Azərbaycanda müasir kosmik

sənayenin formalaşdırılması keyfiyyətcə

yeni mərhələyə qədəm qoyub

 

Müsahibimiz “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevdir

 

Azərbaycanda müasir kosmik sənayenin formalaşdırılması keyfiyyətcə yeni mərhələyə qədəm qoyub 

– Rəşad müəllim, dünyanın əksər ölkələri bu və ya digər səviyyədə kosmosun öyrənilməsi və onun imkanlarından istifadə edilməsi üzrə proqramlar həyata keçirirlər. Kosmosa belə böyük maraq nədən qaynaqlanır?

– Ümumilikdə, bəşəriyyətin kosmosa olan marağı anlaşılandır. İnsanlar həmişə onları əhatə edən kainatı, kosmosu öyrənməyə can atmışlar. Dövlətlərin isə maraqları bu məsələdə müxtəlif ola bilər. Onların qarşılarına qoyduqları məqsədlərdən, rastlaşdıqları çətinliklərdən və digər özünəməxsus xüsusiyyətlərindən asılı olaraq, kosmosa münasibətləri fərqlidir. Məsələn, ABŞ, Çin və Rusiya kimi nəhəng dövlətlər öz üzərlərinə qlobal məsuliyyət götürərək iri, dünya səviyyəli kosmik proqramları həyata keçirir, digər dövlətləri də bu qlobal missiya ətrafında əməkdaşlığa dəvət edirlər. Digər tərəfdən isə ortaq kosmik missiya ətrafında güclərini birləşdirən Avropa İttifaqı ölkələrinin, bunlarla yanaşı, əsasən, öz imkanları hesabına ilk növbədə öz tələbatlarını ödəməyə istiqamətlənmiş Hindistan, Yaponiya, Türkiyə və digər ölkələrin təcrübələrini də görürük.

Bəs, Azərbaycanın kosmik ­proqramının məqsədi nədir?

– Ölkəmiz tarixən kainatın və səma cisimlərinin Yerin təbiətinə və insan həyatına təsirini öyrənən elmi-fəlsəfi cərəyanların mərkəzində olmuş, Şərq elmi məktəbinin Nəsirəddin Tusi kimi dahi nümayəndələrini yetişdirmiş, bu sahədə elmi kitabxana və rəsədxanaların qurulmasına və fəaliyyətinə şahidlik etmişdir. Milli kosmik sənayenin inkişafı baxımından isə qeyd edilməli əhəmiyyətli məqam odur ki, ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu 70-ci illərdə respublikamızda kosmik sənayenin yaradılması, kosmik informasiyanın qəbulu və emalı işlərinə başlanılmışdır. Həmin dövrdə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmış “Kosmik cihazqayırma məxsusi konstruktor bürosu” və getdikcə inkişaf edən elmi infrastruktur əsasında hazırlanmış kosmik cihazlarımız uzun müddət “Salyut-7” və “Mir” orbital komplekslərində uğurla fəaliyyət göstərmişdir. Lakin müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən siyasi-iqtisadi qeyri-sabitlik və idarəetmə sistemindəki səriştəsizlik digər sahələrdə olduğu kimi, kosmik sahədə də formalaşmış infrastruktur və ənənələrin dağılmasına, xüsusilə də dəyərli insan kapitalının ölkədən getməsinə – “beyin axını”na səbəb olmuşdur.

Azərbaycanda müasir kosmik sənayenin formalaşdırılması üzrə yeni səhifə Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə açılmışdır. Məhz bu illərdə sağlam təməllər üzərində dayanmış Azərbaycan iqtisadiyyatı özünün ən sürətli inkişaf dövrünü yaşamağa başlamışdır. Belə bir əlverişli şəraitdə, 2009-cu ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunmuş, növbəti 2010-cu ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. 2013-cü ildə “Azerspace 1” telekommunikasiya, 2014-cü ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace 2” telekommunikasiya peyki orbitə çıxarılmışdır. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına əlverişli şərait yaradılması və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək, ölkənin beynəlxalq imicinin yüksəldilməsi olmuşdur.

– Azərbaycanın peyk layihələrinə başlamasından ötən müddət ərzində qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsində hansı yolu keçmiş, nələrə nail olmuşuq? Qeyd etdiyiniz milli təhlükəsizliyin təmin olunmasına dəstək barədə fikrinizi bilmək maraqlı olardı.

