20 Yanvar faciəsi və ona beynəlxalq siyasi-hüquqi
qiymət verilməsi
Hər il ölkəmizdə və xaricdə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə anım tədbirləri keçirilir. Bu il də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmişdir. Sənəddə respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.
Tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək. Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulmuşdur.
Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və genlərlə ötürülmüşdür. Tariximizin 20 Yanvar səhifəsinin unikallığı isə ondadır ki, o, eyni vaxtda, həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. Sözügedən reallıqdan çıxış edərək, qədirbilən oxuculara təqdim etdiyimiz bu yazıda məqsədimiz hər iki anlamı özündə birləşdirən 20 Yanvar hadisələrinə 28 illik zaman kəsiyindən nəzər yetirib, bir sıra narahatedici suallara cavab axtarmaqdır. Onları aşağıdakı ardıcıllıqla təqdim edib, təhlilimizə başlayaq.
Birincisi, 20 Yanvar faciəsini şərtləndirən
amillər hansılardır və onun qarşısını
almaq nə dərəcədə mümkün idi?
20 Yanvar faciəsinə
aparan yol, əsasən, 2 amillə şərtlənmişdir:
a) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları
və SSRİ rəhbərliyinin ermənipərəst siyasəti.
1988-ci ilin fevral ayından
başlayaraq, 200 mindən artıq soydaşımız Ermənistandan
zor və işgəncə altında qovulmuş, təkcə
1989-cu ilin avqust-dekabr aylarında Ermənistan tərəfindən
Azərbaycan sərhədlərinin 91 dəfə pozulması və
atəşə tutulması nəticəsində 32 nəfər
azərbaycanlı öldürülmüş, 166 nəfər
yaralanmışdı.
Kreml bu vəziyyətdən nəticə
çıxarıb, Ermənistanın qeyri-qanuni və antibəşəri
hərəkətlərinə hüquqi qiymət verib,
günahkarları cəzalandırmaq əvəzinə, cinayətkarın
şirnikləndirilməsi siyasətinə üstünlük verdi. Həmin qərəzli, məsuliyyətsiz
və cinayətkar siyasətin bir neçə məqamına
nəzər yetirək:
–1988-ci ilin mart ayında Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və
SSRİ Nazirlər Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
haqqında” qəbul etdiyi qərar, əslində,
Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq, Ermənistana
birləşdirilməsi üçün münbit şəraiti
təmin etməyə hesablanmış addım idi. Bu qərara əsasən, ilk növbədə
Dağlıq Qarabağa müstəsna hüquq və səlahiyyətlər
verilirdi; böyük maliyyə vəsaitləri
ayrılırdı; vilayətlə bağlı mühüm məsələlərin
həlli İttifaq nazirlikləri və strukturlarının səlahiyyətinə
aid edilirdi və s.
–1989-cu il
yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyətinin
qərarına əsasən, Dağlıq Qarabağ Muxtar Vilayətinin
ərazisində xüsusi idarəetmə forması – Xüsusi
İdarə Komitəsi yaradıldı. Sədri
ermənipərəst məmur Arkadi Volski təyin edildi. Bu addım faktiki olaraq, Dağlıq Qarabağın
Azərbaycanın tərkibindən
çıxarılmasını təmin etdi.
– Rəsmi Moskvanın yuxarıda qeyd
olunan addımlarından ruhlanan və şirniklənən Ermənistan
SSR-in Ali Soveti 1989-cu il dekabrın 1-də
Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi
haqqında qərar verdi.
Bu siyasət və onun nəticələri
Azərbaycanda ermənipərəst SSRİ rəhbərliyi əleyhinə
etimadsızlıq mühiti və ümumxalq etirazı
dalğasının formalaşmasını təmin etdi.
b) Azərbaycan rəhbərliyinin
qətiyyətsiz və antimilli siyasəti, Azərbaycan Xalq Cəbhəsinin
timsalında müxalifətin təxribatçı
addımları.
