Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

¹ 444

  Bakı şəhəri, 13 oktyabr 2018-ci il

 “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi yaradılsın.

2. “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

3. “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin strukturu” təsdiq edilsin (2 nömrəli əlavə).

4. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində (bundan sonra – Mərkəz) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.1.1. Mərkəzin nizamnaməsinin və strukturunun təsdiq edilməsi;

4.1.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi;

4.1.3. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

4.1.4. Mərkəzin yenidən təşkili və ləğv edilməsi.

4.2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra – Agentlik):

4.2.1. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi;

4.2.2. icra orqanının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

4.2.3. işçilərin say həddinin müəyyən edilməsi;

4.2.4. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

4.2.5. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi.

5. Agentlik:

5.1. balansında olan əmlakdan Mərkəzin fəaliyyətini təmin etmək üçün müvafiq əmlak ayırsın və həmin əmlakı bir ay müddətində Mərkəzin balansına versin;

5.2. Mərkəzin fəaliyyətini təmin etmək məqsədi ilə bir ay müddətində Müşahidə Şurasının sədrini və üzvlərini, Nizamnaməsində müəyyən edilmiş icra orqanının rəhbərliyini təyin etsin və Mərkəzin işçilərinin sayını və ştat cədvəlini təsdiq etsin;

5.3. bu qərardan irəli gələn digər məsələləri həll etsin.

6. Mərkəzin ilkin nizamnamə fondu 500.000 (beş yüz min) manat təşkil edir.

7. Mərkəz dövlət qeydiyyatına alınması üçün bu qərarın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin.

8. Agentlik Mərkəzin dövlət qeydiyyatına alındığı gündən bir gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti.- 2018.- 16 oktyabr.- S.13.