– Azərbaycanın sahib olduğu və idarə etdiyi hər üç peykin bu baxımdan ölkə üçün böyük əhəmiyyəti vardır. “Azerspace 1” və “Azerspace 2” peykləri telekommunikasiya sahəsində digər ölkələrdən asılılığın aradan qaldırılması, yerüstü infrastrukturdan asılı olmadan və ona alternativ təşkil edərək, informasiya təhlükəsizliyinin təmin olunması kimi üstünlüklər vermişdir. Azərbaycan televiziya kanallarının fasiləsiz peyk yayımı respublikamız haqqında həqiqətlərin dünya ictimaiyyətinə maneəsiz çatdırılmasını təmin etməklə, ötən əsrin sonlarında ölkəmiz, bir neçə il əvvəl isə qonşu dövlətlərin üzləşdiyi informasiya blokadasının ortaya çıxma riskini aradan qaldırmış oldu. Telekommuniasiya peykləri ilə yanaşı, “Azersky” peyki də ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. Bu peyk sayəsində işğal olunmuş ərazilərdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi, işğal altındakı ərazilərdə yerləşən filiz yataqlarının kosmik monitorinqi aparılaraq hasilat sahələrində baş vermiş dəyişikliklər qiymətləndirilir.

Bunlarla yanaşı, Azərbaycana qarşı müxtəlif informasiya təxribatlarının qarşısının alınmasında da “Azersky” peykinin imkanlarından istifadə edilir. Məsələn, 2015-ci ildə Xəzər dənizində “Günəşli” yatağında baş vermiş qəza nəticəsində neft çirklənmələri barədə xarici mətbuatda yayılan xəbərlərin əsassız olması “Azersky” peykinin təsvirləri vasitəsilə operativ qaydada sübuta yetirilmişdi. Digər tərəfdən, əsasən, inkişaf etmiş ölkələrin silahlı qüvvələrində istifadə edilən müasir peyk müşahidə texnologiyaları müdafiə gücü baxımından Azərbaycanın düşmən üzərində keyfiyyətcə üstünlük qazanmasına və regionun ən güclü dövlətinə çevrilməsinə xidmət edir.

Şübhəsiz ki, peyklərin ölkənin sosial-iqtisadi inkişafına da töhfələri olmuşdur. Bu barədə də məlumat verməyinizi xahiş edirik.

– Əlbəttə, milli peyklər vasitəsilə ölkənin sosial-iqtisadi inkişafına da dəstək göstərilir. Xüsusilə, “Azersky” peykinin ən müasir analiz və monitorinq alətlərindən istifadə etməklə kənd təsərrüfatında elektron kənd təsərrüfatının qurulması, məhsuldarlığın qiymətləndirilməsi və proqnozlaşdırılması, subsidiyalara nəzarət məqsədilə bitki örtüyünün dəqiq xəritəsinin hazırlanması, ölkə üzrə istixanaların dəqiq inventarlaşdırılması, pilot suvarma sistemlərinin tətbiq edildiyi kənd təsərrüfatı əkinlərinin təyini, torpaqların təyinatı üzrə istifadəsinin qiymətləndirilməsi, qanunsuz tikililərin aşkarlanması, həmçinin faydalı qazıntı yataqlarının hasilatı üzərində kosmik monitorinq vasitəsilə nəzarətin qurulması, meşələrin, göllərin monitorinqi və elektron xəritəsinin hazırlanması kimi əhəmiyyətli layihələr həyata keçirilir. Bütün bu imkanlar iqtisadiyyatın müxtəlif sahələrində yeni iqtisadi dəyərlərin yaradılmasına xidmət edir.

– İqtisadi dəyərlərin yaradılmasından bəhs etmişkən, peyklərimiz həm də kommersiya qazancı gətirirlər. Bu sahədə vəziyyət necədir?

