Dövlət Film Fondu
yeni
materiallarla zənginləşir
Ötən il Dövlət Film
Fondunun arxivi daha da zənginləşmiş ümumilikdə
saxlama vahidləri 65 mini ötmüşdür. Bu barədə
fonddan bildirmişlər.
Fondda
müasir tələblərə cavab verən xüsusi arxiv
server bazası yaradılıb və bütün kino lentində
olan filmlərin rəqəmsal formatda server bazasına
köçürülməsi prosesinə
başlanılıb. Təkcə 2017-ci ildə Dövlət
Film Fondunda 21 tammetrajlı, “O
qızı tapın”, “Bəxtiyar”, “Leyli və Məcnun”,
“Qaynana”, “Nəsimi”, “Ad günü”, “Bakılılar”,
“Telefonçu qız”, “Dağlarda döyüş” və başqa bədii , həmçinin
30-dan artıq, o cümlədən “Balaban”, “Bizim Nəsibə
xanım”, “Köç”, “Polad adalar”, “Haray”, “Estafet”,
“Taqanroq-416”, “Sərhəd” və
digər sənədli filmlər də texniki nəzarətdən
keçirilərək yüksək keyfiyyətdə kino
lentindən rəqəmsal daşıyıcılara
yazılıb və fondun arxiv server bazasına
köçürülüb.
2017-ci ildə kino lentləri qorunan film saxlanma
bokslarında yeni psixometrlər, bakteriyalara qarşı
xüsusi lampalar qurulmaqla yanaşı, təlimata uyğun
mikroiqlim yaradılıb. Həmçinin fondun muzeyinə yeni
eksponatlar daxil edilib.
SSRİ
dönəmində istehsal edilmiş və kino lentində
Dövlət Film Fondunun arxivində qorunub saxlanılan Azərbaycan
filmlərinin köhnəlmiş, eroziyaya məruz
qalmış dəmir lent qutularının müasir standartlara
və tələblərə cavab verən qorunma şəraitinə
uyğun olaraq, davamlı və xüsusi tərkibli plastik
qutularla əvəz olunması prosesi davam etdirilib. İndiyədək 5 min 600 ədəd dəmir qutu
plastik qutularla əvəz olunub.
Ötən il Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə bir sıra kinematoqraflarımızın xatirə gecələri, yubiley tədbirləri də reallaşıb. 2017-ci ildə fondun təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda elmi-nəzəri konfrans, kinorejissorlardan Fikrət Əliyevin, Əlisəttar Atakişiyevin, kinooperator Arif Nərimanbəyovun, görkəmli teatr, kino aktyorları Nodar Şaşıqoğlunun, Ağasadıq Gəraybəylinin, tanınmış televiziya rejissoru Əmirhüseyn Məcidovun yubiley tədbirləri keçirilib. Eyni zamanda, 2017-ci ildə fond tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino ixtisaslarında təhsil alan tələbələrə praktiki şərait yaradılaraq mütəxəssislər tərəfindən xüsusi məşğələlər keçirilib. Dövlət və özəl telekanallarda 70-dən artıq kino haqqında televiziya verilişinin çəkilməsinə kömək göstərilib, bir sıra mətbuat orqanları kino haqqında məlumat və fotoşəkillərlə təmin edilib.
Azərbaycan Dövlət Film Fondunun hər il nəşr etdiyi “Kinobülleten” il ərzində respublikada istehsal olunan filmlərin ümumi toplusunu özündə əks etdirir. “Kinobülleten” kino sənəti ilə kino işçiləri, kütləvi informasiya vasitələri arasında bir bələdçi rolunu oynayır. Bir neçə bölmədən ibarət olan “Kinobülleten” kinosevərlər və bundan əyani vəsait kimi istifadə edənlər üçün nəşr olunur. Hər il Dövlət Film Fondunun dəstəyi ilə Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadə “Azərbaycan kinematoqrafçıları” adlı kitab nəşr etdirir. Kitabda korifey kino sənətkarlarımızın həyat və yaradıcılığı geniş şəkildə əksini tapır. 2017-ci ildə bu ənənə davam edərək müəllifi A.Kazımzadə olan “Azərbaycan kinosu” ensiklopedik lüğəti çapdan çıxıb. Hazırda fondda müəllifin “Azərbaycan salnaməsi” adı ilə ikicildlik kinosalnaməsi çapa hazırlanır.
M.
MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2018.- 10 yanvar.- S.6.