Hadisələrin təhlili göstərir
ki, Azərbaycan rəhbərliyi və müxalifəti həmin
tarixi şəraitdə ümummilli maraqları şəxsi
maraqların fövqünə qoymaq bacarığı
nümayiş etdirə bilsəydi, antimilli və təxribatçı
addımlar atmasaydı, Moskvanın Azərbaycan xalqına
qarşı qanlı ssenariləri həyata keçirmək
imkanı minimuma enə bilərdi. Zənnimizcə, məhz Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 15 yanvar 1990-cı il
tarixli qərarında “Müdafiə nazirliyi,
hüquq-mühafizə və SSRİ-nin digər icra
orqanlarından xahiş edirik ki, ölkə
Konstitusiyasının 81-ci maddəsinə uyğun olaraq Azərbaycan
SSR-ə müvafiq zəruri yardımı həyata
keçirsin” şəklində ifadə olunmuş mövqe
Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyini həm
arxayınlaşdırmış, həm də Azərbaycan əleyhinə
addımlarının radikallıq səviyyəsini daha da
gücləndirmişdi. Xatırladaq ki, 1977-ci il
7 oktyabr tarixində qəbul edilmiş SSRİ
Konstitusiyasının 81-ci maddəsinə görə, müttəfiq
respublikaların suveren hüquqları SSRİ tərəfindən
qorunmalı idi.
Bundan başqa, 1989-cu ilin sonlarında
bəzi rayonlarda Xalq Cəbhəsinin hakimiyyəti ələ
keçirməsi, Naxçıvanın İranla sərhədindəki
tikanlı məftillərin sökülüb atılması,
Xalq Hərəkatının radikal qanadının Milli
Müdafiə Şurası təşkil edərək nəzarəti
öz əlinə alması, 1990-cı il óànvarın 13-15-də SSRİ Dövlət
Təhlükəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında
"erməni talanları" törətməsi Moskvanın əlinə
Azərbaycan xalqını cəzalandırmaq fürsəti
vermişdi.
İkincisi, Bakıya yeridilən qoşun hissələrinin
qəddarlığı.
Əvvəla, qeyd edək ki,
1989-cu ilin sonlarınadək Bakı şəhərində 110
minlik silahlı qüvvə və hüquq-mühafizə
orqanlarının şəxsi heyəti var idi. Xüsusilə,
Bakı qarnizonunun və Bakı Ümumqoşun Məktəbi
zabitləri və əsgərlərinin Azərbaycan xalqına
münasibəti heç bir halda düşmən münasibəti
deyildi, əksinə daha çox loyallığı ilə fərqlənirdi.
Onlar yerli əhalinin qonaqpərvərlyi və
alicənablığını gündəlik həyatda
görür və qiymətləndirə bilirdilər.
Başqa sözlə, “Görünən dağa nə bələdçi?”. Təsadüfi deyildi ki, 20 Yanvar hadisəsi
öncəsi Bakı Ümumqoşun Məktəbinin zabit
kollektivi adından SSRİ Ali Soveti sədrinin və ölkənin
müdafiə nazirinin adına
ünvanlamış məktubda xüsusi olaraq qeyd olunurdu ki,
Bakıda vəziyyət Azərbaycan Xalq Cəbhəsinin nəzarəti
altındadır və mövcud problemlərin həlli
üçün siyasi tənzimləmə imkanları tükənməmişdir.
Biz tam əminliklə deyirik: Bakıda ikinci Rumıniyanın
baş verməsinə imkan verilməməlidir.” Mərkəzə belə mövqe lazım deyildi.
Ona görə də, Moskva Bakıda qanlı
aksiyasını həyata keçirmək üçün bu
qüvvələrə tam etibar etmirdi.
İstintaq müəyyən
etmişdir ki, 1990-cı il yanvarın ortalarında SSRİ
Müdafiə və Daxili İşlər nazirliklərinin,
habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin
66 min nəfərdən çox əsgər və zabiti
Bakı şəhərinə gətirilərək, Qala və
Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında
yerləşdirilmişdi. Azərbaycana göndərilən
ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan,
Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri,
hərbi məktəblərdə təhsil alan
erməni kursantları da cəlb edilmişdi. Respublikaya
gətirilmiş hərbi qüvvələrin, əməliyyatlara
rəhbərlik etmək üçün Bakıya gələn
300-dən artıq yüksək rütbəli zabit və
generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin
edilməsi respublika büdcəsindən ödənilirdi.
Həmin hərbi qüvvələr
üzərində xüsusi psixoloji sınaqların
keçirilməsi haqqında təkzibedilməz faktlar
vardır.