– Peyk layihələrinin həyata keçirilməsi üçün layihə xərcləri, uzunmüddətli öhdəliklər, genişmiqyaslı beynəlxalq əməkdaşlıq, habelə, lazımi kəmiyyətdə və keyfiyyətdə mütəxəssislərin mövcudluğu zəruridir ki, bütün bunlar dövlət tərəfindən irihəcmli investisiyalar tələb etmişdir. Bu baxımdan layihələrin həyata keçirilməsi üçün qoyulmuş investisiyaların geri qaytarılması məsələsi daim diqqətdə saxlanılır. Bir məsələni qeyd edim ki, son illər Azərbaycanla eyni vaxtda peyk layihələrinə başlamış bir sıra yaxın region ölkələrinin imic və ya prestij xarakterli proqramlarından fərqli olaraq. Bizim peyklərimiz milli qürur mənbəyimiz olmaqla yanaşı kommersiya xarakteri daşıyır. Bu günədək peyklərin 25-dən çox ölkədə sabit müştəri bazası formalaşmışdır. 100 milyon ABŞ dollarından çox gəlir əldə edilmişdir ki, bunun 80 faizdən çoxu ixracatın payına düşür.

Azərbaycanda kosmik sahənin inkişafı üzrə növbəti layihələr nəzərdə tutulubmu?

– Möhtərəm Prezidentimizin “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqa müraciətində qeyd etdiyi kimi, bu gün Azərbaycan orbitdəki üç peyki və kosmik sahədə insan potensialı ilə dünyanın kosmik klubunun dəyərli üzvlərindən birinə çevrilmişdir. Hazırda peyklərimizin idarə edilməsi tamamilə azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirilir. Əksəriyyəti gənclərdən ibarət olan peşəkar kadrlarımız “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın məzunlarından və ölkəmizin qabaqcıl universitetlərində təhsil almış gənclərimizdən ibarətdir. Kollektivimiz həm ucqar kənd, həm də şəhər mərkəzlərindən olan məktəblərin məzunlarından ibarətdir. Bütün bunlar təhsilə, insan kapitalına qoyulan investisiyaların artıq öz bəhrəsini verməyə başladığını göstərir. Biz də öz sahəmizin gələcəyini məhz həmin gənclərin timsalında görürük. Ötən illər ərzində toplanmış təcrübə və formalaşmış təcrübəli mütəxəssis heyəti artıq bizə imkan verir ki, inkişafın keyfiyyətcə yeni mərhələsinə – kosmik sahədə praktik elmi tədqiqatlara başlayaq. Bu məqsədlə “Azərkosmos” ASC-nin nəzdində Tədqiqat və İnkişaf Mərkəzi yaradılmışdır. Hazırda mərkəzdə peyklərin idarə edilməsi sahəsində müxtəlif proqram təminatlarının, kiçik peyklərin ilkin dizaynının hazırlanması və orbitlərinin stabilliyinin analizi, müxtəlif süni intellekt həlləri və digər istiqamətlərdə tədqiqatlar aparılır. Digər tərəfdən, inanırıq ki, bu gün “Azərkosmos”da çalışan potensiallı gənclərimizin bir qrupu yaxın gələcəkdə öz startap layihələri ilə yeni iş yerləri yaradan innovativ sahibkarlara çevriləcəklər.

– Söhbət zamanı, əsasən, kosmik peyk layihələrimizin ölkəmiz üçün açdığı imkanlardan bəhs etdik. Müstəqil dövlət olaraq kosmik ailəyə daha hansı töhfələr verə bilərik?

– Əvvəldə qeyd etdim ki, dövlətlərin kosmik missiyaları müxtəlif səviyyələrdə ola bilər, lakin əksər böyük və uğurlu kosmik layihələr məhz beynəlxalq əməkdaşlıq, güclərin birləşdirilməsi sayəsində ərsəyə gəlir. Bu baxımdan, artıq peyk xidmətləri sahəsində müəyyən təcrübəyə və insan potensialına malik Azərbaycan da beynəlxalq kosmik layihələr çərçivəsində əməkdaşlığa töhfələr verə bilər. Bu istiqamətdə biz kosmik sahə üzrə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığa başlamışıq. Bu sahədə əməkdaşlığımızın coğrafiyasını Rusiya, Fransa, ABŞ, Malayziya, Hindistan, Türkiyə, Belarus və regionun habelə dünyanın digər ölkələri təşkil edir. Göründüyü kimi, Azərbaycan da müasir kosmik sənayenin formalaşdırılmasında artıq yeni inkişaf mərhələsinə qədəm qoyub.

 

Müsahibəni qələmə aldı:

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2018.- 6 oktyabr.- S.4.