Zirvələr fəth etmiş alim

 

(Akademik Teymur Kərimlinin 65 illiyinə)

 

Görkəmli alim, nəcib, xeyirxah insan, akademik Teymur Kərimlinin 65 illik yubileyinə həsr olunmuş bu yazı üzərində işlərkən əvvəlcə onu obrazlı olaraq “Hicran ölkəsinin səfiri” adlandırmaq istəyirdim. Çünki böyük alim olan Teymur müəllim həm də istedadlı şair kimi tanınır və əslində, mənalı səslənən, lakin imtina etdiyim həmin ad onun bir şeirindən götürülmüş misrasıdır. Lakin düşündüm ki, belə olacağı təqdirdə məqalə istər-istəməz poetik məcraya yönələcək. Mən isə Teymur müəllimin sözlə portretini, ilk növbədə, bir alim, vətəndaş, nəcib insan kimi yaratmağa çalışırdım.

Bu günlərdə 65 yaşını ruh yüksəkliyi ilə qeyd etdiyimiz akademik Teymur Kərimli əsl tədqiqatçı-alim ömrü yaşamış, əldə etdiyivarsa, hamısına öz halal zəhməti, gərgin, ardıcıl, yaradıcı əməyi sayəsində nail olmuşdur. Teymur müəllimin həyat yolunu alim-ziyalı üçün bir örnək adlandırsaq, səhv etmərik. Teymur müəllim hələ gənc yaşlarından çalışqanlığı, qətiyyətli olması ilə seçilib, yaşıdlarından fərqlənib. Əslində, onun tərcümeyi-halı, əsərləri elmiictimai mühitə yaxşı məlumdur. Bununla belə bir daha istedadlı alimin həyat salnaməsini vərəqləməyə ehtiyac duyulur.

Teymur Həşim oğlu Kərimli 1953-cü il 2 oktyabrda Nuhun yaşıdı olan qədim Naxçıvan torpağında, Ordubad rayonunun Nürgüd kəndində dünyaya göz açmışdır. Hələ uşaqlıqdan böyük söz dünyasının sirli aləminə məftunluq onu qızıl medalla başa vurduğu orta məktəbdən Bakı Dövlət Universitetinin filologiya fakültəsinə çəkib gətirdi. 1975-ci ildə təhsilini başa vurduqdan sonra Teymur müəllim əmək fəaliyyətinə başlamış, Kəlbəcər rayonunda orta məktəb müəllimi işləmişdir. Teymur Kərimli 1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik, 2004-cü ildə “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimimövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür (2006). 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir, 2014-cü ildə həqiqi üzvü seçilmişdir. 2010-cu ildə Teymur Kərimli “Heydər Əliyev və klassik ədəbiyyat” adlı sanballı elmi-tədqiqat əsərinə görə (həmmüəlliflikdə) Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.

 Teymur Kərimlinin məhsuldar elmi fəaliyyətinin xeyli hissəsi onun özünə doğma bildiyi AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlı olmuşdur. Teymur müəllim uzun müddət buradaOrta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinə rəhbərlik etmişdir. Sonralar o, çalışdığı institutun direktoru vəzifəsini icra etmiş, eyni vaxtdaElm” nəşriyyatının baş redaktoru işləmiş (1990-2000), “Azərbaycan ədəbiyyatı tarixinin bəzi cildlərinin məsul redaktoru olmuş, xeyli sayda qiymətli elmi nəşrlərin işıq üzü görməsində yaxından iştirak etmişdir. Teymur Kərimli 2014-cü ildən AMEA Məhəmməd Füzulu adına Əlyazmalar İnstitutunun direktoru və AMEA Humanitar elmlər bölməsinin akademik katibidir. Görkəmli təşkilatçı-alim, ziyalı insan olan Teymur Kərimli hər zaman olduğu kimi, bu gün də səylə çalışır, yorulmadan fəaliyyət göstərir, Azərbaycan elminin inkişafına öz dəyərli töhfəsini verir.