Onlara belə bir dezinformasiya təlqin olunurdu:
– Yerli əhali – azərbaycanlılar
rusları qırmağa hazırlaşırlar və siz
müqəddəs bir vəzifəni – rusları və
bütünlükdə şəhərin xristian əhalisini
labüd fəlakətdən xilas etməlisiz.
– Salyan kazarması ətrafında və
evlərin damlarında snayperlər yerləşdirilmişdir və
hədəflərində yalnız siz olacaqsınız. Ona görə də özünümüdafiə
instinktindən çıxış edərək
patronlarınıza heyfiniz gəlməsin.
– Azərbaycan Xalq Cəbhəsinin
hərbi dəstələri şəhərin strateji nöqtələrində
yerləşdirilmişdir və onların amansız müqavimət
göstərəcəklərini nəzərə alıb, qətiyyət
və adekvat qəddarlıq nümayiş etdirin.
–Müqavimət göstərən tərəfin
milisin, Sovet Ordusunun və ya daxili qoşunların geyimində
də olması mümkündür və bu reallığı
nəzərə alıb, onları davamlı atəş hədəfinə
çevirməyi bacarmalısınız.
Bir sözlə, SSRİ rəhbərliyinin
“xeyir-duası” ilə 66 minlik qoşun hissələrini,
xüsusilə erməni mənşəli əsgər və
zabitləri, eyni zamanda, həbsxanadan məlum məqsəd
naminə azadlığa buraxılmış məhbusları
Bakıda hər cür vəhşiliklər törətməyə
psixoloji baxımdan tam hazırlamışdılar.
Üçüncüsü, SSRİ rəhbərliyinin
törətdiyi 20 Yanvar faciəsinə ABŞ-ın münasibəti.
ABŞ-da 1994-2001-ci illərdə
Dövlət katibinin müavini işləmiş Stroub Telbotun
həmmüəllifi olduğu “Ən yüksək səviyyədə”
adlı kitabda qeyd olunur ki, 1989-cu il dekabrın 24-də
ABŞ-ın Dövlət katibi Ceyms Beyker ölkəsinin
Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri
Cek Motlak vasitəsilə SSRİ-nin xarici işlər naziri
Eduard Şevardnadzeyə məlumat çatdırır ki, əgər
sovet qoşunları Rumıniyaya ölkədaxili sabitliyin bərpası
naminə müdaxilə edərsə, ABŞ bu insidenti etirazla
qarşılamayacaqdır. Eduard Şevardnadze
cavabında bildirir ki, ABŞ SSRİ-ni hərbi avantüraya cəlb
etmək istəyir və bununla da özünün Panamaya olan
müdaxiləsinə haqq qazandırmağa
çalışır. SSRİ-nin xarici
işlər naziri qeyd edir ki, ölkəsi prinsip etibarilə
yeni xarici siyasət kursunu həyata keçirir. Bu kursa görə, SSRİ daha sosialist ölkələrinin
daxili işlərinə qarışmayacaqdır. Bu mövqedən göründüyü kimi, söhbət
yalnız sosialist ölkələrindən gedirdi, sovet
respublikalarından yox. Deməli, Mixail
Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi
ABŞ-ın Rumıniya ilə bağlı məlum
mövqeyindən bir sıra nəticələr
çıxardı. İlk nəticə isə
ondan ibarət oldu ki, sovet qoşunlarını Azərbaycan
xalqının müstəqillik mücadiləsinə
qarşı Bakıya yeridəcəyi təqdirdə
ABŞ-ın etirazı olmayacaqdır. Rəsmi
Moskva həm də onun fərqində idi ki, ABŞ-ın
güclü erməni lobbisi və diasporu da rəsmi
Vaşinqtonun Bakı qırğınına qarşı laqeyd
mövqeyinin formalaşmasında öz rolunu oynayacaqdır.
Taktiki baxımdan belə qiymətləndirmədə
Moskva yanılmamışdı. ABŞ 20
Yanvar faciəsini olduqca soyuqqanlı qarşıladı.
Ağ ev Rumıniya hadisələri fonunda
davranışı ilə SSRİ-nin Bakı
avantürasına dolayısı ilə “yaşıl
işıq” yandırdığının fərqində idi. Həm də fərqində idi ki, belə
avantüralar əzəli rəqibi və düşməni
olan SSRİ-nin məhvinin tarixi “X” anını son dərəcə
yaxınlaşdırmağa xidmət göstərir. ABŞ yanılmamışdı. 20 Yanvar faciəsi SSRİ-nin sonunun
başlanğıcını şərtləndirən proseslərin
katalizatoru oldu.
