Musiqi dünyamızın “Dan ulduzu”
Gülarə
Əliyeva – 85
Hərdən televiziya
ekranlarında Gülarə xanım Əliyevanın
yaradıcısı və bədii rəhbəri olduğu “Dan
ulduzu” ansamblının çıxışlarına
baxıram. Bu ansamblın Avropa və Şərq musiqisinin
sintezindən yoğrulmuş ifası adamda, həqiqətən, qəribə hisslər
oyadır. Bu sintezi yaradan, onu kütləviləşdirən
milli musiqimizin
inkişafında böyük xidmətləri
olan Əməkdar incəsənət xadimi Gülarə xanım Əliyeva idi.
Əməkdar incəsənət xadimi, rejissor Arif Qazıyevin və ssenari müəllifi Rəfiqə Məsudun araya–ərsəyə gətirdikləri “Dan ulduzu–tale ulduzu” televiziya filmində ansamblın yaranması, Gülarə xanımın onun formalaşması yolunda çəkdiyi əziyyətlər barədə ətraflı məlumat verilir. “Dan ulduzu” ansamblının yaranması Azərbaycan musiqi tarixində yeni hadisə idi.
Gülarə Əliyeva şərəfli bir ömür yolu keçib.1933-cü il noyabrın 17-də Əziz Əliyevin ailəsində doğulmuşdu. 1956-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və nəzəriyyə fakültəsini əla qiymətlərlə bitirmiş, 1966-cı ildə “Bəstəkar F.Əmirovun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. 1967–1989-cu illərdə M.Əliyev adına İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) musiqi kafedrasının müdiri olmuşdu.
Əvvəlcə Azteleradio, sonra isə S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir. 1968-ci il Gülarə xanımın həyatında, taleyində dönüş ili olmuşdur. Həmin ildə “Dan ulduzu” kamera–instrumental ansamblı fəaliyyətə başlamışdı. O, düz 23 il bu kollektivə rəhbərlik etmişdir. Ömrünün sonunadək “Dan ulduzu”nu öz övladı kimi sevmiş, ondan ayrılmamışdır.
Gülarə xanımın yeganə yadigarı Ayəndə xanım deyir: “Anam mənim xatirimdə mehriban, qayğıkeş bir insan kimi qalıb. Çox narahat insan idi. Biz bir yana gedəndə, evə dəqiq vaxtında gəlməyəndə nigaran qalar, balkona çıxıb gözləyərdi. Bəzən təzyiqi yüksələr, halı pisləşərdi. Evimiz qonaq–qaralı olardı, ansamblın məşqlərini də evdə edərdilər. O, musiqi ilə yaşayırdı. Həmişə fəxrlə deyərdi ki, məndən Üzeyir Hacıbəyov imtahan götürüb. Konservatoriyanın iki-- bəstəkarlıq və fortepiano ifaçılığı fakültələrini bitirmişdi. O dövrdə belə bir ansambl yaratmaq yenilik idi, xalq çalğı alətləri ilə klassik musiqi alətlərinin sintezini ilk dəfə anam yaratmağa nail olmuşdu. Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımov, Elza İbrahimova, Ramiz Mirişli, Oqtay Rəcəbov və bir sıra digər tanınmış bəstəkarla işləyirdi. Onların hamısı bizim evdə olmuşdular…”
Böyük sənətçilərlə birgə iş ansamblın şöhrətini dünyaya yaymışdı. Onun rəhbərliyi ilə bu ansambl çox ölkələrdə qastrollarda olur, konsertləri uğurla keçirdi. Həmin ölkələrin mətbuatında ansambl haqqında yazılar dərc olunurdu. İtaliya, İspaniya, Bolqarıstan, Türkiyə, Əlcəzair, Livan, Suriya, Hindistan mətbuatı “Dan ulduzu”ndan bəhs edirdi. Əcnəbilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində səslənməsini eşidib təəccüblərini gizlədə bilmirdilər. Flora Kərimova, Akif İslamzadə, Yalçın Rzazadə, Hüseynağa Hadıyev və digər ifaçılar “Dan ulduzu”nun solistləri kimi məşhurlaşmışdılar. 1975-ci ildə isə SSRİ Xalq artisti Zeynəb Xanlarova “Dan ulduzu” ilə silsilə proqramla dövlət konsertlərində çıõış etmişdir. Məmmədbağır Bağırzadə, tarzən Zamiq Əliyev, pianoçu Həsənağa Qurbanov, qaboy ifaçısı Kamil Cəlilov ansambla dəvət olunmuşdular. Xədicə Abbasova, Şəbnəm Tapdıq, Züleyxa Mirismayılova və digər ifaçılar “Dan ulduzu” ilə tanınmışdılar.