Teymur Kərimli, ilk növbədə, böyük nizamişünas alimdir. Tərcümeyi-halından göründüyü kimi, onun elmi konsepsiyasının əsasında böyük Nizami dünyası, Nizami dühası durur. Lakin Nizami mövzusu öz genişliyi, zənginliyi ilə seçilir. Əslində, Nizami haqqında həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda çox deyilmiş və yazılmışdır. Teymur Kərimlinin Nizami mövzusuna yanaşmasının əsasında tarixilik prinsipi dayanır. Bu isə özlüyündə çox maraqlıdır, belə ki, böyük söz ustadının ölməz ədəbi irsi (onun bədii-estetik və fəlsəfi məzmunu ilə birlikdə) məhz tarixi kontekstdə nəzərdən keçirilir. Tarixi kontekst Teymur Kərimlinin namizədlik dissertasiyasında həm obyekt (qismən), həm də metodoloji prinsip kimi qəbul edilmiş, doktorluq dissertasiyasında isə daha geniş miqyasdaelmi problematika üzərində davam etdirilmişdir. Adətən tarix konkretliyə istinad edir, romantik qavrayış isə poetikliyə meyllidir. Məhz bu iki, ilk baxışda bir-birindən xeyli fərqli cəhətlərin qovuşuğunda o zaman gənc olan (və elə indi də çılğın həyat çeşməsi kimi aşıb-daşan dəyərli elmi mülahizələri ilə çox gənclərdən üstün görünən) Teymur müəllim öz elmi-nəzəri görüşlərini qura bildi. Nəinki qura bildi, onları həm də ciddi surətdə əsaslandırdı, müvəffəqiyyətlə, o vaxtkı dillə desək, namizədlik dissertasiyasını müdafiə etdi. Qeyd etdiyim kimi, tarixi kontekst alimin doktorluq mövzusunda özünü daha geniş elmi problematika müstəvisində büruzə verir. Burada tarixin romantik qavrayışı artıq şəxsiyyət kateqoriyasına və hadisə kontekstinə transformasiya edərək daha ciddi elmi-nəzəri problem kimi göz önündə dayanır. Bəlli olduğu kimi, Nizami yaradıcılığı tarixi hadisələrin təfsiri və şəxsiyyətlərin xarakteristikasının poetik, lakin realist ifadəsi ilə zəngindir. Xosrov Ənuşirəvanın ədalətliliyi, İsgəndər Zülqərneynin qəhrəmanlığı, Sultan Səncərin zülmkarlığı – bütün bunlar şəxsiyyətə verilən obyektiv qiyməti poetik vasitələrlə əks etdirir.

Nizami irsinə tarixi ­yanaşma ­Teymur Kərimlinin müasir Azərbaycan ədəbiyyatşünaslığında tətbiq etdiyi orijinal metodlardan biridir. Ümumiyyətlə, bədii ədəbiyyatda tarixilik olduqca maraqlı bir fenomendirbiz bu fenomenin elmi müstəvidə kamil, hərtərəfli tədqiqini görkəmli yubilyarın həm namizədlik, həm də doktorluq tədqiqatlarında aydın görürük. Lakin Teymur Kərimlinin irəli sürdüyü Nizamitarix qarşılığını təkcə bu iki əsər ilə məhdudlaşmır. Alimin həmin mövzudakı elmi tədqiqatlarında iki əsas fenomen mövcuddur ki, bunlardan biri şəxsiyyət (Nizami), digəri isə zaman (tarix) kateqoriyalarını ifadə edir. Hər iki kateqoriya fəlsəfi məzmuna malikdirümumdünya proseslərinin gedişinə ciddi təsir göstərir. ­Teymur Kərimli bu mövzunun yekunu olaraq yeni elmi əsər – “Nizamitarix” tədqiqatını ərsəyə gətirmişdir. Namizədlik və doktorluq tədqiqatlarından yol alıb gələn ana fikirlər, böyük Nizami irsinin tarixilik müstəvisində şərhi “Nizamitarix” əsərində yekunlaşdırılmış, əhatəli problem bir neçə mərhələdə öz həllini tapmışdır. Göründüyü kimi, hər üç tədqiqatda Nizami irsi məhz tarixi kontekstdə nəzərdən keçirilir. Bu baxımdan Teymur müəllimi tarixçi mövqeyinə malik ədəbiyyatşünas-alim adlandırmaq mümkündür. Ümumiyyətlə, Teymur Kərimlinin tədqiqatlarında tarixiliyə köklənən bir dəst-xətt varbu dəst-xətt onun məşğul olduğu elmi problematikada zaman-zaman özünü büruzə verir. Bəlkə də bu, tarix elminə olan böyük sevgidən irəli gəlir. Bəzən yaradıcı şəxsiyyətlər səmimi söhbət zamanı etiraf edib deyirlər ki, əgər mən bu işin ardınca getməsəydim, yəqin ki, filan peşəyə üz tutardım. Bu kimi fikirlərlə yaxın-uzaq tariximizdə, ən müxtəlif şəxsiyyətlər sırasında yetərincə rastlaşmaq mümkündür. Həmin fikrə istinad edib söyləmək mümkündür ki, Teymur müəllim ədəbiyyatşünas olmasaydı, yəqin ki, tarix elminə üz tutardı, Azərbaycan tarixinin öyrənilməmiş, sirli qatlarını açardı. Onun ədəbi fəaliyyətindəki tarixi dəst-xətt bunu deməyə əsas verir.

