Heydər Əliyev Fondu və qlobal sosial iş

 

Azərbaycanda mərhəmət, sosial dəstək, mesenat fəaliyyət tarixi varislik ənənələrinə əsaslanaraq cəmiyyətin sosial xarakterinə çevrilən, xalqımızı səciyyələndirən ən mühüm atributlardan biridir. Ölkəmizin zəngin coğrafiyası, mənəvi-əxlaqi dəyərləri, kamilliyi, yardımlaşmanı aşılayan dini-fəlsəfi sistemlərə malik olması ölkə adamının sosial xarakterində filantrop əxlaqı formalaşdırmış, onda əliaçıqlıq, qonşuya kömək xüsusiyyətləri tərbiyə etmiş və zaman-zaman bu keyfiyyətlər xalqımızın arxetipinə çevrilmişdir.

Azərbaycanın böyük mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığında sosial ədalət, əl tutmaq, bölüşməyi bacarmaq, yardımlaşma dünya evi sakinlərinə bir çağrış kimi səslənir, filantropiya ən mühüm bəşəri dəyər kimi oxucuya təlqin edilir. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda neft bumu fonunda formalaşmaqda olan xeyriyyəçilər pleyadası da nəinki Azərbaycanın, eləcə də regionun sosial yardıma ehtiyacı olan sahələrinə xüsusi diqqət yetirmişlər.

Sovet imperiyası dövründə xeyriyyəçiliyi, mesenat fəaliyyəti mövcud ideoloji sistem mümkünsüz etsə də xalqımızın gen yaddaşından, arxetipindən filanrop varisliyi çıxdaş edə bilmədi.

Sovet sisteminin süqutundan sonra ölkəmizin ağır tranformasiya dövründə sosial dəstək ənənələri, sosial yardımlaşma vərdişləri cəmiyyətimizin həyatında mühüm rol oynadı. Azərbaycan keçid dövrünü son dərəcə ağır keçirdi. Bu bir tərəfdən keçid dövrünün öz mahiyyətindən irəli gələn çətinlik idisə, digər tərəfdən ölkəmiz üçün yaradılan süni problemlər, o cümlədən erməni separatizminin yaratdığı humanitar fəlakətlərlə bağlı idi. Ermənistan tərəfindən ərazimizin 20 faizinin işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına, təqribən, 60 milyard ABŞ dolları həcmində ziyan dəymişdir. İşğal olunmuş ərazidə 616 ümumtəhsil orta məktəbi, 243 məktəbəqədər müəssisə, 11 texniki peşə məktəbi, 4 orta ixtisas təhsili müəssisəsi, bir ali təhsil müəssisəsi məhv edilmişdir. Yalnız təhsil sisteminə dəyən ziyan1,5 milyard ABŞ dolları həcmindədir.

Bir milyondan artıq məcburi köçkünün 52 min nəfəri uzun müddət 12 çadır şəhərciyində, 33 min nəfər fin tipli yığma evlərdə, 34 min nəfər torpaq qazmalarda, 10 min nəfər dəmir yol vaqonlarında, qalanları isə yaşayış üçün heç bir normal kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən ictimai binalarda, tikintisi yarımçıq qalmış obyektlərdə, sığınacaqlarda yaşamalı oldular. 8 min şəhid ailəsi, 5 min müharibə əlili, valideynini itirmiş minlərlə uşaq da belə bir ağır şəraitdə yaşamaq məcburiyyətində qalmışdı.

Belə bir şəraitdə Heydər Əliyev Fondunun fəaliyyətə başlaması Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik məktəbinin yenidən dirçəlməsi və yaşadılması ilə müşayiət olunmuşdur.

Birinci vitse-prezident, fondun rəhbəri Mehriban xanım Əliyeva müsahibələrində bu məqama diqqət yetirərək vurğulayır ki, Fondun fəaliyyətinin ən böyük nəticəsi Azərbaycanda xeyriyyə fəaliyyətini canlandırmaq olub. Nüfuzlu “Business-year” jurnalının Azərbaycana həsr olunmuş 2012-ci il tarixli xüsusi buraxılışında isə birinci xanım Mehriban Əliyeva jurnalistin suallarını cavablandırarkən bildirib: “Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən. Fond təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək, qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətini davam etdirir”.

Fond ilk olaraq diqqəti müasir dünyada hər bir ölkənin inkişafının əsasında dayanan təhsilə yönəltdi. Bu, “Yeniləşən Azərbaycana yeni məktəb”adlı sosial iş layihəsində əksini tapdı. Ötən dövrdə həyata keçirilən işlər nəticəsində fondun xətti ilə inşa olunan orta məktəblərin sayı 500-dən yuxarıdır. Fond məktəbəqədər təhsil müəssisələri ilə bağlı mühüm addımlar atdı, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını irəli sürdü. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı Heydər Əliyev Fonduna ictimaiyyət arasında daha çox rəğbət qazandırdı. Proqram çərçivəsində ölkə üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı təmir edildi və avadanlıqla təchiz olundu.

“Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi “ layihəsinin reallaşdırılması , artıq ənənə halını almış internat və uşaq evlərində tərbiyyə alan, o cümlədən qaçqın və məcburi köçkün uşaqlar üçün Gülüstan sarayında bayram şənliklərinin keçirilməsi və Mehriban xanımın uşaqlarla bir süfrə arxasında əyləşməsi, habelə valideyn himayəsindən uzaq böyümüş gənclərə toy mərasimlərinin təşkil etməsi qayğıya ehtiyacı olan insanlarla sosial işə Azərbaycanın birinci xanımının böyük xeyriyyəçi kimi verdiyi əməli işin gerçək nümunəsidir. Uşaq evlərində tərbiyə alan və 18 yaşı tamam olmuş qızlar üçün Azərbaycanın birinci xanımının təşəbbüsü ilə paytaxtın Nizami rayonunda 50 mənzillik bina inşa edilməsi, bir neçə il sonra 68 mənzilli daha bir yaşayış binasının tikilməsi belə tədbirlərin silsilə xarakterindən xəbər verir.

Əsas məqsədinin ölkənin sosial, iqtisadi və mədəni inkişafına dəstək vermək olan fond Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ölkədə məktəblər, konsert zalları, musiqi liseyləri, məscidlərin inşasına böyük töhfələr verdi . Uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımlar olunduğu, əlil uşaqların cəmiyyətə inteqrasiyası üçün yay düşərgələrinin yaradılması fondun sosial iş sahəsində daha böyük uğurlarından xəbər verir.

Heydər Əliyev Fondu ölkədə səhiyyənin inkişafına da xüsusi diqqət yetirərək , bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə də güclü dəstək vermişdir. Paytaxtda və bölgələrdə tikilən çoxsaylı səhiyyə ocaqları ilə yanaşı, fond cəmiyyəti narahat edən bir çox problemlərin həllinə yardım etmişdir. Diabetli uşaqlara ən yüksək qayğı, talassemiyasız həyat naminə layihələrin icrasına başlanmışdır. Fondun təşəbbüsü ilə Bakıda müasir Talassemiya Mərkəzi tikildi, qanvermə və insulin paylaşdırılması proqramları həyata keçirildi.

Əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki və bioloji baxımdan sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi sahəsində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən digər genişmiqyaslı “Talassemiyasız həyat naminə” layihəsi xüsusi əhəmiyyətli addımlardandır. Eyni zamanda, Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi inşa olundu.

Heydər Əliyev Fondu idman siyasətinə də öz töhfəsini vermişdir. Ölkə üzrə bir çox idman qurğuları inşa olunmuş, idman sahəsində uğurlu sosial-mühəndis layihələr həyata keçirilmişdir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyevanın nüfuzu sayəsində müxtəlif vaxtlarda gimnastika üzrə beynəlxalq yarışların Bakıda keçirilməsi, onun idmana qayğısı, Heydər Əliyev Fondunun olimpiya və paralimpiya oyunlarının qaliblərini mükafatlandırması aparılan sosial işin sərhədlərindən xəbər verir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva 16 oktyabr Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbirdə icmalarla və miqrantlarla sosial iş sahəsində, ərzaq təhlükəsizliyi, habelə ekoloji istiqamətdə istər ölkə səviyyəsində, istərsə də qlobal müstəvidə görülmüş işlərdən bəhs edərək dünya evi sakinlərinə zamanın ruhundan doğan mütərəqqi mesajlar ünvanladı: “Bu gün bizim dünyaya güclü mesaj göndərmək imkanımız var: Miqrasiyanın gələcəyini dəyişin - ərzaq təhlükəsizliyi və kəndlərin inkişafına investisiya yatırın... Qurduğumuz cəmiyyətlərdə insanlar sağ qalmaq üçün öz evlərini tərk etmək məcburiyyəti qarşısında qalmamalı, bu, onların öz seçimi olmalıdır.”

Fond tərəfindən sosal-ekoloji layihələr irəli sürülmüş və onların uğurlu icrasına imza atılmışdır. “Hərəyə bir ağac əkək!” adlı artıq ənənəvi hal alan belə aksiyalar bu qəbildən olan sosial iş layihələrdəndir.

