Əbdüləziz əl-Tüveycri: Azərbaycan müasir müsəlman aləminin mirvarisidir
Azərbaycanın İSESCO
ilə münasibətləri
ildən-ilə genişlənməkdədir.
İSESCO-nun baş direktoru Əbdüləziz əl-Tüveycri bu əlaqələr
barədə deyib: “ Azərbaycan İSESCO-ya
daxil olduğu vaxtdan bu yana
böyük inkişaf
yolu keçib. Biz əlaqələrimizin
hazırkı səviyyəsindən məmnunuq. Dünyada belə
bir tendensiya mövcuddur ki, müsəlman
dövlətləri ilə bağlı mənfi rəy
yaradılır. Bütün bunlara sədd çəkməliyik. Azərbaycan
müasir müsəlman aləminin mirvarisidir. Bu ölkənin
getdiyi yol sabitlik və inkişaf yoludur. Biz Azərbaycandan çox şeylər götürə bilərik".
Ölkəmizin müsəlman dünyası ilə əlaqələrinin genişlənməsi prosesi son dövrlər daha intensiv xarakter almışdır. Azərbaycanda ötən ilin “İslam Həmrəyliyi ili” elan olunması , bu istiqamətdə keçirilən uğurlu tədbirlər, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunu bir daha təsdiq edir.
Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, hazırda Naxçıvanın 2018-ci ildə "İslam mədəniyyətnin paytaxtı" elan olunması ilə bağlı təşkilati məsələlər həyata keçirilir. Məlum olduğu kimi, 2009-cu ildə bu statusu Bakı şəhəri daşımışdı.
Naxçıvan MR Bakı Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bildirib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Naxçıvanın 2018-ci ildə "İslam mədəniyyətinin paytaxtı" elan olunması ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb və həmin komitəyə Ali Məclisin sədri Vasif Talıbov rəhbərlik edir. O qeyd edib ki, Naxçıvanda 210 məscid və 26 dini ziyarətgah var: "Müstəqillik illərində yeni məscidlər tikilib. Reallaşdırılan yeni layihələr nəticəsində Naxçıvanın müasir siması yaradılıb. Bu layihələr 2018-ci ildə İslam aləminə təqdim olunacaq, İslam dünyasının diqqətini Naxçıvana cəlb edəcək. Hazırlıq prosesi 2017-ci ildə başlanıb. Naxçıvanın "İslam mədəniyyətinin paytaxtı" elan olunması ilə bağlı loqotip, poçt markaları, döş nişanları hazırlanıb, İslam mədəniyyətinə dair abidələrdən Möminə Xatun türbəsi, Yusif Hüseynoğlu, Gülüstan türbələri və Qarabağlar türbə kompleksinin İSESCO-nun siyahısına daxil edilməsi üçün təşkilati işlər görülüb”.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-
2018.- 5 yanvar.- S.3.