Əlbəttə, akademik T.Kərimlinin elmi maraqları təkcə Nizami dünyası ilə məhdudlaşmır. Onun Xaqani, Füzulu, Xətai, M.P.Vaqif, S.Ə.Şirvani, M.Şəhriyar, H.Cavid kimi klassiklər haqqında qiymətli elmi araşdırmaları var. Görkəmli alimin “Görünməyən Füzuli” (2003), “Şərqin qapısından dünyaya” (2009), “Akademik Mirzə İbrahimovkimi kitabları Azərbaycan elminə dəyərli töhfədir.

Teymur Kərimli həm də gözəl bədii söz ustasıdır, istedadlı şairdir. Əslində, Teymur müəllimin təvazökarlığından, alicənablığındandır ki, o, özünü bir şair kimi təqdim etməyi o qədər də xoşlamır. Lakin onun poetikasına bələd olanlar görkəmli alimin şairlik istedadının alimlik istedadından geri qalmadığını təsdiq edə bilərlər. Vaxtilə xalq şairi, və həm də – mən bunu xüsusi vurğulamaq istəyirəm – AMEA-nın həqiqi üzvü Bəxtiyar Vahabzadənin alimliyinə və şairliyinə işarə ilə zarafatyana aşağıdakı misralar deyilib:

 

Qatlayıb dizinin altına qoyar,

Alim Bəxtiyarı şair Bəxtiyar.

 

Lakin biz şair Teymur Kərimlinin alim Teymur Kərimlini qatlayıb dizinin altına qoymasını istəməzdik. Biz həm şairliyin, həm də alimliyin Teymur müəllimin şəxsiyyəti timsalında qoşa qanad kimi bir-birinə dəstək verərək pərvazlanmasını istəyirik və yəqin ki, bu, belədir, belə də olmalıdır.

Teymur Kərimlinin poetik irsi barədə çox fikirlər səslənib, dövri mətbuatda yazılar, ədəbi irsindən nümunələr işıq üzü görüb. Onun 60 illik yubileyi çoxumuzun yaxşı xatirindədir. O zaman mətbuatda gedən yazıların bir qismi yubilyarın poetik fəaliyyətinə həsr olunmuşdu. Həqiqətən də Teymur Kərimli kimi çoxcəhətli, rəngarəng şəxsiyyətin poetikasına toxunmadan onun portretini tamamlamaq olmaz. Bir şair kimi Teymur müəllimin söz meydanı genişdir. Lakin zənnimizcə o, əsasən, fəlsəfi məzmunlu, didaktik poeziyaya xas olan tərzdə şeirlər yazmağa daha çox meyllidir. Fəlsəfi məzmunlu poeziyada passiv seyrçilik, tərkidünyalıq, hətta bədbinlik ruhu güclü olduğu halda, Teymur müəllimin poeziyası haqda bunu demək olmaz. Onun şeirlərində özünəməxsus bir ümid işartıları, bəzən gizlin qalan bir nikbinlik var. Hərdən bu nikbinlik xəfif satira örpəyinə bürünərək oxucuların gözləri qarşısından ötüb keçir. M.Ə.Sabirin fəhlələrə xitabən yazdığı məşhur bir şeirinə bənzətmədə bu cəhət özünü aydın göstərir:

 

Alim, özünü sən də bir insanmı sanırsan?