İnsan hüquq və azadlıqlarının qorunmasına xüsusi dəstək verən Heydər Əliyev Fondu məhbusların islah olunması istiqamətində də ciddi sosial işə hesablanmış, humanist dəyərləri əldə rəhbər tutaraq bir neçə dəfə amnistiya təşəbbüsü ilə çıxış etmiş, neçə-neçə ailəni sevincinə səbəb olmuşdur. İnsanları bağışlamaqla normal həyata qaytarmaq, onların sosial inteqrasiyasına kömək etməklə, ölkənin humanizm prinspləri ilə inkişafını nümayiş etdirən fond cəmiyyətdə bütün problemlərin mərhəmətlə, insansevərliklə həllinin barışa, vətəndaş cəmiyyətinə xidmət etdiyini göstərir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbüsü ilə 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul olunub.

Heydər Əliyev Fondunun fəaliyyətinin digər istiqaməti lobbiçilik sahəsində qlobal sosial işlə bağlı olub, diaspor və azərbaycançılığın təbliği siyasətidir. Heydər Əliyev Fondu diaspor işinə xüsusi diqqət yetirmiş, diaspor təşkilatlarımız, ümumən xaricdə yaşayan soydaşlarımız həmişə fondun qayğısını hiss etmişlər. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının səsinə səs verməyi özünün müqəddəs görəvi sayan Heydər Əliyev Fondu Moskvada yaşayan, dörd əkiz uşağı doğulan azərbaycanlı ailəsinin mənzil problemini həll etməklə hər bir vətəndaşın onun üçün həmişə dəyərli olduğunu qürurla nümayiş etdirdi.

Xocalı soyqırımının dünyaya çatdırılması ilə əlaqədar fond xüsusi layihələr həyata keçirmişdir. 2009-cu ildə “Azərbaycan” nəşrini təqdim edən fondun Rusiya, Rumıniya, Türkiyə, ABŞ və digər ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri bu gün xüsusi fəallıqları ilə seçilir. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başlayan Rusiya nümayəndəliyi və onun həyata keçirdiyi layihələr, o cümlədən “Xocalıya ədalət!” kampaniyası xüsusi əhəmiyyəti ilə diqqət çəkir. XX əsrin ən böyük faciəsi haqqında beynəlxalq ictimaiyyətdə dolğun təsəvvürlər formalaşdırmaq məqsədilə Dağlıq Qarabağ probleminin əsl mahiyyətini, Qarabağın tarixini özündə əks etdirən bir sıra kitab və nəfis albomlar buraxılmışdır. “Qarabağ həqiqətləri”, “Müharibə və tarixi mədəniyyət abidələrimiz” kitabları da bu sıradan olan uğurlu layihələrdəndir.

İƏT Xarici İşlər Nazirləri Şurasının 2012-ci ilin noyabrında Cibutidə keçirilən 39-cu sessiyasında, İƏT Parlamentlər İttifaqı Konfransının 2013-cü ilin yanvarında Sudanın paytaxtı Xartum şəhərində keçirilən 8-ci sessiyasında, həmçinin İƏT-in ali orqanı olan və İƏT dövlət başçılarının iştirak etdiyi İslam Zirvə Konfransının, 6-7 fevral 2013-cü il tarixlərində Misirin paytaxtı Qahirədə keçirilən 12-ci sessiyasında Xocalı faciəsi insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınmışdır. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası Qahirə Zirvə Görüşünün Yekun Kommunikesində bütün üzv ölkələrin konsensus əsasında “Humanitar məsələlər” başlığı altında qəbul edilən bəndində də öz əksini tapıb. Həmin bənddə “1992-ci ilin fevralında Ermənistan Republikası hərbi qüvvələri tərəfindən Xocalıda törədilən qətliam soyqırımı və insanlığa qarşı cinayət” adlandırılır.

Tarixi keçmişimizə, xalqımızın qan yaddaşına həssas münasibətilə seçilən Heydər Əliyev Fondu Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasında və 1918-ci ildə erməni daşnaklarının Şamaxıda törətdikləri mart qırğınları zamanı yandırılan Şamaxı Cümə məscidinin əsaslı bərpasında yaxından iştirak etmişdir.

Fondun ölkəmizdə, xüsusilə onun hüdudlarından kənarda apardığı sosial iş multikulturalizmin, tolerantlığın Azərbaycan modelini təqdim etməklə yanaşı, respublikamızın qlobal sosial işə töhfəsi kimi xüsusi məna kəsb edir, Azərbaycanın dünyaya humanizm, filantrop dəyərlər ixrac edən bir ölkə kimi imicini formalaşdırır.

 

(ardı var)

 

Hikmət Əlizadə,

BDU-nun sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor

Üzeyir ŞƏFİYEV,

BDU-nun sosial iş kafedrasının müdiri, professor

 

Xalq qəzeti.- 2017.- 5 yanvar.- S.5.