Yarım əsrdə öz təravətini

itirməyən “Qanun naminə” filmi  

 

Filmlər də öz talelərini yaşayırlar. Elə filmlərimiz var ki, onlar çox yaşaya bilmir. Bir il, beş il göstərilir, sonra da unudulub, sıradan çıxır. Elələri də var ki, onlar xalqın mənəvi dünyasında əbədiyaşarlıq qazanır. Azərbaycan kino tarixində belə filmlər çox olub. Belə filmlər xalqın ruhunu yaşadır. Onlardan biri də 50 il bundan əvvəl ekranlarımıza çıxarılan “Qanun naminə” filmidir.

Bu film Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkilmişdir. Bir vaxtlar bu povest əl-əl gəzərdi, oxucular əsərə xüsusi maraq göstərərdilər. Amma film povest deyildi. Onun rejissoru əsər əsasında kinossenari yazmışdı, orada xeyli dəyişmələr etmişdi. Daha doğrusu, povesti kino dilinə çevirmişdi. Amma kinostudiyada bu ssenarinin qəbulu ilə bağlı ciddi mübahisələr yaranmışdı.

 “Azərbaycanfilm” kinostudiyası Bədii Şurasının 1966-cı il iyunun 6-da keçirilmiş iclasında “Mehman” filminin ədəbi ssenarisinin müzakirəsində Xalq artisti, kinorejissor Həsən Seyidbəyli demişdi: “Yoldaşlar, mən özüm vaxtilə bu əsərin ekranlaşdırılması üzərində çalışmışam və nə yaxşı ki, kinostudiya bu əsərin ekranlaşdırılmasına qərar vermişdir. Və bu variant Süleyman Rəhimovun yaradıcılığına daha yaxındır. Əsər dramatik vəziyyətlərlə zəngin olduğuna görə ssenaridə də çox maraqlı məqamlar vardır. Ssenari ona görə maraqla oxunur ki, burada insan taleləri , ədəbi əsərin özündən gələn gərgin sujet, maraqlı obrazlar vardır. Əsər o qədər qüvvətlidir ki, heç bir vəchlə onu korlamaq olmaz”.

Kinorejissor Əlisəttar Atakişiyev isə: “Əsərdəki bir sıra epizodlar ixtisar edilməyib, kino dilinə uyğunlaşdırılmayıb. Bunun səbəbi odur ki, ssenariçi fəal, sərbəst deyil. Əsər tamamilə necə var, ssenaridə də elə saxlanılıb. Elə yerlər var ki, orada dialoqlar az olmalıdır”. Söz yox ki, müzakirələrin gərginliyinə baxmayaraq, ssenari qəbul edildi və çəkiliş quruluşçu rejissor Muxtar Dadaşova həvalə olundu.

Muxtar Dadaşov təcrübəli rejissor idi. O, gözəl bilirdi ki, yaxşı film üçün güclü aktyor ansamblı lazımdır. Ona görə də, ilkin olaraq ssenaridəki rollar üçün aktyor axtarışlarına başladı və az zaman ərzində rolları təsdiq edə bildi. 

Baş qəhrəman Mehman roluna osetiyalı aktyor Bimbolat Vatayevi dəvət etdi. Rza Təhmasib (Qaloş), Adil İsgəndərov (Kamilov), Mustafa Mərdanov (Murtuzov), Flora Kərimova (Züleyxa), Nəcibə Məlikova (Zərintac), Rza Əfqanlı (Vahidov), Əliağa Ağayev (Məmmədxan), Nəsibə Zeynalova (Şəhla xanım) , Hacıbaba Bağırov (Arif) rollarına təsdiq olundular.

Əslində belə tərkibdə aktyor ansamblı ilə zəif film yaratmaq mümkün deyildi. Muxtar Dadaşov özü həm də kinooperator olduğundan filmin operator işi də uğurlu alındı.

Filmdə maraqlı epizodlar çoxdur.Orada elə ifadələr var ki, indi də dillər əzbəridir. Kamilovun “Mənim havamı çal, “Heyvagülü” – deyərək oynaması belə maraqlı epizodlardandır.

Ümumiyyətlə, filmin ­uzunömürlülüyünün sirri ondadır ki, orada milli ruh, xalqın adət-ənənələri, milli xarakterlər var.

 Film ekranlara çıxarılandan sonra mətbuatda onun haqqında maraqlı resenziyalar çap olundu, münasibətlər bildirildi. Məsələn, “Kommunist” qəzetinin 7 may 1969-cu il tarixli nömrəsində dərc edilmiş “Olmasın gərək” məqaləsində Mehdi Məmmədov yazırdı: “Povestdə Mehman öz düşmənlərini qansız-qurbansız ifşa edir, Qaloşlu adamı dərhal həbsə alır. Filmin müəllifləri isə özgə final axtarmış, hadisələrə daha dinamik, daha dramatik bir epizodla yekun vurmuşlar”.

Beləcə, illər ötür, filmə maraq azalmır. Bu, ümumən mədəniyyətimizin, milli kino sənətimizin uğurudur.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 16 oktyabr.- S.14.