Axmaq kişi, pulsuzluğu  asanmı sanırsan?

 

Bu duzlu, məzəli bənzətmədə yaxın keçmişin çətin günləri, ziyalıların acınacaqlı güzəranı Sabir gülüşü ilə silahlanaraq satira atəşinə tutulur. Lakin şükürlər olsun ki, indi elə deyil. Ulu öndərin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra o günlər pis yuxu kimi gözlərimizdən çəkilib getdi, Azərbaycan ziyalısı, Azərbaycan alimi öz layiq olduğu qiymətini aldı. Bu gün bu dəst-xətt dövlətimiz tərəfindən daha sürətlə inkişaf etdirilməkdədir.

Teymur Kərimli həm də sevgi şairidir. Şairin sevgisi ötən əsrin 60-70-ci illərindən yol alıb gələn, Azərbaycan poeziyasında özünə yer tutan, onun yaşıdı olan müxtəlif şairlərin yaradıcılığında zaman-zaman təcəssüm etdirilən sevgi motivləri ilə müəyyən mənada səsləşir, oxşar və fərqli cizgiləri bölüşür. Bu sevgi bəzən xəyalpərvər, bəzənsə nağılvari təsir bağışlayır:

 

Baxıb bu dünyanın paxıllarına,

Gülüb ağıllının ağıllarına,

Düşüb sevənlərin nağıllarına

Bu sevgi uğrunda ölmək istərəm.

 

Şairin məhəbbət mövzulu şeirlərinə bəzən zarafat ruhu ilə aşılanmış müasir terminologiya daxil oluronun söz deyimini kifayət qədər orijinal edir.

Teymur müəllim həyatda da çox mehriban, baməzə insandır. İnsanlara kömək etmək, ehtiyacı olana əl uzatmaq onun nəcib, insani keyfiyyətlərindən xəbər verir. Bəlkə də ilk baxışda o, kiməsə dinməz, gülüb-danışmağı xoşlamayan adam təsiri bağışlaya bilər. Lakin bu hiss ötəridir. Teymur müəllimi yaxından tanıyan hər bir kəs onun geniş, həssas qəlbinə, ünsiyyət qurmaq məharətinə, incə, duzlu yumor hissinə malik olmasına yaxşı bələddir. Bu xüsusiyyətlər onun bir çox şerilərində də əks olunub.

Sözümün sonunda yenə də yazının əvvəlində Teymur Kərimlinin qələmə aldığı bir misraya və ümumiyyətlə, həmin misranın səsləndiyi bəndə qayıtmaq, həm də hər bir misranın özünəməxsus poetik-fəlsəfi dünyagörüşünü əks etdirmək istərdim. Beləliklə, diqqət yetirək:  

 

Hicran ölkəsinə səfir olaram, (poetik təşbeh)

Sənsiz mən rəqəmsiz sıfır olaram, (fizikalirika qarşılığı)

Dərdindən dağılıb efir olaram, (dünyanın metafizik dərki)

“Sən məni bir daha görməyəcəksən!” (nakam məhəbbət)

 

Əlavə şərhə lüzum görmədən hörmətli yubilyara öz ürək sözlərimizi çatdırmaq, ad günü münasibəti ilə təbrik etmək, möhkəm can sağlığı arzulamaq istəyirik. Və bir də 65 yaşın astanasında üzümüzü ona tutub demək istəyirik: – Əziz Teymur müəllim! Biz Sizi Hicran ölkəsində deyil, elm məkanında, bilik diyarında, söz mülkündə, poeziya xanədanında, hikmət səltənətində səfir görmək istəyirik! Qoy Ulu Tanrı Sizə uzun ömür, bundan da məhsuldar, yaradıcı, işıqlı həyat bəxş etsin. Əminik ki, Siz hələ neçə-neçə elmpoeziya zəfərlərinə imza atacaqsınız.

 

Ərtegin Salamzadə,

AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, müxbir üzv, professor, AMEA Humanitar elmlər bölməsinin akademik katibinin müavini

 

 Xalq qəzeti.- 2018.- 13 oktyabr.- S.6.