onu yaşadan xalqımızı qorumuş, indiki biçimdə formalaşdırmışdır. Xalqımızın milli varlığının ən başlıca əlaməti və daşıyıcısı olan Azərbaycan dilinin qorunub zənginləşdirilməsi uğrunda mübarizə milli istiqlal mücadiləsinin, dövlətçiliyin dirçəldilməsi və bərpası uğrunda ümumxalq mübarizəsinin ən önəmli cəbhələrindən biri olmuşdur.

Eyni  zamanda, Azərbaycan dövləti də ana dilinin mövqeyinin ali mərtəbəyə çatdırılmasını öz mövcudluğunun və əbədiliyinin ciddi əsaslarından biri olaraq himayə edir. Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin hər iki dövrü, ulu öndərin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi son 15 illik fəaliyyəti ana dilimizə müstəsna sayğının və onun dövlət dili statusunun yüksək səviyyədə təmin edilməsinin məmnunedici örnəkləri ilə zəngindir.

Milli varlığın qorunması və ümumxalq həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Azərbaycan dövlətinin dil siyasəti bu həqiqətin tam mənada gerçəkləşdirilməsinə, suverenliyimizin əsaslarının daha da möhkəmləndirilməsinə və onun əbədiləşdirilməsinə xidmət edir.

Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə xatırladaraq demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Ölkə rəhbəri müxtəlif çıxışlarında, insanlarla söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq, onun fəzilətlərindən söz açır.

Dövlətimizin başçısı 2015-ci ilin noyabrında Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində də dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini qeyd etmiş, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirmişdir. Azərbaycan Prezidenti dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir.

Azərbaycan dilinin dövlət dili statusunun tam təmin edilməsi, onun qorunması və zənginləşdirilməsi ilə bağlı kompleks məsələləri daim nəzarətdə saxlayan ölkə başçısının tapşırığı ilə ötən ilin oktyabrında dövlətin dil siyasətini icra edən qurumların və aparıcı media vasitələrinin rəhbərlərinin, tanınmış ziyalıların iştirakı ilə keçirilən “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfransda ana dilimizin normal inkişafına əngəl törədən nöqsanlar ciddi pisləndi.

Həmin toplantıda dövlət dilinin qorunub inkişaf etdirilməsinə yönəldilmiş qanun, fərman, sərəncam və proqramlarda əksini tapmış müddəaların gerçəkləşdirilməsi ilə bağlı ölkə rəhbərinin narahatlığına, mediada ədəbi dil normalarına sayğısızlıqla əlaqədar geniş ictimaiyyətin narazılığına səbəb olan məsələləri dilçi alimlər, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələri rəhbərləri və nümayəndələri ətraflı araşdırdılar, ¬mövcud nöqsanları tezliklə aradan qaldırmaq üçün əsaslı təkliflər səsləndirdilər.

Azərbaycan dilinin dövlət dili olaraq cəmiyyətdə yüksək məqama çatdırılmasını hədəfə alan növbəti prezident fərmanında, ilk növbədə, ana dilimizə davamlı və təsirli dövlət qayğısının uğurları qeyd edilmiş, bununla yanaşı, həlli vacib məsələlər də əksini tapmışdır.

Professor daha sonra fərmanda dövlətimizin dil siyasətinin uğurları ilə bağlı qeyd olunan müddəalara münasibətini bildirərək dedi:

– Fərmanda göstərildiyi kimi, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra ana dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair  Dövlət Proqramı haqqında”  2012-ci il 23 may tarixli,  “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il

9 aprel tarixli, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli sərəncamları, həmçinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 noyabr tarixli Qərarı ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli  şərait yaratmışdır.

Fərmanda haqlı olaraq göstərilir ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və  ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu sahədə hüquqi  tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində  təsirli tədbirlər görməyə imkan vermir.

Dilçi alim fərmanla bağlı açıqlamasını bu sözlərlə bitirdi:

– Dövlətimizin günün zəruri tələbindən irəli gələn növbəti dil sənədində Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti qarşısında konkret vəzifələr də qoyulmuşdur. İnanırıq ki, hökumət və səlahiyyətli icra orqanları fərmanda əksini tapmış Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında  ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması;  Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın və qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərin hazırlanması ilə bağlı  məsələləri vaxtında və yüksək səviyyədə həyata keçirəcəkdir.

 

Hazırladı:

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2018.- 3 noyabr.- S.5.