Gülarə õanım bölgələrdən də
istedadlı gəncləri kollektivə dəvət edir, onların potensial
imkanlarının üzə çıõarılmasında
köməyini əsirgəmirdi. “Dan ulduzu”
instrumental ansamblı sonradan
Azərbaycan Teleradio şirkətinin ştatına
keçirildi.
Gülarə xanım elə bir musiqiçi idi ki, tanınmış
bəstəkarların çoxu
mahnılarını, əsərlərini
həvəslə ona həvalə edirdilər. Ansambl çox
sevilirdi. Hər bir
müğənni o zaman
bu ansamblda çıxış etmək
istəyirdi. O zaman
bu ansamblda oxuyan müğənnilər
brend sayılırdı.
Seçmə müğənnilər bu ansamblda oxuyurdu.
Gülarə xanımın ürəyi
çox yumşaq idi. Bəzən bir o qədər
populyar olmayan müğənnilər də
ansamblda oxumaq istəyəndə, onlara yox demirdi.
Əməkdar incəsənət xadimi, pianoçu, mərhum Həsənağa
Qurbanov onunla birgə bu ansamblda
çalışmışdı. Hətta Gülarə xanımdan sonra bu ansambla
rəhbərlik etmişdi.
Hər dəfə onunla görüşəndə Gülarə
xanımdan söhbət
açardı. Gülarə xanımla bağlı bir kitab da
yazmışdı. Doğrudur, Həsənağa
müəllim çox
çalışdı bu
kitabı çap etdirməyə. Amma amansız
ölüm Həsənağa
Qurbanova bu arzusunu reallaşdırmağa
imkan vermədi. Gec də olsa, “Bizim Gülarə Əliyeva” kitabı işıq üzü gördu.
Kitabda Gülarə Əliyevanın sənət dostlarının, tanınmış incəsənət adamlarının onun haqqında xatirələri yer alıb. Sənət dostları onu “Dan ulduzu” kimi əbədiyaşar insan adlandırıblar.
Gülarə Əliyeva musiqiçi və gözəl bir şəxsiyyət kimi xalqına xidmət edirdi. Bu insanda çox müsbət keyfiyyətlər toplaşmışdı. O, Azərbaycanın görkəmli professional bəstəkarlarını ansambla dəvət edir və onların əsərlərini ifa edirdi. Gənclərlə işləməyə də çox üstünlük verirdi. Gülarə xanımın faciəvi şəkildə dünyasını dəyişməsi bütün musiqisevərlər üçün böyük itki oldu.
Ayəndə xanım anasını onlardan ayıran faciəvi günü böyük kədərlə xatırlayır: “1991-ci il iyulun 27-si idi. Atamı Moskvaya müayinəyə yola salmağa hazırlaşırdıq. Ansamblın violonçelçisi Minirə xanım da bizdə idi, anamla çox yaxın olduqlarından ona kömək etmək üçün gəlmişdi. Atam yol çantasını götürüb evdən çıxmaq istəyəndə mən və bacım Nuridə də onunla çıxdıq. Nuridə çox aşağı düşmədi, atamı əlində tutduğu “Quran” kitabının altından keçirib, geriyə döndü. Mən isə blokun qapısınadək onu ötürdüm. Bu dəm dəhşətli bir səs eşitdim, tez geriyə, evə qaçdım ki, anam məni görüb sakitləşsin ki, sağ-salamatam. Otağa girib balkona çıxmaq istədim. Balkondan əsər-əlamət qalmamışdı…”
O, 57 yaşında həyata gözlərini yumdu. Yaşasaydı bəlkə də neçə-neçə sevilən mahnıların müəllifi olacaqdı. Çox az adam tapılar ki, Gülarə xanımdan söz düşəndə “Dan ulduzu”nu, “Dan ulduzu”ndan söz düşəndə Gülarə xanımı xatırlamasın. Bu, həmişə belə olacaq, nə qədər ki sənətə, sənətkara dəyər verən insanlar var…
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2018.- 17
noyabr.- S.10.