Azərbaycan Xalça Muzeyi Avropanın ən yaxşı muzeyi seçilə bilər
2017-ci ildə Azərbaycan Xalça Muzeyi “Avropanın ən yaxşı muzeyi” nominasiyası üzrə 40 məşhur muzeyin sırasında yer alıb. Bu il muzeyin həmin mükafatı qazanmaq üçün böyük şansı var.
Bunu Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova deyib.
Onun sözlərinə görə, Azərbaycan Xalça Muzeyinin tarixində ilk dəfə 2017-ci ildə nadir “Şamaxı xalçası” xarici hərracda Avstriya auksion şirkətindən əldə edilib və muzeyə gətirilib.
Ş.Məlikova deyib ki, hərracdan əvvəl Fransada şəxsi kolleksiyada saxlanılan “Şamaxı” xalçası hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatları siyahısındadır: “Ümumiyyətlə, Azərbaycan Xalça Muzeyi son iki il ərzində xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, arxeoloji qazıntılar zamanı tapılan əşyaların daxil olduğu 44 eksponat əldə edib ki, bunların bir qismi satın alınıb və ya hədiyyə olaraq qəbul edilib. Bu da muzeyin ekspozisiyasının ildən-ilə zənginləşərək, eksponatların sayının artmasına, muzeyin tamaşaçılar və xarici turistlər üçün daha maraqlı və cazibədar olmasına şərait yaradıb”.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-
2018.- 5 yanvar.- S.6.