Dördüncüsü, 20 Yanvar bəşəri cinayətinə
ölkədaxili və beynəlxalq siyasi-hüquqi qiymətin
verilməsi.
20 Yanvar faciəsinə dövlət səviyyəsində
tam siyasi-hüquqi qiymət verilməsi məsələsi
ümummilli lider Heydər Əliyevin sayəsində həllini
tapmışdır. Yanvarın 21-də – faciənin ertəsi
günü Heydər Əliyev Azərbaycanın Moskvadakı
Daimi Nümayəndəliyinə gələrək, xalqla birgə
olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd
olduğunu, Mərkəzin və o zamankı respublika rəhbərlərinin
günahı üzündən yol verilmiş kobud siyasi səhv
olduğunu göstərdi. Ulu öndər baş vermiş faciə
ilə əlaqədar xalqımıza
başsağlığı verdi və mətbuat konfransı
keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror
aktına rəvac verən hakimiyyət nümayəndələrini
və hərbçiləri cinayətkar, onların dinc əhaliyə
tutduqları divanı isə bütöv bir xalqa qarşı
edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyə
etiraz əlaməti olaraq, Kommunist Partiyası
sıralarından çıxdığını bəyan
etdi. Bu tarixi çıxışın mətni
dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid
çırağı yandı.
1990-cı ilin iyulunda Moskvadan Vətənə
qayıdan Heydər Əliyevin təşəbbüsü ilə
həmin il noyabr ayının 21-də
Naxçıvan Muxtar Respublikasının Ali Məclisində
20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət
verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində
qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk
siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan
xalqının ümumi rəyini özündə təcəssüm
etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü
kimi tarixə düşdü. Sənəddə
respublika səviyyəsində 20 Yanvar faciəsinə
siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən
tələb edilirdi. Ölkəmiz müstəqillik
qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda
olanların heç biri faciə ilə bağlı əsl həqiqəti
aşkar etməyə özündə cəsarət
tapmadı.
Yalnız Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin ölkə
rəhbərliyinə qayıdışından sonra 20 Yanvar
hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti
açıqlandı. 1994-cü il yanvarın 12-də
keçirdiyi müşavirədə ümummilli lider Heydər
Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş,
günahkarlar isə hələ müəyyənləşdirilməmişdir.
Görünür ki, ötən yaxın illərdəki
Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər
öz mənafeləri naminə bu böyük faciənin əsl
mahiyyətini xalqa bəyan etməmişlər”.
Ulu öndərin 20 Yanvar faciəsinin
4-cü ildönümünün keçirilməsi ilə
bağlı 1994-cü il yanvarın 5-də
imzaladığı fərmanda həm də Milli Məclisə
hadisəyə tam siyasi- hüquqi qiymət verməsi tövsiyə
olunurdu. Bu qiymət xalqımızın müstəqillik
yolunda çarpışmasının dolğun mənzərəsini
əks etdirməli idi. 1994-cü il
martın 29-da respublika parlamenti “1990-cı il yanvarın 20-də
Bakıda törədilmiş faciəli hadisələr
haqqında” qərar qəbul etdi. Beləliklə,
20 Yanvar faciəsi məhz ümummilli lider Heydər Əliyevin
prinsipial və ardıcıl mübarizəsindən sonra
öz hüquqi-siyasi qiymətini aldı.
Prezident İlham Əliyev
1990-cı ilin yanvarında şəhid olmuş oğul və
qızlarımızın xatirəsinin əbədiləşdirilməsi,
adlarının uca tutulması, onların ailələrinin,
övladlarının sosial müdafiəsinin gücləndirilməsi
üçün mühüm sənədlər
imzalamışdır. Dövlət başçısının 19 yanvar
2006-cı il tarixli “20 Yanvar şəhidinin
ailəsi üçün Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün təsis edilməsi
haqqında” fərmanı da bu məqsədə xidmət
edirdi.
