Xalq rəssamı Arif

Hüseynovun yubiley sərgisi 

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində Xalq rəssamı, professor Arif Hüseynovun “75 və 75” adlı sərgisi açılıb.

Sərgidə rəssamın 75 illik yubileyi münasibətilə rəmzi olaraq 75 əsəri yer alıb. Tədbirdə çıxış edənlər rəssamın yaradıcılığından söz açıblar. Bildirilib ki, görkəmli qrafika ustası Arif Hüseynov daim axtarışda olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Ədəbiyyatı ürəkdən sevən Arif Hüseynov böyük söz ustalarının yaradıcılığına dəfələrlə müraciət edib. A.Hüseynovun dəzgah və kitab qrafikası sahələrində yaratdığı müxtəlif mövzulu əsərlər Bakı və Moskvanın nüfuzlu muzeylərini, yerli və xarici kolleksiyaları bəzəyir.

“Qarabağ şikəstəsi”, “Mis ­qablar”, “Aşıq”, “Kəndirbazlar” və digər əsərlərində rəssamın qədim miniatür sənəti ənənələrinə bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı və təəssübkeşliyi də qabarıq hiss edilir.

Maraq dairəsi çox geniş olan rəssam uğurla həm klassik, həm də çağdaş ədəbiyyat nümunələrinə illüstrasiyalar çəkir. Ədəbi qəhrəmanları asanlıqla təxəyyülündə canlandıra, ifadəli cizgilərlə onlara obrazlı görkəm verə bilir. O, həmçinin uşaqlarla işləməkdən zövq alır. Sənətkarın “Azərbaycan nağılı” silsiləsinə daxil olan əsərləri göstərir ki, Arif Hüseynov ənənə ilə müasirliyin bədii vəhdətini yaşadan fərdi ifadə üslubunu yaratdığını sərgiləyə bilib.

Oktyabrın 30-dək davam edəcək sərgi Təhsil və Mədəniyyət nazirlikləri, eləcə də ADRA və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə reallaşdırılıb.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2018.- 27 oktyabr.- S.11.