Bakıda keçirilən türk

filmləri həftəsi başa çatdı 

 

Nizami Kino Mərkəzində keçirilən Türk filmləri həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə reallaşdı.

 

Açılış mərasimində çıxış edən kinorejissor Ayaz Salayev deyib ki, ənənəvi olaraq keçirilən həftə ərzində təqdim olunan ekran əsərləri ümumi dünyagörüşümüzün formalaşması ilə yanaşı, həm də türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha tamaşaçılara çatdırır. Bu gün türk filmlərinin çox geniş izləyici auditoriyası var. Bu, bizim üçün sevindirici haldır. Türk filmlərinə baxdıqda, sanki, öz filmlərimizə baxırıq. Türkiyə istehsalı olan filmlərin uğurlarını biz öz uğurlarımız hesab edirik.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu film həftəsinin önəmini qeyd edib. Bildirib ki, türk filmləri yalnız Azərbaycanda deyil, digər qardaş türkdilli ölkələrdə də nümayiş olunmalıdır.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral iki qardaş xalq arasında əsrlər boyu davam edən sarsılmaz dostluq əlaqələrindən danışaraq deyib: “Bu tədbirlə Türkiyə və Azərbaycan arasında yeni mədəniyyət körpüsü qurulur. Bizi bir-birimizə bağlayan çox səbəblər var, ancaq bunlardan ən önəmlisi könül bağlarıdır. Biz bir millət, iki dövlət olaraq, bir-birimizi hər sahədə tanımalı, yaxınlaşmalıyıq, bunun üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə təbliğ etməliyik”.

Həftə ərzində azərbaycanlı kinosevərlərə peşəkar rejissorların, dünya festivallarında mükafatlar almış, tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış və onlarda dərin izlər buraxmış, zaman keçsə belə köhnəlməyən filmlər təqdim olunmuşdu.

 Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil edilmişdir. Layihə iki ölkə arasında mədəni əlaqələrin kino vasitəsilə daha da möhkəmləndirilməsi məqsədi daşıyırdı.

Noyabrın 27-dək davam edən türk filmləri həftəsi çərçivəsində “Güllər”, “Səni sevirəm, adamım”, “Can fəda”, “Hay” və “Anons” filmləri nümayiş olunmuşdur.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 28 noyabr.- S.7.