Bu gün Bakının ən
yüksək nöqtələrindən birində hər bir azərbaycanlı
üçün müqəddəs and yerinə
çevrilmiş bir ünvan vardır. Bu, 20 Yanvar
faciəsi qurbanlarının və Ermənistanın hərbi
təcavüzünə qarşı döyüşlərdə
həlak olanların dəfn edildiyi Şəhidlər
xiyabanıdır. Azərbaycan Prezidenti
İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər
xiyabanında əsaslı təmir və yenidənqurma işləri
aparılmış, 20 Yanvar şəhidlərinin xatirəsinə
kompleks ucaldılmışdır.
Təəssüf hissi ilə
qeyd edək ki, bu bəşəri cinayətə hələ də
beynəlxalq aləmdə lazımi siyasi-hüquqi qiymət
verilməmişdir. 20 Yanvar faciəsinin günahkarları: SSRİ-nin birinci
və sonuncu prezidenti Mixail Qorbaçov, Bakıda qətliam
törədən ordunun fəaliyyətinə birbaşa rəhbərliyi
həyata keçirən Yevgeni Primakov, müdafiə naziri Dmitri Yazov,
Sov. İKP MK katibi Andrey Girenko, Mərkəzi Komitənin millətlərarası
münasibətlər şöbəsinin müdir müavini
Vyaçeslav Mixaylov, daxili işlər naziri Vadim Bakatin, habelə
Əbdürrəhman Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi
hələ də beynəlxalq məhkəmə
qarşısında mühakimə olunaraq, layiqli cəzalarını
almamışlar. Bu məqamda qeyd edək ki, sabiq SSRİ
prezidenti M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə
səfərdə olarkən 1990-cı il
yanvar qırğınından bəhs edərkən,
“Bakıda fövqəladə vəziyyət elan etmək və
oraya qoşun göndərmək mənim siyasi həyatımda
ən böyük səhvim idi”– deyərək, öz
günahını etiraf etmişdir. Lakin bu etiraf
heç bir halda onu məsuliyyətdən azad etmir.
Onu da qeyd edək ki, SSRİ
Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedevin rəhbərliyi
ilə təşkil etdiyi istintaq qrupu cinayət hadisələrinin
araşdırılmasını çox səthi
aparmış, istintaq hərbçilərin hərəkətlərində
cinayət tərkibi olmaması nəticəsinə gəlmişdi. 20 iyul 1990-cı il tarixdə cinayət işinin xitam olunması
barədə qərar qəbul olunmuş, cinayət işinin
materialları Moskvaya aparılmışdı. Təəssüf
ki, həmin vaxt Azərbaycan Respublikası Prokurorluğu
törədilmiş cinayət hadisələri ilə
bağlı heç bir cinayət işi
başlamamışdı.
Zaman keçdikcə bir
sıra həqiqətlər meydana çıxır, 20 Yanvar
faciəsinin qaranlıq məqamları aydın olur. 100 cildlik
istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya,
keçmiş SSRİ Prokurorluğuna
aparılmışdır və indiyədək
qaytarılmayıb. Bir sıra sənədlərin, o
cümlədən kecmiş SSRİ-nin yüksək
instansiyalarında, xüsusən də hazırda Rusiya
Federasiyası Prokurorluğunda saxlanılan 68 cildlik cinayət
işinin materiallarının əldə edilməsi 20 Yanvar
faciəsinin miqyasını və baiskarlarının məsuliyyət
dərəcəsini tam dəqiqliklə üzə
çıxara bilər.
Buna baxmayaraq, inanırıq
ki, Azərbaycan xalqının qanına əli batmış bu
cinayətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar. Əminik ki, Azərbaycanın
bütün istiqamətlər üzrə güclənməsi,
beynəlxalq mövqelərinin möhkəmlənməsi,
dünyada etibarlı tərəfdaşa çevrilməsi, ən
başlıcası isə ölkəmizdə siyasi sabitliyin
olması və xalqın öz Prezidenti ətrafında monolit
birlik nümayiş etdirməsi həm Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini,
həm də bu problemin birbaşa nəticəsi olan 20 Yanvar
faciəsinə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsini
təmin edəcəkdir.
Elman
NƏSİROV,
Milli Məclisin
deputatı, Azərbaycan Respublikasının Prezidenti
yanında
Dövlət İdarəçilik Akademiyasının
Siyasi Araşdırmalar
İnstitutunun
direktoru, siyasi elmlər doktoru, professor
Xalq qəzeti.-
2017.- 6 yanvar.- S.4.